Hər cür heyvandan yazmışam

 Hər cür heyvandan yazmışam
27 iyul 2011
# 11:56
“Azadlıq” qəzetinin 22 iyul sayında Xaliq Bahadırın “Əkrəm Əylislinin dəyişməz erməni sevgisi” məqaləsini oxudum.

Məqalə belə başlayır: “Xalq şairi adlanan Fikrət Qocanın ADINDAN”. Cümləni axıracan oxuyub sizə də, özümə də əziyyət vermək istəmirəm. Bu altı sözün dördü mənim adımdı. Ikisini xalq deyib “adlanan adından” əslində bu iki söz də bir sözdür, şəkilçisi başqadır. Eyni sözün bir cümlədə belə təkrarı qulağı qabar eləyir. Müəllifin söz sarıdan kasıblığını göstərir. Gələn məqaləsi üçün Xaliqə bir neçə eyni fikri ifadə edən kəlmə təklif edirəm, yazsın. Xalq şairi sayılan, xalq şairi deyilən, xalq şairi rütbəli və ilaxır.
Bilirəm, məni sancmaq istəyirsən. Qorxma, dilinin altındakı zəhər elə o ifadələrdə də öz təsir gücünü saxlayacaq. Əvəzində cümlən Azərbaycan dilində olar. O ki qaldı mənə bu adın verilməsinə sənin etirazına, bağışla, ümummilli liderimiz Heydər Əliyevin günahından keç.

1998-ci ildə Heydər Əliyev bu sərəncamı imzalayarkən məsləhət almaq üçün yəqin səni axtarıb

Necə tapaydılar, kim bilir, hansı köşədə olmusan? Axı həm də özünü köşə yazarı sayırsan. Baxıram yazına, əcəb köşədir, bir səhifəni tutub. Sıxanda da sabun köpüyü kimi partlayır, içində heç nə qalmır. Köşə yazarı olmaq çətin işdi. Xaricdə çox görkəmli yazıçılar məşhur qəzetlərin köşə yazarı olub. Yazar hansı səbəbdənsə köşəyə yazı təqdim etməyəndə redaktor o yeri ağ saxlayıb. Bir zaman Əziz Nesin də köşə yazarı kimi fəaliyyət göstərib. Günümüzə bax, bizim də köşə yazarımız Xaliq Bahadırdır. Bu “dır-dır” deyir ki, məqaləni Fikrət Qocanın adından yazıblar.

1960-cı illərdə mən “Azərbaycan gəncləri” qəzetində işləyirdim. Qəzetin redaktoru qocaman yazıçı-jurnalist Cəmil Əlibəyov idi. Moskvadan göstəriş vardı, respublikda donuzçuluğu inkişaf etdirmək lazımdır. Ucar rayonunun Nizami adına sovxozu 30 ədəd donuz alır. Rayonda donuza baxan tapılmır, Rusiyadan bir ailə köçürüb gətirirlər.

Ailə şərt qoyur ki, donuzlara hər gün bir qoyun kəsib qovurub yedizdirəcəyik

Xülasə, “qoyun yeyən donuzlar” adlı felyeton yazdım. Cəmil müəllim risq edib o felyetonu verdi. Məni qorumaq üçün imzamı dəyişib “Cavan Cavanov” yazdı. Demək istəyirəm, hər cür heyvandan yazmışam. Yazıram, bundan sonra da yeri gəldikcə yazacağam. Yeri gəlmişkən, qocaman yazıçı-jurnalist Cəmil müəllimə can sağlığı arzu edirəm. Elə o illərdə dəyərli teatrşünas alimimiz Ilham Rəhimli “Kommunist” qəzetində mədəniyyət şöbəsində işləyirdi. Ona “Naxırçı olmaq istəyirəm” sərlövhəli bir məqalə verdim. Ilhamın dəyanəti və redaktorun cəsarəti sayəsində məqalə işıq üzü gördü. O zamanlar sən harda olardın, Xaliq? Mənim indiyə kimi yazdığım ancaq məqalələri yığsam, sənin indiki həm mənəvi, həm də maddi çəkindən qat-qat ağır gələr. Xaliq, bu yerdə səninlə bir anlığa söhbəti kəsib oxuculara məlumat üçün deyim ki, ümumiyyətlə, Xaliq Bahadır çox vaxt bilmədiyi şeylərdən danışır, ciddi yanlışlıqlara yol verir.
Məsələn, “Azadlıq” qəzetində (12 iyul 2011-də) dərc olunmuş “Anardan...anasınadək” adlı yazısında Anarın guya Moskvada SSRI Xalq deputatları qurultayında ermənilərin çıxışları qarşısında susduğunu deyir. Yazır: “Qurultay tribunasından Azərbaycana qarşı aqressiv çıxış eləyənlərdən biri Anarın kolleqası ”Ermənistan” Yazıçılar Birliyinin sədri Vardqes Petrosyan idi. Anar ən azı onun cavabını verməyə borclu idi. Vermədi".

Belə ağır ittiham verməkdən əvvəl Xaliq Bahadır dəqiqləşdirməliydi ki, V.Petrosyan SSRI deputatı olanda Anar SSRI deputatı deyildi. Anar SSRI deputatı olanda isə V.Petrosyan SSRI deputatı deyildi. Odur ki, onlar heç vaxt qurultayda üz-üzə gəlməyib. Amma Qorbaçovun yanında Azərbaycan və Ermənistan deputatlarının görüşü keçirilən zaman V.Petrosyan çıxış edib Qorbaçova danos vermişdi ki, Azərbaycanda ermənilərə qarşı əsas fəaliyyət aparan, millətçiliyi təbliğ edən Anardır. Məlum olduğu kimi, sovet vaxtında hər bir insana qarşı ən ağır ittiham millətçilik ittihamı idi.

Həmin iclasda Anarı o vaxt SSRI deputatı olan rəhmətlik Mirzə Ibrahimov müdafiə edib Petrosyanın cavabını vermişdi.
Anar Moskvada deputat olduğu zaman isə dəfələrlə erməni deputatlara qarşı çıxışlar etmiş, Qorbaçova etiraz məktubları yazmaqdan başqa, onunla şəxsi görüşlərdə SSRI prezidentini qanlı Yanvar faciəsinə görə ittiham etmişdi. Anarın Mərkəzi televiziyada, Moskva mətbuatında, eləcə də Türkiyədə, Qərb ölkələrində Qarabağ məsələsi barədə çıxışları barəsində mən bundan əvvəl “Palto oğurlayan və paltosu oğurlanan” adlı yazımda yazmışdım və bu yazı, o cümlədən “Azadlıq” qəzetində də çap olunub. Yəni Xaliq Bahadır əməkdaşlıq etdiyi qəzeti də oxumur?

Yəqin ki oxuyur, amma belələrinin bir şakəri var - eşitmək istəmədiklərini eşitmirlər, görmək istəmədiklərini görmürlər, bilmək istəmədiklərini bilmirlər. Əksinə, özləri nəyisə uydurur və öz uydurduqlarının əsasında kimisə ittiham edirlər. Məsələn, Xaliq Bahadır uydurur ki, Anar Moskvadan Azərbaycana qayıdandan sonra guya “Mən aldığım ailə tərbiyəsinə görə Moskvada susdum”- deyib. Ağ yalandır. Anar heç vaxt, heç yerdə Xaliq Bahadırın onun adından uydurduğu sözləri deməyib və deyə də bilməzdi. Ən azı ona görə ki, heç bir vaxt nə Moskva, nə də başqa bir yerdə susub. Ailə tərbiyəsi isə, doğrudan da böyük şeydir, tərbiyəsi olan adam heç vaxt mübahisə etdiyi adamın adından sözlər uydurub özü uydurduğu sözlərə cavab verməz.
Əgər Xaliq Bahadırda azacıq da olsa obyektivlik hissi qalıbsa, Anarın “Mübarizə bu gün də var” kitabını, eləcə də onun siyasi çıxışlarını, bəyanatları toplanmış iki kitabını - “Əsrin əsiri” və rusca “Plennik veka” kitablarını ona göndərirəm. Moskvada rus dilində etdiyi çıxışlar əsasən “Plennik veka” kitabında toplanıb. Əgər siyasi şərhçi kimi Xaliq Bahadır vaxt tapıb lütfən bu kitablarla tanış olandan sonra da əvvəlki yanlışlarını etiraf etməsə, deməli - onun da, bu mövqedən çıxış edənlərin də məqsədi həqiqəti üzə çıxarmaq yox, tamamilə başqadır - nəyin bahasına olursa-olsun, Azərbaycanın üzdə olan adamlarını ləkələyib sıradan çıxarmaq, Bakıda yerli qəzetlərdə canfəşanlıq edənlərdən fərqli olaraq ölkəmizin hüdudlarından kənarda da ermənilərə tutarlı cavab verənləri şərləmək. Göndərdiyim kitablarla tanış olsa, Xaliq görəcək ki, Anara erməni mətbuatında hücumlarla onun əleyhinə “Azadlıq” qəzetində çıxan yazılar arasında fərq çox azdır.

Erməni yazıçısı Perç Zeytunsyan Ermənistanın aparıcı “Horurdai Hayastan” qəzetinin ilk nömrəsində böyük yazısında Anarı ən ağır sözlərlə erməni düşmənçiliyində suçlayır, Avropa mətbuatında ermənilərə qarşı təbliğat aparmaqda günahlandırır. Ermənistan Yazıçılar Birliyinin rəhbərliyi SSRI Yazıçılar Birliyinə müraciət edərək Anarın cəzalandırılmasını tələb edir, erməni terror təşkilatı ölümünə fitva verdikləri Azərbaycan ziyalılarının siyahısında Anar birinci yerlərdən birindədir və nəhayət, Ermənistandan Anarın ünvanına gələn hədə və təhqir məktubları göz qabağındadır. Bu məktublardan da göründüyü kimi, ermənilərin ən çox hədəf seçdikləri ziyalılar Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Anardır, onların əleyhinə yazan “özümüzünkülərlə” işləri yoxdur...

ardı var

Azadlıq qəzeti
# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #