Soyad məsələsi

Soyad məsələsi
26 sentyabr 2011
# 11:29
Biz dəyişikliklərə meylli insanlarıq. Başımızın üstündə rus dayanıbsa − rusca, qardaşımız türk elan olunubsa − türkcə danışırıq, qloballaşma dəbə düşəndən qloballaşa-qloballaşa əsl simamızı itiririk, simamızla birlikdə əynimizdəki paltarları da. Bədənimizi açıb tökdükcə beynimizi də günə veririk. Savadlı və intellektual olmaq artıq dəbdə deyil, başıboş olmaq insanlara daha maraqlı görünür. Amma mentalitetlə milliləşmək məsələləri hər zaman müzakirə mövzusudur, onları bir pərdətək bədənimizin və beynimizin lüt qalmış yerlərinə çəkirik, ört-basdır etməyə çalışırıq əyri-əskiyimizi.
İndi də sıra gəlib çatıb soyadlarımızın milliləşməyinə. Fikir verin! Özümüz, geyimimiz, evlərimizin fasadı, içinin dizaynı, ağlımız – hamısı avropalaşır. Amma soyadımız milliləşir. Özünə yeni soyad sonluğu seçən kim, tamamilə dəyişdirən kim, bunu rəsmi şəkildə edən kim, bürokratik əngəllərdən çəkinərək soyadını dəyişdirməyən, lakin “el gözünə” prinsipinə sadiq qalıb Facebookda yeni milli soyad nümayiş etdirən kim...

Mən, əslində, buna qarşı deyiləm. Niyə də dəyişdirməyim soyadımın sonluğunu? Gerçəkliyimin fonunda soyadım yad görünməyəcək, buna əminəm. Ona görə də soyadımın sonluğunu hansı şəklə salacağımı düşünürəm... vaxtım olanda. Elə yaxın günlərdə bunu düşünə-düşünə fikirlərinə çox hörmət etdiyim türk yazıçısı Əziz Nesinin soyad dəyişdirilməsinə aid yazdığı kiçik bir yazı yadıma düşdü. Həmin mətni öz dilimizə çevirdim. Budur:
“1934-cü ildə soyad qanunu çıxdı, hər bir Türk özünə soyad götürəcəkdi. Hər bir adam öz soyadını özü seçdiyi üçün insanların bütün gizli, alçaq duyğuları ortaya çıxdı. Dünyanın ən xəsisləri “əliaçıq”, dünyanın ən qorxaqları “cəsur”, dünyanın ən tənbəlləri “çalışqan” kimi soyadlar götürdülər özlərinə. Məktub yollamaq mümkün olan vaxtlarda ancaq imzasını qoya bilən bir müəllimimiz özünə “çevikəl” soyadını götürmüşdü. Həmin çağlarda irqçilik davası artdığından, əsasən də, yarı türk-yarı qeyri-millət olanlar irqçiliyə işarə edən soyadlar üstündə qırırdılar bir-birini. İstənilən soyğunçuluqda hər zaman geri qaldığım kimi, indi də gözəl soyad qarətində axıra qaldım. Qürurlana biləcəyim bir soyad belə artıq qalmadığı üçün özümə “nəsən” (türkcə “nesin”) soyadını götürdüm. İstədim ki, hər kəs məni “nəsən” deyə çağırdıqda, nə olduğumu düşünüb özümə gəlim”.

Aziz Nesinin əsl adı isə Mehmet Nusretdir.
# 2646 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər