“O qız niyə birinci yeri tutmadı?”

“O qız niyə birinci yeri tutmadı?”
27 iyun 2013
# 10:20

Həftənin ilk iş günü, Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin İntellektual Yaradıcılıq Festivalı çərçivəsində keçirilən Şeir Müsabiqəsinin münsiflər heyətinin üzvlərindən biri idim. Bizə verilən məlumata görə, müsabiqədə Azərbaycanın cənub bölgəsinin doqquz rayonunu təmsil edən şairlər öz şeirlərini oxuyacaqdılar. Çıxışlar başlayanda başa düşdük ki, Gənclər və İdman Nazirliyinin tələm-tələsik təşkil etdiyi bu tədbirin adı Gənclərin İntellektual Yaradıcılıq Festivalı olsa da, tədbirdə yalnız məktəblilər iştirak edir və şeir müsabiqəsi yox, bədii qiraət müsabiqəsi keçirilir. Nə isə...

Doqquz rayonu təmsil edən məktəblilər çıxış etdi, biz də ən yaxşıları qiymətləndirdik, mükafat alacaq iştirakçıları seçdik. Əsl dəsgah da bundan sonra başladı.

Onsuz da qanımız qaralmışdı. Münsiflər adından çıxış edən Fərid Hüseyn eks-prezident Əbülfəz Elçibəyin doğum gününü xatırlatdığı üçün, rəsmilər bizi qəzəbli baxışlarla süzürdülər. İmkanları olsa, utanmasalar bizi komplekt şəkildə tədbirdən qovardılar.

Azacıq hava almaq üçün müsabiqə keçirilən zaldan çıxdıq. Tədbirin təşkilatçısı dərhal Fəridin başının üstünü kəsdirib mübahisə eləməyə başladı. 16 ildir nazirlikdə çalışan bu insana başa sala bilmədik ki, Əbülfəz Elçibəyə eks-prezident statusunu bu dövlət verib və onun adından qorxmaq cılızlıqdır...

Yenidən zala qayıdanda valideynlərdən biri qabağımı kəsdi: “Müəllim xoş gəlmisiniz. Mən Masallını təmsil edən qardaşların atasıyam. Masallıda, Bakıda, Sumqayıtda nə qulluğunuz olsa, mən hazıram. Mənim oğlanlarım birinci yeri tutacaq, elədir?”

Kənara çəkilib təəccüblə bu qəribə adamı süzdüm. Az qalmışdı söyüş söyəm, susdum, dişimi-dişimə sıxdım. Yenidən irişə-irişə üzümə baxdı: “Müəllim, birinci yeri tutacaqlar, düzdür?”

Tərs-tərs gözlərinin içinə baxıb, bozardım: “Sizin oğlanlarınız bu müsabiqədə ümumiyyətlə yer tutmayacaq”. Artıq qalibləri seçdiyimiz üçün, bilirdim ki, qardaşlar yer tutmayıb. Üstəlik yer tutsaydılar da, atalarının bu hərəkətindən sonra onlara mükafat verilə bilməzdi. Ən azı mən buna mane olacaqdım. İçəri qayıdandan sonra məlum oldu ki, bu valideyn Kənana da, Fəridə də yaxınlaşıb, eyni fikirləri deyib, oğlanlarını birinci etməyi xahiş edib. Təbii ki, şairlər də mənim kimi, ona lazımlı cavabı veriblər.

Tədbir yekunlaşdı, qaliblər mükafatlandırıldı. Əvvəlcə ikinci yerin sahibi, tədbirin keçirildiyi rayonun sakini göz yaşı tökə-tökə bizə yaxınlaşdı. Birinci yer tutmadığı üçün bizdən narazı idi. Fərid son kitabından birini hədiyyə edib, könlünü aldı. Sonra yer tutmayan digər iştirakçılar yaxınlaşıb, bizdən haqq-hesab soruşdu. Hər kəsə maksimum səbirlə və təmkinlə cavab versək də, əsəblərimiz gərilmişdi. Bir təhər tədbir keçirilən məkandan ayrılıb, nahara getdik. Ev sahibləri həmyerlilərinin ikinci yer tutmamağından yaman əsəbiləşmişdilər. Bakıya yola düşənəcən eyni suallara cavab verirdik: “O qız niyə birinci yeri tutmadı?” Hətta yemək əsnasında da dörd – beş nəfər yaxınlaşıb, niyə biləsuvarlı qızı birinci etmədiyimizi soruşdu.

Üçümüzün də qanı əməlli başlı qaralmışdı. Artıq qənaətə gəlmişdim ki, Azərbaycan adlı məmləkətdə müsabiqə keçirməyin heç bir mənası yoxdur. Biz bütün haram yollarla qalib olmağa can atırıqsa, müsabiqələrə nə hacət?

Evə çatan kimi, bilgisayar başına keçdim. Məlum oldu ki, MKM-in balları açıqlanıb. Diqqətlə verilən və verilməyən ballara nəzər saldım. Ədalətsizlik göz deşirdi. Münsiflər heyətinin bəzi üzvlərinin verdiyi ballara baxan kimi, hiss olunur ki, “onluq”dakı əsərlərdən xəbərsizdirlər. Hələ münsif olduqları halda münsiflik etməyənlər məni lap özümdən çıxardı. Afaq Məsudun da verdiyi balların nəzərə alınmamağı mənə maraqlı gəldi. Bir sözlə, Nigar Köçərlinin əziyyətinə heyfim gəldi. Yəqin ki, Nigar xanım bir daha MKM-ə baş qoşmayacaq. Hər halda, bu qədər biabırçılıq yetər...

# 1810 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #