Bu nədi, alə, yekə kişisən

Bu nədi, alə, yekə kişisən
14 avqust 2014
# 10:40

Qonorarımı sonuncu qəpiyinə qədər ev kirayəsinə və kommunal xərclərə verəndən sonra yaxın qohumuma zəng edib bir az borc istədim. Daha doğrusu başqasından borc alana qədər iki-üç qutu siqaret almasını xahiş elədim. Sağ olsun, bir şüşə “Xırdalan” pivəsi, çörək, dovğa, bir az kolbasa, iki qutu da siqaret alıb dərhal özünü yetirdi. Həyatında iki-üç kitab oxumamış, ali təhsil almamış (bunları onu aşağılamaq üçün yazmıram), məndən 3-4 yaş kiçik qohumum aldıqlarını masanın üstünə qoyub, nəfəsini dərmədən dərhal məni danlamağa başladı:

- Ayıbdı vallah. Sənin indi bizə ağsaqqallıq edən, əl tutan vaxtındı. Biz gözləyirik ki, bir problemimiz olanda gəlib həll edəsən, başımıza ağıl qoyasan. Amma... Ev doldurmusan kitab-jurnalla, saqqal basıb, evdən çayxana qoxusu gəlir. Belə həyat olar? Niyə hansısa xarici şirkətdə tərcüməçi işləmirsən? Bax elə biri mən. Ayda 600 manat kredit ödəyirəm. Gələcək üçün planlarım var. O planlarla hərəkət edib, insan kimi yaşayıram.

Bu qəfil hücuma hazır olmadığım üçün onun gətirdiyi siqaretə həsrətlə baxıb udqundum:

- Bilirsən...

Sözümü ağzımda qoydu:

- Çox yaxşı bilirəm. Ayda 450-500 manat qazanırsan, 300 manat kirayə verirsən. Oğlun bu il məktəbə gedir, məktəbli paltarı, ayaqqabı, çanta almısan?

- Yox.

- Bəs 10-15 günə doğulacaq övladının xəstəxana xərclərini kim çəkəcək? Uşaq arabasını, uşaq çarpayısını, pampersi, yeməyi nə ilə alacaqsan?

- Bilmirəm...

- Sən necə yazıçısan ki, indiyə qədər bir qohum toyuna, məclisə gedib pul atmırsan?

- Bu mənim seçimimdir, toylara getməməyə çalışıram...

- Qurtar bu boş-boş işləri. 31 yaşın var və hələ də kirayələrdə qalırsan. Sabahı düşünmürsən. Övladların yaxandan yapışanda nə edəcəksən?

- Mən bacardığım işlə məşğulam, bundan artığını etməyə gücüm çatmır.

- At bu yazı-pozunun daşını, gəl sənə normal bir iş tapaq. Sənin tayların ofisdə əli-ayağı təmiz pul qazanır. Yoxsa hay-həşirlə kitab çıxarıb, siqareti mənə aldırırsan. Xətrinə dəyməsin, çox mənasız işlə məşğulsan. Adicə fəhlə səndən yaxşı qazanır.

- Məşğul olduğum iş mənasız deyil, bunu sən də bilirsən.

- Mənasızdır. İki diplomla aciz-avara qalmısan. Kimə lazımdı sənin kitabın? Uzaqbaşı 200-300 adam oxuyacaq, onun da yarısı ağız büzəcək.

- Olsun...

- İncimə, qohum-qardaş sənə avara kimi baxır. Elə mən də.

- Canınız sağ olsun. Mən həyatımdan məmnunam. Sadaladığın problemləri birtəhər həll edəcəm. Əsas odur ki, sevdiyim işlə məşğulam və vicdanım rahatdır. Xətrin əziz olmasaydı səni bu sözlərinə görə bu çayxana qoxusu verən kirayə evimdən qovardım. Təəssüf ki, tərbiyəm və dünyagörüşüm buna imkan vermir. Amma yadında saxla, qohum-qardaşa da çatdır ki, mən nə bədbəxtəm, nə də avara. Məni çox kiçik şeylər xoşbəxt edir...

Qohumum başını bulayıb acı-acı güldü. Başa düşdü ki, mənim başıma ağıl qoymağın heç bir faydası yoxdu, ayağa qalxdı:

- Yaxşı, mən gedirəm. Amma xahiş edirəm gələn həftə bir CV hazırla, bizim şirkətdə sənə normal bir iş tapacam.

Əsən əllərimi gizlədib, sakitcə dilləndim:

- Lazım deyil. Mən iş axtarmıram.

Qapıdan çıxanda məni qucaqlayıb bağrına basdı. Dönə-dönə xahiş elədi ki, avaraçılıqdan əl çəkib, özümə düz-əməlli bir iş tapım. Deyəsən ağlamsındı da...

Onu yola salan kimi aldıqlarını paket qarışıq zibil torbasına atdım. Ürəyim soyumadı, zibil torbasını götürüb qaça-qaça həyətə düşdüm. Torbanı zibil yeşiyinə atıb rahat nəfəs aldım. Evə qalxıb bütün işıqları söndürdüm. Çarpayıma uzanıb gözlərimi qaranlıq tavana zillədim.

...O gündən evdən çıxmıram. İllərdi dəyişməyən bu bərbad vəziyyətimi çək-çevir edirəm. Məktəbə gedəcək oğlumu, hələ doğulmamış körpəmi düşünürəm. Ətrafımdakı reallıqların amansızlığı məni qorxudur. Birdən qohumumun dediyi kimi, sabah övladlarım yaxamdan yapışsa? Yox, bacarmıram. Mən başqa cür yaşaya bilməyəcəm. Bacardığım budur.

Bu narahat həyatımı alacağım qonorarlarla dəyişməyə gücüm çatmır. Aşağı-yuxarı bütün qələm adamlarının reallığı budur. Hamımız oxşar qayğılarla çarpışırıq.

Nə bilim...Yaxşısı budur atama zəng edib, xəstəxana xərcini yazıq qocanın boynuna qoyum. Çevrəsi genişdir, xətir-hörməti var, normal işi olan dostları var. Bəlkə bu vəziyyətdən çıxmağıma kömək elədi...

Bunu edə bilsəm qalır oğlumun məktəb xərcləri...

...Əşşi nə məktəb? Heç nə olmaz, mənim oğlum bir il gec gedər məktəbə. Onsuz da oxuyub yazmağı öyrənib. Alim-zad olası deyil ki? Mən oxuyub neyləmişəm ki, o oxuyub neyləsin? Bir-iki sinif oxuyandan sonrada göndərərəm sənət öyrənməyə. Sənətiylə pul qazanar, adam olar...

...Hə, bu arada bu yazı nə gileydir, nə şikayətdir, nə də narazılıq. Elə-belə... 30-40 manat qonorara hesablanmış, gündəlik yaşantılarımın bir parçasıdır. Acı reallıqdır yəni...

# 3118 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #