Yad çiyinlərdə gedən qadın

Yad çiyinlərdə gedən qadın
22 dekabr 2014
# 12:00

Kulis.az şairə Esmira Məhiqızının yeni şeirlərini təqdim edir

ürəyim titrədi... İlahi!
yoxsa quşlardamı şeir yazır göylərə?
sonra... bütün yağışlar şeir qoxuyur...
sonra... şeirlərin yağışı başlayır.

***

dodaqlarımda bir cüt şeir yandırıram
hər intihardan qabaq.
sonra da yanğınlarında unuduluram
taykeş şeirlərin.

***

belə... dəli-dəli ağlıym gərək,
ağrılı hər şeyə ağrıyım gərək,
axmış gözlərimi bağlıyım gərək,
qaldıra bilmirəm daha bu yükü.

bilmirəm gözümdə nə daşıyıram,
ya duman, ya bulud, çən daşıyıram,
bəlkə də ən nimdaş nəm daşıyıram,
gözümün içində batır su yükü.

yağmuru gözümdə puçurluyuram,
hələ də bir ömrü uculuyuram,
hərdən də gözümə pıçıldıyıram,
yüklər də kirlənib, ağla, yu yükü.

***


mən sadəcə...

əllərimin yaddaşından sildim çox şeyləri -

bir yuva ilıqlığını,

bir əl doğmalığını,

bir də o saçların dəlisovluğunu.

gözlərimin yaddaşından qovdum xəyalları...

o vaxtdan gözlərim üşüyür,

baxışlarımın üstü açıq qalıb,

bir dağınıq tel gərək

baxışlarımın üstünü örtməyə... soyuqdu.

mən sadəcə...

sadəcə mən sevdalı deyildim.

məktublar da sevdalıydı,

sular da,

hələ kağız gəmilər də.

buludların ən sevdalısı yağardı onda.

sevdalı yağışlarda islanardı dünya.

mən sadəcə...

zamanı divar saatında tapırdım,

onu da qara əqrəblər aparırdı harasa.

öz divar saatımızda əqrəbləri

zaman bilib saxlasam da,

qonşunun divar saatında axırdı

bizim zaman da.

heç bilmirəm bizim zamanın qonşunun

divar saatında nə işi vardı...

ya zaman hamının zamanıydı...

mən sadəcə...

şeirlər qədər sevmişdim həyatı...

indi şeirlər də nəm çəkir.

barmaqlarım ucundan damır... damır.

nə desəm yalnız o güzgüdəki

dəli qız anlayardı...

indi o da yoxdu,

güzgülər də məni anlamır.

mən sadəcə...

hüznləri dinləyə bilirəm.

səsimin yaddaşında

qəm soyuğu var...

səsimin üstü açıq qalıb -

zili üşüyür,

bəmi üşüyür....

səsimin üstünü örtürəm.

***

günlərin küləklərə qarışdığı yerdən...

bir gözəl qadın ölümünə

bir dəli qızın şeir yazması qədər

kədərlidi hər şey.

bu qaranlıq və soyuq küçələrdə

mənə bir az kənd uşaqlarının

şəhər kədərindən verin...

sonra da bir güllü don,

bir sarı potu...

bir də kəpənəkli bant verin...

gülmək istəyirəm indi...

hər şeyə gülmək...

ölümlərin zarafatına,

zarafatların ciddiliyinə,

bir də küçə lampalarının

soyumuş gözvurmalarına gülmək istəyirəm.

- bacılı, bacılı bu qızı tanıdınmı –

deyər küçə lampası.

o biri küçə lampası da ölüm sükutunu pozar:

- bacılı, bacılı tanıdım bu qızı,

yad çiyinlərdə gedən

o ağır tabutda uyuyan qadındı...

- necə gördün üzünü?

- günlərin küləklərə qarışdığı yerdən

yellər açmışdı kəfənini.

- ölüm ayrılıqmı...?

- ölüm ilk və son görüşdü, bacılı!

bir güllü don geyindim,

bir sarı potu,

bir kəpənəkli bant vurdum

hörüklərimin ucuna...

ilk və son görüşə gedirəm...

küçə lampalarının soyuğunda.


***

bir damla qız qaçır gözlərimdən...
və şeirlər çiçəyini tökür ürəyimin içinə,
sonra barmaqlarım...
ah... bu barmaqlarım!
barmaqlarım ölsün şeir yazdığı yerdə.

***


hələ... kölgə tutan,
güzgülərdə özümdən
utanan vaxtlarımıydı...

dəliydim eee,
adam da güzgüdəki
özündən utanardımı...?
mən utanardım.

adam da əlində bir əlin
kölgəsi qaçardımı?
mən qaçardım.

sonra ovcumu açmazdım...
ovcumda bir əlin kölgəsi döyünərdi,
kəpənək kimi,
ya sərçə ürəyi kimi...

bir əlin kölgələrini
o qədər yığdım ki, ovuclarıma...
ovcumun içində
kölgələr böyüdü...
böyüyüb-böyüyüyb vida oldular...

sonra da...
əllərimdən uçurtdum kölgələri...
bir əlin kölgələri
unutdu əllərimi,
unutdu uyuduğu ovuclarımı...

və... əllərim göynəyir hələ də,
göynəyir kiminsə əllərinin kölgə yerləri kimi.

*****

bir balaca qız peyda olur hardansa,
əyilib gözlərimə baxır diqqətlə.
mən də deyirəm ki,
get küləyi tut.
o da gülümsəyir...
və anidən qaçır,
qaçır mənim uşaqlığım tək.
sonra da bir anlıq geriyə çevrilir:
-gözlərin hələ dururmu...?

***

heca-heca töküldü bu ağac...

töküldü payızın ovuclarına.

və mən küləklərə gömdüm

yazmadığım yarpaqları,

buludlara gömdüm yanaqlarımı-

yanaqlarımda hüznün şeiri.

anladım ki...

getmək vaxtıdır bu şeirdən,

bu şəhərdən.

ən çox bu payızdan getmək istədim...

və…heca-heca tökülən ağacda

bir qızın yelləncəyi qaldı.

o qızdan sonra

ayrılıqlar yelləndi o yelləncəkdə.

başqa yarpaqlar açacaq ağac…

başqa qız gələcəkmi görən

yarpaqların arasından baxmağa...

və...

heca-heca töküldü bu ağac…

iki yarpaq şeir elədi bir ömür.

*****

qondu bir göyərçin qanadlarına,
itdi ilğımlarda doğmalıqlarım.
həniri kəsildi lap yaxınlarda,
ruhuma sarıldı ağlamaqlarım.

ya mən də bilmirəm nədən başladı,
başıma gələnə yovuşmamağım.
bəlkə bu şəhərdə hamı başqadı,
yetimdi hamıya qarışmamağım...?

ya da mən başqayam, nə bilim belə...
nə bilim...belə də... özümcürəyəm.
bənövşə boyumla, sərçə səsimlə-
gözümə görəyəm, gözümcürəyəm.

bütün yadlıqlara alışdı adım,
alışdı gözümə alışmamaqlar.
dərd də damazlıq tək içimdə tutdu,
uyuşdu içimdə uyuşmamaqlar.

# 1121 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #