Ən məhsuldar yazıçılarımız -STATİSTİKA

Ən məhsuldar yazıçılarımız -STATİSTİKA
1 oktyabr 2012
# 10:22
Kulis.az Azərbaycanın ən məhsuldar yazıçıları ilə bağlı kiçik bir araşdırma aparıb. Siyahıya Sabir Əhmədli başçılıq edir. Onun 20 romanla müəyyənləşdirdiyi rekordun yaxın zamanlarda qırılacağı real görünmür.

Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun ilk romanı -“Gələcək gün” 1949-cu ildə işıq üzü görüb. 1957-ci ildə “Böyük dayaq” romanı, 1961-ci ildə “Mədinənin ürəyi”, 1964-cü ildə “Murovdağın ətəyində” hekayələr kitabı çap edilib. 1971-ci ildə isə oxucular “Pərvanə” romanı ilə tanış olub. Mirzə İbrahimov "Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat" hekayələrinin, "Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı" povestlərinin müəllifidir. 1978-ci ildən 1983-cü ilə qədər əsərləri on cilddə işıq üzü görüb. 1986-ci ildə isə “Anama deyərəm ha!” hekayələr və povestlər kitabı nəşr olunub. Mirzə İbrahimov 82 il yaşayıb.

Azərbaycanın xalq yazıçısı Əli Vəliyev “Allahın səyahəti” (1930), “Nənəmin cəhrəsi” (1930), “Qarlı dağlar” (1938), “Dostlar” (1939), “Qəhrəman” (1940), “Sübut” (1941), “Gülşən” (1953), “Çiçəkli” (1955), “Turaclıya gedən yol” (1961), “Anaqız” (1965), “Bir cüt ulduz” (1967), “Bir cüt tərlan” (1968), “Ürək dostları” (1970), “Samovar tüstüləri” (1971), “Durna qatarı” (1972), “Budağın xatirələri” (1974), “Zamanın ulduzları” (1976), “Narahat adam” (1978), “Ötən günlər” (1981), “Madarın dastanı” (1988) və s. kitabların müəllifidir. Əsərləri altı cilddə işıq üzü görüb. Əli Vəliyev də 82 il ömür sürüb.

Xalq yazıçısı Əbülhəsənin "Yoxuşlar" əsəri 1933-cü ildə işıq üzü görüb. Bundan sonra ədibin "Müharibə" (1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967) əsərləri işıq üzü görüb. O, "Dünya qopur", “Sədaqət” romanlarının, “Utancaq”, “Tamaşa qarının nəvələri” povestlərinin müəllifidir. Seçilmiş əsərləri üç cilddə, 1984-1985-ci illərdə nəşr olunub. Əbülhəsən 83 il yaşayıb.

Xalq yazıçısı Mehdi Hüseynin ilk hekayəsi-"Qoyun qırxımı" 1927-ci ildə dərc edilib. 1930-cu ildə "Bahar suları" və "Xavər" hekayələr kitabı oxucuların ixtiyarına verilib. Mehdi Hüseyn "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933-1936), "Abşeron" (1949), "Qara daşlar" (1957-1959), "Yeraltı çaylar dənizə axır" (1965) romanlarının müəllifidir. Mehdi Hüseyn 56 il ömür sürüb.

Xalq yazıçısı Süleyman Rəhimov məhsuldar yazıçılardandır. Onun “Şamo” romanı 1931-ci ildə iki cilddə işıq üzü görüb. Sonrakı onilliklərdə “Şamo” romanının növbəti iki cildi nəşr edilib. 1944-cü ildə “Saçlı”, 1953-cü ildə “Mehman” , 1967-ci ildə “Ana abidəsi" romanları çap edilib. Süleyman Rəhimov "Qüdrətov", "Gəlin qayası", "Arzu", "Ata və oğul", "Güzgü göl əfsanəsi", "Qızlar oylağında", "Aynalı", "Qardaş qəbri", "Medalyon", "Mehman", "Uğundu", "Mahtavan", "Kəsilməyən kişnərti" və s. roman, povest, hekayələrin də müəllifidir. Süleyman Rəhimov 83 yaşında vəfat edəndən ən məhsuldar yazıçı kimi dünyadan köçdü. Onun rekordunu sonralar Sabir Əhmədli təzələyəcəkdi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri İsa Hüseynovun ilk əsəri olan “Bizim qızlar” povesti 1953-cü ildə çap olunub. 1955-ci ildə “Dan ulduzu”, 1960-cı ildə isə “Yanar ürək” povesti işıq üzü görüb. 1962-ci ildə oxucular İsa Hüseynovun ilk romanı - “Doğma və yad adamlar”la tanış olur. 1965-ci ildə “Yanar ürək” romanı çap edilir, ancaq İsa Hüseynov bu əsərdən imtina edir. 1979-1985-ci illəri İsa Hüseynov yaradıcılığının zirvəsi hesab etmək olar. Bu illərdə Azərbaycan ədəbiyyatının iki möhtəşəm əsəri-“Məşhər” və “İdeal” işıq üzü görüb. İsa Hüseynov “Teleqram”, “Tütək səsi”, “Kollu koxa”, “Şəppəli”, “Saz” kimi gözəl povestlərin də müəllifidir. Son illərdə də İsa Hüseynovun “Qəbristanlıq” və başqa romanları çap edilib.

Azərbaycan ədəbiyyatında ən məhsuldar yazıçı Sabir Əhmədlidir, o, 20 romanın müəllifidir. Sabir Əhmədli 20 romanı təqribən 60 il ərzində yazıb. Onun iki hissəli “Aran” romanı 1962-ci ildə çap olunub. Sonralar "Pillələr" (1964), "Yamacda nişanə" ( 1973), "Toğana" (1981), "Yasamal gölündə qayıqlar üzürdü" (1984), "Yasaq edilmiş oyun, “Gülmalı kişinin axırı" (1988) romanları oxucu rəğbəti qazanıb.

Yazıçı İsi Məlikzadənin “Həsrətin sonu” adlı ilk kitabı 1964-cü ildə çap olunub. “Küçələrə su səpmişəm”, “Dədə palıd”, , “Gümüşgöl əfsanəsi”, “Günəşli payız”, “Yaşıl gecə”, “Bir günün qonağı” povestləri ilə tanınan İsi Məlikzadənin cəmi bir romanı var: “Qırmızı yağış”. Bu roman 1979-cu ildə işıq üzü görüb. Müstəqillik illərində yazıçının “Şehli çəmənlərin işığı” hekayələr kitabı və “Dolaşaların Novruz bayramı” povest çap edilib. İsi Məlikzadəyə bu əsərləri 30 il ərzində yazıb.

Xalq yazıçısı Əkrəm Əylislinin ilk kitabı- “Gilas ağacı” 1961-ci ildə nəşr olunub. O, “Adamlar və ağaclar” trilogiyasının, Kür qırağının meşələri (1971, “Ürək yaman şeydir” (1973), “Yəmən”, “Tənha narın nağılı” kimi dəyərli povestlərin müəllifidir. 1987-ci ildə seçilmiş əsərləri iki cilddə çap edilib. Əkrəm Əylisli son illərdə polemikalara səbəb olan “Ətirşah Masan” adlı roman yazıb. Onun son illərdə yazdığı “Möhtəşəm tıxac” romanı isə kitab şəklində hələ ki, çap edilməyib.

Yazıçılar Birliyinin sədri Anarın “Ağ liman” povesti 1967-cü ildə çap olunub. Sonrakı illərdə “Yaxşı padşahın nağılı” (1970), “Gürcü familyası”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”,”Ötən ilin son gecəsi” kimi maraqlı hekayələrin müəllifidir. “Beşmərtəbəli evin altıncı mərtəbəsi, “Otel otağı”, “Ağ qoç, qara qoç”, “Sizsiz”, “Kərəm kimi” (son ikisi sənədlidir) romanlarını yazıb. Anar 50 ildən artıqdır ki, bədii yaradıcılıqla məşğuldur.

Yazıçı Elçinin “Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. “Qırmızı ayı balası”, “ Pera palas otelində qızılgüllər”, “Canavar” heyakələri, ”Toyuğun diri qalması” , “Şuşaya çən gələndə”, “Qarabağ şikəstəsi”, “Bayraqdar” povestlərini, “Mahmud və Məryəm”, “Ölüm hökmü, “Ağ dəvə” romanlarını qələmə alıb. Hal-hazırda da ədəbi yaradıcılıqla məşğul olan Elçinin yazıçılıq təcrübəsi 50 ilə yaxındır.

Ağa Cəfərli
# 2656 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #