Toya qədər və toydan sonra

Toya qədər və toydan sonra
17 sentyabr 2015
# 15:06

İndi deyəsən elə bil səngiyib, hardasa beş-on il əvvəl sevgi mövzusunda söhbət düşəndə mütləq bir çayxana filosofu ortaya çıxıb deyərdi: “Sevgi təkcə qadına qarşı olmur. Sevgi müxtəlif cür olur. Anaya qarşı sevgi, vətənə qarşı sevgi, övlada qarşı sevgi, təbiətə qarşı sevgi zad...”

Həmişə sevgidən söhbət düşəndə bir mübahisəni xatırlayıram. Bu çox unikal bir mübahisə idi. Əhvalat hərbi xidmətdə olarkən baş vermişdi. Bildiyiniz kimi hərbi xidmətdə adamlar bekarçılıqdan ciddi əziyyət çəkirlər. Ona görə də oturub gic-gic, boş-boş danışırlar. Mübahisə edən tərəflərdən biri iddia edirdi ki, sevgi toya qədərdi. Toydan sonra sevgi olmur. Qardaş deyirdi ki, sevdiyin adamla bir yastığa baş qoyduqdan sonra sevgi sönür və yoxa çıxır. İkinci tərəf isə bunun tərsini söyləyirdi. Deyirdi ki, əsl sevgi toydan sonra da yaşayır. Əsl sevgi toydan sonra da ölmür və sönmür.

Bəs nəyə görə toy sevginin dərəcəsini ölçən, tutaq ki, bir cihaz kimi götürülmüşdü? Bunun çox sadə bir səbəbi vardı. Ağsaqqallıq kimi çıxmasın, bu mübahisənin getdiyi vaxt çox nadir istisnaları nəzərə almasaq, toy sevdiyin adamla qovuşmaq üçün yeganə vasitə idi. Bunu hamı bilirdi. Daha indiki kimi tikdirmək və sökdürmək, yenə tikdirmək və yenə də sökdürmək bu qədər geniş yayılmamışdı.

Bir də sevdiyin adamla anal sekslə məşğul olmaq olardı. Anal sekslə sevginin dərəcəsini ölçməyin nə dərəcədə düzgün olub-olmaması məlum deyil. Ona görə də sevginin həqiqiliyini ölçmək üçün ən dəqiq cihaz toy sayılırdı. Məhz bu səbəbdən bizim sənət adamlarımız şairlər, bəstəkarlar, yazıçılar, müğənnilər toy və toy atributları haqqında xeyli sənət əsərləri yaradıblar. Nişan üzüyü , gəlin paltarı, vağzalı havası, xınalı əllər kimi mövzular sənətkarlarımız tərəfindən geniş işlənmişdir. Elə bu cümlələri yazarkən o vaxt populyar olan bir mahnı yadıma düşür. Mahnının sözü təxminən belə idi:

Sabah o qızın toyudur,

Açılma, sabahım, açılma, açılma...

Ramiz Rövşənin “Öldür məni, oynamaram bu toyda” misrası da mütləq xatırlanmalıdır.

Qayıdaq geriyə. Unikal mübahisəyə. İşin ən absurd tərəfi sevgi haqqında mübahisə edənlərin qəribəliyində idi. Bu adamların hər ikisi doğurdan da həyatda gördüyüm ən qəribə adamlar sırasında dayanıblar. Onlardan birinin kəmərindən həmişə açar asılmış olurdu. Soruşanda ki, bu açar nəyin açarıdır, haranın açarıdır, deyirdi dostumun evinin açarıdır. Dost və ev vardımı, dostu evin açarını doğurdanmı ona vermişdimi, vermişdisə niyə vermişdi, ev onun nəyinə lazım idi, daha işin bu tərəflərini heç kim bilmirdi. Onu axırıncı dəfə görənə qədər açarı üstündə gəzdirdi. Mübahisə edənlərdən ikincisi öz qəribəliyinə görə heç də birinci adamdan geri qalmırdı. Deməli bu adam elə bilirdi ki, hər çimərlik bir dənizdir. Məsələn, o elə bilirdi ki, Şıxov çimərliyi və Novxanı çimərliyi başqa-başqa dənizlərin sahilləridir. Düzdür, mən özüm də coğrafiyadan xeyli zəifəm. Təkce Sakit okeanın tutduğu ərazinin qurudan çox olduğunu heç cürə təsəvvürümə gətirə bilmirəm.

Elmə inanıram, amma bunu təsəvvürümə gətirmək gücündə deyiləm. Yuxarıda bəhs etdiyim adamın isə coğrafiya haqqında təsəvvürləri ümumiyyətlə biabırçılıq idi. Heç kim ona Şıxov və Novxanı çimərliyinin eyni dənizin sahilləri olduğunu başa sala bilmirdi. Bəziləri elə biləcək söhbəti şişirdirəm. Nizami Gəncəvini tanımayanlarla, saatı bilməyənlərlə müqayisədə bu şükürlüdür. Belə qəribə iki adam oturub əsl sevgi haqqında mübahisə edirdilər. Yuxarıda yazıldığı kimi hər dəfə sevgidən söhbət düşəndə bu mübahisəni istər-istəməz xatırlayıram, xatırlamamaq mümkün deyil.

Sevgi elə bir mövzudur ki, bu mövzuda hər kəs nələrsə danışa bilər. Hamıya açıq mövzudur. Hərənin öz anlayışı, əhvalatı, hadisəsi var. Bir dəfə biz, bir dəstə kişi oturub boşboğazlıq edirdik. İçmişdik. Hər kəs ilk sevgisi haqqında danışırdı. Bir nəfərin əhvalatı çox kədərli idi. Dedi ki, mən 5-ci sinifdə oxuyanda bir qızı sevirdim. Sinif yoldaşım idi. Bir gün qış vaxtı dərsdə gördüm qız qulağına pambıq tıxayıb. Nəsə xəstələnmişdi. O gündən daha onu sevə bilmədim. Men belə sonluq gözləmirdim. Sonluq həm kədərli, həm də gülməli idi. Ən qəribəsi o idi ki, adam əhvalatı çox rahat danışırdı.

Ümumiyyətlə sevgini bir din kimi təsəvvür etdikdə çox şey rahatca yerinə oturur. Sevgiyə görə özünə qəsd edən adamlar var. Dinə görə də özünə qəsd edən adamlar var. Sevgiyə görə başqasını öldürən adamlar var. Dinə görə də başqasını öldürən adamlar var. Sual oluna bilər əgər sevgi bir illüziyadırsa milyardlarla adam niyə sevir. Bu qədər adamın aldanması mümkündürmü? Elə qəşəng mümkündür ki. Adamlar zaman-zaman o qədər gülməli şeylərə inanıblar ki. İnanıblar ki, cinlər Ayın qabağını tutur. Əllərinə qazan-ləyən alıb döyəcləyiblər, səs-küy salıb cinləri qovublar. Elə günü bu gün yüz minlərlə insan çox gülməli şeylərə inanırlar. Qaldı sevgiyə, heç nə, adamlar dünyaya gələnə qədər sevmək və sevilmək üçün artıq hər şeyə hazır olur. Eşidiblər ki, adam kimisə sevməlidir və sevirlər. Eşidiblər ki, kimsə səni sevməlidir, çalışıb özlərini kiməsə sevdirirlər. Sistem elə qurulub ki, sevilməyəndə və sevməyəndə özlərini bədbəxt hiss edirlər. Məlum məsələdir, heç kim özünü bədbəxt hiss etmək istəmir. Ona görə də sevməsələr belə bunu təsəvvür edirlər. Əhvalat quraşdırırlar. Belə əsassız əhvalatları çox eşitmişəm. Bir tərəfdən də şeirlər, filmlər, fotolar, hazır mesajlar, müxtəlif mağazalar və restoranlar şəbəkələri, reklamlar onların xəyallarının qıcıqlanması və təsəvvürlərinin daha canlı alınması üçün münbit şərait yaradır. Hər şey hazırdır. Qalır xəyal gücünü bir az işə salmaq. İşin əsli belədir. Sual oluna bilər bəs əgər sevgi bir illüziyadırsa o zaman yazılan bu qədər əsərləri nə edək? Bəs böyük-böyük kişilərin sevgi haqqında yazdıqları əsərləri hara və necə yozaq? Din haqqında da xeyli əsərlər yazılıb. Zamanında dövrünün ən böyük təfəkkür sahibləri də dinə inanıblar. Belə olduğu halda sevgi tərkibli suallara da cavab vermək asanlaşır.

Sevmisən- inanmışam

Sevirsən- daha inanmıram

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #