50-dən 100-dən verib deyir ki...

50-dən 100-dən verib deyir ki...
1 aprel 2013
# 09:24

Cəlil Cavanşir

Aqil Abbasın 60 yaşına...

Aprel ayının 1-i istedadlı yazıçımız Aqil Abbasın 60 yaşı tamam olur. Ədəbi mühitdə çox az adam olar ki, Aqil Abbası tanımasın. Olduqca sərbəst və rahat adamdır. Onu yaşıdları, köhnə dostları, yaxın ətrafı sevdiyi qədər gənclər də sevir. Elə ədəbi mühitdəki yaxın ətrafı da gənclərdən ibarətdir desəm, yalan olmaz. Ömründə onun bircə cümləsini oxumayan, hansı janrda yazdığını bilməyən, fəaliyyətlərindən xəbərsiz olan, sadəcə haqqında danışılan söhbətlərdən, televiziyalardan tanıyan insanlar da haqqında ağızdolusu danışır. Məncə o daha çox gənclərin sevimlisidir. Hətta gənc qələm dostlarımızın bəziləri ona “Aqil əmi” deyə müraciət edir. Müraciət demişkən, yenicə tanış olduğumuz vaxtlarda ona “Aqil bəy” deyə müraciət elədim. Özünəməxsus hövsələsizliklə sözümü kəsdi: ”Bəy nədi? Bəyin yanında nökəri olar. Mənim bu müraciətdən xoşum gəlmir, ya sadəcə Aqil de, ya da müəllim.” Çarəm nədir, əlüstü razılaşdım. O gündən sonra müraciət edəndə “Aqil müəllim” deyirəm.

Ədəbiyyata saç-saqqalını ağardan “qoca”lardan fərqli olaraq Aqil müəllim hər zaman gəncliyin yanında olub. Elə buna görə də odlu-alovlu, dinamik və gənc qalıb. Bakıya gəldiyim gündən gənclərin toyunda, nişanında, kitab təqdimatında, çətin günündə Aqil Abbası canla-başla iştirak edən görmüşəm. Və bəlkə də yaşıdları arasında yeganə qələm sahibidir ki, onu tənqid edən gənclə, haqqında xoş sözlər yazan gəncə eyni münasibəti göstərib. Haqqında yazılan tənqidləri heç bir senzura tətbiq etmədən rəhbərlik etdiyi qəzetdə çap etdirib. Uzun müddətli müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, Aqil müəllim etdiyi hərəkətləri heç vaxt göstəriş üçün, reklam üçün etmir. Haqqında tənqid də yazmışam, xoş söz də. Amma eyni münasibəti görmüşəm.

Hamının ağız-ağıza verib AYO-nu, gənc yazarları yamanladığı vaxt gənclər məhz onun rəhbərlik etdiyi qəzetin ətrafında toplaşıb.

Onunla ünsiyyət əsl zövqdür. Söhbətə elə istiqanlılıqla girişir ki, adam istər-istəməz diqqət kəsilir. Hələ danışdığı lətifələr...Hər söhbətini unudulmaz etməyi bacaran nadir adamlardandır. Harda rastlaşmağından asılı olmayaraq, qarşısındakının vəziyyətini qırımından anlamağı bacarır.

Bir də gördün hansısa tədbirdə, kitab təqdimatında, mətbuat konfransında yaxınlaşıb dostyana soruşur: “Yeyib-içmək istəmirsən?” Sonra da cavabını gözləmədən ərkyana cibinə əllidən, yüzdən basıb deyir: “Dost-tanışı da götürün gedin çörək yeyin. Heyf vaxtım yoxdur, yoxsa sizə qoşulardım”. Hərdən gənclərə qoşulub məclisə rəhbərlik elədiyi vaxtlar da olur. İndiyəcən onu görəndə narazılıqla üzünü çevirib gedən adam görməmişəm.

Bir saatlıq söhbət ərzində onlarla adamın zənginə cavab verməyə, şikayətini dinləməyə vaxt tapır. Kiməsə kömək edəndə bununla öyünmür, elədiyi köməyi xatırladanda hövsələdən çıxır. Jestlərinə, mimikalarına baxanda hiss edirsən ki, bu süni təvazökarlıq deyil, bu adamın xarakteri budur. Tədbirlərdəki çıxışlarından, televiziyalardakı söhbətlərindən, müsahibələrindən undergroundluq yağsa da həddindən artıq kübar davranmağı, ağırbatman ziyalılar kimi danışmağı da bacarır. Şəxsən mənə dəli-dolu, hövsələsiz, underground Aqil Abbas daha doğmadır.

İndiyə qədər yazdığı ədəbi nümunələri həvəslə, zövqlə oxumuşam. Onun özünəməxsus sərbəstliyi əsərlərinə də sirayət edib. Bəlkə də onun romanlarını, povestlərini, hekayələrini oxunaqlı edən bu amildir. Aqil Abbasın həm bədii, həm də publisistik yaradıcılığı ilə kontakta girmək özü ilə ünsiyyət qədər asandır.

Çox uzatmıram. Sevimli yazıçımı 60 illik yubileyi münasibəti ilə təbrik edirəm! Var olun, çox yaşayın!

# 2488 dəfə oxunub

Müəllifin son yazıları

# # #