Əsirlikdən qaçan Fərhadın qan donduran hekayəti - Video

Əsirlikdən qaçan Fərhadın qan donduran hekayəti - Video
1 sentyabr 2021
# 16:30

“Ömrümün 606 günü cəhənnəmin ortasında keçib. Bu günləri həyatımdan birdəfəlik silmək istərdim. Amma mümkün deyil, çünki, mən diri ikən bu dünyada cəhənnəmi yaşamışam”.

1 il 9 ay erməni əsirliyində qalan snayper Fərhad Fərhadovla müsahibəyə gedərkən söhbətimizin olduqca dramatik keçəcəyini bilirdim. Çünki, erməni vəhşilərinin əlində qalıb özü demiş 606 gün cəhənnəm həyatı yaşayan bir insandan başına gələnləri nəql etməsini istəmək heç də asan deyil.

APA TV xəbər verir ki, Fərhad Fərhadov 1960-cı il Cəlilabad rayonun Günəşli kəndində anadan olub. 1991-ci ilin noyabrında Milli Ordumuzun ilk əsgərlərindən biri kimi hərbi xidmətə başlayan zaman 31 yaşı vardı. Kərkicahan istiqamətində gedən döyüşlər əsgər Fərhadovun ömrünün sonuna kimi unuda bilməyəcəyi döyüş olur: “Həmin vaxt biz erməniləri geri çəkilməyə məcbur etmişdik. Biz mövqeyimizi bərkitdik amma bir neçə saat sonra ermənilər hücuma keçdi. Döyüşün ən qızğın vaxtında bizim sursatımız bitdi. Mən güllə dalınca gedəndə baxdım ki, ermənilər bizi arxadan da mühasirəyə alıb. Geri qayıdıb uşaqlara dedim ki, mühasirəyə düşmüşük. Qərara gəldik ki, özümüzü güllələyək”.

Özlərini güllələməyə macal tapmamış dekabr ayının soyuq qış günlərində əsir düşən Fərhad dayı deyir ki, əsir düşən zaman təkcə ermənilər tərəfindən deyil əsasən rus zabitləri tərəfindən ağır işgəncələrə məruz qalıblar. 366-cı alayın zabiti əvvəlcə əsirləri söyməyə, sonra döyməyə başlayıb. Özü də bədənin ən zəif yerlərindən xüsusi dəmir parçaları ilə: “Bizi “dubinka” ilə döyəndə bir növ sevinirdik. Çünki, hava olduqca soyuq idi və bizə hər dəfə “dubinka” vuranda donmuş bədənimiz açılırdı. Amma armatur və ya başqa dəmir parçası ilə döyüləndə ağrıdan adamın ağlı başından çıxırdı. Bizi Xankəndində həbsxanaya atdılar. Orada dəmir çarpayının üstünə list dəmir qoymuşdular. Onun üzərində yatmaq mümkün deyildi. Ona görə, hərbi formamın – “buşlat”ımın ortasını cırmışdım, onun içinə girib yerdə yatırdım”.

Əsirləri hərdən elə döyürdülər ki, yerdən qalxa bilmirdik deyir müsahibimiz. Hətta elə günlər olurdu ki, sayını belə itirirdik.

Beləcə əzablı günlər bir-birini əvəz edir, təcridxanadakı 31 gün azərbaycanlı əsirlərə aylar illər kimi görünür. Bu günlər ərzində gündə 1 parça qənd, “perlovka” və ya adi su verirlər. Onu da gündə cəmi bir dəfə. Fərhad dayı deyir ki, əsirlikdə olduğu zamanlarda dəfələrlə erməni ailələrinə pul müqabilində satılıb. Burada o ən ağır işlərdə işlədilib. Bəzən yaşamaqdan belə bezdiyini düşünsə də, onu həyata bağlayan “bir gün əsirlikdən qaça biləcəyi” ümidi olub. Bu ümidlə gecə-gündüz yollar axtarıb. İki dəfə qaçmağa cəhd etsə də sonunda uğursuz alınıb. Atalar üçdən deyib bir daha cəhd edib: “Qaldığımız otaq “reşotka”yla çərçivəyə alınmışdı. Gecələr qapını qıfıllayırdılar. Evdə mənlə yanaşı 3 girov da vardı. Laçından olan mülki şəxslər idilər. Bir dəfə uşaqlara dedim ki, bizim çıxış yolumuz bunların başı qonaqlara qarışan vaxtı olacaq. O zaman qaçarıq. Biz fürsət düşən kimi iki qrupa bölünüb qaçdıq. Vədələşdiyimiz yerə çatanda bir birimizi tapdıq. Üzü Güləbird istiqamətində yol aldıq. Təəssüf ki, ermənilər 22 yaşlı oğlanla 13-14 yaşlı yeniyetməni qaçışımızın 7-ci günündə tutdular. Qamışlıqların içi ilə gəlsək də, ikisi də təklif etdi ki, asfalt yolla gedək. O daha rahat və yaxındır, biz yorulmuşuq. Elə asfalt yola çıxan kimi erməni əsgəri ilə üz-üzə gəldik”.

Bundan sonra əraziyə erməni xüsusi təyinatlıları gələrək hər tərəfdə qaçmış əsirləri axtarmağa başlayıblar. Bu zaman yol kənarında gizlənən Əlif və digər qaçaq əsir tapılıb. Hər ikisi nə qədər döyülüb işgəncəyə məruz qalsa da yoldaşlarını satmayıblar. Gecənin qaranlığında küləyin əsməsindən istifadə edən Fərhad və Rasim nəhayət ki, ərazi tərk etməyə müvəffəq olublar: “Yolda əsgərlərin qoyub getdikləri quru çörəkləri tapdıq. O qədər ac idik ki, artıq yeriyə bilmirdik. Həmin çörəklərdən yeddisini yeyib dincəldik. Daha sonra yenidən hərəkət etdik. Güləbird yalına qalxıb körpüyə yaxınlaşdıq. Əraziyə çatanda ermənilərlə bizimkilər atışmaya başladılar. Mən Həkərinin kənarı ilə yox, Kirsin döşü ilə getməyi qərara aldım. Çünki ermənilər ancaq Həkərinin döşündə ola bilərdilər. Söz vaxtına çəkər bu vaxtlar idi. Ayın işığı ilə irəliləyib sərhədə çatdıq. Dizlərimi yerə qoyub əllərimi göyə qaldırdım. Yalvardım ki, Allah, mən səndən indiyə qədər heç nə istəməmişəm. Burada isə sənin qüdrətini görmək istəyirəm. Bizi qızılquş qanadına alıb sərhədi keçir. Mən belə möcüzələrə inanmırdım. Birdən kimsə arxadan mənə dedi ki, “dur, düz get”. Dönüb arxaya baxanda heç kimi görmədim. Səs bir də dedi: “Dur, düz get”. Dedim, Rasim, düz ermənilərin üstünə gedib, iki dəstənin arasından keçəcəyik. Əvvəlcə qorxub tərəddüd elədi, sonra razılaşdı. İrəli addımlayıb dəstələrə çatdıq. Gəlib ermənilərə yaxınlaşdıq, iki dəstənin arasından keçdik. Bir az aralananda arxamızdakı erməni əsgərlərindən biri avtomatın çaxmağını çəkib buraxdı. Rasim bu səsi eşidən kimi həyəcanından yerə yıxıldı. Çiynindən yapışıb qaldırdım ki, dur ayağa, getdik. Onlar bizi özlərinin kəşfiyyatçıları bildilər qaranlıqda. Sonradan başa düşdük ki, erməni avtomatının çaxmağını çəkib, bizə hərbi salam verirmiş”.

Ağır, məşəqqətli, uzun bir yol keçdikdən sonra Fərhad və Rasim nəhayət ki, əsgərlərimizin yanına yaxınlaşıb azadlığa çıxıblar.

Həyatın hər acısını görən müsahibim deyir ki, bu gün ən çox təəssüf etdiyim odur ki, mən qaçıb canımı qurtara bildim, amma bu gündə erməni əsirliyində qalan yüzlərlə həmvətənlim var. Dəfələrlə elə özüm beynəlxalq təşkilatlara məktublar yazıb onların geri qaytarılmasına köməklik etmələrini xahiş və tələb etmişəm. Amma çifayda... Hələ də səsimizə səs verən yoxdur...

İlahə Vəliyeva,
Faiq Həsənov,
APA TV

# 9794 dəfə oxunub

Oxşar xəbərlər

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

15:29 12 noyabr 2024
“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

14:30 11 noyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

15:00 11 sentyabr 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
# # #