Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazırlar...

Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazırlar...
23 noyabr 2020
# 13:32

Kulis.az “Sözün Güneyi” layihəsindən güneyli yazar Məhdiyə Ahəninin "Sülh - bərabərlik, yoxsa susdurmaq üçün kod adı?" yazısını təqim edir.

“…mən istəyirdim (Qarabağın işğaldan azad olması) sülh yolu ilə olsun. Dövlətlər yığılsın bir yerə, bu iki respublika sülh yoluyan bərpa olsun, sülh yoluyla torpağımız alınsın… Allah yer kürəsini canlı üçün yaradıb. Sərhəd qoymayıb Allah təala ki, burdan xristian keçəcək, ordan müsəlman keçəcək. Belə şey yoxdur. Quranda da yoxdur. Yaxşı olardı, sülh yoluyla həll olardı. Məsələn, mən “Youtube”da sadə ermənilərin övladlarını əsgər yola salanda ağladığını görmüşəm. Bizimkilər də eyni ağlayırlar. Hamı eyni ağlayır. Hamı eyni düşüncədədir ki, balam gedir ölümə. Sülh yoluyla olsaydı, qırğın olmazdı…” Bu sözləri məcburi köçkün Nigar Həsənova müsahibəsində deyir.

Bir müddət əvvəl yoldaşımla İranda hegemoniyaya malik olan etniklə basqıya məruz qalan etnikin ilişgilərini danışırdıq, dostum belə dedi ki, biz hegemoniyaya malik olan etniki başa salmaq üçün niyə basqıya məruz qalan etnikin vəziyyətini açıqlamırıq?

Sanıram ki, bu da ayrıseçkilik mövzusunu araşdırmaq üçün yanaşma tərzidir. Azərbaycanlı qadınların hissiyatını, duyğularını Qarabağ müharibəsi fonunda danışsam, Nigar Əsgərovanı qəsdən bu fəzanın nümayəndəsi kimi nəzərdə tutaram, müharibə haqqında ən qadınyana baxışa sahib olan nümayəndə. Bu sözlər sülh haqqında da keçərlidir. Görəsən, Nigarın dünyasında sülh necə təriflənir və yaxud nədir? Yəni müharibəyə qarşı bu qadınların baxışı ilə müharibə istəyənlərin və ya işğalçılıqla razılaşanların arasında hansı fərqlər var - heç bir paralellik, ya da yaxınlıq olmadan. Müharibə səsinin bu qədər yüksək olduğuna baxmayaraq niyə hələ də Nigarla dilbir oluram, Nigarın yanında dururam? Bundan daha başlıcası, İranda mərkəziyyətçi etnikin (Fars) sülh anlayışıyla Nigarın sülh anlayışı arasında hansı fərqlər var ki, onların baxışı İranda yaşayan azərbaycanlıları incidir? Onlar sülhə başqa yöndən baxırlarmı?

Mənə elə gəlir ki, sülh sözü çox mürəkkəb termindir. Çox ziddiyyətlidir. Patriarx siyasət dünyası müharibədən belə bir anlayış ortaya qoyur ki, təcavüzkarın əlini vətəndən namusdan qırır. Deməli müharibəni belə açıqlayır. Sülhə gələndə isə məsələni bütövlükdə həll etmək əvəzinə qarşı tərəfin öz haqlarından vaz keçməyi, həmçinin tələblərini ört-basdır eləməyi kimi qavrayır. Sülh sözü - susdurmaq habelə əl çəkmək, uduzmaq ilə üst-üstə düşür. Bu elə İranın mərkəziyyətçi düşüncə mühitinin anlayışıdır. İran azərbaycanlılarına belə bir sözü aşılamaq istəyir ki, Ermənistanın işğalçılığına laqeyd qalın! Azad olmuş torpaqların azadlığı üçün sevinməyin! Bəsdirin! Yerinizdə oturun! Ey, İran türkləri!

Deməli, sülh əzilmiş etniklərin tələblərini susdurmaq üçün kod adıdır. Bir növ üstün tutulan etnikin cəhalətidir. Qeyri Fars və haqlarını tələb edən etniklər üçün təkəbbürlü milli təhlükəsizlik və birlik sözünün verdiyi eyni tanış bildiridir. Təhlükəsizliyi və bərabərsizliyi əzilmiş etniklər tərəfindən təhlükə altına alındıqda, hegemonik etnikdən əzilmiş etnikə birlik, təhlükəsizlik və sülh çağırışı xeyirxahlıqdan daha çox ədalətsizliklə eyniləşir. Azərbaycanlılar da mərkəzin sülh sözünə yanaşmasında eyni haqsızlığı qavrayır və bu səbəbdən hirs və küskünlükdən əziyyət çəkir.

Fars hegemonluğu imtiyazına malik olan mərkəzin düşüncə coğrafiyasına mənsub olan iranlılar, o taylı yaxud bu taylı azərbaycanlıların Ermənistan hökumətinin təcavüz və təxribatından yaranan qəzəbinə qarşı üç yanaşma növü göstərdilər. Onların yanaşmalarından biri səssizlik idi. Virtual səhifələr bu səssizliyin səbəbləri ilə doldu; Bu qarşıdurmanın iranlılarla heç bir əlaqəsi olmadığını vurğulayırdı və güneydəki azərbaycanlıların hər hansı bir dəstək və ya qınamanın, daha sadə dillə desək, Arazın bu tərəfindəki türklərinin qəzəbi və ya xoşbəxtliyinə səbəb olurdusa, mərkəziyyətçi düşüncə “onun sizə dəxlisiz olduğu”nu vurğulayırdı. İran azərbaycanlılarının isə bu dözümsüz atmosferə reaksiyası, kiberməkanı tez bir zamanda dolduran qısa bir cümlələri oldu: tərcümesi “Biz Azərbaycanın özüyük” həştəgi olur.

Sərhəddin o tayında yaşayan xalqla bu tərəfdəki xalqın əlaqəsi sırf linquistik bir əlaqə deyil. Bəzən Ermənistanın işğalından azad olan bəzi kəndlərin adına baxdığımızda görürük ki, bu tərəfdə də eyni adlı kəndlər var. Bu xalqın sosial-mədəni qarşılıqlı əlaqəsi tarixən danılmazdır. İqtidarlar əraziləri sərhədlə ayırsa belə, ürəklərinə və könüllərinə məftil sərhəd qoya bilmir. Bir tərəfdən isə, insanların qonşularla empatiyasını tənqid etmək yersizdir, ya da seçməyə və ayırd etməyə gərək yoxdur. Empatiya başqasının məsələlərini rəsmi tanımaqdan yaranır. İrandakı Fars mərkəziyyəti etniklərin dərdini ortaq dərd görmədən onu şəxsi arenaya itələyib görməzdən yanaşmaq istəyir. Feministlər ilk olaraq şəxsi sahədə keçən basqı və evdə yaranan qadına qarşı zorakılıqlardan danışanda, patriarxal kültürün tərəfindən belə bir reaksiya yaranır ki, şəxsi arenalarda keçən mövzuları ümumi ortama gətirmək olmaz! Buna qarşı “şəxsi sahə siyasidir” şüarı feministlər tərəfindən yarandı. Bu o deməkdir ki, totalitar sistem xoşlamadığı mövzuları xüsusi ad altında arxa plana itələmək istəyər. Patriarx sistemin bu məntiqi feministlərə çox tanışdır, bu üzdən də etnik sahədə yarananda da onu tanıya bilir. Qadın mövzusu məncə etniklə eynidir. O üzdən İranda belə “etnik sahəsi siyasidir” deyə bilərik.

İkinci yanaşma: BMT-nin qətnamələrinə məhəl qoymayan və Ermənistanı dəstəkləyən ölkədəki və xaricdəki məşhurların artması ilə üst-üstə düşdü. Səbəb bu idi ki, ölkədə həmvətənlərimiz olan ermənilər var və onların şərəfinə görə Ermənistana rəğbət bəsləyirik. Ölkənin rəsmi qəzetləri anti-Azərbaycan manşetləri hazırladı və İslam Respublikasının rəsmi səfirinin və Azərbaycan Respublikasındakı bir neçə rəsmi iranlı vəzifəlinin gec və tərəddüdlü dəstəyinə baxmayaraq, rəsmi və qeyri-rəsmi medianın ictimai atmosferi İran türklərindən fərqli bir fikir ortaya qoydu. Əhalinin yanında ermənilərlə həmyerliliyi təbliğ etmək və Azərbaycan türklərinin İrana səpələnməsi kimi faktlar da, Ermənistanın işğalçı siyasətini təsdiqləmək üçün qəribə bir bəhanədən başqa heç nə deyildi.

Üçüncü mübahisəli yanaşma isə sülh axtaran və guya müharibəyə qarşı söyləm idi. İki ölkənin bayraqlarını virtual ürəklərlə bir araya gətirən və tvitlərdə yazılan bu yanaşma, mövzudan danışmaq və məsələdə dayanmaq istəmirdi. Bu yanaşma üçün qarşıdurmanın səbəbi, köçkünlərin vəziyyəti və həqiqətən də işğal və təcavüz məsələsi əhəmiyyətsiz idi. Bu cür ağsaqqalyana üzləşmə köçkünlərin hüquqlarını basdırmağa çağırdı və bunu da bitərəflik adlandırırdı. Mərkəzin, haqqını istəyən etniklərin arxasını boşaltması və onu tək buraxması üçün bitərəflik kod adı olmuşdur. Beləliklə, mərkəzin ağzından barışın söylənməsi, yuxarıdakının mövqeyinə təhlükə yarandıqda hər zaman səslənən sözün bədnam formasıdır; inad və çarəsizlikdən asılı təcavüzkarlar ilə paralel və birmənalı mövqedir.

Bu, tərəflər üçün sülh deyil; işğalçının mənafeyini qorumağın cəhdidir. Ertəsi gün Azərbaycanın Gəncə şəhərinə (iki dövlət arasındakı müharibə sərhədlərinin xaricində olan) Ermənistanın raket hücumunda öldürülən Aysunun obrazı internetdə yayımlandığında, Gülşiftə Fərahani, adlı iranlı aktrisa Ermənistanı dəstəkləyən bir festivalda iştirak etdi. Fərahaninin qatıldığı festivalın adındakı sülh sözü eyni rezonansa səbəb oldu: “artists for Artsakh (A CONCERT FOR PEACE)”.

Qarabağdan başqa bir məcburi köçkün qadın, Nübar Hümbətova, elə həmən musahibədə deyir:

“…mənim qonşularım ermənydi. Belə fikirləşirəm ki, yaşamaq olar. Nə təhər? Əvvəl vəzifəlilərin hamısı ermənilər idi. Azərbaycanlılar vəzifələrdə az idi. Məsələn, məktəbin direktoru, nələr-nələr hamısı erməni idi. Amma indi da bizim olandan sonra, hər yerdə bizim başçılar olandan sonra onlar kimdi? Yaşayarıq. Niyə yaşamırıq?!”
Sadə dillə desək, bu cümlələr güc və bərabərliyin paylanmasını tələb edir. Bu qadınlar bərabərliyin kölgəsində sülh istəyirlər, əks təqdirdə hüquqları tapdaq altda qalmış cəmiyyətin sülhü faydasız bir sözdür. Bu adi qadınlar saf vicdanlı olduqları üçün sülhün bərabərliyin məhsulu olduğunu bilirlər. Ancaq sülh sözü iranlıların nəzdində niyə bu qədər qarışıq, qəliz və mürəkkəbdir?

Noam Çomski də qarabağ mövzusuna daxil olmaqla dünyanın ən görkəmli akademik xadimlərinin yayımladığı “Dağlıq Qarabağa Sülh Çağırışı”na cavab olaraq bir qrup İran azərbaycanlısı feministləri bəyanat verdilər. Cavabda qarşı tərəflərin sülh sözünə, işğalçılığa və müharibə qaçqınlarının qayğısını çəkməməyi, işğalı qınamamağı, köçkünlərlə empatiya etmədən sülhə qovuşmaq və BMT qətnamələrinə əhəmiyyət verməməyi vurğulayırdılar. Azərbaycanlı feministlərin cavabında vurğulanırdı ki, sülh zülmü görməzdən gəlmək deyil. Və ən doğrusu müharibə və təslimin saxta ikililiyi arasında BMT qərarlarına istinad edilməkdir.

Feministlər bilirlər ki, cinsi üstünlüklərini görməməzlikdən gələn cinsi hegemonluq ayrı-seçkiliklə mübarizə yoluna sadiq ola bilməz. Bilirlər ki, kişilər bir patriarxal cəmiyyətin faydalananları olaraq, bərabərliyə nail olmaq üçün qadınların və digər cinslərin nəfinə öz işğal etdikləri fəzalardan geri çəkilməlidirlər. Kəsişməli feministlər repressiyanın iç-içə olduğunu, hegemoniyaya malik olan bir etnikin xeyirxah bir etnik qrupu olmayacağını qeyri-bərabər və yüksək mövqedən sülhə dəstək ola bilməyəcəyini bilirlər. Əks təqdirdə, bu dəvət xeyirxahlıqdan deyil. Düşünürəm ki, mərkəzin çağırışı və azərbaycanlıları ona görə hiddətləndirir ki, bu, empatiya və bərabərlikdən məhrum bir növ təkəbbürlü sülh anlayışıdır. Bu çağırışın barışın əsl mənası ilə heç bir əlaqəsi yoxdur. Təkəbbürlü üstünlüyün, imtiyazlı bərabərsizliyin, habelə imtiyazlarını görməzdən gələnin dili ilə sülh əldə edilə bilməz.

Digər tərəfdən, əzilmişlərin ümidsizlik, təslim və məmnuniyyət, mövcud olan əzik mövqeyinə razılaşmağını, sadəlövhlüklə, yuxarı mövqedə olanla ortaq olmaqdır. Patriarx barışı təslim olmaq və ya, laqeyd olmaq kimi başa düşür.

Repressiyanın dolaşıqlığından xəbərdar olan azərbaycanlı feministlər bunu yaxşı mənada anlamalı, işğal olunmuş məfhumları yenidən qurulmasının, totalitaristlərin geyindiyi sözləri maskadan çıxarılmasının, sülhün qurtuluş gücünün göstərilməsinin lazım olduğunu düşünürəm. Sülh siyasi bir termin olaraq, hüquq tələbiylə ortaq mərkəzlidir, aşağı mövqe olanların zəifliyi və ya üstün imtiyazlı olanın təkəbbürü ilə barışmayan bir anlayışdır.

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #