Ölünü futbol oynamağa çağıran

Ölünü futbol oynamağa çağıran
12 oktyabr 2016
# 15:58

Kulis.Az Ulucay Akifin İçki şüşələri” hekayəsini təqdim edir.

Uşaqlıq dostum Nicatın ruhuna

Həyatı dərk etməyimizə səbəb olan ən böyük hadisələrdən biri də ölümlə rastlaşmaq, ölümü yaxınlığında hiss etməkdir. Məsələn, siz, hə, hə, siz! İlk dəfə nə vaxt tanıdığınız adamlardan birinin ölüm xəbərini almısınız? İlk dəfə nə vaxt həyatın bizimlə bir oyun oynadığının fərqinə varmısınız? Mən səkkiz yaşım olanda.

Səhər yeməyimi yedikdən sonra Nicatla vədələşdiyimiz vaxtda məhəlləmizə çıxdım. Nicatgilin evi tərəfdən gələn pilləkənlərə baxa-baxa gözləməyə başladım. Hava yenicə isinməyə başlayırdı. Günəş dənizdən bir qarış yuxarı qalxmışdı. Qırmızı, pəmbə, bənövşəyi buludlar dənizin üstündən yavaş-yavaş uçmaqda idi. Gözlərimi qıyıb parıldayan dəniz ləpələrinə baxırdım. Birdən şappıldayan ayaq səsləri eşitdim.

Nicat yekə şəp-şəpləri ayağında pilləkənləri sürətlə enirdi. Əlində böyük araq şüşəsi, ayaqlarını səliqəsiz şəkildə növbəti pilləyə ataraq gəlirdi. Ayağa qalxıb üzümdə təbəssümlə onu seyr etməyə başladım.

- Anam yeməyi qurtarmamış buraxmadı, ona görə gecikdim, - deyib güldü. Yekə dişləri alt dodağını örtdü.

Sonra əlindəki araq şüşəsini havaya qaldırıb təbəssümlə dedi.

- Dünən dayımgil bizə gəlmişdi, atamla vurdular, dibində bir az qalmışdı, həyətə boşaltdım, özümlə götürdüm. Bu azı 250 manat (köhnə pulla) eliyər.

Sağ əlindəki şüşəni başına çəkib dili ilə bəlkə damcı gələr deyə bir az gözlədi.

- Zəhərdi e, zəhər! “Rasiski”di. İçirsən, olursan əjdaha!

Bu gün bütün küçələri, məhəllələri gəzib içki şüşələri yığıb, sonra onları dükana sataraq futbol topu alacaqdıq. O qədər pulu yığmaq asan olmayacaqdı deyə işə səhərdən başlamağı qərara almışdıq.

Birinci öz məhəlləmizdən başladıq, zibil qutularının yan-yörəsini axtardıq, hər küncə bucağa baxdıq, hələ məhəlləmizdə qalan Saşa dayının yanına da getdik. Saşa dayı rus idi, elə qapını açanda əlində bir pivə şüşəsi var idi, bizdən nə istədiyimizi soruşdu. Biz məsələni dedik, o da elə ilk iş əlindəki pivə şüşəsini verdi, sonra bizi içəri çağırıb otağındakı boş içki şüşələrini toplatdı. İşin yarısını elə Saşa dayının köməyiylə gördük. Artıq ona yaxın içki şüşəsi toplamışdıq.

Həmin gün günortaya qədər gəzmədiyimiz məhəllə, boylanmadığımız tin qalmadı, hardasa iyirmiyə yaxın içki şüşəsi topladıq. Futbol topuna tez qovuşmaq üçün vaxt itirmədən dükana yollandıq.

Satıcı Əhəd əmi bizi görəndə əlindəki qəzeti kənara qoyub, eynəyini düzəldərək bizə və əlimizdəki içki şüşələrinə diqqətlə baxdı.

- Deyəsən bütün dükanı almaq istəyirsiniz, - deyib güldü.

Nicatla bir-birimizə baxıb sevindik.

- Əhəd əmi, bunlara top düşər? - Həyəcanla soruşdum.

- Top nədi!? Bunlarla lap maşın da almaq olar!

Əhəd əmi boş içki şüşələrini torbalardan çıxararkən, Nicatla mən sevinc dolu gözlərlə bir-birimizə baxaraq qələbəmizi qeyd edirdik. Toplar olan səbətə baxıb hansını seçəcəyimizi qərarlaşdırmağa çalışırdıq.

- Yuventusun topu yoxdu? – Nicat bir az üzgün şəkildə soruşdu.

- Yox, hələ gətirməyiblər, gələn ay gələcək yəqin, - Əhəd əmi bizə baxmadan cavab verdi.

Mən tez üstündə Mançestr Yunaytedin emblemi olan qara topu götürdüm.

- Bunu götürmək olar?

- Hə, götürün!

Topu götürüb dükandan çıxmaq istəyəndə, Əhəd əmi bizi səslədi.

- Bura gəlin görüm!

Nəyinsə düz olmadığını düşünüb bir az qorxduq.

- Ordan hərənizə bir dondurma da götürün, istədiyinizi!

Dondurmalarımızı da götürüb məmnun halda dükandan çıxdıq.

Həmin gün özümüzü dünyaları qazanmış qədər xoşbəxt hiss edirdik. Sadəcə Nicat topun Yuventusun olmamağına bir az kefi pozulmuşdu. İtaliya futbolunu çox sevirdi, “pleysteyşn” oynamağa gedəndə də, italyan komandalarını seçirdi, “Yuventus”, “Parma”, “Palermo”. Bəlkə də elə Nicata görə həmişə İtaliya futbolu azarkeşi olanlarına daha çox hörmətim olur. İtalyan komandaları həmişə yadıma Nicatı salır. Elə bilirəm ki, o da mən izlədiyim oyunları seyr edir, qol vuranda yüksək səslə “Del Piero!” qışqırır.

O gündən çox keçməmişdi, anam bazardan qayıdanda mənə xəbər verdi ki, Nicat ölüb. İlk dəfə idi ki, ölüm xəbəri alırdım. Nə hiss etməli olduğumu bilmədim. Yas üçün qurulan çadıra gedəndə də topumuzu götürüb getmişdim ki, bəlkə Nicatla bir az oynayarıq. Kimdən necə eşitdiyim yadımda deyil, amma Nicatın necə öldüyünü öyrənmişdim. Ayağında yekə şəp-şəplərlə tələsik yolu keçmək istəyərkən bir tayı çıxıb, onu götürmək üçün geri qayıtmaq istəyəndə...

Bu hadisənin üstündən 3-4 gün keçəndən sonra əlimdə top Nicatgilin qapısını döyüb Pünhan əmiyə verdiyim sual da yadımdadı: “Pünhan əmi, Nicat bu gün də gəlməyəcək? Darıxmışam”.

Çox keçməmiş Nicatın ailəsi bizim məhəllədən köçdü. Hərdən Nicatın qardaşı Mikayılla, elə Pünhan əmiylə də rastlaşanda istəyirəm soruşam ki, “Nicat yadınıza düşür? Mən onu heç unuda bilmirəm”. Hərdən elə bilirəm ki, Nicatı məndən başqa hamı unudub, mənsə bəlkə Nicat sevinər deyə “Yuventus”-a azarkeşlik edirəm.

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #