"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

2 aprel 2026
# 14:15

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.


Sevinc Elsevərin “Vatsap statusları” hekayəsini oxudum və bəzi fikirlərimi bölüşmək istədim. Qısaca ipucu verməli olsam, hekayə gəlin-qaynana münasibətləri, bir gəlinin vatsapda paylaşdığı şəkillərin, statusların yaratdığı problem haqqındadır.

Çox vaxt qadın yazıçıların yazdıqlarını müzakirə və tənqid edəndə, əlimizə balta alıb, ən birinci müəllifin seçdiyi mövzuya hücum çəkirik. Deyirik: “mövzusu çox dayazdır”, “ideyası bəşəri deyil”, “konflikti əhəmiyyətsizdir”.

Bir haşiyə çıxım... Açığı, mənə həmişə elə gəlib ki, dünyada baş verən proseslərin heç biri qadınları narahat eləməyib, eləmir və böyük ehtimal, heç vaxt da eləməyəcək.

Məsələn, ABŞ-İsrail-İran arasında gedən və radiusu günü-gündən böyüyən müharibə də, neftin barelinin qiymətinin artıb-azalmağı da, kənd təsərrüfatımızın axsamağı da, iqtisadiyyatımızın neft və qaz gəlirlərindən asılı hala gəlməyi də qadınlara maraqlı deyil.

Siyasi-iqtisadi söhbətləri qoydum kənara, qadınlara heç Allahın var olub-olmamağı da maraqlı deyil. Şəxsən mən görməmişəm ki, iki qadın Allahın varlığı ya yoxluğu haqqında qızğın mübahisə edə, biri-birinə əsəbiləşə, dalaşa. Ol səbəbdən, başımızı xarab edən siyasətçilər də, ilahiyyatçılar da kişilərdi.

Haşiyədən qayıtdım. Dünyanın ən məşhur qadın yazıçılarının yaradıcılığına da nəzər salanda, görürük ki, onların mövzuları da daha çox qadın duyğularına, qadın həyatına, qadın bədəninə, qadına qarşı zorakılığa, bir sözlə, qadın həyatına fokuslanır. Məsələn, klassik deyə biləcəklərimizdən Ceyn Ostinin, Simona de Bovuarın, Emili Brontenin, daha müasirlərdən Virciniya Vulfun, Fransua Saqanın, lap müasirlərdən elə son illərdə Nobel mükafatına layiq görülən Anni Ernonun, Han Kanqın əsərlərinin mövzuları da bu qəbildəndir.

Düşünürəm ki, poeziyadan, qadın şairlərdən danışmağa isə heç ehtiyac yoxdur. Nə yalan deyim, hazırda ağlıma sevgidən və qadın duyğularından kənara çıxan qadın şair gəlmir. Varsa, cahilliyimə, unutqanlığıma ya da yorğunluğuma bağışlayın.

Siyasi və digər bəşəri məsələlərə toxunan qadın yazıçılar da var. Məsələn, ilk ağla gələn ad Toni Morissondur, amma etiraf etməliyik ki, onun da əsas fokusu afroamerikan qadınların həyatı, qarşılaşdığı çətinliklər və problemlərdir.

Ya da Latın Amerikasından İzabel Alyendenin siyasi motivli romanlarını demək olar. Düzdür, kobud desəm, bu siyasi motivin də daha çox İzabel Alyendenin bir vaxtlar Çilinin prezidenti olmuş Salvador Alyendenin bacısı qızı olmağı ilə bağlılığının olduğunu düşünürəm. Və yenə də, o siyasi motivli romanların da ana xəttini qadın mövzuları təşkil edir.

Söhbətin bu yerində “ana xətti” ifadəsi də birdən diqqətimi çəkdi. Niyə bir şeyin ən vacib, ən əsas hissəsinə “ana xətt” deyirik? “Ata xətt” ola bilməzdimi? Sualı oxucuya açıq buraxıb öz fikirlərimi hələ ki gizlin saxlayıram, amma, məncə, bu ifadənin özü belə bizə nələrsə deyir.

Hə... Sevinc Elsevərin “Vatsap statusları” hekayəsi mənə bu yaxınlarda oxuduğum müasir irlandiyalı yazıçı Salli Runinin “Gözəl həyat, hardasan?” (“Beautiful world, where are you?”) romanını xatırlatdı. Roman iki rəfiqə (Alisa və Elen) və onların öz sevgililəri ilə (Feliks və Simon) münasibətlərindən bəhs edir. Romanın üslub baxımından maraqlı tərəfi əsərin böyük hissəsinin Alisa və Elenin e-mail yazışmalarından ibarət olmağı idi. Bunu ona görə bəyəndim ki, bu yazışmalar köməyilə iki qadının intim məsələlərini, mübhəm duyğularını daha aydın görmək, anlamaq (biz kişilər üçün, ən azı, anlamağa yaxınlaşmaq!) olurdu.

“İntellektual takılmağı” sevmədiyimi bütün dost-tanışlarım bilir. Xoşlamıram yazıçı adı, əsər adı çəkməyi, sitat gətirməyi. Amma “qadın yazıçılarımız nə yazır?” mövzusu ciddi, tez-tez də müzakirə etdiyimiz mövzu olduğu üçün nümunələr göstərməyə, misal çəkməyə məcbur qalıram.

Salli Runinin bu romanını da boşa misal çəkmədim. Sevinc Elsevərin hekayəsində də qadınlarımızın vatsap statusları, orada paylaşdığı şəkillər və bu paylaşımların şüuraltı qatı, yaratdığı konfliktlər göstərilib. Etiraf etməliyəm ki, bu cür mövzuda hekayə oxumaq xoşuma gəldi, lap səmimi desəm, ləzzət elədi. Çox kiçik, əhəmiyyətsiz mövzu təsiri bağışlasa da, çox maraqlı və məncə, çox da ciddi mövzudur. Bu mövzunun ucundan tutub bir çox sosioloji konfliktlərin alt qatını tapmaq və bəlkə, o problemləri aradan qaldırmaq da olar.

Biz azərbaycanlılar yüzillərdir ki, başımızın bəlasına çevrilmiş “GƏLİN-QAYNANA” konfliktini həll edə bilmirik və bu problem kişili-qadınlı hamımızın həyatına mənfi təsir göstərir, lazımsız “yarışların”, mənasız “dava-dalaşların” içində, arasında, ortasında, ən sonunda da, altında qalırıq. Çoxumuza mənasız görünən bu xırda-para qadın konfliktləri bir illətə çevrilib bütün həyatımızı işğal edir. Ərlərin, oğulların, evlərin, paltarların, qır-qızılların yarışı ömrümüzün “ana xətti”nə çevrilir.

“Ana xətti” ifadəsini burada işlətməyimin yuxarıda sizə ünvanladığım açıq sualla əlaqəsi yoxdur.

Bu, lazımsız, aradan qaldırmalı olduğumuz “ana xətt”dir. Düşünürəm ki, analarımızı (qadınlarımızı) daha ciddi və faydalı suallar narahat etməlidir və Sevinc Elsevər də bu mövzuya o səbəbdən toxunub.

Və düşünürəm ki, qadın yazıçıları narahat edən məsələlər, onların yazdığı mövzular bizi narahat etməlidir elə. Çünki onlar fəhmən təbiətin qoruyucularıdırlar. Qadınlar elə lap uşaqlıqdan dünyaya ana gözüylə baxırlar. Onlar dünyanı öz evləri kimi daha gözəl, səliqəli, insanları öz övladları kimi daha ağıllı, sağlam və sevgili görmək istəyirlər.

Ol səbəbdən, nə bomba, raket düzəldib başqa ölkəyə atırlar, nə də bunu müzakirə edirlər. Bütün müharibələri də kənardan “yazıq camaatın balası” təəssüfüylə izləyirlər.

Qadın yazıçılarımız öz mövzularından, öz məsələlərindən, ən kiçiyindən ən böyüyünə kimi, ən gizlinindən ən açıq-aşkarına kimi bütün problemlərindən cəsarətlə yazıb həm biz kişilərə, həm də öz həmcinslərinə göstərməlidilər.

Ağıllı qadınları narahat edən məsələlər həmişə yazdığımız, danışdığımız mövzuların arasında ana xətt kimi qalmalıdır.

# 392 dəfə oxunub

Oxşar xəbərlər

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

16:10 31 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər