Şair Vəli Xramçaylı: «Mən yaxşı şair olmasam da...”

Şair Vəli Xramçaylı:  «Mən yaxşı şair olmasam da...”
27 iyul 2011
# 17:08
“Mən 96-cı ildə bəraət almışam, qardaşoğlu. Düz 96-cı ildə. 1956-cı ildə şəxsiyyətə pərəstişliyin nəticələri ləğv olunandan 40 il sonra. Al, bu da sənədim”.

Deyibən də Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Hüseynovun imzaladığı sənədi çıxarır: “1955-ci ildə anadan olmuş Nəsibov Vəli Alı oğlu 1956-cı il aprel ayının 29-da SSRİ DİN-in müvafiq əmri ilə sürgündən azad edilmişdir. “20-50-ci illərdə bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpa edilməsi haqqında” 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə siyasi repressiya qurbanı sayılmaqla təmizə çıxarılmış hesab edilir”.


“Bir şair yaşayır Biləcəridə…”


Əslində Nəsibov Vəli adı sizə heç nə deməyəcək. Bəlkə də özü də öz soyadını çoxdan unudub. Çünki onu soyadı ilə çağırmırlar. Kimi “şair”, kimi “əmi” deyir Vəliyə. Özü isə özünə dərviş. Vallah, mən onun dərvişliyini görməmişəm. Bəlkə də dərvişlik edir. Amma mənim bu dərviş “institutundan” anlayışım yoxdur. Əgər dərvişlik 30 ildir hər səhər Biləcəridən gəlib “Azərbaycan” Nəşriyyatının birinci mərtəbəsindəki bufetində lövbər salmaqdırsa, tamam, qoy olsun dərviş. Ona qalsa İlyas Ərnəfəs sufi mürşididir ki? Çünki uzun saçlı, daim sanki zikr edən İlyas elə görünüşündən sanki dərvişdir.

Amma Vəlinin bir “Ocağ”ı da var, axı? Elə dərvişsayağı çıxır. İçindəki yazılardan ancaq hiss etmək olar ki, hə, bunun baş baş redaktoru kimdirsə, qeyri-standart adamdır. Qəzetin özü isə elə rəhbərinin dediyi bir şeirdə olduğu kimi,

Bir şair yaşayır Biləcəridə,
Yarı yuxuludur, yarı da sərxoş.
Bir şair yaşayır Biləcəridə,
Əlləri cibində, cibləri bomboş.





“Vəli müəllim, siftə ver də...”



Hər halda, tanıdığım neçə vaxt ərzində mən Vəlini nə yarıyuxulu, nə yarısərxoş, nə də ciblərini bomboş gördüm. Hər səhər saat düz 10-da, əlində iki qəzet – adlarını yazmıram reklam olar – birinci mərtəbədəki bufetin bufetçisi Anarın “6-cı stol” adlandırdığı masanın başında oturub qəzetləri vərəqləyir. İlkin olaraq menyüda bir stəkan çaydır. Çay stola gəlməmiş Anar yaxınlaşır: “Vəli müəllim, siftə ver də...”

Sonrakı dialoq is belə davam edir:

- Nooolub ayə, indijə gəlmədikmi?

- Vəli müəllim, çayın pulunu ver, 20 qəpiyi, sonra yaddan çıxacaq.

- Yeri get, çıxmaz.

- Oldu, gedirəm. Amma yaddan çıxsa, məndən incimə.

Amma həmin 20 qəpik günortadan sonra yüz faiz həm Anarın, həm də Vəlinin yadından çıxacaq. Günorta üstü başlayıb, ta Anar bufeti bağlayanadək baş verəcək “yeyib-içmək” prosesindən sonra alınan “şot”dan sonra 20 qəpikmi yada düşər? Həm də elə həmin “şot”dan sonra Anara o iyirmi qəpikmi lazımdır? Ona da Anar deyərlər ha?


“Nəşriyyat məni tilsimə salıb...”


- Nəşriyyat tilsimə salıb qardaşoğlu, məni. Çıxıb gedə bilmirəm. Bura sanki bir bataqlıqdır, girdin çıxa bilmirsən. Düz 30 ildir bu bataqlıqdayam. 30 ildir ki, günüm bü yeməkxana ilə başlayır, bura ilə də qurtarır.

- Bəs bezdirmir?

- İnanırsan, yox. Çünki mühitə alışmışam.

- Və hər gün də mey məclisləri.

- …

- Rəhmətlik Süleyman Osmanoğluna belə bir sual vermişdim bir vaxt. Dedim, əmi, indiyəcən sənin qara ciyərindən neçə ton araq keçib. Dedi, hesablamamışam. Və oturduq Süleymanın neçə yaşından araq içdiyini, gündə təxminən ortalama nə qədən “şərab istemal etdiyini” hesabladıq. Vallah yadımda deyil. Neçə tonsa spirt alındı.

- (Gülür) Məndə bir az çox olar.

- Çox deyəndə nə qədər?

- Nə bilim ayə? (Gülür)



Qazaxdan Tomska…


Oturub hesablayıram. Vəli əmi əgər gündə ən azı yarım litr araq içirsə, bu ildə təxminən 183 litr edir. Bunu da 30 ilə vursaq? Vay, vay, vay, Anan ölməsin qara ciyər yiyəsi, düz 5 tona 500 litrə yaxın eləyir. Amma bu təkcə nəşriyyatda həzm-rabedən keçirilənlərdir. Vəli əminin 26 yaşından sonra başlayan “prosesdir”. Bəs 26-ya qədər haralardaymış Vəli?

Nəsibovlar ailəsi SSRİ vaxtında iki dəfə sürgün olunublar. Bir dəfə 30-cu illərdə, bir dəfə də müharibədən sonra. Türkiyədə yaxın qohumları yaşayıb. Bu da onlara baş bəlası olub. 50-nin əvvəlində Nəsibovlar ailəsi atası Alı kişi başda olmaqla Tomsk vilayətinin Baxça rayonuna sürgün ediliblər. Vəli də elə orda anadan olur.

-Babam Əmiraslan Stalinlə bir yerdə Qori seminariyasında oxuyub. Amma o vaxt qohumlarımızın heç biri Stalinə məktub yazmayıblar ki, bizi günahımız yoxdur, bizi sürgündən azad etsin. Mənim atama, hələ sürgündə olanda Sosialist Əməyi Qəhrəmanı adı vermək istəyirdilər. Tomskda tanınmış çoban idi. Amma atama deyiblər ki, burda qal. O isə razı olmayıb, Azərbaycana qayıdıb. Daha doğrusu, anam israr edib ki, vətənə qayıdaq. Özü də maraqlı arqumenti olub. Deyib ki, qorxuram oğlanlarım böyüyə rus qızı ala.



Tomçaylı, yaxud Tomski?


- (Sözünü kəsirəm) Tomsk yadında qalıbmı?

- Yox, təbii. Biz ordan köçəndə bir yaşım vardı. Amma məndən böyük qardaşlarım oranı qismən də olsa xatırlayırlar. Hətta qardaşım, rəhmətlik Eldar Nəsib öz şerlərini “Sibirel” imzası ilə yazardı.

- Bəs atan rəhmətlik tərslik eləməsəydi, Sosialist Əməyi Qəhrəmanı adını almağa razılaşsaydı, yəqin, indi Sibirdə “Tomçaylı” təxəllüsü ilə yazırdın. Yaxud da Tomski. Maraqlı imza olardı (Bu dəfə mən gülürəm).

- Maraqlı sualdır. Amma sənə bir söz deyim. Bu bizim Xram çayı ki var, Kürlə bərabər mənbəyini Türkiyədən götürür. Kür Qazaxı yarıb keçir, bütün Azərbaycan boyu axır, amma Xram Azərbaycan ərazisindən cəmi 6 kilometr keçir və Kürə birləşir. Mən elə bu 6 kilometrin şairiyəm.


“İmkan versəydilər “Neftçi”də oynayırdım...”


- Və uşaqlıqdan fikirləşdin ki, Səməd Vurğun kimi şair olum…


- A tövbə… Nə şair ayə. Ən böyük arzum bilersənmi nə idi? Futbolçu olmaq. Futbol mənim sanki qanıma yazılmışdı. O vaxt imkan versəydilər, həmin zaman ən azı “Neftçi”də, ya da “Dinamo” Tiflisdə top qovurdum.

- Şengeliya, Çivadze, Qutsayevlə birgə?

- A qardaşoğlu, onları ayağıma dolayardım eee…

- Səndən başqa da Xramçaylı var?

- Deyəsən, yoxdur. Amma kimsə “Xramçaylı” təxəllüsü götürsə etiraz eləmərəm. Bir dəf belə bir şeir yazmışdım:

Ya qazi ol,
Ya dərviş ol,
Ya şəhid!
Sən dərvişsən, ay dərviş Vəli!


Elə kitablarımdan biri də belə adlanır: “Bir dərvişəm yer üzündə”.

