#

Əlif Şəfəq: Mövlanə eşqi, plagiat ittihamı

Əlif Şəfəq: Mövlanə eşqi, plagiat ittihamı
16 noyabr 2012
# 11:49
Müasir türk ədəbiyyatının ən məşhur imzalarından biri olan yazıçı Əlif Şəfəqin “Eşq” romanı Türkiyə kitab bazarında yeni bir rekorda imza atdı. Belə ki, bu roman türk ədəbiyyatı tarixində ən qısa müddətdə ən çox satılan kitab kimi tarixə düşdü. Hətta yazıçının kitablarının satışı Nobel mükafatı laureatı olmuş türk yazıçısı Orxan Pamukun kitablarını da kölgədə qoydu.

Yazıçı xanım əsərlərində maraqlı süjet xəttinə, obraz zənginliyinə, axıcı dilinə və digər yüksək bədii xüsusiyyətlərinə görə nəinki türk ədəbi mühitinin, eləcə də bütün ədəbiyyat dünyasının diqqətini özünə yönəltməyi bacardı. Tezliklə yazıçının imzası ölkə hüdudlarını aşaraq bütün dünyaya yayılmağa başladı. Xarici nəşriyyatlar Əlif Şəfəqin adını eşidən kimi tez bir zamanda onunla yaxından maraqlanmağa başladı. Görəsən, bu gənc türk xanımı kim idi?

Anasının adını soyad götürdü

Əlif Şəfəq 25 oktyabr 1971-ci ildə o vaxt Strasburqda yaşayan akademik Nuri Bilginlə diplomat Şəfəq Ataymanın ailəsində dünyaya göz açıb. Əlif doğulandan qısa bir müddət sonra ailəsində olan bəzi problemlər böyüyərək son nəticədə valideynlərinin ayrılmasına gətirib çıxardır. Yazıçı anasının yanında qalaraq böyüyür. Soyadı kimi də anasının adından istifadə edir.

O, orta məktəbin ibtidai siniflərini sonralar anasının diplomat vəzifəsində çalışdığı İspaniyanın Madrid şəhərində, yuxarı sinifləri isə vətənində yerləşən Ankara Atatürk Anadolu Liseyində tamamlayır. Orta təhsilini bitirəndən sonra Orta Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr fakültəsində ali təhsil alır.

Ali təhsili bitirəndən sonra elə həmin universitetdə "Bəktaşi-Mövləvi düşüncəsində dünya və qadınlıq anlayışı" mövzusunda elmi iş götürərək müdafiə edir. Daha sonra isə o, "Türk modernləşməsinin qadın prototipləri və marjinalizmə dözümlülük sərhədləri" mövzusunda doktorluq işi müdafiə edir. Yazıçı bu dövrlərdə öz elmi fəaliyyətinə güclü təkan verərək bir sıra uğurlu elmi araşdırmalarla məşğul olur. Elə bütün bunların nəticəsi kimi o, “İslamiyyət, qadın və mistisizm” haqqındakı elmi işinə görə Sosial Elmlər Dərnəyi tərəfindən mükafata layiq görülür.

Əlif Şəfəq bəzi səbəblərdən 1999-cu ildə Ankaradan İstanbula köçməyə qərar verir. İstanbula köçdükdən sonra İstanbul Bilgi Universitetində "Türkiyə və mədəni şəxsiyyətlər", "Qadın və ədəbiyyat" mövzularında dərs deməyə başlayır.

Əlif Şəfəq 2003-2004-cü illərdə ABŞ-a səfər edir. Yazıçı orada da öz elmi fəaliyyətini davam etdirir. Belə ki, o, əvvəlcə Miçiqan Universitetində, daha sonra isə Arizona Universitetinin Yaxın Şərq Araşdırmaları bölməsində köməkçi dosent kimi fəaliyyət göstərir. O, elm ocaqlarından əlavə, digər universitetlərdə də "Ədəbiyyat və sürgün", "Yaddaş və siyasət", "Müsəlman dünyasında cinsəllik və cəmiyyətdə cinsiyyət" mövzusunda dərslər deyib mühazirələr oxuyur.

Əlif Şəfəq “Referans” qəzetinin baş redaktoru jurnalist Eyyub Can Sağlıq ilə 2005-ci ildə Berlində ailə qurur. Bu evlilikdən onların 2006-cı ildə Şəhrizad Zəlda adlı qızları, 2008-ci ildə isə Əmir Zahir adlı oğlanları dünyaya gəlir.

Orhan Pamukla müqayisə etdilər

Əlif Şəfəq hələ universitet illərindən bədii ədəbiyyatla dərindən maraqlanmağa başlayır. Bu maraq onun 23 yaşında ikən “Kəm gözlərə Anadolu” (1994) adlı hekayələrdən ibarət ilk kitabını çap etdirməsinə gətirib çıxarır. Bir müddət sonra isə yazıçı ilk romanı olan “Pünhan”ı yazmağa başlayır və 1997-ci ildə kitab şəklində çap etdirir. Sufi elementləri ilə zəngin olduğuna görə hər iki kitab 1998-ci ildə Kombassan Vəqfi tərəfindən “Mövlanə böyük mükafatı”na layiq görülür.

Yazıçı Ankaradan İstanbula köçəndən sonra İstanbul Bilgi Universitetində çalışa-çalışa növbəti əsərini – “Şəhərin aynaları”nı (1999) yazıb çap etdirir. Bu əsərdən sonra Avropa qəzetlərinin bir çoxu Əlif Şəfəqi Nobelli türk yazıçısı Orxan Pamukla müqayisə edərək haqqında belə yazır: “Əlif Şəfəq, Türkiyənin öndə gələn çağdaş yazarlarından biri olaraq Orxan Pamukun yanında yerini alır”.

Beş nəfər bir roman yazdı

Əlif Şəfəq 2000-ci ildə isə özünün növbəti əsəri olan “Məhrəm” romanını oxucuların ixtiyarına verir. Bu kitab da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Elə həmin il “Məhrəm” romanı Türkiyə Yazarlar Birliyinin mükafatına layiq görülür. Onun 2002-ci ildə çap edilmiş “Bit palas” romanı, 2004-cü ildə ingiliscə yazdığı “Əraf” romanı bu uğurun davamı olur.

Yazıçı 2004-cü ildə beş yazarın (Murathan Munqan, Faruq Ulay, Əlif Şəfəq, Cəlil Okər, Pınar Kür) birgə qələmə aldığı bir roman layihəsində yer alaraq “Beşpeşə” adıyla çap edilmiş kitabın müəlliflərindən biri olur.

2005-ci ildə isə yazıçı publisistik yazılardan ibarət “Məd Cəzir” adlı kitabını çap etdirir. O bu kitabda müxtəlif vaxtlarda mətbuatda qələmə aldığı qadın, vətəndaşlıq, dil, ədəbiyyat və digər mövzular haqqında yazılarını bir araya gətirir.

“Türklüyü təhqir etmə” maddəsi ilə cinayət işi açıldı

Əlif Şəfəqin 2006-cı ildə ingilis dilində qələmə aldığı “Ata və bic” romanı çap edilər-edilməz bütün Türkiyədə böyük səs-küy yaradır. Roman Türkiyə-ABŞ arasında, biri türk o biri isə erməni əsilli iki ailədən və 90 illik bir zaman kəsimi içərisində baş verən türk-erməni münasibətlərindən bəhs edir. Əsərin qalmaqal yaratmasına əsas səbəb isə romanda türk-erməni münasibətlərinə hər iki cəbhədən baxılması olur. Hətta bu romana görə Əlif Şəfəq haqqında “Türklüyü təhqir etmə” iddiası ilə cinayət işi açıldısa da, kifayət qədər dəlil tapılmadığına görə bəraət qazanaraq bütün bu qalmaqallardan “üzüağ” çıxır.

2007-ci ildə yazıçı müəllif hüquqlarını rəsmi şəkildə “Metis yayınları”ndan alaraq “Doğan kitab” nəşriyyatına verir. Elə həmin il yazıçının ilk övladı doğulandan sonra qələmə aldığı “Siyah süd” adlı avtobioqrafik romanı bu nəşriyyat tərəfindən çap edilir. Qarışıq bir üslubda yazılan roman yeni ana olmuş bir qadın yazıçının analıq-yazıçılıq həyatından, doğumdan sonra yaşadığı depressiyalardan, analığın fərqli tərəflərindən, qarışıq duyğu və düşüncələrindən, həmçinin yazıçılıq macəralarıyla bağlı öz başına gəlmiş hadisələrdən, habelə qadınlıqla bağlı olan digər mövzulardan və dünya ədəbiyyatında yer almış bir neçə məşhur qadın yazarın həyatından bəhs edir. Yazıçı bu romanda "barmaq qadın" adını verdiyi altı xəyali qadın xarakteri uyduraraq onların vasitəsilə bir neçə qaranlıq mövzuya işıq salır.

“Eşq” ingiliscə yazıldı

Əlif Şəfəqin ingiliscə qələmə aldığı və 2009-cu ilin mart ayında çap edilən “Eşq” adlı romanı türk ədəbiyyatı tarixinin “ən qısa müddətdə ən çox satılan ədəbi əsər”i adını qazanaraq Türkiyədə bütün satış rekordlarını təzələyir. Bu roman yazıçının şöhrətinin üstünə şöhrət gətirir. Yazıçının özü bu roman haqqında belə yazır: “...Bu romanda oxucuya öz ürəyimi açdım. Təsəvvüf mənim sirrimdir, o sirri oxucuya aşkar etdim. Bu kitabı Şəms Təbrizi və Mövlanə Rumi haqqında bir kitab yazmaq arzusuyla qələmə almadım. Bu kitabda mən eşqi anlatmaq istədim. Əsas məqsədim bu idi. Həm dünyəvi, həm də mənəvi ölçülərlə eşqdən yazdım. Bir-birinə zidd olan xarakterləri yan-yana gətirərək onların mənəvi bağlılıqlarının olmasını arzuladım. 2008-ci ildə Bostonda yaşayan, üç uşaq anası olan bədbəxt bir amerikalı yəhudi qadın üçün “Mövlanə nəyi ifadə edir?” sualının cavabını axtarmağa çalışdım. Əsərin yazılmasına gəldikdə isə, əlbəttə, xətalar və qüsurlar ola bilər. Yoxsa Şəmslə Mövlanədan yazmağa başlayaraq hər şeyi başa düşdüyünü iddia etmək təkəbbürlük olar. Amma bunu səmimiyyətlə söyləyə bilərəm: mən bu romanı eşqlə yazdım, eşqlə də oxunmasını istəyirəm”.

Kağızdan halva “bişirdi”

Yazıçı 2009-cu ilin sonunda 8 romanı və ilk esselər kitabı olan “Məd cəzir”dən seçdiyi abzasları bir araya gətirərək “Kağız halva” adlı kitabını çap etdirir. Kitabdakı seçilmiş abzaslar eşq, insan, müsafirlik, varlıq, inanc, zaman, yazarlıq, qadınlıq və sairə mövzuları əhatə edir.

2010-cu ilin oktyabr ayında isə Əlif Şəfəqin “Fəraripərəst” adlı esselərdən ibarət ikinci publisistik kitabı satışa çıxır. Yazıçı ölkə mətbuatında yayımladığı müxtəlif mövzuları əhatə edən məqalələrini bu kitabda toplayır.

O, 2011-ci ildə "İsgəndər" adlı romanını satışa çıxarmaqla daha bir səs-küylü uğura imza atır. Belə ki, romanın “Doğan Kitab” nəşriyyatı tərəfindən avqust ayının 1-də 200 min tirajla çap edilməsi planlaşdırılsa da, kitab hələ çapdan çıxmamış internetdəki kitab saytları tərəfindən 165 min ədəd sifariş alır. Bu səbəbdən “Doğan kitab” nəşriyyatı romanı müəyyən etdiyi tarixdən əvvəl satışa çıxarmaq məcburiyyətində qalır. 2012-ci ildə isə “Penguin” və “Viking” nəşriyyatları tərəfindən dalbadal İngiltərə və ABŞ-da çap edilir.

“İsgəndər” romanının mövzusuna gəldikdə isə əsər Londona köçmüş türk-kürd əsilli bir ailə ilə yanaşı, türkiyəli miqrantların həyatlarından bəhs edir. Əsərin baş qəhrəmanı İsgəndər öz anasını bıçaqlayaraq həbs edilir. Elə bütün hadisələr də buradan başlayır və maraqlı süjet xətti ilə davam edir.

Yazıçının qeyd etdiyinə görə, o bu romanı İstanbulda ingilis dilində yazmağa başlayır, Londonda davam etdirir və bir il yarıma yazıb qurtarır. Kitabın üz qabığında isə İsgəndər obrazına girmiş yazıçının təsviri yer alır.

Plaqiatda ittiham olundu

Əlif Şəfəqlə bağlı bu dəfə növbəti qalmaqal bütün ölkə mətbuatını bürüyərək səs-küy yaratmağa başlayır. Belə ki, yazıçının son kitabı olan “İsgəndər” romanı çap edilər-edilməz bu əsərin süjetini Yamayka əsilli ingilis yazıçı Zedi Smit “İnci kimi dişlər” romanından oğurlaması iddiaları mətbuatda səslənməyə başlayır və yazıçı oğurluqda ittiham edilir. Bu iddiaların arxasında dayanan əsas şəxs isə Zedi Smitin “İnci kimi dişlər” romanını türk dilinə tərcümə etmiş Məfrukə Bayatlı olur. Tərcüməçinin özü belə deyir: “Bu qədər təsadüf ola bilməz. Əlif Şəfəq Zedi Smitin kitabının süjetini əsas götürmüş, əsərdəki ailəni türkləşdirərək bir roman yazmışdır”.

Əlif Şəfəq bu iddiaları qəti şəkildə rədd edərək türk mətbuatında yazır ki, “İsgəndər” romanının süjeti onun öz alın tərinin, zəhmətinin və şəxsi fantaziyasının məhsuludur. Belə halda oğurluqdan heç bir söhbət gedə bilməz.

Az sonra bu iddialardan ingilis yazıçısı Zedi Smit də xəbər tutur. Yazıçı həmkarı Əlif Şəfəqə bir məktub yazaraq ona bunların “gülünc iddialardan” başqa bir şey olmadığını qeyd edir. "Sənə, sadəcə, bunları demək istədim, mən bu iddiaları tamamən gülünc qarşıladım. Hesab edirəm ki, hər şey yaxşı olacaq. Lütfən, bu zəhərli insanların sənə təsir etməsinə icazə vermə", deyə Zedi Smit Əlif Şəfəqi ayıq olmağa səsləyir.

Bütün bu hadisələr Əlif Şəfəqin kitablarının satışına da təsirsiz ötüşmür. Belə ki, yazıçının kitablarının çox satılmasına səbəb olan amillərdən biri də onun son romanıyla bağlı qalmaqal olur.

Günəş parçacıqlarından kitab

2012-ci ildə isə yazıçının yeni esselərindən ibarət növbəti kitabı olan “Şəmsparə” satışa çıxır. Əlif Şəfəq bu kitabında sənətdən gündəlik qayğılara qədərə bütün mövzularda olan esselərini toplayır. Müəllif önsözdə “Şəmsparə”yə belə şərh verir: “Könüldən yazılan hər roman, hər hekayə, hər kəlimə bir şəmsparədir - Günəş parçası...”

Əsərləri 30 dilə çevrilən yazıçı Əlif Şəfəq bədii yaradıcılıqla məşğul olmaqla bərabər, Türkiyədə çeşidli gündəlik və aylıq mətbuat orqanlarında məqalələr də yazmaqdadır.

Hazırda yazıçı “Habertürk” qəzetində və həmin qəzetin "HT BAZAR" adlı əlavəsində köşə yazılarını yazmaqda davam edir.

Əlif Şəfəq öz ənənəsinə sadiq qalaraq ailəsi ilə bərabər fasilələrlə gah İstanbulda, gah da ABŞ-da yaşamaqda və yazmaqda davam edir. Onun oxucuları isə yazıçıdan yeni-yeni kitablar gözləyir...

Seyid Ramin
# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

12:00 26 sentyabr 2024
#
#
# # #