Həkim-şairə:“İçkiyə, siqaretə etiraz etməmək olar”

Həkim-şairə:“İçkiyə, siqaretə etiraz etməmək olar”
26 mart 2015
# 14:24

Kulisin “Misra qılıncı” layihəsinin bu dəfəki qonağı gənc həkim və şair Pərvin Abbaslıdır...

-Pərvin xanım, niyə yazırsan?

-Uşaqlıqda hamıdan fərqlənirdim. Hələ 11 yaşım olanda bunu hiss etdim. Öz aləmim, öz dünyam var idi. Tənəffüsdə uşaqlar bir yerə toplaşanda onlara yaxınlaşmırdım, kənarda dayanırdım.

-Niyə?

-Uşaqlar mənə çox adi, çox sadə görünürdü. Məncə hər bir insan öz aləmində tək olmamalıdır. Ətrafına çox adam qoymamalıdır.

-11 yaşından öz çərçivəni müəyyənləşdirdin...

-Bəli. Çərçivəni müəyyənləşdirdim və dedim ki, mən fərqlənməliyəm, hamı kimi ola bilmərəm. Artıq yazmağa başlamışdım.

-Fərqli olduğuna inandın və yazmağa başladın?

-Mən həm də çoxlu kitablar oxuyurdum. Rus və Azərbaycan dillərində çoxlu kitablarım vardı. Şeirlər, romanlar oxuyurdum. Oxuduqca fikirləşirdim ki, mən niyə yazmayım? Axı mən də həssas bir insan idim. Həssas bir insan hər halda nə isə yaza bilər.

-Özündəki fərqliliyi, həssaslığı yazıya çevirməyə başladın?

-Bəli. Düşündüm ki, məndən sonra nə isə qalmalıdır.

-Səndən sonra mütləq nə isə qalmalıdırmı?

-Bir var özündən sonra heç nə qalmaya. Səhrada toz hər yeri bürüdüyü kimi, tozlu xatirələr qalmalı deyil. İnsandan sonra nə isə qalmalıdır.

-Sən özündən sonra nə isə qalacağına inanırsanmı?

-İnanıram.

-“Rəngarəng həyat” kitabın çap olunub. Bu kitabın səndən sonra qalacağına inanırsanmı? Ümumiyyətlə bu kitab nə qədər uzunömürlü ola bilər?

-Qalacaq. Məni nə qədər sevəcəklərsə, o qədər də bu kitab qalacaq.

-Nə vaxta qədər sevilməyi düşünürsən?

-Ömür yetdikcə yazarsansa, əsərlərin çoxalarsa, daha çox tanınarsansa, sevilərsənsə bu sevgi də uzunömürlü olar. Elə bir dönüş nöqtəsi yarana bilər ki, əsrlərlə yaddaşlardan silinməzsən.

- Sən öz həyatını özün məhv etdin,

Bir düşün gör nəyə sən vərdiş etdin

Qurşanıb içkiyə, gəzib barları

İtirməkdən başqa, nə əldə etdin?!

Səncə bu şeirin heç olmasa beş il sonra aktual olacaqmı? Ümumiyyətlə bu misralar nəyi ifadə edir?

-Məncə aktual olacaq. Çünki insanlar getdikcə içkiyə meyl edir. Vaxt gələcək bu cür şeirlər, bu cür yazılar dahada aktual olacaq.

-Mən belə başa düşdüm sən içkiyə qarşısan...

-Yox, içkiyə qarşı deyiləm. Qədərində içmək olar. Getdikcə insanlar zərərli vərdişlərini artıracaq. Məncə yerində tədbir görmək lazımdır.

-Ümumiyyətlə şair bu məsələlərə etiraz etməlidirmi? Məsələn, içki, siqaret, narkotik, rüşvətxorluq, korrupsiya...

-Bəzilərinə etiraz etməlidir. Bəzilərinə isə etməyə bilər. İçki, siqaret və sair şeylərə qarşı etiraz etməmək olar. Amma rüşvətə etiraz etmək lazımdır. Mən rüşvət əleyhinə şeir yazmışam.

-Açıq-saçıq yazanlara münasibətin necədir?

- Bəzi şeylərdən yazmamaq lazımdır. Mən bu cür yazılar yazmıram. Amma hamı azadddır.

-Şeirlərini harada, necə yazırsan? Xüsusi ritualın varmı?

-Gecə saatlarında yazmağı sevirəm. Gecə saat 2-dən hardasa 6-ya qədər yazıram.

-İlham pərin varmı?

-İlham pərim yalqızlığımdır.

-Sevgi şeirləri yazanda səni nə həyəcanlandırır?

-Maraqlı və çox çətin sualdır. İnsanın hər şeyi olsa da, həyatı qaydasında getsə də, ailəsi, uşağı olsa da, ətraf insanlarla dolu olsa da özünü tənha hiss edə bilər. Belə bir yalqızlıq məni yazdırır.

-Kafka yalqızlığı deyə bilərikmi buna?

-(Gülür) İzahı olmayan tənhalıq mənim ilham pərimdir. Əvvəllər kağız-qələmlə yazırdım. İndi telefonla, kompüterlə yazıram. Əsasən uzun yol gedəndə, qulaqlıqlar və musiqinin vəhdəti yazdırır.

-Oxumaqla aran necədir?

-Hazırda ixtisasıma uyğun olaraq tibbi ədəbiyyat oxuyuram, oxuduqlarımı təkrar edirəm. Bədii ədəbiyyatdan isə Elçin Səfərlini, Ziya Səfərbəyovu oxuyuram. Yapon müəlliflərini çox sevirəm.

-Sənin üçün nəsr doğmadır, yoxsa poeziya?

-Peziyadan nəsrə doğru gedirəm. Poeziya mərhələsini keçməli idim. Abbas Səhhət, Abdulla Şaiq, Səməd Vurğun kimi şairləri çox sevirəm. Müasir şairləri demək olar oxumamışam.

-İstərdim yazdıqlarından sual verəm. Kitabında bir esse var: “Fərziyyələr”. Belə başlayır: “Yenə qaranlıq otağım, bir də mən! Nədir bu işıqsız həyat? Nədir bu zülmət? Hər şeyini itirmiş və nə üçün yaşadığını bilməyən bir insan!”

Bu nə sentimentallıq, bu nə kədər? Hər şey bu qədər kədərlidirmi? Niyə bu qədər sentimentalsan?

-Səmimi etiraf edim ki, mən qarşılıqsız sevmişəm. Sadə xatirələrdə bir qığıcım kimi qalır. Adamın içində nələrsə məhv olur. İnsan qarşısına məqsəd qoyub unutmalıdır. Amma çətindir,hər kəs bacarmır. Unutmaq insanın 10 ilini alır. Sizcə xəyalların yıxılması necə bir hisdir?

-Bərbad bir hissdir. Amma unutmaq prosesi niyə 10 il davam etməlidir ki?

-Uşaqlıqdan başlayan platonik hislər var. Sevəndə hiss etmirdim ki, sevirəm. Bəlkə də göz vərdişi idi. Uzaq məsafələr vardı. Əlçatan insan olsa da, alınmayan münasibətlər olur.

-Yazırsan ki: “Kiməm mən? Heç özüm də bilmirəm, nəyin baş verdiyini anlamıram. Həyatda heç nəyi bacara bilmədim. Heç nəyi bacarmadığım kimi, insan olmağı da bacarmadım.” Niyə özün haqqında bu qədər bədbin fikirdəsən? Axı yaşın o qədər də çox deyil, hələ heç nə itirilməyib. Həyat qarşıdadır axı...

-Sizcə yaşın fərqi varmı? Müəyyən çətinliklərdən sonra mən yaxşı xüsusiyyətlərimi itirdim. Pis insan oldum. Dost olmadım, heç kəsin qayğısına qalmadım, heç kəsin dərdinə yanmadım.

-Məncə sənin yaxın rəfiqən yoxdur...

-Heç vaxt yaxın rəfiqəm olmayıb. Heç vaxt yaxın dostum olmayıb. Adamlar daha çox yaxında olanda, daha çox incidir. Mən sevgidən incimişəm. Bir daha bu barədə düşünmək istəmirəm.

-İkinci dəfə həyata gələcəyinə inanırsan?

-Yox.

-O zaman həyatını niyə çətinləşdirirsən?

-Çünki bəzi yaxın bildiyim adamlar, sevdiklərim mənə xəyanət edib.

-Nədir xəyanət?

-Xəyanətin çox növləri var. Məsələn dost xəyanəti. Xəyanət inandığın bir insanın səni arxadan vurmasıdır.

-Xəyanətdən qorxursan?

-Qətiyyən.

-Həyatdan nə gözləyirsən?

-Bildiyiniz kimi mən həm həkiməm, həm də yazaram. Əminəm ki, daha əvvəlki saf Pərvin olmayacam. 11 yaşımdan yazdığım üçün yazıçılıq mənə daha doğmadır.

-Pasiyentləriniz sizə doğmadır, yoxsa oxucular?

-Oxucularım daha doğmadır. Peşələrimin ikisi də məni xoşbəxt edir. İnsanlardan incisəm də insanları sevirəm. İnsanları sevəndə peşənə də sevgiylə yanaşırsan. İnsanlar nə yaxşıdır, nə də pis. İkisinin arasındadır hər şey. İnanmadan yaşamaq daha yaxşıdır.

-Elə danışırsan sanki yüz yaşın var...

-Bəlkə də elədir. Amma mən bədbin insan deyiləm. Pozitivəm. Yəqin ki, bu mənim fərqli xüsusiyyətimdir. Bəzi şeyləri dəyişmək barədə düşünmüşəm. İstərdim ətrafımda məni sevən dostlar olsun. Amma indiki zamanda müsbət auralı insanlar azdır. Güvənə biləcəyimiz insanlar lazımdır. Pis insanlardansa tək olmaq yaxşıdır. Ətrafımda kolleqalarım, məni sevən insanlar var. Amma təkəm...

-Kimə görə yaşamağa dəyər?

-Valideyinlərimə görə.

-Bəs kimə görə ölməyə dəyər?

-Əsil sevgi uğrunda ölməyə dəyər. Amma belə sevginin varlığına inanmıram. İnanın ki, bunu deyirəmsə edə bilərəm.

-Yəni sevgilinə görə özünü binadan ata bilərsən?

-Sevdiyim insanı itirməmək üçün hər şey edə bilərəm.

-Hobbin varmı?

-Gitarada çalmağı bir az bacarıram. Musiqi mənə çox yaxındır. Retro disko mahnılarını sevirəm. Klassik musiqini sevirəm.

-Ədəbiyyatda hədəfin nədir?

-Tufana düşən insanlara kömək etmək. Hazırda şeirlər, hekayələr, esselər yazıram. İkinci kitabım esselərdən ibarət olacaq. Mənim kitabım kiminsə hislərini oyada bilirsə uğurludur. “Rəngarəng həyat” kitabımı oxuyan bir şəxs mənə zəng edib dedi ki, ağlamışam. Bu sözlər güc verir.

-Səncə ədəbiyyat insanı xilas edə bilərmi?

-İnsanlar xilas olmaq üçün romantikləşməlidir. Reallıqda hər şey var. Pisliklər var, yamanlıqlar var. Romantika da pisliklər yoxdur.

-Oxucular səni nə üçün oxumalıdır?

-Çünki mənim yazılarımda həyatda yaşanmış situasiyalar da var. Bəlkə də insanlar mən etdiyim səhvləri etmədilər.

Söhbətləşdi: Cəlil Cavanşir

# 1150 dəfə oxunub

Müəllifin son yazıları

# # #