- Səndən başqa “dərviş” imzası ilə mətbuatda çıxış edən olub?

- Niyə ki? Məndən başqa iki dərviş var. Dərviş Osman, bir də dərviş Cavanşir.



“Şıxlı imzası götürmək ağılsızlıqdır...”



- Bəs nə əcəb “Şıxlı” imzasını götürmədin? Özün ki Şıxlıdansan?


- Qardaşoğlu, o boyda nəhəngdən sonra Şıxlı imzası götürmək ağılsızlıqdır. İsmayıl Şıxlıdan sonra hansı ağılla “Şıxlı” imzası götürəsən, başım çıxmır. Sənə bir sirr açım. Bilirsənmi Vidadi Babanlı bir vaxtlar “Şıxlı” imzası ilə yazmaq istəyib. Daha doğrusu, təzə-təzə Şıxlı imzası ilə çıxış edib. Sonradan ona deyiblər ki, bu boyda İsmayıl Şıxlıdan sonra bu imzanı götürmə. O da razılaşıb. İsmayıl Şıxlı əsl Azərbaycan kişisidir. Onun yaratdığı Cahandan ağa əslində tarixi şəxsiyyətdir. Və mənim ana babamdır. Cahandar ağanın qızını mənim babam Qara Məmməd alıb. Hə, bir şey də deyim. Kitabda da, kinoda adı keçir a, Cahandar ağanın oğlu Şamxal. Qoriyə oxumağa gedən. Əslində onun əsil adı Qiyas bəydir. O da mənim qohumumdur. İsmayıl Şıxlı ən azı “Dəli Kür”lə imzasını Azərbaycan ədəbiyyatına qoyub. Ümumiyyətlə, İsmayıl Şıxlı özünü həm Azərbaycan ədəbiyyatına, həm də kişilik tarixinə yazdırmış şəxsiyyətdir. Bütövdür, nəhəngdir İsmayıl Şıxlı!

- İsmayıl Şıxlı nəhəngdir, yoxsa Səməd Vurğun?

- (Gülür) Ayə, qardaşoğlu, şairə, özü də qazaxlıya elə əndrəbadi sual verirsən k?

- Bəs sənin üçün beş ən yaxşı ədib kimdir?

- Fizuli, Vidadi, Blok, Lermontov, Yesenin.

- Bəs Səməd Vurğun, Sabir? İkincini necə deyərlər qoydum bir yana. Birincini ilk beşliyə salmadığına görə, qorxmursan qazaxlılar səni linç edərlər? (Gülürəm)

- Yox qardaşoğlu. Mən düşündüyümü deyirəm. Vurğunla Sabir mənim üçün ikinci mərhələdir.



“Səməd Vurğun heç bir birliyin üzvü olmazdı”



Xramçaylı ilə keçirik AYB, AYO münasibətlərinə. Deyir, özüm AYB-nin üzvü olsam da, AYO-da da dostlarım var.

- Məncə ədəbiyyatda, yaradıcılıqda meyar olmamalıdır. AYO kiminsə istedadını üzə çıxara bilirsə, eşq olsun onlara. Mənim yadıma gəlir, vaxtı ilə Murad Köhnəqalanı, Rasim Qaracanı heç kim çap etmək istəmirdi. Amma indi onları hamı çap etmək istəyir. Mən yaxşı şair olmasam da, yaxşı oxucuyam. Kimin harda olduğunu gözəl bilirəm.

- Şair belə bir sual verim. Səməd Vurğun sağ olsaydı, indi hansının üzvü olardı, AYO-nun, yoxsa AYB-nin?

- Heç birinin başın haqqı.

- Niyə?

- Havalanardı yazıq şair.

Sonra şair son günlər dəbi aləmdə baş verən qalmaqallara da toxundu. Şair deyir ki, mənasız dartışmalardır.

- Biz bunlara böyük gözü ilə baxırıq. Bunlar da bir-biri ilə dartışırlar. Dartışırsınız, dartışın ee, ölülərlə nə işiniz var!? Özünüzdən yapışın da.


***

Şairlə adama iki parç pivə içib sağollaşrıq. Ayrılanda bircə onu deyir, yazı nə vaxt gedəcək? “Yaxın günlərdə, şair” deyə cavab verirəm.

- Nəşriyyatdayam da qadan alem, gedən kimi xəbər elə.

Di al, getdi. Bəs sən nə vaxt nəşriyyatdan gedəcəksən?


Səbuhi Məmmədli
# 1594 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #