Hovuz və hamam

Hovuz və hamam
21 yanvar 2014
# 12:02

Ötənlərdə oğlumla kiçik bir söhbətimiz oldu. Daha doğrusu evin xanımı evsizlikdən, şəraitsizlikdən şikayətlənəndə oğlum da söhbətə qoşuldu:

- Niyə ev almırsan, ata?

- Alacağam, oğlum.

- Bəs maşın?

- Onu da alacağam.

- Evimizin hovuzu da olacaq?

-...

- Deyirəm ki, evimizin hovuzu olacaq? Yekə hovuzlu ev alaq. Mən də girib üzərəm.

Oğluma nə cavab verdiyimi dəqiq xatırlamıram. Amma xəyallar məni uşaqlıq illərinə apardı.

...Sadə, iki otaqlı kənd evində böyümüşəm.

Sadə müəllim maaşı ilə dolanmışıq.

Valideynlərimizdən heç nə tələb etmədən, aza qane olmuşuq.

Arzularımızı ürəyimizdə saxlamışıq ki, atam naümid halda qaşlarını çatmasın, nənəm deyinməsin, anam ağlamasın...

Yamaqlı şalvarla, “taxta qaloş”-İran qaloşu deyilən çox keyfiyyətsiz qaloşla getmişəm məktəbə.

Dərsliklərimiz, dəftər-qələmimiz də ürəyimiz istədiyi kimi olmayıb.

Bir çantanı dörd-beş il sürümüşəm arxamca.

Atamın, şəhərdə yaşayan qohumlarımın paltarlarını geyinmişəm.

Gecələr neft lampasının işığında “Kapitan Qrantın uşaqlar"ını, “Don Kixot”u”, “Qulliverin səyahəti”ni, “Robinzon Kruzo”nu, “Qırmızı qvardiya”nı, “Balaca şahzadə”ni oxumuşam...

Qışda saat altı olmamış kəndimizdə həyat dayanardı.

Evlərin pəncərəsindən közərən neft lampaları kəndimizə miskin bir görkəm verirdi.

Dərsdən sonra sinif yoldaşlarımın kitablarından növbəti mövzunu köçürürdüm.

Müəllimlərimiz bütöv dərsi, 45 dəqiqə konspekt yazdırırdı.

Çoxumuzun barmaqlarının ucu qabar olardı.

Uşaqlığı sovet imperiyasının çökdüyü dövrə düşən yüz minlərlə həmyaşıdım kimi, məhrumiyyətlər görmüşəm.

14-15 yaşıma qədər içməli suyu qonşuların həyətindən, küçədəki bulaqdan daşımışıq.

Hamamımız isə heç olmayıb.

Hər həftə anam odun peçini qalayır, su qızdırır, bizi növbəylə alüminium vannanın içində çimdirirdi.

Böyüdükcə özümüz o vannanın içində çimməyə alışdıq.

Elə hərbi xidmətə gedəndə də, universitetə qəbul olunanda da eyni vannanın içində çimmişəm.

Hamamı olan qonşulara, qohumlara həsəd aparırdım.

Yayda üzümüz gülürdü.

Havalar qızan kimi arıxanada özümüzə “hamam” düzəldirdik.

Payız yağışları başlayana qədər “letni hamam” işimizə yarayırdı.

Bütün yayı Nazar çayının axarının qarşısını daşla kəsib “ambarça” düzəldirdik.

Saatlarla sudan çıxmırdıq.

İllərlə ən böyük arzum təzyiqlə axan ilıq suyun altında yuyunmaq olub.

13 il əvvəl kəndimizdən çıxanda, qərar verdim ki, bir daha geriyə qayıtmayım.

Hamamsızlıq, ürəyim istədiyi kimi yuyuna bilməməyim məni ən çox bezdirən səbəblərdən idi.

Kirayə yaşadığım evlərin mənim üçün yeganə maraqlı tərəfi daimi isti suyun, hamamın olması idi.

Bəlkə də güləcəksiniz, amma hamam hər zaman mənim üçün nisgilli bir istək olub.

İndi uşaqlıq xatirələrimi başlı-başına buraxıb gəldiyim o kənd, o ev çox dəyişib.

İllərlə həsrətini çəkdiyimiz hamam da var, təzyiqli duş da.

24 saat işığı yanır evimizin.

Hər dəfə kəndə gedəndə qəribə hisslər keçirirəm.

Həyətin bir küncündə balaca bir uşaq, düyünlü olduğu üçün yarılmayan fıstıq kötüyün üstündə oturub həsrətlə o hamama baxır.

***

Oğlumla qısa söhbətimizdən sonra saatlarla özümə gəlmədim.

Mən adicə hamam arzusuyla yaşayırdım, oğlum hovuz arzulayır.

Mən dərsik üçün sinif yoldaşlarımın qapısını döyürdüm, o 5 yaşında internetdə oyunlar oynayır.

Mən arzularımı içimdə boğurdum, o dilə gətirir.

Amma xoşbəxtəm.

Mən uşaqlığımı yaşaya bilməmişəm, o isə xoşbəxt uşaqlardan biridir.

Onu da bilirəm ki, bir gün uşaqlığımı ona danışsam, nağıl zənn edəcək...

# 2730 dəfə oxunub

Müəllifin son yazıları

# # #