Sevgilisinə “mişka” alan qaqaşlar – Fəridə yazır...

Fəridə, yazar

Fəridə, yazar

2 dekabr 2021
# 15:10

Kulis.az Fəridənin “Nəşriyyatlar öz xeyrini güdür” adlı yazısını təqdim edir.

Girişdə bir balaca tarixə və statistikaya nəzər salmaqla sizi bir az yoracam, amma sonacan diqqətlə oxuyun. Sonda sizə qəribə və maraqlı bir fakt təqdim edəcəm.

Ötən ay Bakı, Sumqayıt və Gəncədə baş tutmuş (nə qədər baş tutduğu haqda yaxşı olardı ki nəşriyyatların özləri hesabat verərdi) kitab sərgi-yarmarkası, sözsüz ki, kitab və oxucular adına çox önəmli, təqdirəlayiq bir tədbir idi. Əvvəlcə əməyi keçən hər kəsə oxucu olaraq, ‘’kitabqurdu’’ olaraq təşəkkür edirəm.

Bütün yaxşı işlərə mütləq “mız” qoyanlar tapıldığı kimi bu tədbirlərə də “mız” qoyanlar az olmadı. Gah iştirakçı şair və yazarların (hamısı da adlarını ilk dəfə eşidib, kitablarını ilk dəfə gördüklərim idi), gah da kitab almaq üçün gedən oxucuların bir neçə paylaşımlarını gördüm.

“Divanı bu yana qoydular”, “şeir oxuduq, əl çalmadılar”, “axtardığımı tapmadım” və s.

Bunlara çox bənd olmayacam. Məni bu yazını yazmağa vadar edən Şahbaz Xuduoğlunun paylaşımı və ona gələn şərhlər oldu.

Dəyərli Şahbaz bəy Gəncə kitab yarmarkasında rastlaşdığı mənzərənin gözlədiyi kimi olmadığını, maraq və reaksiyaların sönük olduğunu qeyd etmişdi.

Pəhhhh. Şərhlərə gəl sən.

Bilmirəm niyə, amma sanki gəncəlilər kitaba, nəşriyyata, prosesə, paytaxta və ordan gələnlərə qarşı xüsusi bir qıcıq, antipatiya bəsləyirmişlər.

Hamı bir ağızdan gah kitabların bahalığından, gah endirimin çox az olduğundan, gah da camaatın yeməyə çörək tapmadığından danışır, hələ bir nəfər də “Qanun”un tərcümə kitablarının bərbadlığını nəşriyyatın üzünə vururdu.

Burda yenə tarix və statistikaya toxunmaq istəyirəm.

Balaca bir araşdırma edib Azərbaycanda il ərzində nə qədər kitab nəşr olunur, nə qədər kitab oxunur, adambaşı kitaba xərclənən pul orta hesabla nə qədərdir – bunlara baxmaq istədim.

Əlbəttə ki, heç bir dişə vurulası məlumata rast gələ bilmədim.

Əvəzində isə dünyada kitabın və oxucunun vəziyyəti haqda bir xeyli material oxumalı oldum.

1440-ci ildə müqəddəs Quttenberq kitab çap edən maşın ixtira edəndən bu yana dünyada nə qədər fərqli adda kitab nəşr edilsə yaxşıdır?

Google “Google Books” layihəsi ilə 150 fərqli qaynağı analiz etdikdən sonra təxmini belə bir statistika əldə edib ki, o vaxtdan indiyə qədər dünyada 130 milyon fərqli adda kitab nəşr edilib.

Amma müəllif tərəfindən E-Book və bu kimi platformalarda satışa çıxarılmış kitablar bura daxil deyil.

Təxmini rəqəm dünyada 2015-ci ildə 136 milyon kimi qeydə alınıb.

Dedim bir baxım görüm, dünyada il ərzində ən çox kitab oxuyan ölkələr hansılardır?

İlk yerdə Hindistan imiş.

Bu mənə niyəsə çox gülməli gəldi, amma sonra əhali sayını da nəzərə alanda bir az inandım.

İlk onluğa Hindistan liderlik edir, sıra Taylan, Çin, Filippin, Misir, Çexiya, İrlandiya, Fransa, Macarıstan və Səudiyyə Ərəbistanı ilə davam edir.

Hə, qayıdaq mətləbə. İl ərzində Azərbaycanda nə qədər kitab nəşr edilir, nə qədər satılır, neçə faiz potensial oxucu var – bu suallarımın heç birinə statistik cavab ala bilmədim. Amma mənzərə o qədər ürəkaçan deyil.

Camaat kitab oxumur, kitab qiymətləri bahadır, nəşriyyatlar endirimi cüzi, simvolik edir - bütün bunlar hamısı bəhanədir.

Necə olur ki, bir “bilməm nə” blogerinin öz səhifəsində “qızlarrrr, son əlli ədəd qaldı” başlığını yazıb paylaşdığı, kim bilir, hansı əldəqayırma firmanın hansı ximikatlardan hazırladığı bir dodaq “bleski”, kremi, kirpik serumu üçün şərhlərdə minlərlə qadın özünü öldürür, yetmiş ikicə manatı bir dənə 30ml-lik ətirə verir, amma kitab oxumağa pul yoxdu, səkkiz manat doxsan qəpiyə qoyulmuş kitab bahadır?

Ya da, hansısa qaqaş sevgilisi üçün qırx beş manata bir pelüş ayı ala bilir, amma yeddi manatlıq kitab görəndə ona baha gəlir?

Nəşriyyatlar öz xeyrini güdür – məni ən çox təsirləndirən bu cür şərhlər olur.

Nəşriyyat neynəməlidir?

O qədər pul verib nəşr etdirdiyi kitabları gətirib pulsuz paylamalıdır?

Vallah, pulsuz kitab versən belə oxumayacaq insanlar var. Amma gəlib o paylaşımların altında mənfi iradlar bildirirlər.

Nəşriyyat iş yeridir. Ayaqda dura bilmək üçün , əlbəttə, öz xeyrini güdməlidir. Nəşriyyatda yüzlərlə işçi var.

Hansısa qırx beş yaşlı müəllifin “sən gül, mən gülüm, dünya gülsün” janrında şeirlər kitabını çap etmək nəşriyyat üçün həm zamana, həm zəhmətə, həm də maddiyyata başa gəlir axı.

Nəşriyyat bu gün gətirsin kitabları töksün ortaya, pulsuz dağıtsın, sonra da qayıdıb qapıları bağlayıb işçiləri də yollasın evinə ki, “sənallah, bağışlayın, müflis olduq”.

Hələ bir qrup şair və nə yazdığı elmə-ədəbiyyata məlum olmayan müəllif tipləri də var – kitablarının illərlə ofisdə, anbarlarda, dükanların rəflərində toz basa-basa qalmağına razıdırlar, ucuz qiymətə, endirimlə satılmağına razı olmurlar. Şivən salırlareee.

Bizim cəmiyyət kitab oxumaq ənənəsini itirib. Və bu ənənəni bərpa etmək təkbaşına nəşriyyatların bacaracağı iş kimi görünmür. Kompleks şəkildə, kim əlindən nə qədər gəlirsə, o qədərini ortaya qoymalıdır. Kitab tədbirləri, yarmarkalar ildə iki dəfə lap dörd dəfə olsa da, yenə çalan-oynayan eyni kütlə olacaq.

Məktəblərdən başlamaq lazımdır. Məktəblilərə sinifdənxaric oxu üçün kitabxanalar yaradılmalıdır. Düzdür, Prezidentin Sərəncamı ilə rayon məktəblərinin kitabxanalarına klassik ədəbiyyat, yerli yazarların seçilmiş əsərləri topluları göndərilib, amma inandırım sizi, o kitabların heç biri şagirdlər üçün maraqlı deyil.

“Məmməd Arazın seçilmiş əsərləri”, “Bəxtiyar Vahabzadənin seçilmiş əsərləri”, “Leyli və Məcnun”, “Robinzon Kruzo” – nə qədər olar axı?

Başqa kitablar lazımdır, uşaqların könlünü fəth etməyə, məktəbliləri potensial oxucu kimi yetişdirə bilməyə daha maraqlı kitablar lazımdır.

Göndərək o məktəblərə “Bülbülü öldürmək”, “Məlalə mənəm”, “Kafka sahildə”, “Barbarları gözləyərkən”, lap elə Paolo Koelyonun əsərlərini, müəllimlər mühit yaratsın, müzakirələr aparsın.

Bu gün məktəbli uşaqlardan hansı yazıçıların adını bilirsiz deyə soruşanda ya Səməd Vurğun deyirlər, ya Bəxtiyar Vahabzadə. Allah haqqı, Leyli-Məcnun deyəninə də rast gəlmişəm.

Paytaxtda yenə bir qədər fon var, universitetlər burdadır, tələbələr var, yaxşı-pis oxucu kütləsi var. Amma regionlarda vəziyyət vahiməlidir.

Gəncədən sonra Lənkərana da getsəniz, cənab naşirlər, eyni mənzərəni görəcəksiniz. Hələ Naxçıvana getsəz, inandırım sizi, depressiyaya düşüb qayıdarsınız.

Regionlardakı bir-iki iri təhsil mərkəzi, kolleclərdə təhsil alan tələbələrə ümid olmayın.

Bu faktla kim istəsə razılaşmaya bilər, amma bu faktdır ki, regionlarda universitet və ya kolleclərdə təhsil alan tələbələr çox cüzi ballarla ora daxil olurlar. Onlar, adətən, dəyirmanın gözündən keçə bilməyənlərdir.

Və şəxsi müşahidəmə əsasən rahatlıqla deyirəm ki, o təbəqə üçün kitab oxumaq ən sonuncu məşğuliyyət belə deyil.

Bakıdakı tələbələr “vunderkind”dir demirəm, amma burda nisbətən oxucu kütləsi var.

Hə, bir də, mənə elə gəlir ki, hansısa bölgədə kitab sərgisi keçirtmək üçün yaxşıca hazırlaşmaq, təbliğat və reklam işləri görüb sonra yola düşmək lazımdır.

Mütləq oranın əhalisini, ortalama vəziyyəti nəzərə almaq lazımdır.

Mənim ətrafımda valideynlər, 30-40 yaş arası qadınlardan ibarət bir çevrə var. Onlara “Mənim payım”, “Səhra çiçəyi”, “Çakaranda ağacının uşaqları”, “Çərpələng uçuran”, “Kimyagər”, “Bir-birimizə demədiyimiz sözlər”, “Böyürtkənli qış” kimi kitablar maraqlı gəlir.

Bacardıqca, əlimə düşdükcə onlara bu cür kitablar verirəm. Oxuyub paylaşırıq. Onlar Ceyms Coys, Steynbek və ya Milan Kunderanın oxucu kütləsi ola bilməyəcəklər, heç mənim içimdə bu cür gözlənti də yoxdur.

Məndən davamlı kitab soruşurlar, axtarırlar, bir qadının səkkiz manat verib aldığı bir kitab heç tanımadığı başqa qadınların əlindən keçir, dövrə vurub öz sahibinə qayıdır.

Çox uzandı söhbət. Amma bunda birmənalı şəkildə israrlıyam , “kitab bahadır, camaat ala bilmir” söhbəti oxumamağa bəhanədir, sadəcə.

Qonşunun qızının toyuna gedəndə salonda saçına-başına qoyduğun maya ilə ən azı üç kitab ala bilərsən. İkinci əl olsa, lap beşini də alarsan – bunu başa salmalı olduğumuz böyük bir ordu var, o ordunu qazana bilmək.... Bir xəyal...

Girişdə söz verdiyim qəribə və maraqlı faktı da təqdim edirəm, vəssalam:

Bizim həsədlə, iç çəkə-çəkə baxdığımız, kitab nəşrində, satışında və oxumaqda bizdən qat-qat üstün olduğunu düşündüyümüz qardaş ölkə Türkiyənin bütün statistik qaynaqlarında Azərbaycan nümunə kimi çəkilir. Deyilənə görə, illik kitab nəşrində, kitab satışı və oxunması faizlərində Azərbaycan Türkiyədən qat-qat irəlidə imiş. Mənim səhər saat beşə qədər axtarıb tapa bilmədiyim statistik rəqəmlərə, ortalama vəziyyətə hardan, necə “ulaşıblar”, mənə müəmmalı qaldı...

# 6988 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #