Bütövləşə bilməyən MƏN – Hekayə

Bütövləşə bilməyən MƏN – Hekayə
23 yanvar 2017
# 17:17

Ceyhun Musaoğlu

O, piyada əleyhinə minaya düşən “Pele”nin topuq sümüyünün “Comərd”in sağ gözünü kor elədiyi gün, Bakıdakı hərbi hissələrin birindən hadisə baş verən batalyona köçürülmüşdü.

1995-ci il. Düşmənlə Bişkekdə imzalanan “Atəşkəs” sazişi arxada qalan yüzlərlə günlərin hansını görə bildi əl eləyir, hansı gün dar ağacında asılan adamlar kimi yellənən bu əli görürsə, gülümsəyir, gülümsəyir, üçüncü dəfə gülümsəyəndən sonra hırıldayır, elə ürəkdən hırıldayır ki, yazıçı məcbur olub sonuncu “r” hərfini dalbadal düzməli olur. – rrrrrrrrr... Oxucu bu “r”-ları oxusa da, başqa səs çıxır.

Adam öldürən səslər. Atəşkəsin səmimiyyətindən cuşa gəlib, mırıldayan səslər. Mirrrrr eləyib, dağı-daşı, ayağı-başı, üzü-gözü qana bulayan səslər. Avtomat səsləri, pulemyot səsləri, mina səsləri, tank səsləri. Hamısı da “r”-dan boldu. Hamısı hırıldamağa oxşayır. Müharibənin bir xüsusiyyəti var: sırtıqlıq. Sırtıqlığın xasiyyəti: hırıldamaq.

O, “Qaz 66” markalı maşının arxasından batalyonun darvazasız girişinin qabağında yerə tullanıb, başını qaldıranda kimləsə toqquşdu. Elə bildi zabitdi. “Bağışlayın komandir”- deyib, “komandir özünsən” cavabı alanda anladı ki, toqquşduğu adam da onun kimi əsgərdir. Bu yaşda əsgər olar? Əvvəl təəccübləndi, sonra yadına düşdü ki, orduya çağırış var, ordudan tərxis hələ ki, yoxdur. Gələn ilişib qalıb. “Komandir” dediyi üç uşaq atası Rafiqdir. Böyük qızı 9-cu sinifdə oxuyur.

Rafiq o düşdüyü maşının yük yerinə minib, “sür ə”-deyə qışqırdı. Maşın yerindən tərpəndi. O, qərargahın qapısı qarşısında dayanan qoluna qırmızı bağlamış əsgərə yaxınlaşdı. Komandiri soruşdu. Özü niyə zabitsiz gəlib, sualına cavab verdi ki, briqadada belə məsləhət görüblər, eləcə sürücüyə deyiblər ki, səninlə getsin, çatanda deyərsən maşından düşsün.

Öyrəndi ki, batalyonda rəis heyətindən heç kim yoxdur. Pis hadisə baş verib. “Pelə” minaya düşüb, “Comərd”insə gözü çıxıb. Partlayış səsini eşidən düşmən həmin ərazini güllə-boran edir. Yaralıları minalanmış sahədən çıxarmaq üçün batalyondan kömək gedib.

Gecə düşənə qədər batalyonda veyilləndi. Güllə səsləri kəsilmişdi. Nisbətən gənc əsgərlərdən biri, boş çarpayıda ona yer düzəltdi. Uzanan kimi yatdı. Səhər onu qərargah rəisinin yanına çağırdılar. Adı Şahzəddin, rütbəsi kapitan. Aralarında səmimi söhbət oldu.

- Pis vaxtda gəlmisən, əsgər – komandir bu sözləri güclə dedi.

- Əksinə, sevinirəm ki, döyüş görəcəm – sanki pıçıldadı.

- Əjdaha oğlanlarımızı yedi sənin arzuladığın döyüş – komandir xırıltılı səslə cavab verdi.

- Qanlarını yerdə qoymarıq - əsgər səsindən çox, tələbə səsinə oxşadı.

Kapitan çox yorğun idi. Danışmağa heyi qalmamışdı. “Get batalyonda fırlan, sonrasına baxarıq” - deyib, otaqdan çıxdı.

İki ay fırlandı. Onu düşmənlə təmas xəttinə göndərmirdilər. Qərargah rəisindən səbəbini soruşmuşdu. Cəmi bir söz eşitmişdi: “Yazıqsan”. Bu söz əvvəl ona pis təsir etmişdi. Sonra yaşlı əsgərlərdən öyrənmişdi ki, kapitan ali məktəbdə oxuyanları, universitet bitirənləri həmişə qorumağa çalışır. Deyir, onların ölməyi cəmiyyətimizə sərf eləmir.

Batalyonda olduğu 2 ay 14 günün tamamında şad xəbər aldı. Ölkə başçısı ordudan tərxis olunmaq barədə ilk sərəncam imzalayıb. Yaşlılar gedirdi. Yaşlılar getdi. 3 aydan sonra yaşlıların növbəti nəsli də tərxis olundu.

1996-cı il. Yaşı tərxis olunmağa düşməyən bir neçə əsgər qalıb. Onlardan biri də yerli-qazaxlı Bəhməndir. Batalyonun çayxanasını işlədir. Çox səliqəli əsgərdir. 5-ci ildir qulluq edir. Görmədiyi bir ölüm qalıb, o da öz ölümü. Dəfələrlə yaralanıb, sonra çayxananı ona tapşırıblar. Günü onun yanında keçir. Batalyona gənc əsgərlər gəliblər. Köhnələrdən iki nəfər qalıb, o və Bəhmən.

Elə ki, çayxanaya girdi, sanki məhəlləsində, ya da universitetinin yeməkxanasındadır. Çayxana rus filmlərinin məşhur aktrisalarının şəkilləri, rəngbərəng işıqlarla bəzədilib. Naharda özləri üçün yemək hazırlayıb, meyvə araqlarından gillədirlər. Gizlin içirlər. Gənc əsgərlərsə çayxanaya ehtiyatla girib-çıxırlar.

Beləcə 3 ay keçdi. Bəhmənin qapıları açıldı. Tərxis xoşbəxtliyi, onun da payına düşdü. Daha bundan sonra batalyonda qalmağın mənası yoxdur. Qərargah rəisi başadüşən adam idi. Onu düşmənlə təmas xəttindəki birinci bölüyə göndərdi. Batalyondan birinci bölüyə uzanan yol 4 kilometr idi. Piyada getdi, çatanda gördü, kiçik kənddir. Evlərdə əsgərlər məskunlaşıb. Ortada vaqon var. Şlaqbaumda duran əsgərlərdən komandirin harda oturduğunu soruşdu, həmin vaqonu nişan verdilər.

Vaqona çatmağa təqribən 50 metr qalmış, içəridən iki əsgər özünü bayıra atdı, ikincisi qapıya dəyib yıxıldı, arxadan arıq, uzun, çiynində ulduzlar olan zabit təpiklə yıxılan əsgərə necə vurdusa, yerə düşüb açılmayan minamyot mərmisinin səsini çıxardı. Əsgərlər evlərdən küçəyə tökülüşdülər. Zabit bağırırdı, söyürdü, vaqonu təpikləyib, qarmaqarışıq adlar çağırırdı.

Nisbətən suyu şirin gələn əsgərə yaxınlaşıb, nə baş verdiyini soruşub, bildi. Komandir içib. Hər dəfə içəndə belə edir. Havalıdır. Dedilər, qardaşı bölüyün əvvəlki komandiri olub, piyada əleyhinə minaya düşüb, ayaqlarını itirib. Bundan sonra yerinə bax bu cavan zabiti təyin ediblər, o da hadisədən havalanıb. Düşündü: “Havalanmış adama belə məsuliyyətli vəzifə tapşırarlar?”

Səhəri gözləməyi məsləhət gördülər. Ayılanda çox normal adam olur. Doğru çıxdı. Bölük komandiri yeni əsgərin yaşını nəzərə alıb, onu ən ağır posta göndərdi. Birinci bölüyün, 3-cü tağımına.

Yaşda hamıdan böyükdür. Hörmətini saxlayırlar. Buna baxmayaraq, o da hamı kimi növbə ilə posta çıxır. Hələ ki ölüm-itim yoxdur. Düşmənlə məsafə yaxındır. Atırlar, cavab alırlar. Cavab alırlar, atırlar. Günlər beləcə keçir. Postların yerləşdiyi ərazi əvvəllər üzümlük sahəsi olub. Kənd adamları beton sütunları çıxarıblar, su kəmərlərini qazıb götürüblər. İndisə düşmənin görmədiyi dərə-təpədə mal otarırlar. Yaşamaq ölümün üzünə sırtıqcasına gülür.

Kənd adamları ilə söhbətlərindən xeyli məlumat alıb. Müharibənin qəhrəman oğlanları haqqında əfsanələr yayılıb. “Pele” ermənilərin yuxusuna haram qatıbmış. Dəfələrlə düşmənin səngərinə qranat atıb, geri qayıdıb. O yolu elə gedib-gəlirmiş ki, sanki məktəbə getdiyi yoldur. “Comərd” 5 əsgərin əvəzinə posta tək çıxırmış. Qarşı tərəf ağaclıqdır. “Comərd” ağacların sayını, düzülüş cərgələrini əzbər bilir. Bir gecə gözlərini diqqətlə qabağa zilləyəndə ağacların arasında böyük kol görür. “Göydənmi düşüb”-təəccüblənir. Diqqətini həmin nöqtəyə zilləyir. Budur, kol tərpənir. “Comərd” avtomatı kənara qoyub snayperi götürür. Bircə güllə ilə kol yıxılır, sonra durub dal-dala qaçaraq, ağacların arasında itir.

Əsirlərin dəyişdirilməsi prosesidir. Hər iki tərəfdən qərargah rəisi gəlib, yanlarında da əsgərlər və əsirlər. “Comərd”də Şahzəddinin yanındadır. Düşmənin zabiti axsayır. Dəyişdirilmə prosesi başa çatandan sonra, axsaq qərərgah rəisi bir etirafda bulunur: kol o imiş.

Mürsəl, Əfqan, “Ölməz” kəşfiyyatın döyünən ürəkləri olublar. 5 ürəyi, 7 böyrəyi, 10 ciyəri olan kəşfiyyata kim bata bilər... “Ölməz” kəşfiyyata tək gedir. Lazım olan məlumatı öyrənəndən sonra, düşmənlə məzələnmək istəyir. Gedəndə postda düşmən əsgəri yatıbmış, qayıdanda onu yenə yatılı görür və bir parça kağıza “Postda yatmaq iki qat ölməkdir” sözlərini yazıb, imzasını da “Azərbaycan əsgəri” qoyur. Səhər ermənilərin çaxnaşmaya düşdüyünü, yerlərini dəyişməyə hazırlaşdıqlarını rabitəçilər bitdə-bitdə eşidirlər.

Onlardan heç kim yoxdur. Xidmətdə 6 ayın əsgərləridir - güllədən daha çox bitlə oynayırlar. Bir də o – 3 il 6 aydır ordudadır. Yaşına görə təkdir. Hətta tağım komandiri belə, ondan 9 ay kiçikdir. Bütün günü vurnuxur – post, yatmaq, kitab oxumaq, hərdən də pozulan atəşkəsin ortasında güllələrini xəsisliklə xərcləmək. O güllələri sayırdılar. “Hara atmısan”, “niyə atmısan” suallarına cavab vermək çətin olduğundan əksər hallarda düşmənə yönələn cavab atəşinin adı başı səngərə soxub susmaq idi. İndi elə deyil: bir atanda beş atırıq. Varlanmışıq. Güllələrimiz çoxdur. Əsgərlərdən eşitmişəm, deyirlər ki, güllələrimiz o qədər çoxdur ki, hər düşmənə 100-dənə dəysə, qurtarmaz.

Təkrar günlərdən biridir. Yayın sonuncu ayının dördüncü axşamıdır. Göyə iynə atsan yerə düşməz, ilişib ulduzalrın arasında qalar. Yaxşı axtaran olsa, o iynəni tapa bilər. Əgər göydə ay olsa. Onda gərək sabahın axşamını gözləyək, ya da iynəni göyə dünənin axşamında atardıq. Bu gün belə söhbət etməyə dəyməz. Göydə ancaq ulduzlar var. İynənisə avtmotdan çıxarıb heç yerə atmır. Silahın canı iynədədir. Vərdiş eləyib, avtomatı iynəsinə qədər söküb, təmizləyir. Əsgərlərdən ikisi posta çıxıb, əkiz qardaşlar-Rafiqlə Namiq, dincəlirlər, Əfqan yuyunmaq üçün su qaynadır, Fikrətsə kəndə düşüb – araq dalınca.

Blindajın qapısı açılır, 3-cü postun əsgəri qışqıra-qışqıra Əlinin Sübhanla Akifi güllə ilə vurduğunu deyir. Arxasını dinləmədən blindajdakılar hadisə yerinə doğru qaçmağa başlayırlar. Iki dərə keçib çatırlar. Fikrət də aralarındadır, əlində iki şüşə araq. Kənddən gəlirmiş, görüb qaça-qaçdı, yoldaşlarına qoşulub.

Sübhan sağ qolunu tutub zarıyır, Akif ortalıqda yoxdur, Əli isə yerində donub. Hekayəyə əsas qəhrəman seçdiyimiz əsgər Fikrəti yanına çağırıb şüşələrin birini ondan alıb, başına çəkir. Çox içə bilmir, bəlkə də 150 qram. Şüşəni bir kənara tullayıb Akifi axtarmağa başlayır. Tapır. Akif səngərdə üzü qoylu yıxılıb, qan içindədir. Ölməyib, şoka düşüb. Güllə ayağından dəyib. 5- 45-in belə hoqqaları olur, bir güllə rekaşetlə 4-5 yerə dəyə bilir. Hadisəni Əli özü danşır. Deyir ki, postdan aşağı enib, sağ əlini Akifin sol dizinə qoyan Sübhana yaxınlaşıb, silahın lüləsini onun biləyinə dirəyir. Maqazin üstündə “zatvoru” çəkib buraxır və maqazini çıxarıb kənara qoyur. Şeytan əməli, müharibədə olanlar bilir, belədə şeytan adamı çaşdırır. Elə zən edirsən, maqazin yoxdursa, güllə də yoxdur. Daha unudursan ki, “zatvoru” maqazin olanda çəkmisən və güllələrdən biri artıq patrondaşa yerləşib. Belə şeytanlığı mənə müharibədə olan dostlarım danışıb, anlayışım var. Əli zarafat edirmiş kimi, atacam deyir, “ata biməzsən” cavabı alanda tətiyi çəkir. Cəmi bir güllə, Sübhanın biləyindən çıxıb, Akifin ayağına girir.

“Yerin də qulağı var” məsəli lap yerinə düşür. Xəbər batalyona, ordan briqadaya, ordan korpusa çatıb. Üzüyuxarı “vilis” şütüyür. Maşından düşən nəhəng adam, yanındakı avtomatlılarla birinci qəhrəmanımıza yaxınlaşır. Başından yaşı, yaşından başı oxunan adamdır, kimə yaxınlaşmalıdır ki... Qəhrəman da içkili. Korpusun nümayəndəsini iy vurur, elə bağırır ki, ermənilər səsə atmağa məcbur olurlar. Yanındakılar dərhal içkili əsgəri yoxa çıxarırlar. Yüksək rütbəli zabit qonağın səsi blindajı götürüb. Yaralıları və yaralayanı, arxadan gəlib dayanmış maşına mindirirlər. Onlar aşağı, korpusun nümayəndəsi yuxarı-səngərə qalxır. Bir neçə dəqiqədə sonra enib, bir küncdə divara söykənən qəhrəmanımıza yaxınlaşır. Sillənin açılmağı ilə burundan fışqıran qan komandirin kitelini qırmızıya boyayır. Heç vecinə də deyil. Əmr verir ki, gecə ilə düşmənin təpədə qurduğu səngərin düz dibində səngər qazılmalı, post qabağa çəkilməlidir. Bununla da müharibənin kəsməatəş seriyası başlayır.

Sizinlə hekayənin burasına qədər gəlib çıxmışıq soruşmursuz ki, olanları hardan bilirəm. Özü danışıb. Danışıb sözdü, bezdirib. “Facebook”u açıram, “inbox”da bitir, e-mail-ə girirəm dalbadal yazıb. Adamı məzəmmət edir: “Sən özünə yazıçı deyirsən, detallar məndədir, bir hekayə quraşdıra bilmirsən”. Ay qardaş, nə yazıçı?.. Heç belə iddiaya düşərəm mən. Uzağı jurnalistlikdən danışaram, yanımda jurnalist olmayanda.

Bax belə şantajla onu qəhrəmana çevirməyə məcbur oldum. Amma yazdıqca, xoşuma gəldi. Düşmənin ayağının altında səhərə qədər səngər qazasan, səhər açıla, düşmən görə, başlaya səni güllə-baran etməyə. Axşam düşə, düşmən eynən sənin kimi irəliləyib, sağını ala, qalasan mühasirədə. Blindaj yox, təpədə oturan snayperin qorxusundan yeni səngərə ərzaq çatdıran yox. 3 gün ərzində iki əsgər ölür, biri yaralanır, ölməməyin mümkünsüzlüyü dəqiqləşir. Hə, belə olayları kim yazmaz? Niyə yazmasın?

İlk ölən Gəray olub. Onu AQS deşik-deşik edibmiş. Qəhrəmanım komandiri Hafizlə birgə bədənin müxtəlif nahiyələrindən axan qanı dişləri ilə saxlamağa çalışıblar. Mümkünsüzlük. Xilas yoxdur. Gərayın meyidini aşağıya düşürəndə batalyonun çayxanasını işlədən Natiq əl çəkməyib.Yuxarı qalxıb Gərayın qanını almaq istədiyini deyib. Heç vaxt döyüş görməyən adam. Əlində avtomatı yox, snayper təpənin başında oturub qurbanını gözləyir.

Qəhrəmanım düşünür: bu da son 4 illik qulluğun şəhidlik zirvəsi. Natiqi arxadan özünə yapışdırır. Qoy güllə ona dəysin, gənc əsgərə yox. Xeyli dırmaşandan sonra ayağı simə işişib yıxılır, Natiq hədəfə gəlir. Güllə o yıxılan an açılıbmış. Natiq ayağından yaralanır. Turba qazıntısı tapıb içərisinə girirlər. Natiqin başı onun dizləri üstündə və qəhrəmanım bütün paltarlarını cırıb, axan qanın qabağını almağa çalışır. Zarafatından da qalmır: “Kefdəsən, güllə ayağından dəyib. Aparacaqlar Gəncə qospitalına, tibb bacıları başına mələk kimi dolanacaqlar”. Qospitala çatmayıb, elə “sançast”daca keçinib.

Natiqi bir saatdan çox aşağı düşürtmək mümkün olmayıb. Snayper xərəyi yuxarı qaldırmaqğa imkan vermir. Oturub dənləyir. Natiq qanaxmadan ölür.

“İnbox”ma baxıram. Natiqlə ilk tanışlıqlarını yazıb. Bəhmən təxris olundan sonra çayxananın xiffətini edirmiş, batalyona düşəndə ora girmirmiş. İçkili günlərindən birində nostalji onu boğazından haqlayır. Qəhərin qucağında çayxanaya girəndə gənc əsgərin piştaxta arxasında olduğunu görüb, ona küncə qoyulan köhnə qazı göstərib, deyir ki, aç içində tut arağı olmalıdır, onu bura ver. Yəni “dembillik” edir. Natiq orda heç nə olmadığını, ona görə açmayacağını bildirir. Vəssalam, qəhrəmanımızın şəstinə dəyir, Natiqə tövsiyə edir ki, kiminlə danışdığını öyrənsin.

Beləcə acıq hissi “dembili” rahat qoymur. Günlər keçir, batalyondan kefi kök yxarı qalxanda çayxananın qapısını çöldən içəri müdaxilə etməklə açır. Bu yolla içəri girməyi iki nəfər bilirmiş - o və Bəhmən. Açıb, içəri girir. Natq başını piştaxtaya qoyub mürgüləyib. Çayxanadakı aktrisalar, üzərində “bar iz open” yazılan fırlanan işıq adama gəl-gəl deyir. Hamısını yığışdıraraq, qoltuğuna vurub, çayxanadan çıxır. Çıxmamışıdan əvvəl lotuluq eliyir. Mürgü vuran Natiqin başına söykənən stəkanı üzü-aşağı çöndərir. Yəni ki, yəni...

Blindaj şəkillərlə, işıqlarla bəzənir. Batalyonda hamı oğurluq hadisəsindən danışır. İki gün keçir, qərargah rəisi posta gəlir. Qəhrəmanımızı çağırıb, “06 jüquli” markalı maşının yük yerini açaraq, ancaq onun eşidə biləcəyi səslə deyir ki, şəkillər lazım deyi, işıqları gətirib maşına qoysun. Əmr yerinə yetirilir. Cəza verilmir. Natiqlə növbəti görüşündə məlum olur ki, hamı hadisəni törədənin məhz o olduğunu desə də, Natiq razılaşmırmış. Beləcə özünə mərd dost qazanır.

...Beləcə özünün mərd dostunu itirir. Yuxarıda düşmən, sağda düşmən. Natiqin şəhidlik zirvəsinə ucalmasından sonra avtomat və iki qranat götürüb, düşmənin sağdakı blindajına doğru addımlayır. Arxasını e-maildən oxuyuram. Yazır ki, daha yaşamağın mənası yox idi. Özü ilə bərabər ən azı 10 erməni dığasını qırmağı düşünürmüş. Əsgərlər ölür, düşmən strateji ərazini alıb, Natiqi xilas edə bilməyib, təxris yox, başını gizlətməyə blindaj qazmaq mümkün deyil - başını qaldırırsan, beynini dağıdırlar.

Bir neçə addım atmışdı ki, arxadan komandirin səsini eşidir. Avtomatı "zaryajat" edərək, belinə tuşlayıb. Deyir: "Bir addım atsan, vuracam və deyəcəm ki, fərarilik edirdi, vurdum".
Bir gün sonra Gərayın meyidini rayona yola salırlar. Atası ziyarətə gəlib. Oğlunun şəhid olmasından xəbəri yoxdur. Ərzaq dolu 5 dənə zənbil gətirib. Onun qarşısına çıxmağa heç kim cəsarət etmir. Özü yazır: yenə batalyondaymış, hadisəni görür, ataya yaxınlaşır, əl tutur, əhval soruşur, Gərayın adını çəkir. Bir dəfə çəkir. Deyir ki, Gərayı rayona yola salıblar. Ata sevinib. Məzuniyyətə göndərildiyi oğlunu yüz faiz gözləri qarşısında canlandırıb. Özü də bilirsiz hansı səhnəni: Gəray qapıları açıb evə girir. Qəfildən. Bu təsvir onu mənə yazdıqlarının içərisində yoxdur. Bu müəllifin bəzəyidir. Hərdən özünü göstərir. Yəni özümdən danışıram - müəllifdən. Onun elektron ünvanlarına başqaları da yazır. O düşüncəsinin əsasını təşkil edən fikirlərin, planların qara karandaşla şəklini çəkib göndərib. Ağ rəngdə quşdur, ayaqları həm də əlləridir. Quşun cizgilərinin təsvirini verə bilərəm, hekayəmizə dəxli olmayacaq. Daxil edib, dəxlini də tapmaq olar, onda yamaq görünəcək. “Arxasıza arxa durma deyəcəklər yamaqdır, arxasıza arxa dur ki, qoy desinlər dayaqdır”. Mənə yazan istəyir onu keçmişinə dəstək verən olsun. Düz getsək, gələcəyə dəstək vermək daha məntiqli səslənir. Düz gedə bilmərik, hekayənin əvvəli dərədən, dağdan, təpədən, rekaşet verən güllədən, bir gülləsini itirən maqazindən, itən güləni tapan əsgərdən, onu tapıb əyri yollara göndərən avtomatçıdan bəhs edir...

Keçmişə qayıtmaq elə əyri getməkdi. Tərsinəlik əyrilikdir. Bədbinlikdən qaçanda əyrü-üyrü getmək haqq yolu kimi bir şeydir. Gərayın atası ilə birinci qəhrəmanın dialoqu, çox ağır oldu. 10 dənə tank əleyhinə minanın çəkisini keçdi. Mina qədər ağır söhbət. Yüngüllük gətirək.

İkinci qəhrəmanım inbox-un qapılarını artıq yumruqlayır. Açıram. Oxuyun görün nə yazıb:

“Bilirəm harda bədbəxt oldum. 7-ci sinifdə oxuyurdum. Yaşadığım binanın qarşısındakı qumluqdan 15 qəpik tapdım. Qorxumdan corabımda gizlətdim. Evə gələndə həyacanlı idim. Qapıda anam qarşıladı, təcili corablarımı çıxartmamı istədi ki, nahar fasiləsindəki vaxtdan istifadə edib yusun və işə qayıtsın. Təntidiyimdən əlim ayağıma, ayağım əlimə ilişirdi. Anam corablarımı dəhlizdəcə özü çıxarmalı oldu. Birinin içindən 15 qəpik yerə düşdü. Ağladım. Hadisəni danışdım. Anam əlimdən tutub, həyətə düşürtdü, qəpiyi hardan tapmışdımsa, ora atmağı əmr etdi. Atdım. Qəpik kamet kimi yeri deşdi. O vaxtdan o quyudan çıxa bilmirəm. Anamın "başqasının heç nəyi bizə lazım deyil" deməsi, düşdüyüm quyuya uzanan əlləri də havadan asılı saxlayıb. Başqalarının əlləridi, ona görə”.

Yazdığını oxuyub ondan soruşuram. Aramızda kiçik dialoq yaşanır:

- Ay qardaş, indi mən bunu neyniyim?

- Nə vaxt hekayə yazdın, ortasına yapışdır getsin.

- Adını da yazım?

- Ehtiyac yoxdur, əsas odur oxuyanlar insanların necə bədbəxt olduğunu bilsinlər.

- Bunu siz bədbəxtlik kimi qələmə verirsiz. Əslində olduqaca vicdanlı hərəkətdir. Axı başqasının pulu niyə sizdə qalmalıdır ki?..

- Niyə mənim pulum başqalarında qalır?

- Kimdə qalıb?

- Məni işlədən əclafın birində… 5-ci aydır, fəhləlik pulumu vermir.

- Niyə şikayət etmirsən, niyə ictimailəşdirmirsən?

- Kimin vasitəsi ilə?

- Əlbəttə mətbuatın.

- Əziz dostum, mətbuat elə mən özüməm də… jurnalistəm.

- Bəs deyirsiz, fəhləlik edirəm…

- Bəli, edirəm ki, deyirəm.

- Mən Sizi anlaya bilmədim.

- Ehtiyac da yoxudur…

Sonra dəfələrlə “burdasız”-deyə soruşsamda cavab almadım. İki gündən sonra, ondan yeni mesaj gəldi. Yazmışdı:

Uşaqlığımın mülkü olan baxçanın dağıdılmış daşları arasında xatirələrimi axtarırdım. Tapdığım oyuncaq avtomat oldu. Əlimə götürən kimi, partladı. Ağır yaralandım. Ölmədiyim üçün bildim ki, xarabalıq yer fermaymış, ermənilər dağıdıb. Həmin avtomat isə altına sürpriz mina basdırılan silah olub. Fermanı bağça, avtomatı oyuncaq bildiyimdəm faciə yaşadım. Onda anladım ki, müharibəyə yaddaşdakı xatirələrlə getməzlər.

Cavab yazdım:

Siz mütləq jurnalistikaya qayıdın.

Sonuncu cümləsini yazdı:

Ən yaxşısı, mən ümumiyyətlə olmayım.

Bizim münasibətimiz beləcə bitdi. Qardaşdan daha heç vaxt xəbər tuta bilmədim. Mənə yazanda, öz adı deyildi. Onun itməyi mənə intihar xəbərlərini diqqətlə oxumağa vadar edib. İnsafsızlıqdır. Birinci qəhrəmanımdan xeyli yazdım, lap dettalarına qədər xırdaladım onun əsgərlik həyatının bəzi epizodlarını. İkinci qəhrəmanımla söhbət çox qısa oldu. Özümdən nə qondarım onun haqqında? Yox, niyə qondarım? Bu adam yoxa çıxıb. Yazdıqlarını təkrar oxuyuram: təfəkkürü, məntiqi, üslubu olduqca maraqlıdır. Onu necə asanlıqla itirə bilərəm? Deyək, Gərayı düşmən güllələdi, itirdik, Natiqi həmçinin. Bəs bu fəhlə jurnalisti? Belə çıxır, onu mən itirdim. Dinc dövr müharibədən dəhşətliymiş ki. Müharibə öldürür, müharibəsizlik itirir.

Düşündüm, birinci qəhrəmanla ikinci qəhrəmanın taleləri oxşardır, bəlkə bir-birilərini tanıyarlar. Denən heç birincini tapa bildim? Bu adamlar hara yoxa çıxıblar belə? Qəribəydi, inboxdakı yazılar silinmişdi. Sanki o iki nəfərlə heç yazışmamışam. Hesabımı sındıırblarsa, niyə məhz həmin iki yazışmanı siliblər? Bəlkə dejavü...

Bu hadisədən sonra hər xırda detal məni əsəbiləşdirməyə başlamışdı. Psixoloq dostlarımın yanına getdim. Söhbətləşdik, amma nə baş verdiyini onlara danışmadım. Dedilər, beyin yorğunluğudur.

İşdən öz hesabıma məzuniyyət götürdüm. Dostlar kitab oxumağı məsləhət görürdülər. Oxuya bilmirdim. Bir səhifəni başa çıxıb, yenidən geri qayıdırdım. Bir cümlə belə, yadımda qalmırdı. Bütün təsvirlərdə iki nəfər vardı: birinci qəhrəman və ikinci qəhrəman.

Sonra depressiya qonaq gəldi. Gülə-gülə yuxarı başa keçdi. Əlində qızıldan əsa, başında brilliant qaşlardan bəzədilmiş tac, bir gözünün bəbəyi qırmızı, o birisi yaşıl, tək qol və tək ayaqla qarşımda durub, şaqqanaq çəkərək dedi:

- İndi səni təklədin. Qəhrəman döyüşçü - vicdanlı vətəndaş - namuslu yazıçı... Ha, ha, ha... Birləşib bütöv MƏN yaratmaq istəyirdiz. Zırt qoyardım. Mən depressiya kralı ölmüşəm ki, siz nümunəvi obraz yaradasız?.. İndu dur düş qabağıma.

Yatağımdan qalxıb, elə alt paltarındaca onun yanına gəldim. Belimdən qabağa itələyib, özü arxama keçdi. Qapını açıb, həyətə düşdük. Nəsə dilinin altında pıçıldamağa başladı. O pıçıldayır, bizim ayaqlarımız yerdən üzülürdü. Artıq havada idik. Bir gölün üstündən keçəndə, qışqırdı: “Sənin döyüşçün burdadır”. Sonra meşənin üzərindən uçmalı olduq, onda da bağırıb dedi ki, o vicdanlı vətəndaş meşədə torpağın altında çürüyür...

Anlamağa başlamışdım. Yalvarırdım. Söyürdüm. Ağlaya-ağlaya deyirdim:

- Mənim namusuma da tüpürəsiz, vicdanıma da, o adamları da tanımıram. Cəhənnəm olsun, döyüş... qəhrəman...vətəndaş... Yaşamaq istəyirəm. Qurban olummmmm....

İki dağın arasından keçəndə depressiya kralı yoxa çıxdı. Mən sürətlə aşağı doğru şığıyırdım.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #