Azər Aydəmir: “Uğurlu aktyoramsa, İncəsənət Universitetində oxumamağa borcluyam” – Müsahibə

Azər Aydəmir: “Uğurlu aktyoramsa, İncəsənət Universitetində oxumamağa borcluyam” – Müsahibə
28 aprel 2021
# 09:01

Kulis.az kinoşünas Sevda Sultanovanın tanınmış aparıcı, aktyor Azər Aydəmirlə söhbətini təqdim edir.

- Azər bəy, İqtisad Universitetindəki təhsilinizi yarımçıq qoymusuz. Hansı qırılma nöqtəsində belə bir mühüm qərara gəldiniz?

- Mən erkən, 8 yaşımda atamı itirmişdim. Və anam məni gec dünyaya gətirib, hardasa 45 yaşında. İnstitutda oxuyanda anam dəmiryolu vağzalında baş kassir işləyirdi. Sonra kompüter erası gəldi və 50, 60 yaşüstü qadınlar yeni dövrün qanunlarına adaptasiya ola bilmədlər. Onların attestasiyası keçirildi, 70 faiz insan işdən çıxarıldı. Ailəmizin yeganə gəlir yeri anamın işiydi. Onda mən mütləq şəkildə bir neçə işdə işləmək məcburiyyətində qaldım. İnstituta daxil olanda zatən işləyirdim. Onu daha da genişləndirmək, daha aktiv olmaq qərarına gəldim. Avtomobil sektorundaydım. Erkən yaşlarımda bir az da jurnalistika sahəsində işləmişəm. Müxtəlif qəzetlərdə... Beləcə, müxtəlif işlərdə çalışmaq məcburiyyətində qaldım. İçimdə nəsə bir səs deyirdi ki, qəbul olunduğum institut sayəsində həyatımı qurmayacam. Mən mental dəyərli ailədənəm, əslən dağlıyıq. Xızı Bakının qeyri-formal 33-cü kəndi sayılır. Ailəmizdə ali məktəbə daxil olmağımı çox istəyirdilər. Daxil oldum, missiyanı yerinə yetirdim və sonradan öz işlərimlə məşğul oldum.

- Həyat təcrübəniz dünya kino ulduzlarının həyatına oxşayır. Onlar da ofisiant, satıcı, fəhlə kimi çalışıblar. Bu müxtəliflik təcrübəsi sizə nə verdi, həyatı daha yaxşı tanımağa kömək etdimi?

- Məncə, əsas məğzə toxunduq, elə bu sualınızdan aktyorluq sənətinə gələcəm. Həyat təcrübəsi mənə indi sizin qarşınızda oturub müsahibə vermək imkanını verdi. Əgər hörmət etdiyim kino yazarları məndən müsahibə alırsa, bu gün tələb olunan aktyoramsa, bunu mənə qazandıran həyat təcrübəsi olub. Müxtəlif işlərdə çalışmaqla cürbəcür insanlar tanıdım, həyatın ən fərqli tərəflərini gördüm, üstünü, dibini gördüm. Daha sonra anamı da itirdim. 19 yaşımdan etibarən tək yaşadım. Bütün prosesləri, yas prosesini, tənhalıq prosesini tək keçirmişəm, tək ailə qurmuşam, özümə şərait yaratmışam. Otelçilikdən restorançılığa, jurnalistikadan piar marketinqə, lizinq sahəsinə keçmişəm. Azərbaycanın hər insanını tanıdım, bəlkə də, istəmədən. Bu, mənə aktyorluq sənətində kömək elədi, insanları müşahidə imkanı verdi. Artıq ssenari sahəsinə də atılıram. Yavaş-yavaş. Burda da keçmiş təcrübəm köməyə gəlir. Məktəb partasından qalxıb, Bakıdan və ya başqa şəhərlərdən, rayonlardan gəlib İncəsənətə daxil olan, 4-cü kursdan aktyor kimi çalışan adamların gördüyü mühit, dünyagörüşü dardır. Aktyorluğundan çox prodüserliyinə heyran olduğum Cem Yılmazın bir sözünü tez-tez deyirəm: sənət adamı məmləkətinin çəkməçisindən tutmuş nazirinə kimi hər kəsi tanımalıdır. Adam var, deyir, valideynlərim sağdır, korluq çəkməmişəm, ikimərtəbəli evdə yaşayıram, amma Yusif Vəliyev, Şahmar Ələkbərov kimi aktyor olmaq istəyirəm. Deyirəm, onda sən ikimərtəbəli evə qapanma, ordan çıx, həyatı dibinədək tanı, müşahidə elə, bir az küçələrdə yaşa, başqa ölkədə tələbə həyatı sür, rayonlarda çalış, az məbləğlə dolan.

- İntensiv çəkilirsiniz, tələb olunan aktyorsuz: serialda, dövlətin maliyyələşdirdiyi filmdə, kommersiya kinosunda. İntensiv çəkilmək sizdə tükənmişlik, boşluq yaradırmı?

- Əksinə. Mənə elə gəlir, enerji partlayışının birinci sinfindəyəm. Elə hiss edirəm. Hələ istədiyim materialı işləməmişəm, oyunumu göstərməmişəm. Çox güman ki, yaxın vaxtlarda da göstərməyəcəm. Nadir hallarda ələ maraqlı material düşür. Amma 10 milyon əhalisi olan ölkə üçün mənim çəkilişim belə intensiv deyil. Hələ ki, o boşluğu hiss eləmirəm. Ürəyimi işə qoyandan sonra boşaldım - belə hissim yoxdur. Doluluq duyğusu, gözümün qurdunu öldürmək istəyi var. Pandemiya dövründə çəkilişlər yox idi. Hiss elədim ki, doluram, sanki, ürəyim partlayacaq, nədəsə çəkilmək, nəsə etmək istəyirəm. Demək olar ki, hər təklifə hazır olardım o dövrdə vaxt etibarilə. Onda Əlixan Rəcəbovun “Luger” filmi çıxdı. Əlixan mənə yenə polis rolunu vermək istəyirdi.

- Görünür, fakturanıza görə, əvvəlki işlərinizdə zabit, polis rolunu çox təklif ediblər.

- Elədir. Bəzən rejissorlar rahat yola qaçır. Əlixana dedim, yox, məni bu dükançı maraqlandırır. Orda çəkiləndən, müsbət reaksiyalar gələndən sonra özümü itirmədim, amma bir az doydum, gözümün qurdunu öldürdüm. Enerjim isə qalır. İnşallah, layihələrimiz olacaq.

- İmtina etdiyiniz rollar olurmu? Seçicisinizmi?

- Sözsüz ki, karyeramın əvvəlində çalışırdım rollardan imtina etməyim. Bəxtimdən hər təklif olunan rol uğurlu oldu. “Mən evə qayıdıram” filmində Yaşar Nuri və Fuad Poladovla eyni səhnəni paylaşmaq qismət oldu. Serialla bağlı seçiçiliyə məcbur oldum. Çünki, ailə-məişət mövzusunda ssenari yazan qrupun, demək olar ki, bütün kanallar üçün işləməsi, aşağı-yuxarı oxşar material yazması səbəbindən... Təkrarçılığa görə 2015-2019-cu illərdə seriallarla bağlı təkliflərə çox seçici yanaşırdım.

- Bəs qonorara görə imtina edirsizmi?

- Qonorara görə də imtina elədiyim məqamlar olur. Təəssüf ki, bizdə bu sahədə bazar tənzimlənməsi yoxdur. O mənada ki, hər bir aktyor öz düşündüyü qonorarı deyir. Yəni, konkret standart məbləğlər yoxdur. İşlədiyim sahələrə, filmlərimin sayına, püxtələşdiyimə, tələb olunduğumu hiss etdiyimə görə və bazarı nəzərə alaraq özüm üçün bir qonorar təyin elədim.

- Hesablaşırlarmı sizinlə?

- Artıq hesablaşırlar. Açığını deyim, 2018-ci ilədək vəziyyət başqa cür idi. Hətta “Pərdə” filmindən sonra gözləyirdim ki, hesbalaşsınlar. Gördüm yox. Amma “Əlvida Şmidt” filmindən - 2018-ci ildən sonra artıq təklif etdiyim qonorarı müzakirəyə çıxarmadılar. Ya razılaşırıq, ya razılaşmırıq. Deyim ki, kosmik qonorar siyasətim var, xeyr. Hərçənd, elə aktyorlar var ki, bəlkə həmyaşıdıq, filmoqrafiyası da azdır, sosial şəbəkələrdə daha çox tanınırlar və Gürcüstan, İran səviyyəsində qonorarlar səsləndirirlər. Onlarda da alınanda alınır, ya da alınmır. Elə peşəkar aktyorlar var ki, qonorar tələbi yüksəkdir və soruşanda, niyə məni dəvət etmirsiniz, adam utanır deməyə ki, bizim şərtlərə uyğun deyil dediyi qonorar.

- Bəzi peşəkar aktyorlar səhnədə, ya filmdə tərəf-müqabilini əzməyə çalışır ki, mən daha üstünəm, peşəkaram. Siz peşəkar aktyorlarla çalışmısınız. Çətinlikləriniz olubmu bu baxımdan?

- Bəzi aktyorların oyununda tərəf-müqabilini üstələmək məsələsini hiss edirəm. Aralarında dostluq etdiyim adamlar da var. Tərəf-müqabilini bir anlıq basmaq, özünü səndən daha yaxşı olduğunu hiss etdirmək – məncə, bu, onlarda şüuraltı alınır, bilərəkdən etdiklərinə inanmıram. Bir qayda olaraq, bunu edən aktyorlar rəhmətlik Vaqif İbrahimoğlu ilə işləyənlərdir. Fərqi yoxdur, uzun müddət işləyiblər, ya qısa müddətdə təmasa olublar. Ola bilsin, bu, bir oyun manerası, tərzidir, bilmirəm.

- Başqa aktyor və rejissorlardan da eyni fikri eşitmişəm. Bəlkə, bu məsələ, həm də ondan qaynaqlanır ki, onlar Vaqif İbrahimoğlu ilə bağlı oturuşmuş doqmatik düşüncələri aşa bilmirlər, onu qədərindən artıq bütləşdirirlər. Heç mən Trieri o qədər büləşdirmirəm.

- Vaqif İbrahimoğlunun emalatxanasından, konsepsiyanın konkret nədən ibarət olması haqda məlumatsızam. Ola bilsin, onunla əməkdaşlığımın olmaması mənim bədbəxtliyim, ya xoşbəxtliyimdir. Lakin onunla işləyən Rasim Cəfəri bu siyahıya aid eləmirəm. Yəqin, ona görə ki, Rasim Gənc Tamaşaçılar Teatrında başqa metodika ilə işləyib. Necə deyim, sanki, özlərini hansısa bir dərd, neqativizm kompleksinə salıblar və ordan çıxa bilmirlər.

- Teatrdan söz düşmüşkən, tamaşada oynamısınız?

- Teatr kinodan çətindir, bunu həmişə demişəm. Düzdür, mənim üçün çətinlik bir az başqa şeydə özünü göstərir. Bir az səbirsiz insanam. Mənim üçün çətinlik məşq prosesidir. Hansı teatr rejissoruna desəm, 3-4 məşqdən sonra çıxaq səhnəyə, absurd baxar. Üç-beş ay eyni şeyi məşq eləməlisən. Bu, məni yordu və isterik hala saldı. Həqiqətən özümə gəlmirdim. Yəni, fabrikdə, zavodda işləyən insanları anlamağa çalışıram ki, bir insan eyni şeyi 30-40 il necə edə bilər? Mən çətinliyi səhnədə oynamaqda yox, bu tərəfdə görürəm. Birinci və sonuncu dəfə İlqar Safatın quruluş verdiyi tamaşada oynadım. Antrepriz tamaşa idi. İsrailli dramaturq İda Netanyahunun “Məna axtarışında” əsəri əsasında hazırlanmışdı. Müəllif İsrailin baş naziri Benyamin Netanyahunun qardaşıdır, özü də gəlmişdi tamaşaya. Söhbət 2018-19-cu ildən gedir. O tamaşanı Bakıda, Moskvada, Piterdə oynadıq. Diplom da aldıq. Yaxşı qarşılandı, teatr tənqidçiləri yazı da yazmışdılar. Hardasa məni də, partnyorlarımı da qeyd etdilər. Amma onların qəliz teatral dili vardı, anlamadım, rejissor başa saldı ki, hər şey yaxşıdır, istəsən davam edə bilərsən. Dedim yox, çox sağ ol. Teatr sahəsindən uzaq adamam. Sadəcə, özümə və aktyor yoldaşlarıma sübut etmək istədim ki, bunu da bacarıram.

- Müxtəlif rejissorlarla işləmisiniz. Hansı rejissorun iş metodu sizə maraqlıdır? Yəni, aktyoru duyur, potensialı ilə işləyə bilir?

- Bunun altından xətt çəkərək deyirəm: aktyorlarla ən yaxşı işləyən Rövşən İsaxdır. Hərçənd işləməmişəm o insanla, müşahidə etmişəm. O, özü oynayır, mimikaya kimi aktyora göstərir. Onunla işləmək mənə maraqlı olardı. Öz işlədiyim rejissorlara gəlincə, ciddi aktyor tapşırığını özümə, tərəf-müqabil olduğum aktyorlara qarşı görməmişəm. Vəziyyəti, ab-havanı, ovqatı görmək istəyən rejissorlarla işləmişəm. Amma xırdalığına kimi – burda pauza, filan yerdə ağlamalısan - belə rejissorla işləməmişəm. Emil Quliyevə gəlincə, digərlərindən fərqli olaraq, vəziyyəti dəqiq anladır. Bir səhnəni dəfələrlə, istədiyi nəticəni alanadək çəkir. Emil, əgər deyirsə, yenidən çəkməliyik, deməli, zərrə boyda falş görüb. O, falşı intuitiv bilir, rasional izah edə bilmir. Biz özümüz də rahat oluruq ki, Emil “hə” deyibsə, demək səhnə uğurlu alındı.

- Sizi aktyor kimi “Pərdə”də, “Əlvida Şmidt”də, “Luger”də hiss etdim. Hətta “Əlivda Şmidt”ə baxanda bəzi məqamlarda kövrəldim. Rasim Cəfərlə tandeminiz də alınır. “İblis”də isə sanki emosional məsafəni itirmisiz. Yəni, obrazla çox doğmalaşmısınız kimi gəldi mənə.

- Bayaq dediyim kimi, həyat təcrübəm fərqli olub. 2008-ci ildən tutmuş 2011-ci ilədək nəinki Bakıda, ümumiyyətlə Azərbaycanda, hətta xaricdə belə səs-küyə səbəb olmuş ziyafətlərin təşkilatçısı olmuşam. Belə deyək, Azərbaycanda bir Qetsbi olmuşam vaxtilə. Böyük bir ortam vardı ki, təşkilatçı kimi tanıyırdılar məni və sifarişlər verirdilər. Yaxtalarda, dəniz kənarında partilər... Həm kreativ işləri görürdüm, həm musiqi tərtibatı ilə məşğul olurdum, qonaqları dəvət edirdim. Çox adlı-sanlı insanlar gəlirdi o ziyafətlərə. Hər cür insan görmüşəm. “İblis”dəki obrazım orta yaşlı Azərbaycan kişisidir, aşağı-yuxarı realda gördüyüm bu tipləri birləşdirəndə bu alınır. Hərdən aktyorluq sənətində özümü “Xarabalıqdakı milyonçu” filminin qəhrəmanı kimi hiss edirəm. Orda bir səhnə var, teleoyunda hər suala cavab verir, sonra onu tuturlar ki, fırıldaq eləmisən. O da deyir, bəxtimdən bildiyim suallar gəldi. Mənim də bəxtimdən həyatda gördüyüm obrazlar təklif olunub. Sözsüz, tarixi obraz oynasam, məsələn, Cümhuriyyət qurucularını, Topçubaşovu oynamağı çox istərdim - öz üzərimdə işləyəcəm. İndiyədək mənə təklif olunan rollar gördüyüm, tanıdığım rastlaşdığım tiplərdir. Mənim üçün çətin deyildi.

- O zaman necə bir rolu oynamaq sizə çətin olar?

- Bir neçə müsahibəmdə demişəm: silsilə və eyni rejissor çəkərsə, Dronqo obrazını oynayardım. Məsələn, Ceyms Bond silsilə çəkilir, gəlir də gətirir.

- Nə cəlb edir sizi bu obrazda?

- Özünəməxsus oynamaq istərdim. Yazıçının təsvir etdiyi kimi qoca, əli əsən yox. Şerlok Holmsa Qay Riçinin yanaşması kimi. Robert Dauni Şerlok Holmsu aktiv, zarafatcıl, davakar oynayır. Dronqonu da bu mənada başqa yanaşmayla oynamaq istərdim. Məşhur ədəbi qəhrəmanlar təklif olunsa, çətin olar. Çünki oxucuların hərəsi təsəvvüründə onu bir cür vizuallaşdırıb. Çətin, amma yaradıcı baxımdan maraqlı olar. Əsas odur ki, tamaşaçını məyus etməyim.

- Peşəkarlığınızı inkişaf etdirmək üçün başqa hansı vasitələrdən istifadə edirsiniz?

- Uşaqlıqda, yaşıdlarım çöldə-bayırda oynayanda manyakca filmlərə baxırdım. 1990-cı illərin prokatında olan Hollivud filmlərinin səsini alıb, bütün filmi oynayrdım. Elə bilirdim, uşaqlıq həvəsidir, amma böyüdükcə anladım ki, kinoya sevgim güclənir. Peşəkarlığımı inkişaf etdirmək üçün onlayn tədrislərə baxıram, metodları öyrənirəm. İndi Stanislavski metoduyla az işləyirlər. Əsasən, Çexov məktəbinə üstünlük verirlər. Və ya İvana Çappakın metodikasına. Aktyor oyununda realizm tərzi əsasdır. Maksimum öyrənirəm, qidalandığım materiallar köməyimə gəlir. Görsəm, hardasa yeniləşmirəm, başqa çıxış yolları aramağa çalışaram. Saytınızdan istifadə edərək İncəsənət Universitetinin aktyorluqla bağlı tədrisinə aid fikirlərimi bölüşmək istəyirəm. Təhsil Nazirliyi, İncəsənət Universiteti aktyorluq kursu üçün yeni tədris metodikası hazırlamalıdır. Hazırkı metodikanı yüngülləşdirmək, yeniləşdirmək lazımdır. Aktyorluq kursunda klassik, bir oyun tərzini öyrədirlər hələ də. Bu, aktyorlarımızı da, rejissorlarımzı da şikəst edir. Birinci kurs aktyoru əvvəlcə Ceki Cana, Kamal Sunala baxsın və müzakirə edək ki, harda bayağılıq gördün, sonra tədricən pillə-pillə qalxsın, Stanislavskiyə, Çexova keçsin. Yoxsa, birinci kursda ancaq köhnəlmiş metodu tətbiq edib məzunları buraxırlar yeni janrlar erasına, rəqəmsal dünyaya. Bir dəfə çəkilişdə baxıram ki, İncəsənət Universitetinin uğurlu məzunlarından biri obrazı oynamaq üçün gedir-gəlir, tərləyir, əli ilə başını tutur. Deyirəm, neynirsən? Deyir, obrazın daxili dünyasına girməyə çalışıram. Mixalkovun Bakıda mühazirəsi olanda bu qəbildən sual verdilər. Deyir, bizdə də tələbələr obraza girmək istədiyini deyir. Deyirəm, heç yerə girmək lazım deyil, ilansan-nəsən harasa girəsən? Ümumiyyətlə, bu cəfəngiyatı sizə kim öyrədib?! Mən müəllim olmasam da, bildiyimi öyrətməyə çalışıram. Tutaq ki, çəkməçini oynayırsan. Bir çəkməçi ilə görüş, yarım gün keçir onunla. Çəkməşi necə olar, əlləri bir az qara, sifəti yağlı olar. “Kley” iyi gələr ondan. Siqareti çox çəkər, siqaret çəkərsə, səsi dəyişər. Və həmin səhnədən əvvəl 50 qram iç, çalış soyuq dəysin, gəl çəkilişə. Ölmüş qohumunu xatırla, gözlərin dolsun və başla oynamağa. Bunlar olmadığına görə, şərhlərdə yazırlar ki, sünisiz. Bu, aktyorun problemi deyil. Potensial var, sadəcə İncəsənət Universiteti süniləşdirir onları. Metodikanı dəyişmək lazımdır. Mənim bəxtim onda gətirib ki, 10 nəfərdən 7-si oyunumu bəyənirsə, bunun üçün İncəsənət Universitetini oxumamağıma borcluyam. Şon Penni, Di Kaprionu, Tom Hardini, Metyu Makkonahini izləyirəm, onlar Çexov metodikasıyla işləyirlər. Maksimum realist olurlar ekranda.

- Sonda söyləmək istədiyiniz başqa nəsə varmı?

- Onu demək istəyirəm ki, “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Evlənmək istəyirəm” kimi xalq kinosu çəkmək lazımdır. Yəni, hər kəsin baxacağı film. Bu filmlər çəkildikcə istehsalat da yaranacaq, sənət əsəri də.

Foto: İlkin Nəbiyev

# 11199 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #