“Əsgərlikdən yayınanlar facebookda qəhrəmanlıq edir”

“Əsgərlikdən yayınanlar facebookda qəhrəmanlıq edir”
1 sentyabr 2012
# 06:00
Aqşin Yeniseyin Kulis.az-a verdiyi müsahibənin davamını təqdim edirik.

“Müsahibənin ilk hissəsi”

- “Milli Yol” qəzetində “Atdöşü” adında yumoristik səhifə hazırlayırdın. Şeirlərində kədərlə yazılarında yumoru bir araya necə sığışdırırsan?

- Yumorla yazdıqlarımın heç birinə ciddi ədəbiyyat kimi yanaşmıram. Əgər ciddi yanaşsaydım, kitab buraxardım. Məndə yumorla yazmaq irsidir. Nəslimizin nümayəndələri bir yerə yığışanda çoxlu zarafat, məzəli söhbətlər edirik. Şopenhauerin yazısını oxumuşdum, o, çox yaxşı deyir ki, yaradıcı gərginliyi aradan qaldırmaq üçün yaradıcı adamlar özləri üçün nə isə kəşf edir. Dostoyevski qumar oynayırdı. Freyd deyirdi ki, Dostoyevski ona görə qumar oynayıb ki, bütün pulunu uduzanda özünü mənəvi cəhətdən yüngül hiss edirmiş və o yüngüllüklə dərin mətləblərdən yazıb. Bu cür həyat sürən çoxlu şair, yazıçı və rəssamlar olub. Van Qoq içki düşkünü olub. Qoqol, Puşkin yaradıcı gərginliyi aradan qaldırmaq üçün bu və ya digər səbəbdən məişət pozğunluğuna meylli olublar. Yumorlu yazılarımı çox vaxt özümü dincə qoymaq üçün yazıram. Çünki şeir yazan zaman çox yoruluram. Adam var deyir şeiri bir gecəyə yazıram. Mən belə tez surətdə yaza bilmirəm. Sizin saytınızda çap olunan axırıncı “Ayrılıq ölümün plagiatıdır” şeirini bir aya yazmışam. Bu şeirin üzərində 2-3 həftə işləmişəm. Elə misra olur ki, o misranı yerinə qoymaq üçün 2-3 gün vaxt lazım olur. Yorğunluğumu aradan qaldırmaqdan ötrü bu cür yumoristik yazıları yazıram. Saytınızda çap olunan “Facebook taleyim” yazısını sizə işdə yazıb yollamışam. Yazdıqca gülürdüm, iş yoldaşlarım da kənardan baxırmışlar. Elə yazıları yazandan sonra gülüb yüngülləşirəm.

- Sizin dövrünüzdə bir-iki telekanal vardı...

- (Sözü kəsir) Ümumiyyətlə, kəndimizdə cəmi iki televizor vardı. Televizorlardan biri bizim evdə, biri rus dili müəllimimiz vardı, onun evindəydi. SSRİ-nin dağılan vaxtı qarışıq dövr idi. O zaman işığımız olmadığı üçün televizora baxmırdılar. Televizorla maraqlanmırdılar. Atam şəhərdə oxuyub kəndə qayıtmışdı deyə ona maraqlı idi. Axşam saat 9-da “Vremya” proqramına baxırdı. Həm də bizim kənddə televizor tutmurdu. Həyətimizdəki antennanın hündürlüyü yalan olmasın, Bakıdakı teleqüllənin hündürlüyünə bərabər idi (gülür). Antennanı elə düzəldirdilər ki, külək olanda təsir etməsin.

- Qəzet gəlirdimi?

- İnsanları “Sovet kəndi” qəzetinə abunə yazdırırdılar. Əmim həmin dövrdə poçtalyon idi. Qəzet, jurnallar paylayırdı. Bizim kənddə qəzeti qadınlar, adətən plovu dəmə qoyanda qazan qapağının altına qoyurdular. Bir də lampanın şüşəsini uşaqlar tez-tez sındırırdılar deyə qəzet şüşəni əvəz edirdi. Bizim kənddə qəzet, oxumaq üçün yox, məişət əşyası kimi istifadə edilirdi.

- Şeir yaza-yaza coğrafiya fakültəsinə daxil oldun. İndi internet var, dünya mətbuatını asanlıqla oxuyuruq. Öz dövründəki gəncliklə indiki gəncliyin fərqi nədir?

- İndiki gəncliklə mənim gəncliyim arasında böyük fərq var. Mən dünyadan bixəbər olmuşam. Coğrafiya fakültəsinə daxil olmağımın şüuraltısında o dayanıb ki, kəndimizdən kənara çıxmamışam. Bəlkə də dünyanı xəritədə görmək üçün coğrafiya fakültəsinə marağım yaranıb (gülür). İndiki gəncliyin pis cəhəti odur ki, şöhrət düşgünüdürlər. İnformasiya bolluğundan istifadə edib ad qazanmaq, təqaüd almaq, bir sözlə, mənfəət götürmək istəyirlər. Mən heç vaxt kitablarımın taleyinə şərik olmamışam. Yazıçı da var ki, kitabının təbliğiylə məşğul olur. Mən şeirlərimi yazıram və təyyarə düzəldib pəncərədən atıram. Əgər yaxşı şeir yazmısansa, hökmən oxucusunu tapacaq.

- Facebookda o qədər də fəal deyilsən...

- Facebookda ədəbiyyata gəldiyim kimi var-gəl edirəm. Mən artıq ədəbiyyata gəldim. Facebookda beş səhifə açmışam, üçü istifadə etmədiyim üçün bağlandı. İkisinin də parolunu oğurlamışdılar. İndi olan profilim də Allaha təvəkkül, görək necə olacaq(gülür).

- Facebookda şeir paylaşanların şeirlərini bəyənirsən?

- Yaxşı imzalar olur. Maraqlı imzalar olanda oxuyuram. Mənasız şeir paylaşanlara görə gün ərzində facebookda yarım saat oluram. Biri bir dəfə şeiri göndərib, yazır ki, şair, necə şeirdi?! Yazdım əl gəzdirmək lazımdı, söz çoxdu. Mənə cavab verir ki, şair, olarmı sən düzəldib mənə göndərəsən?

- Yazmışdın ki, bizdə terrorçu təşkilatlar yoxdur...

- Həmin yazını siyasi eyforiyaya qapılıb yazmışdım. Həmin dövrdə bir dəstə partizanlıq etmək istəyən adam həbs olunmuşdu. Yazmışdım ki, Qarabağı müharibə yolu ilə ala bilmiriksə, partizanlıq edin, necə ki, hollandlar, fransızlar İkinci Dünya Müharibəsində Hitler faşizminə ciddi zərəbələr vurdular.

- Ümumiyyətlə, sən digərlərindən fərqli olaraq Qarabağ münaqişəsinə daha həssas yanaşırsan. Gənclərdə müharibə ovqatı görürsən?

- Azərbaycanda milli hisslərdən məhrum olmuş gənclik facebookdadır. Mən orduda zabit kimi xidmət etmişəm. Mən bilirəm ki, vətənpərvər gənclik necədir, onlar indi başlarında dəbilqə, ayaqlarında “botinka”, günün istisində düşmənlə təmas xəttində qulluq edirlər. Onların bəlkə də facebookun varlığından belə xəbərləri yoxdur. Oğlanlar qızların xoşuna gəlmək üçün vətənpərvərlik mövzusunda statuslar yazmaqla məşğuldurlar. O vaxt “Dalğa” Gənclər Hərəkatı hamını asıb kəsirdi. Vətən uğrunda ölməyə hazır olduqlarını deyirdilər. Onların əsgərlik çağı çatanda əksəriyyəti rüşvət verib yararsız hərbi bilet aldılar. Hansı ki, onlar daha çox vətən sevgisindən danışırdılar. Rüşvətə qarşı kampaniya keçirirdilər, amma əsgər getməmək üçün rüşvət verdilər. Əsgərliyə getməyənlər indi facebookda oturub Qarabağı azad edirlər.

- Müharibə olsa, özünü harda görürsən?

- İstəməzdim ki, müharibə olsun. Yazıçı duyğularım müharibə olmasına qarşıdır. Dağa, daşa, meşəyə görə müharibənin olmasını arzulamazdım. Amma söhbət xalqdan gedirsə, müharibə əlbəttə ki, qaçılmazdır. Azərbaycan ordusunda zabit kimi xidmət etmişəm və hal-hazırda ehtiyatdayam. Sabah müharibə olsa, zabit kimi xidmət edəcəyəm.

- Xalq diplomatiyasına münasibətin necədir?

- Xalq diplomatiyası məğlubiyyətimizi rəsmiləşdirən təbliğat mexanizmidir. Məğlubiyyətimizi həzm etdirmək istəyirlər.

- Kamal Abdullanın yanında işlədiyin üçün səni tez-tez tənqid edirlər.

- Kamal Abdulla yaxşı alim, yaxşı yazıçı, ən əsası, dünya ədəbiyyatını dərindən bilən bir ziyalıdır. Kamal müəllimin intellektual səviyyəsinə bələdəm. Sevinirəm ki, məni özünə dost hesab edən bir ziyalının yanında işləyirəm. İşlədiyim üçün də maaş alıram. Mən Kamal Abdulla, Salam Sarvan haqda yazmamışam, onların kitabları haqqında yazmışam. Ona qalsa, Əkrəm Əylisli, Həmid Herisçi, Murad Köhnəqala haqqında da yazmışam axı...

- 150 cildlik dünya ədəbiyyatıyla bağlı iradların varmı?

- Avropanın bir neçə müasir yazıçısı var ki, onlar siyahıya düşməyiblər. Siyahıdakı L. Sinkler və bir neçə başqa yazıçıları oxumamaq da olar. Sadəcə, onlar populyar olduqları üçün siyahıya düşüblər. Patriks Züskind, Milan Kundera yoxdu, halbuki onların siyahıda olması daha yaxşı olardı.

- Başqa tərcümələri necə qiymətləndirirsən?

-Bizdə yaxşı tərcüməçilər var. 150 cildlik ədəbiyyatda adını çəkməyəcəm, bir yazıçı Ayzek Azimovu tərcümə edib göndərmişdi. Mənim işim tərcüməni orijinalla tutuşdurmaqdır. Baxdım ki, əsərin ortasında qırılma var. Salam Sarvanın yanına gedib, məsləhətləşdim. O, da tərcüməçiyə zəng etdi. Salam dedi ki, 1-2 səhifə çatmır. Tərcüməçi deyib ki, o hissəsi xoşuma gəlmədi deyə tərcümə etmədim. Bu qədər biabırçı faktlar çoxdur. Bizdə tərcümələr 20 adamın gözündən keçir. Şahbaz Xuduoğlunun tərcümələrində ugurlu tərcümələr də var, uğursuz tərcümələr də var. Günel Mövludun tərcüməsində Markesn “Yüz ilin tənhalığı” əsəri ugurlu alınıb. Bu uğuru nəşriyyatın ayağına yazmaq düz deyil. Bu, Günelin uğurudur.

Qan Turalı
Fərid Mirzəyev
# 2186 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #