O, nə mulat qızları düşünürdü, nə də incə madamları

O, nə mulat qızları düşünürdü, nə də incə madamları
19 oktyabr 2012
# 10:30
Üç məşhur yazıçı barədə bir köhnə və əla lətifə var. Onu yazan güman ki, əvvəlcə ekssentrik hekayə qələmə almaq istəyib, ancaq bu cür alınıb. Əslində bu lətifədə gülüşdən, yumordan çox kədər var. Xırdalayanda ortaya qəm-qüssə çıxır. Bu baxımdan lətifəni qara yumor janrından da saymaq olar. Öncə lətifəni yazaq, sonra o barədə qısaca bəhs edərik. Anektod belədir:

Qış. Rusiya. 1946-50-ci illər. Aclıq. 30 dərəcə şaxta . Həyətdə bir qucaq çırpı ilə qaçan kasıb əyin-başlı uşaq, onun dalınca düşüb qovalayan sırıqlı geymiş, qulaqlı papaq qoymuş dalandar.

Oğlan qaça-qaça düşünür: “Yox ey, qətiyyən belə olmaz. Mən yaxşı ailədənəm, oxumaq, özümü inkişaf etdirmək istəyirəm. İstəyirəm, məsələn, sevimli yazıçım Ernest Heminquey kimi olum, onun kimi mərd, güclü... Kuba sahillərində balıq tutum, daha şəhərdə dalandarın qabağınca küçə aşağı qaçmayım”.

Kuba. İsti. Ernest Heminquey, gerçəkdən də mərd və iradəli yazıçı çimərlikdə oturub siqar çəkir, birbaşa butulkadan rom qurtuldadır və ətrafında kubalı nazəninlər dolaşır. Heminquey düşünür: “Yox, bu, nə həyatdır... Heç bir qəhrəmanlıq, şücaət yoxdur. Xalqa heç nə lazım deyil. Sutkada 24 saat istidir, adamın beyni bişir, qadınlar da kökdür. Kaş bu saat olaydım sərin Parisdə, dostum Andre Moruayla fransız şərabı vurardıq, buxarını yandırıb qarşısında oturar, gecəyə qədər söhbət edərdik”.

Paris. Sərinlik. Bir həftədir yağış yağır. Andre Morua öz çardağında oturub artıq üçüncü konyak şüşəsini boşaldır, yataqda incə fransız madamı onu gözləyir. Morua isə nırçıldadaraq deyir: “Yox, bu da həyatdırmı. Düşgünlük kimi bir şeydir. Oyunbazlıqdır. Kaş bu saat olaydım soyuq Voronejdə. Dostumu, böyük yazıçı Andrey Platonovu tapardım, adama yüz-yüz xalis rus arağı atardıq və dərhal əbədiyyətə yaxınlaşardıq. Bu olardı həyat”.

Voronej. Qış. Şaxta. Aclıq. Andrey Platonov başında qulaqlı papaq, əynində sırıqlı, şəhərdə küçə aşağı çırpı oğurlayan uşağı qovur və düşünür: “Alçaq! Tutsam minəcəm onu”.

İlk baxışdan gülməli situasiyadır. Lətifədə paradoks var və bu gülüş yaradır. Xırdalayanda isə vəziyyət dəyişir.

Burada kədərli olan XX əsrdə yaşayıb-yaratmış ən böyük rus yazıçılarından birinin bu gündə, dalandar vəzifəsində olmasıdır. Onun müasirləri, sənət yoldaşları, tay-tuşları uzaq-uzaq ölkələrdə əsərlərinin hesabına kefdə-damaqdaykən, bu istedadlı adam həyatın dibindədir. Onlar maddi, mənəvi, cinsi həyatlarını təmin etmiş halda, artıq əbədiyyət, ədəbiyyat, həyat haqda düşünürkən, Platonov dalandarı olduğu həyət barədə düşünür. Onlar yaşadıqları rahat və yeknəsəq həyatdan bezərək okeanın o tayında, materikin bu başında olmaq, öz ürək dostu ilə xudmani söhbətə can atarkən, Platonov həyat uğrunda mübarizə aparır və qovduğu uşağa çatmaq istəyir.

Bu lətifədə istedadlı sovet yazıçısının həyat faciəsi verilib. Situasiya gülməli ola, həmişə öz halından və fəsillərdən narazı olan insanın naşükürlüyünü göstərə və bunu gülüş hədəfinə çevirə bilər. Ancaq burada özünün bütün kef-damaq və rahat həyat barədə arzuları cilovlamış, öz durumu, taleyi ilə barışmış bir yazıçı (Platonov) var və o heç də Kuba sahillərində balıq tutmaq, gözləri parıldayan mulat qızlarla könül əyləndirmək, yaxud “Parisi görmək və ölmək”lə başlayan arzusunu davam etdirərək, “parisli madamı sevmək və yaşamaq” mərhələsinə adlamaq niyyətində deyil. O, çox kiçik şeylər barədə düşünür, indilikdə isə yalnız ehtiyac üzündən çırpı oğurlayan uşağı tutub cəzalandırmaq istəyir.

Xaricdə sevilən ən böyük rus yazıçılarından biri olan A. Platonov 1899-cu ildə Voronejdə doğulub. Vətəndaş müharibəsi illərində (1918-20) cəbhə müxbiri işləyib. 1922-ci ildə şeirlər kitabı çap etdirib. Sovet quruculuğunu dəstəkləyib, inqilabi oçerklər, məqalələr yazıb.

1931-ci ildə Stalin “Krasnaya nov” jurnalında Andrey Platonovun “Şübhələnmiş Makar” adlı povestini oxuyandan sonra yazıçının haqqında fikrini konkret deyib: “İstedadlı yazıçıdır, amma əclafdır”. Həmin il Platonovun “Dükan” əsəri Konstantin Fadeyevin və Stalinin kəskin tənqidinə məruz qalıb. Ancaq başqa respublikalarda olduğu kimi, onu tutub türməyə salmayıblar. Hətta 1934-cü ildə ona etimad göstərərək Orta Asiyaya yollanan yazıçılar briqadasına daxil ediblər. Ağır 30-cu illəri zülm-zillətlə, məhrumiyyətlərlə, 15 yaşlı oğlunun həbsi və türmədən xəstə qayıtmasıyla başa vuran yazıçı müharibə illərində yenidən cəbhə reportyoru işləyib, cəbhədə məşəqqətlər çəkib. 1946-cı ildə çap etdirdiyi “Qayıdış” hekayəsindən sonra o, yenidən gözdən düşüb. Yazıçını iftira atmaqda günahlandırıblar və üstünə hücumlar ediblər. O, yazıçılıqla dolanmaq imkanından məhrum edilib. Ona görə də Platonov uşaq jurnallarında çap olunan rus və başqırd nağıllarının çapa hazırlanmasıyla məşğul olub ki, ailəsini, özünü dolandıra bilsin. Onun dalandarlığı və kasıbçılığı barədə rəvayət də buradandır və gerçəkliyi əks etdirir.
Platonov 1951-ci ildə 51 yaşında Moskvada, xəstə oğlundan yoluxmuş olduğu vərəmdən vəfat edib.

Ölümündən sonra Platonovun əsərləri yüksək qiymətləndirilib. Nobel mükafatı laureatı İosif Brodski onun Ceyms Coys, Robert Muzil və Frans Kafka ilə eyni səviyyədə duran böyük yazıçı adlandırıb.

Bu böyük yazıçı isə sağlığında sovet ideoloqlarının kaprizləri, sosialist realizmi çərçivəsinin darlığı və tənqidsevməzliyi üzündən işsiz-gücsüz qalaraq, redaktor işləyən arvadının hesabına dolanmaqdan bezərək, dalandar və teatr fəhləsi kimi işləməyə məcbur olub. Təsəvvür edin, pyesləri teatrda tamaşaya qoyulan və ya qoyulmalı olan dramaturq teatrda dekorasiyaları ora-bura itələməklə, qara işlər görməklə dolanırmış.

Ona görə də Heminqueyin, Moruanın və Platonovun barəsindəki o köhnə və əla lətifə gülməli deyil, ibrətamiz hekayətdir.

Xalid Kazımlı
# 1497 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #