İstedadlı adamın infantil söhbətləri - Seymur Baycan

İstedadlı adamın infantil söhbətləri - Seymur Baycan
26 sentyabr 2025
# 10:00

Kulis.az Seymur Baycanın "İstedadlı adamın infantil söhbətləri" adlı yeni yazısını təqdim edir.

Bəhruz Tağızadənin “Cincilim” romanını oxudum. Ət yeyən quş dimdiyindən tanınar. Kitabdan hiss etdim ki, müəllif kifayət qədər koloritli, necə deyərlər, əsl məclis adamıdır.

Onu da mütləq qeyd etməliyəm ki, müəllif həm də çox çətin adamdır. Bəhruz bəy kimi adamlar haqqında, adətən, belə deyirlər: “İpinin üstünə odun yığmaq olmaz”.

Ola bilər səhv edirəm, amma kitabda bəzi səhnələri oxuyanda “ipinin üstünə odun yığmaq olmaz” sözləri istər-istəməz başımda fırlanırdı. Gəlin, romandan bəzi nümunələrlə tanış olaq.

Sonra kitab və müəllif haqqında söhbətimizə davam edərik: "Biz ikinci sinifdə oxumağa başlayanda gördük ki, kitabda yazılanla televizorda danışılan bir-birinə uyğun gəlmir. Kitab yazırdı ki, Lenin bizim babamız, bolşeviklər qəhrəmanlarımızdır, televizor əksini deyirdi: Lenin və bolşeviklər bizim düşmənimizdir. Televizorda tez-tez qırmızı oturacaqlar qoyulmuş bir yer göstərirdilər, hamı orda qışqıra-qışqıra danışırdı. Hamı orda düz danışırdı, amma heç nə düz getmirdi. Həmin il rayonumuzun qazı kəsildi, telefonlar bağlandı, işıqlar fasiləylə verilməyə başladı. Səbəbini soruşanda dedilər ki, keçid dövrüdür, belə olmalıdır. İş yerləri ixtisara düşdü. Kəndin mədəniyyət evi və klubu fəaliyyətini dayandırdı. Adamlar isinmək üçün əvvəlcə qurumuş ağacları, sonra sağlam ağacları kəsdilər. Yamyaşıl kəndimiz get-gedə bozarmağa başladı".

Bəri başdan deyim ki, kitabda belə təsvirlərə üstünlük verilməli idi.

"Çimdim. Təzə geyimimi gözdən keçirdim. Dayımdan oğurladığım ətri yoxladım. Dayımın ətir zövqü çox pis idi. Ətirdən təzək iyi gəlirdi. İstədim vurmayım. Əlacım kəsilmişdi. Ürəyimdə dayıma dedim. “Ətrin başına dəysin”.

Yaxşıdır.

"Ətrafa bir daha baxdım. Kimsəni görmədiyim üçün arxayınca dedim:

– Necədir?

– Çox gözəl. Ağcaqanad olmasa, lap yaxşı olar.

– Biz ona ditdili deyirik. Yay gəlməmiş, o gəlir. Dızıltısı beynimə işləyir. Yönlü şey olsa, bizim kənddə yaşamaz".


Bu, qızla oğlanın söhbətidir. Sevgililərin ditdildən danışmaqları əladır. Ditdili sözü lap ləzzət elədi. Biz də ditdili deyirdik. Son illər ditdili sözündən istifadə edən adamların sayı kəskin azalıb. Məncə, bu yolverilməz haldır.

Çünki ditdili sözü o həşəratın, mahiyyətinə, məzmununa, həyat və yaradıcılığına çox uyğundur. Ditdilini tanımasan, bilməsən elə düşünərsən ki, söhbət nəsə xoş, tamamilə zərərsiz bir canlıdan gedir. Əslində, ilk baxışdan elə görünür.

Fəaliyyətindən xəbərin olmasa, düşünərsən ki, axı bu adama nə edə bilər? Amma bu ditdili böyük-kiçik tanımır. Kimə gəldi, hara gəldi qonur. Bəzən dağ boyda bir adama yatmağa imkan vermir, bütün əsəblərini korlayır. Hələ mən bu ditdilinin yaydığı xəstəliklərdən danışmıram.

"Bir dəfə rəhmətlik babam, nənəm, mən “Retro” verilişini gözləyirdik. Tarzanın filmi olacaqdı. Nailə İslamzadə gecə saat 12-də efirə çıxdı, dedi, “Retro” başlayır, gəlin, televizorun qarşısına. Nənəm Nailəni göstərib babamdan soruşdu: “Ay İsmayıl, bunun evi-eşiyi yoxdu? Niyə durub getmir? Bu gecə vaxtı gəlin xeylağının orda nə işi var?” Babam da dedi, yəqin, evləri televiziyanın yanındadır. Ya da əri çöldə gözləyir. Nənəm dedi, bəs bunun bulaşığını kim yuyur? Bişmişini kim bişirir? Babam dedi, bunlar bulaşıq yumur.

Sonra “Retro” başladı. Ayaz Salayev danışıb, qurtarana qədər hamını yuxu tuturdu. Bu dəfə Həmidə Ömərova çıxmışdı. Nənəm Həmidə xanıma baxıb dedi: “Ay İsmayıl, görən, bu, qızdı, yoxsa gəlin?” Babam da çönüb tərs-tərs nənəmə baxdı, dedi, kəmsər-kəmsər danışma, mən nə bilim qızdı, yoxsa gəlindi?! Nənəm dedi, qaşını alır, yəqin gəlindi".


Bəh, bəh, bəh. Kolorit başqa şeydir. Mən çoxdandır belə ləzzətli söhbət oxumurdum.

" – İki gecədi hansı cəhənnəmə gedirsən?

Düşündüm ki, gecə yerimdə olmadığımı görüb, valideyn kimi narahat olub. Ona yalan danışmalı idim. Daha doğrusu, onun suallarına həqiqi cavab vermək mümkün deyildi. Atam həmişə elə suallar verirdi ki, mən ona mütləq yalan danışmalı olurdum.

– Tor qurmağa getmişdik. Çinargilnən.

– Bəs tutduğunuz balıq hanı?

– Heç nə çıxmadı. Balaca birin çıxartdıq, onu da Mosunun itinə verdik".


Əladır.

"Kəndin ən yoxsul ailəsi olsalar da, oğrulardan qorunmaq üçün qulağı kəsik it saxlayırdılar".

Hər kənddə belə bir ailə var.

"Əlimdə iki ağır zənbil “28 May” metrosuna tərəf addımlayırdım. Zənbillər elə ağır idi, arada yerə qoyub dincimi almaq məcburiyyətində qalırdım. “Kamarxoz” deyilən qurumun (Qurum yox, idarə. S.B.) işçiləri taxta saplı qara süpürgələrlə 24 saat ərzində yerə-yurda tökülən zibilləri toplayır, şəhərin sakit tozlarını havayla qarışdırırdılar. Burada heç bir azərbaycanlının adını bilmədiyi spesifik Afrika meyvəsinin qabığından tutmuş saxta dollar kağızının cırığına qədər hər şey tapmaq olardı. 500 manata ilk dəfə “bir nizami” demək də bu meydanda perajki satan komik kişinin ağlına gəlmişdi. Həyatımda buranı ikinci dəfə görürdüm. Əvvəlki gəlişimdə məni düz metronun çıxış qapısında şor satan arvadlar qarşılamışdı. Onlardan arxada əlində “özəlləşdirmə çeki” satanlar dayanmışdı. Yekə-yekə kişilər “şəhər, rayon, əl telefonuyla ucuz danışıq” çığırıb müştəri haraylayırdılar. Meydanda limon satan döşlüklü qadınlar: “Üçü bir “məmməd!” deyib alıcı axtarırdılar. Perajki, qutab, lotereya satanların, pul dəyişənlərin əlindən tərpənmək mümkün deyildi. Dilənçilər və bomjlar səndən mütləq nəsə istəyirdilər. Bura elə yer idi ki, bütün Bakı sakinlərinin yolu düşürdü. Bakıda yaşayıb bura gəlməmək qeyri-mümkündür. Bakının bu yeri fəzadakı qara dəlik kimi hər şeyi özünə çəkib fırlada-fırlada udurdu. Əsas səbəb burda istədiyin şeyi tapmağın idi. Məsələn, beş “məmməd”ə şalvar ala bilərdin.

Düzdür, bu şalvar ölmüş birinin ola bilərdi, amma vardı. İndi sübh idi, seyrəklik hökm sürürdü. Meydanın baş tərəfində Cəfər Cabbarlının heykəli ucalırdı. Heykəl elə bil bu müdhiş mənzərəni görməmək üçün arxasını meydana çevirib əli qoynunda fikrə getmişdi.

Dəmiryol vağzalının üstündə başı göylərdən, ayağı yerlərdən nəm çəkən “Bakı” mehmanxanası ucalırdı. Biz yaşda uşaqların çoxu öz bakirliyi ilə burda vidalaşırdı. Xüsusi geyimli komendanta beş “məmməd” “hörmət” edib, iki “şirvan”a qadın tapa bilərdin. Bu mənada “Bakı” ən ucuz ünvan idi. Əzəmətli binaya baxdım və düşündüm: “Birdən mən də bura getsəm, nə olar? Yox. Birdən polis reyd keçirdi, tutuldum, valideynlərim gələsi oldu, atam oğlu böyüyüb deyə qürrələnər, anam deyinib durar, camaat bir az gülüb yaddan çıxardar. Bəs birdən Cincilim bilsə? Üzümə tüpürmədən hər şeyə son qoyar. Bu ehtimal milyardda bir olsa da, mümkün idi".


Yaxşıdır.

"Bakıya qayıdan kimi heç bir səbəb olmadan Bakı Dövlət Universitetinin əsas korpusuna getmək üçün Yusiflə görüşdüm. Birlikdə ora getdik. Elə-belə baxmağa getmişdim. Dərslər bağlandığından seyrəklik idi. Mühafizəçiyə də məhəl qoymadım. Elə bil İsmayıl babamın mənim üçün tikdirdiyi saraya girirdim. Hətta universitetin həyətindəki gül kollarının yerini buradan o biri tərəfə dəyişdirmək kimi fikirlər keçdi beynimdən. Elə bil şəxsi həyətim idi".

Güllərin yerini dəyişmək fikri əladır.

"Bufetdə bir-iki şey atışdırıb auditoriyaya girdik. Hüquq nəzəriyyəsi dərsi idi. Müəllim dedi:

– Hardasız, ə siz? Dərs on beş dəqiqədir başlayıb.

Asif cavabı sanki əvvəldən əzbərləmişdi:

– Müəllim, filologiyada bir qızın halı pisləşmişdi, ona kömək edirdik.

– Siz də dadandınız ora? Keçin yerinizə!

Müəllimdən, Asifdən və məndən başqa hamı güldü.

Asiflə yanaşı oturduq. Söhbətə başladıq

– Atam bir obyekti mənə paz edib. Deyir, işlət, indidən biznesə alış.

– İşlət də.

– Həvəs var?! Mənlik deyil.

Müəllim dərs danışırdı: “Şəxsiyyət cəmiyyətdə sosial fəaliyyət göstərdiyinə görə, cəmiyyət qarşısında müəyyən hüquq və vəzifələr həyata keçirməlidir. Vətəndaşla dövlət arasında olduğu kimi, cəmiyyətlə şəxsiyyət, dövlətlə şəxsiyyət arasında da qarşılıqlı hüquq və vəzifələr yaranır”.


Tələbələrin söhbəti ilə dərsin mövzusu arasındakı uçurum yaxşı göstərilib.

"Səhərə yaxın, sübh namazına bir saat qalmış nənəm, nəhayət, canını tapşırdı. Mən həm nənəmin yası, həm də bacımın cehizi üçün bəlli miqdarda pul götürüb Yusiflə birlikdə kəndə yola düşdüm. Tələbə yoldaşlarım və yaxın çevrəm də yasa gəlmişdi. Ehsanat üçün ərzağın alınmasında atam elə davrandı, elə bil ölən bunun anası deyildi. Mən çatanda quru çay və limondan başqa heç nə yox idi. Onu da nənəmin bacısı oğlu almışdı. Yaxşı bazarlıq görüb nənəmin ehsan süfrəsini açdıq. Yaspulu üçün qoyulan dəftərləri götürmək istəyəndə atam dedi:

– Camaatın dədəsinə borcum yoxdur. O qədər pul yazılmışam (
Yazılmışam, yoxsa yazmışam? S.B ) yaslarına. Dəymə dəftərlərə.

Anam məni çağırıb uzaqdan bibimi və onun əlindəki dəftəri göstərdi:

– Bax o pisniyyət bibinə. Dəftəri əlində gəzdirib, öz adına gələnləri ora yazır, pulu da cibinə qoyur.

– Heç nə demə. Qoy eləsin. Qəti şəkildə nənəmin yasının urvatsız olmasını istəmirəm."


Əsl Azərbaycan lövhəsidir. Cümlələr adamı "azerilerin" içinə soxur və adamı dəhşət qorxudur.

"Həyatı boyu üç kitab oxuyub: Cəmşid Əmirovun “Qara “Volqa”, “Brilyant məsələsi”, bir də Qənimət Əlisaoğlunun “Lənət qapısı” romanlarını..."

Kitabların adı obrazın səviyyəsi, təfəkkürü, həyata baxışı haqqında təsəvvür yaradır.

"Kənddən xəbər gəldi ki, babamın qəbrinin yanından cadu tapılıb. Mənim şəklimin parası ilə kimliyi bilinməyən bir qızın şəklinin parası paslı mismara keçirilib, parçaya bükülüb. Bükülüdə biz bilmədiyimiz əlifbada nəsə yazılıb. Anam təcili gəlib onu murdarlamağı tapşırdı. Elə şeylərə inanmadığım üçün gülüb dedim: “Atın zibilliyə!” Ancaq anam dirəşmişdi ki, şəxsən özün gəlməli, o cadunu sidiklə murdarlamalısan. Anam bu işi bibimdən görürdü".

Əsl Azərbaycan lövhəsidir.

Kitabdan verilən nümunələrdən açıq-aydın görünür ki, müəllif kifayət qədər istedadlı, koloritli adamdır. Yaxşı, iti bədii təfəkkürü var. Həyat təcrübəsi də boldur. Çox şeylər görüb. Müşahidə qabiliyyəti də qaydasındadır. Yaxşı roman yazmaq, yaxşı yazıçı olmaq üçün, sözün həqiqi mənasında, ciddi potensialı var.

Lakin çox təəssüflər olsun ki, Bəhruz bəy, nəyi yazıb, nəyi yazmamağı bilmir. Texnika, peşəkarlıq nöqteyi-nəzərdən çox kaldır. Mətni, mövzuları arıtlamağı bacarmır. Yazıçılıq həm də nəyi yazmamaq sənətidir. Yazıçılıq o deməkdir ki, sən yüz cümlə yaza bilərsən, amma bir cümlə yazırsan. Kitabın böyük bir hissəsi infantil söhbətlərdən ibarətdir.

Ümumiyyətlə, yuxular, psevdolirika, psevdohəyat, psevdoromantika, psevdofəlsəfə, infantil xatirələr, infantil mövzular Azərbaycan ədəbiyyatının ağır bəlalarıdır.

Əlbəttə, bu bəlaları yaradan səbəblər var. Nəsr ənənəsi zəifdir, üstəlik, yazıçılar dəhşətli dərəcədə az oxuyurlar. O qədər az oxuyurlar ki, adam dəhşətə gəlir. İstər-istəməz düşünürsən: Bu qədər məsuliyyətsizlik olar? İnsan məşğul olduğu bir işə necə belə dırnaqarası baxa bilər?

Sən hekayə yazırsan, roman yazırsan, yazıçılıq iddiasındasan, amma Azərbaycan şifahi və yazılı ədəbiyyatından ən vacib nümunələri, əsərləri oxumamısan.

Nağılları oxumamısan (bütün nağılları) , dastanları oxumamısan (bütün dastanları), aşıqları oxumamısan (vacib aşıqları), Axundovu oxumamısan (bütün əsərləri), Mirzə Cəlili oxumamısan (bütün əsərləri), Haqverdiyevi oxumamısan (bütün əsərləri), Cəfər Cabbarlını oxumamısan (bütün əsərləri), Çəmənzəminlini oxumamısan (bütün əsərləri), Abdulla Şaiqi oxumamısan (əksər adamlar Abdulla Şaiqi “Xoruz”, “Keçi” şeirlərinin müəllifi kimi tanıyır, amma Abdulla Şaiqin çox ciddi xatirələri var və mənim şəxsi müşahidələrimə görə o xatirələri çox az adam oxuyub), Ordubadini oxumamısan (romanları, hekayələri, xatirələri), Fəthi Xoşginabini oxumamısan (“İki qardaş”, “Ata”), Pənahi Makulunu oxumamısan (bütün əsərləri), Süleyman Rəhimovu oxumamısan (“Mehman”, “Saçlı”, bəzi hekayələri), Süleyman Vəliyevi oxumamısan (“Mübahisəli şəhər”, “Düyünlər”) Sabit Rəhmanı oxumamısan (hekayələri, povestləri, “Nina”), Əbülhəsəni oxumamısan (“Dünya qopur”, “Tamaşa qarının nəvələri”), Mehdi Hüseyni oxumamısan (“Səhər”), Mirzə İbrahimovu oxumamısan (“Pərvanə”, “Gələcək gün”), Bayram Bayramovu oxumamısan (bütün əsərləri), Həsən Seyidbəylini oxumamısan (“Cəbhədən cəbhəyə”, “Tərsanə”, “Telefonçu qız”), Hüseyn Abbaszadəni oxumamısan (“General”, bütün povestləri), Ələviyyə Babayevanı oxumamısan (“Adamlar və talelər”, povestləri), Əlibala Hacızadəni oxumamısan (romanları, povestləri), İsi Məlikzadəni oxumamısan (hekayələri, bütün povestləri)...

Mən hazırda yadıma düşənləri yazdım. Daha ciddi siyahı tutmaq olar. Oxumaq deyəndə mən sistemli oxumaqdan danışıram. Nağıllardan, dastanlardan, aşıqlardan, Axundovdan başlayıb düz indiki ədəbiyyata qədər bütün ciddi əsərləri, yazıçıları oxumalısan. Məktəbdə, universitetdə qiymət almaq üçün oxuduqların (əslində, əzbərlədiklərin), ordan-burdan on-on beş kitab oxumaq, qətiyyən oxumaq sayılmır. Xahiş edirəm, heç kim özünü aldatmasın.

Dəhşətli dərəcədə az oxumaqdan əlavə, yazıçıların ictimai-siyasi məzmunda mövqeləri yoxdur, dərin hisslər keçirmirlər, bəşəri düşünmürlər, azad deyillər.

Ən pisi də odur ki, ruhən azad deyillər. Ona görə də düşüncədə böyüyə bilmirlər. Ortaya infantil xatirələr, məhsullar çıxır. Burda əlbəttə ki, söhbət təkcə Bəhruz bəydən getmir. Ümumi vəziyyət belədir.

Bəhruz bəyin, uşaqlıq, yeniyetməlik illəri çox maraqlı, qarışıq, ağır, təbəddülatlı bir dövrə təsadüf edib. O infantil mövzuları, səhnələri, xatirələri yazmaq əvəzinə, həmin dövrdə baş verən hadisələri, bu hadisələrin insanların həyatına, kəndə göstərdiyi təsirləri yazmağa üstünlük versəydi, daha yaxşı olardı. Bu yaşda infantil sevgi söhbətləri eləmək, “getdim qızı parkda yağışda gözlədim”, “ver saqqızını çeynəyim”, “qolundan dişləmək istəyirdim” kimi cümlələr yazmaq ayıbdır.

Bəhruz bəy kimi böyük həyat təcrübəsi olan adam üçün ikiqat ayıbdır.

Belə söhbətləri yeniyetmələr yazmalıdır.

Bəhruz bəyin hal-hazırda üç məsləhətə ciddi ehtiyacı var.

Birincisi, dilini “yaşandı”, “yaşanır”, yaşatdı” kimi parazitlərdən təcili təmizləməlidir.

Bəhruz bəyin kifayət qədər duzlu, koloritli dili var. Kənd lövhələrini, adi adamların danışıqlarını çox maraqlı yazır. Elə duzlu, koloritli dili “yaşandı”, “yaşanır”, “yaşatdı” kimi parazitlərlə çirkləndirmək cinayətdir.

Bu parazit sözlər kitabda doxsanıncı illərin söhbətlərinə qədər gedib çıxıb.

Məsələn, müəllif doxsanıncı illərin söhbətlərini yazır və adamlar söhbətlərdə “yaşandı”, “yaşanır”, “yaşatdı”, “izləyicilər” sözlərindən istifadə edirlər. O vaxtı bu parazitlər dildə yox idi. Sonradan bu parazitlər dilə daraşdı.

Dilin aşınması əsasən ikimininci illərin axırlarından başladı. Məsələn, kitabın bir yerdə oğlan yemək yeyir, sonra yemək bişirən adama “əllərinə sağlıq” deyir. Əhvalat da olub doxsanıncı illərdə. Mən də eyni ərazidə yaşamışam. Orda adamlar "əllərinə sağlıq" demirdilər, "əllərin ağrımasın", "yorulmayasan" deyirdilər. Belə məsələlərdə diqqətli olmaq lazımdır.

İkincisi, Bəhruz bəy, yuxarıda adları sadalanan əsərləri bir-bir oxumalı, dilindəki duzu, koloriti daha da artırmalıdır. Əsərləri oxuduqca bu, həm də ona yavaş-yavaş nəyi yazıb, nəyi yazmamağı öyrədəcək.

Üçüncüsü, ayda bir dəfə Orxan Həsəni, Vüqar Van, Nadir Yalçınla görüşüb (Əli Zərbəli Macarıstandadır, yoxsa onun da adını yazardım) onlarla çay içməlidir. Pivə, araq da içmək olar. Amma hesabı Bəhruz bəy verməlidir. Çünki yaşda böyükdür. Gənclərin Bəhruz bəyin həyat təcrübəsinə böyük ehtiyacları var. Eyni zamanda gənclər də Bəhruz bəyə çox şeylər öyrədə bilərlər. Öyrənmək heç vaxt gec deyil. Necə deyərlər, yüz il yaşa, yüz il öyrən.

# 463 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..."  - MÜZAKİRƏ

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..." - MÜZAKİRƏ

12:00 25 sentyabr 2025
“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər