Ali təhsilli “heyvan” məhkumları öz əlləri ilə döyürdü

Ali təhsilli “heyvan” məhkumları öz əlləri ilə döyürdü
1 oktyabr 2012
# 14:53
Həkim Austinonun üç ölümü

Qırxılmış kəlləsi soyuq divara toxundu. Günəş çoxdan çıxsa da havada hələ nəmişlik vardı. Üzbəüz divarın önündə əsgərlər dayanmışdılar.

Əsgər gödəkcəsinin düymələri zəif işıq saçır – bir, iki... altı düymə. Yan tərəfdə zabit dayanıb. Həkim Austino onu qubernatorun fəxri mühafizə dəstəsində görmüşdü, amma o zaman başında lələklə bəzənmiş kaska vardı. İndi furajkada idi. Axı zabit üçün adi günlərdən biri idi, görəcəyi iş də gündəlik işlərdəndir. Həkim Austinonun yanındakılar – divara söykənənlər yoldaşlarıdır.

Onlar həkim Austino ilə tanış deyillər, lakin onun döyüş yoldaşları sayılırlar, onlar bir məqsəd uğrunda mübarizə aparıb, bir məqsəd uğrunda ölməyə hazırlaşırdılar.

Onlar qollarındakı qandalları ehmalca cingildədərək bir-birinin əlini sıxırlar. Məhkumların gözlərini yeni yuyulub qurudulmuş ağ sarğı ilə bağlayırlar. Həkim Austino imtina edir. O, ölümü açıq gözlərlə qarşılamaq üçün kifayət qədər cəsurdur. Lakin sarğısız olmaz, güllələnmənin nizamnaməsi belədir. Onun da gözlərini, hamınınkı kimi, bağlayırlar. Sistemsiz şəkildə mahnı oxumağa başlayırlar, yaxşı alınmır. Mahnı yarımçıq kəsilir. İndi, yəqin ki, zabit tüfənglərə patron daraqlarını salır – patronların yarısı dolu, yarısı boşdur. Bu, onun üçündür ki, heç kəs əsl caninin özü olduğunu bilməsin. Yəqin ki, zabit əlini qaldırır...

***

Dur! Dayan! Burada həkim Austino kimdir?

Həkim bir addım irəli çıxır. Onun sarğısını açırlar. Təngnəfəs olmuş əsgər
zabitə qarmaqarışıq və qeyri-aydın şəkildə nəyisə məruzə edir. Həbsxana
rəisinin arvadının vaxtından əvvəl doğuşu başlanıb. Ölür. Bu balaca əyalət
şəhərinin yeganə həkimi yüz mil uzağa – dağlara tərəf gedib, sabah səhərə ancaq qayıdar. Rəis hər şey vəd edir. Bu, arvadının ilk doğuşudur, ilk övladı olacaq.

– Gedin, – zabit həkimə deyir, tamaşaya son qoyulur.

Həkim Austino həbsxana rəisini – tərtəmiz mundir geyinən nazik
bığlı, arıq vəhşini tanıyır. Məhz o, məhkumların mitinqi zamanı yanğınsöndürən dəstəyə əmr vermişdi ki, kameraları suya bassınlar. Məhz o, qaynar və soyuq karserlərin sayını artırmışdı. Məhz bu ali təhsilli “heyvan” məhkumları öz əlləri ilə döyürdü.

Həkim Austino vəhşinin arvadını da tanıyırdı. O, yeməkdən şişmiş, bəzək-
düzək içində olan qadın, kilsələrin havadarı, vannanın suyunu iki dərəcə artıq qızdırdığı üçün qulluqçusunu çətirlə döyən biri idi. Həkim Austino getməyəcək. Həyatın sonuncu dəqiqəsində düşməndən alınan sevimli intiqam.

Lənət şeytana! Həkim Austinonun bəxti necə də gətirmişdi! Amma Austino həkimdir axı. O, universitetdə tibbi and içib. Cəfəngiyatdır! O, bütün hüquqlarından məhrum olunub. O, ölümün bir astanasındadır. Ölümlə görüş onu bütün and və vədlərdən azad edir. Hamısından? Bəs nifrət andından? Həkim Austino kimin doğulacağı haqqında düşünməyə başlayır. Bu, əlbəttə ki, oğlan olacaq. Həkim Austino civildəyən, dayəsinin döşünü dişləm-dişləm edən xəstəhal uşağı təsəvvürünə gətirir. Qaraciyəri xəstə, zəif orqanizmli, vaxtından əvvəl doğulmuş uşaq, qızdırıcılarla böyüdülmüş, hər nazı ilə oynanılan balaca xudbin.Uşaqlıqdan onun ağlına yeridiblər ki, o, ali məxluqdur, bütün dünya onundur.

Həkim Austino pişik balalarını suda boğan, cücələrin gözünü çıxaran balaca vəhşini gözlərinin önündə canlandırır. Əynində mundirlə böyüyən balaca cani. Budur oğlunun rahatlığı üçün qulluqçu tutan narahat ana. Həkim qulluqçunu da gözləri önünə gətirir – üstündən od çıxan körpü ilə özünü itirmiş halda, ağlaya-ağlaya gedən hamilə qadın.

Balaca böyüyüb əsl vəhşiyə dönür. O artıq mitinqin dağıdılmasında iştirak edib, ilk dəfə rütbəsi qalxıb. Elə həmin gecə gənc vəhşi əlində ağ şərab elə rəqs edir ki, bir damla da dağılmasın və eyni anda özünün ilk uğuru ilə öyünür. Vəhşinin oğlu başqa cür ola da bilməz.

İmtina edirəm, – həkim Austino bərkdən və aydın şəkildə deyir. –
Hamınız cəhənnəm olun!

Onun gözlərinə yenidən sarğı bağlanır. Və həkim Austino qələbə mahnısını oxumağa başlayır.

***

Dayanın! Həkim! İnsan ölür və insan doğulur! Düz iyirmi il həkim Austino hər çağırışa gedib – gecə vaxtı, pis havada, xəstə olanda... Həmişə gedib. Bu artıq alışqanlığa çevrilib. Bəs o, nəyə görə həkim olub? O, insanları sevirdi, onları müalicə etmək istəyirdi, edirdi də. İnsanları ölümdən qurtarırdı. Bəs indi insan sevgisinə xəyanət etmək olarmı? İnsan həyatı təhlükədədir, həyatdan vacib nə isə varmı? Özü ölümə getsə də, həkim iki nəfərin həyatını xilas etmiş olacaq. Hələ, bəlkə, üçüncünün də – özünün. Həbsxana rəisinin hisləri var axı. Minnətdarlıq hissi. Lakin həkim Austino ölmüş olsa da, yenə də yaxşı iş görüb gedəcək. Əsgərlər biləcək, başqalarına danışacaqlar. Bütün şəhər, bütün dünya biləcək ki, həkim Austino necə mərhəmətli insan imiş. O getməyə bilməz. O yaşamaq istəyir.

Heç olmasa, bircə sutka. Bəlkə də, daha çox – uzun illər. Əla fürsətdir! Bəs belə deyilsə? O qaçmağa cəhd edəcək. Nə fərqi var, əsas odur ki insan həyatı təhlükədədir. Həkim Austino isə insanpərvərdir...

– Gedirəm, – həkim Austino dedi.

O, yoldaşlarının baxışlarını kürəyində hiss etdi, bəlkə, nifrət dolu, bəlkə də paxıllıqdan yaranan. Əslində isə onların gözlərində sarğı var. Nəhəng səma həkim Austinonu öz ağırlığı ilə sıxdı, xəstəxanaya gedən yolda maşın onu atıb-tutanda, dayanmadan uğuldayan külək onun sifətini döyəcləyirdi.

Həkim Austino alətləri göstərir, mühafizə dəstəsi isə onları çamadana yığırdı.

Ölümlə əlləşən qadının yatdığı mənzildə həkim Austinonu özünü itirmiş, sifəti tarım çəkmiş, yaşılımtıl dərili, xəstəhal gözləri olan yazıq bir adam qarşıladı. Alt dodağı əsir, məhkuma uzun dırnaqları olan nazik sarı barmaqlarını uzadırdı.

Mühafizə dəstəsi Dantenin nəhəng büstü qarşısında farağat dayanmışdı. İçi kitablarla dolu əl işi olan rəflər otağın bütün divarlarını əhatə etmişdilər. O qədər də böyük olmayan ağ royalın üstündə bir dəstə solmuş gül vardı. Divanın üstündəki kitab açıq vəziyyətdə qalmışdı. Bığların burulması üçün istifadə olunan alət tualet stolunun üstündən yerə düşdü. Həkim Austino əllərini qaldırdı və arıq, əldən düşmüş adam cəld yazı masasına sarı atıldı. O, açarı çıxarıb qandalların qıfılını açdı. Həbsxana rəisi xüsusi qandalları ilə fəxr edirdi.

Bu qandallar qatı cinayətkarlara həbsxana rəisi tərəfindən şəxsən taxılırdı. Bu, rəisin ixtiralarından biri idi. Həkim Austino şişmiş əllərini ovuşdurdu və doğuşa hazırlaşan qadının otağına keçdi. Qadının yorğun, əyilmiş üz-gözü həkimə ümidlə baxırdı. Gözləri lap batmışdı, ağzının kənarında qırmızımtıl köpük vardı.

***

Süleymani məhlulunu, təbii ki, unutduq, – həkim dedi. – Spirt verin və su qaynadın. Əl-üzümü harada yuya bilərəm? Bir aya yaxındır ki, yumamışam. Bir saatdan sonra həkim yataq otağından çıxdı. Əllərində göyərmiş bədəni ağ cunaya bələnmiş körpə vardı. Uşağın zəif ciyiltisi eşidilirdi.

***

Budur oğlunuz, – həkim Austino dedi. – Həyat yoldaşınızın həyatı
təhlükədə deyil. Otağa çapar daxil oldu. Şəhər həkimi dağlardan qayıtmışdı. Mühafizə dəstəsi həkim Austinonu həbsxanaya apardı. O, düz səhərə kimi öz kamerasında ac-yalavac oturdu. Ona yemək ayrılmamışdı, çünki həbsxana dəftərxanası onu ölü hesab edirdi. Səhər əsgərlər gəlib həkim Austinonu həbsxananın kvadratşəkilli həyətinə çıxardılar. Qırxılmış kəllə nəm, soyuq divara toxundu. Həkim Austinonun gözlərini sarğı
ilə bağladılar və o, zabitin zəif səslə verilmiş əmrini eşitdi.


Ruscadan tərcümə: Svetlana Quliyeva
# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #