Qatil armud ağacı HEKAYƏ

Qatil armud ağacı <span style="color:red;">HEKAYƏ
3 dekabr 2015
# 14:10

Qatil armud ağacı

Türkiyə Rusiyanın Su-24 qırıcı təyyarəsini vuranda, o, həyətdə ağacların qol-qanadlarını budayırdı. Alma, armud, xurma, əzgil, albalı ağacları yarpaqlarını tökmüşdü, əriyin sarı yarpaqları yaşıl rəngdə olanlarını elə qısnamışdı ki, göz qabağında saralırdılar. Əriyi hələ budamaq olmazdı.

Növbə armuda çatanda, oğlu həyəcanlı görkəmi ilə darvazadan içəri girib, arxasıyla qapını örtərək, çürümüş əzgil kimi lay dəmirə yapışdı. Atası armud ağacının göyə millənən budaqlarını kəsirdi.

- Xəbərin var? - əzgil darvazadan qopub soruşdu.

Cavabında açılıb-bağlanan qayçının səsini eşitdi. Oğlu onsuz da sualını cavab eşitmək üçün verməmişdi, əksinə dəhşətli xəbəri elə sualla vermək istəmişdi. Verdi də:

- Xəbərin var, Türkiyə Rusiyanın təyyarəsini vurdu?!

Aydın səs tonu ilə yayılan xəbərə yenə atadan cavab gəlmədi. Reaksiyasa gəldi. Ata armud ağacının göyə millənən budaqlarını sürətlə doğramağa başladı. Proses təxminən iki dəqiqə çəkdi. İşini qurtarıb, asta addımlarla haça nərdivandan aşağı endi. Oğluna yaxınlaşıb dedi:

- Gecikdim. Bilirdim, armudun şiş ucları nə vaxtsa hansısa təyyarəyə dəyib, qəza törədəcək. Rusiyanın təyyarəsini Türkiyə vurmayıb. Mən o budaqları dünən kəsib yerə tökməliydim.

Oğlu atasının zarafat etdiyini düşünmək istədi. Düşünə bilmədi. Hələ bu vaxta qədər atasından bir dəfə də olsun zarafata bənzər ifadə eşitməmişdi. Deyəsən atası heç gülməyi də bacarmırdı. Bir dəfə anasından soruşmuşdu ki, ərini nə vaxtsa gülən görüb? Anası xeyli fikirləşəndən sonra cavab vermişdi: "Cəmi bir dəfə, o da sən doğulan gün. Eləcə üzünə baxıb, gülümsədi".

- Ata, Üçüncü dünya müharibəsi başlayacaq - oğlu bu sözləri evin qapısı qarşısında ayaqqabılarını çıxara-çıxara dedi.

Atadan zəif səs çıxdı: "Günah məndədir". Oğlu bu dəfə təəccübünü gizlədə bilməyib, atasından xəstə olub-olmadığını soruşdu. Sərt ata baxışı onu qapıdan içəri itələdi, addımlarını arxaya atdığından qapının kandarına ilişib, beli üstə dəhlizə düşdü. Cınqırını da çıxarmadı.

Ata torpağa batırdığı lapatkanın sapına keçirdiyi papağını götürüb, darvazadan çölə çıxdı. Qonşu Rəşid sayğaca kartdan qaz yükləyirdi. Salamlaşandan, bir-biri ilə hal-əhval tutandan sonra arada yaranan pauzanı Rəşid pozdu. O da təyyarə olayından danışdı. Qonşusu ona da təyyarənin armud ağacına ilişib partladığını dedi. Rəşid əvvəl duruxdu, sonra öskürdü, ardından əsnədi, ola bilsin siz eşitmədiz, ancaq mən müəllifəm deyə onun asqırdığını da eşitdim. Asqırandan sonra ağzını silən kimi gülməyə başladı. Necə ki, maşının sürətini artırarsan səsi dəyişər, Rəşidin gülüş səsi də o cür guruldamağa başladı. "Ha", "Ha" "Ha" - da, qonşusu tini buruldu. Rəşidin gülüşünə sonuncu nöqtəni "vay dədəm gəl" nidası qoydu.

Hadisələr necə sürətlə cərəyan etdisə, ataya ad qoymağı unutdum. Kompüterin qarşısında oturub yazmağıma baxmayın, gözümün və qulağımın biri televizora zillənib. Putin özünü öldürür. Ərdoğan natiqliyinin artistlik formasını soyunaraq, çılpaq danışır. Vurulan təyyarənin tüstüsü efiri qaraya boyayıb. Suriyalı türkmənlər qışqırışır. Pultun bütün düymələrini sıxıram, açılıb-yumulan efirlərin heç birində təyyarənin necə, nəylə vurulduğu, yaxud hara çırpıldığı görünmür, daha doğrusu göstərmirlər. Bəlkə də heç hadisənin orasını lentə alan olmayıb. Bağ işləri ilə məşğul olan qəhrəmanıma inanmaqdan başqa yolum qalmır.

Əvvəl qəhrəmanıma ad seçim. Belə adama kimin adını versəm, həmin adın əsl sahibi məndən inciyəcək. Başdanxaraba oxşayır axı. Necə yəni təyyarə armud ağacının budağına dəyərək partlayıb... Yaxşısı budur qəhrəmanıma atamın adını qoyum. Olsun, Musa.

Musa tini burulanda, Rəşid hövlnak özünü onun həyətinə saldı. Qaça-qaça ev qapısına doğru yürüdü. Qapını açıb, içəri girəndə Musanın oğlu Quran kitabını vərəqləyirdi:

- Quran oxumaq vaxtıdır - Rəşid hikkəylə dedi.

- Oxumuram, dua axtarıram - Musanın oğlu cavab verdi.

- Dua nədi a, bala?

- Atam...

- Hə...mən də elə atanı deyirəm... necə, dua?

- Ay Rəşid dayı, atam dəli olub, deyəsən?

- Can bala, mən də sənə bunu deməyə gəlmişəm.

Qonşu və oğul səni dəli hesab edirsə, Allah da gəlsə, sübut edə bilməzsən ki, dəli deyilsən.

Musa heç nəyi sübut etmək haqqında düşünmürdü. Yolboyu qabağına çıxan adamların hamısına təyyarənin armud ağacına dəyib partladığını demişdi. Market Əliyə bu barədə danışanda, həmsöhbəti ona Parisdəki terroru xatırladıb, "yadındadır deyirdin, Parisi də sən partlatmısan" sualını verdi.

Unutmamışdı. Təkcə Əliyə yox, elə arvadına da belə demişdi. Əvvəl arvadı fikir verməmişdi, Musanın təkidlərindən bezib, onu inandırmağa çalışmışdı ki, beyni yorulub, bir az istirahət etmək lazımdır. Qardaşından borc götürüb, ərini rayonlardan birinə dincəlməyə göndərə biləcəklərini də söyləmişdi. Musanın heç eyni də tərpənməmişdi. Parisdəki terrorun onun əməli olduğunu sübut etməyə çalışırdı.

- Saxlaya bilərdim. Mən onu gördüm. Saqqallı kişiydi, əlində də qəzetə bükülü nəsə vardı. Yanımdan keçəndə siqaret istədi, verdim. Su təklif etdim, gözləməyindən anladım ki, istəyir. Gedib gətirdim. Ondan hara getdiyini soruşdum. Cavabı belə oldu: "Uzaqlara" - Musa bu sözləri arvadının qulağına iki gecə dalbadal söyləmişdi.

Arvadı hirslənib, "A kişi, sən o saqqallını görəndən 2 saat sonra Parisdə partlayış oldu" deyərək, arxasını ərinə çevirib, yatmaq istəsə də, Musanı susdura bilməmişdi:

- Axmaqsan. Onlar insan deyil. Nə bilirsən, bəlkə məndən ayrılan kimi qanadlanıb Parisə uçub və iki saatdan sonra çatıb?

Arvadı ərinin sərsəmləmələri barədə oğluna bir söz deməyəcəkdi, əgər oğlu armudla təyyarə söhbətini açmasaydı.

Oğul, Ana, Rəşid, market Əli Musanın evində məşvərət məclisi açmışdılar. Evin sahibinə zəng çatmırdı. Dördü də hirslənmişdi. "Cəhənnəm olsun Paris də, Rusiya da, Türkiyə də" - onların əsəblərini bir-birinə bənzədən bu üç söz idi. Bu sözləri biri deyib bitirən kimi, o birisi dilinə gətirirdi. Market Əli lap qızışmışdı. Arvad yanında işlədilməsi mümkün olan söyüşləri bu dəfə ölkələrdən millətlərə transfer etmişdi.

Səhərə qədər axtara-axtara gözləməyə qərar verdilər. Kiçik qəsəbədə yaşayırdılar. Hər kəs Musanın yoxa çıxmasından danışırdı. Polisə xəbər verməyə ehtiyac qalmadı, iki leytenant evə gəlib, özünü qaraya bürüyən anadan, siqareti siqaretə calayan oğuldan izahat aldılar. Rəşidlə market Əli bildiklərini bitdə-bitdə yazdılar.

Axtarışlar nəticə vermədi. Qonşular Musanın ailəsini inandırdılar ki, kişi havalandığı üçün magistral yola çıxıb, onu maşın vurub, öldüyünü görən sürücü çöllü-biyabanda quyu qazaraq meyidi orda gizlədib.

Üç aydan sonra Musanın ailəsi ona yas mərasimi qurdu. Molla Allahdan danışdı, Musadan yox. Arvadı aşın düyüsündən danışdı, ərindən yox. Oğlu yasa gəlməyən dostlarından danışdı, atasından yox. Təkcə mən Musadan danışıram. Atamın adını qoymuşdum ona. Atama inandığım qədər inanırdım ona. Polislə müəllif görüşə bilməz. Görüşsəydim deyərdim ki, Musa düz deyir, Parisin partladılmasında, Rusiya təyyarəsinin vurulmasında, ilk dəfədir bu sirri açıram, İŞİD-in yaranmasında cəmi bir günahkar var, o da Musadır. Musa günahlarını yumaq üçün özünü öldürüb. Qoy onun meyidini ailəsi axtarmasın, ancaq mən axtaracam, tapacam. Tapıb öz atam kimi dəfn edəcəm. Dəfn edib, baş daşına bu sözləri yazacam: "Dünyada günahını etiraf edən yeganə bəndə".

# 1587 dəfə oxunub

Müəllifin son yazıları

# # #