Flora Kərimova: “...mənə sataşmayın!”
Uzun illərdir ki, iki qocaman xalq artistimiz-Flora Kərimova və İlhamə Quliyeva arasında əsl savaş gedir. Qarşılıqlı ittihamlar, məhkəmə prosesləri, təhqirlər, hədələr, qalmaqallar bitmək, səngimək bilmir. Estradamızın iki istedadlı müğənnisinin “ulduzu barışmır”. Dəfələrlə xanım xalq artistlərini barışdırmağa cəhd edənlər olsa da bu, uğursuz alınıb. İlhamə Quliyeva ilə aralarındakı problemləri dəfələrlə məhkəmələrə daşıyan xalq artisti Flora Kərimova deyir ki, tez-tez məhkəmələrə müraciət etməsinin çox ciddi səbəbləri var: “Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm ki, məndən sonra bu problemlər övladlarıma başağrısı olsun. Bu problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı sənət və sübutla isbat edirəm. İndi də üzümü tutub deyirəm ki, mənə sataşmayın!”
Bəli, Flora xanım uzun müddətdir, davam edən qalmaqalları belə əsaslandırır.
ATV-də yayımlanan və Nanə Ağamalıyevanın aparıcılıq etdiyi “Xalq parad” proqramında İlhamə Quliyeva Flora Kərimovanı təhqir edir. Flora Kərimova Yasamal Rayon Məhkəməsinə şərəf və ləyaqətin müdafiəsi tələbi ilə müraciət edir və uzun sürən məhkəmə çəkişməsindən sonra İlhamə Quliyevanın Flora Kərimovanın ünvanına təhqirlərə yol verdiyi məhkəmə tərəfindən təsdiqlənir. Keçən ilin aprelində məhkəmə İlhamə Quliyevanın, Flora Kərimovadan üzr istəməsi ilə bağlı qərar qəbul edir. Lakin xalq artisti bu üzrü qəbul etmir və qəti şəkildə bildirir ki, İlhamə Quliyevanın üzrü mənə lazım deyil. Ancaq qarşıdurma bununla səngimir. Cəmi bir ay sonra İlhamə Quliyeva Flora Kərimovanı məhkəmədə udur. Keçən ilin may ayında Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın Flora Kərimovaya qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi üzrə mülkü işə baxılır və Flora Kərimova məhkəmənin qətnaməsi ilə 3000 manat məbləğində cərimə edilir. Flora Kərimova qələbəsinin ləzzətini cəmi bir ay yaşayır. Amma uduzsa da, İlhamə Quliyevanı təhqir etdiyinə görə peşmançılıq hissi keçirmir: “Mənə çox maraqlıdır, 3 min manatı məndən almağa onun ömrü çatacaqmı?.. Mən ayda 140 manat pensiya alıram. Mən onu məhkəməyə verib uddum. Sonra mən onu təhqir etdim və sözümün üstündə də qalıram. 3 mini uduzsam belə, dediyim sözlərə görə peşman deyiləm”.
Uzun illərin davası
Xalq artistləri arasındakı qalmaqalla bağlı müxtəlif fikirlər səsləndirilir. Mətbuatda bu məsələ ilə bağlı yüzlərlə xəbər yazılıb, yüzlərlə televiziya süjetləri hazırlanıb. Flora Kərimova qalmaqalların kökünün daha dərində olduğunu bildirir. Xalq artisti məhkəmə iclaslarından birində bildirib ki, İlhamə Quliyeva 1995-ci ilə qədər onun
səhnədən getməsi üçün gizli şəkildə mübarizə aparıb : “Mənim səsim onu həmişə narahat edib. 1995-ci ilə qədər məni müxtəlif yerlərdə təhqir edib... Mən məhkəmənin istənilən qərarı ilə razılaşa bilərəm, amma onunla heç bir barışığa getmərəm”. İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva isə bu qalmaqalın səbəbinin başqa olduğunu düşünür: “İlhamə Quliyeva mənə dedi ki, 20 il əvvəl Azərbaycan Dövlət Televiziyasının aparıcısı Roza Tağıyevanın bacısı qızının toyunda Flora Kərimovanın mərhum həyat yoldaşı Faiq toyun sonunda İlhamə xanımı və onun oğlunu maşını ilə evə aparıb. İlhamə Quliyeva mənə bildirib ki, Floranın mənə qarşı qərəzli mövqeyi bundan sonra başlayıb”.
İlhamə Quliyeva: “Həmişə onu dinləmişəm”
Prosesləri “Xalq parad” proqramındakı çıxışı ilə alovlandıran xalq artisti İlhamə Quliyeva mətbuata verdiyi açıqlamalarda gah mülayim, gah da sərt fikirlərlə prosesin daha da gərginləşməsinə səbəb olub. Bəzi açıqlamalarında Flora xanımı aşağılasa da, hərdən onun haqqında yüksək fikirlər səsləndirərək publikanı çaşdırmağı bacarıb. Son təzadlı açıqlamalarından biri isə hamını təəccübləndirib: “Mən onun haqqında danışmaq istəmirəm. O, mənim üçün yoxdur. Mənim Flora Kərimova ilə heç vaxt heç bir münaqişəm olmayıb. Hərdən həyatda Flora adlı adamın olduğunu ümumiyyətlə unuduram! O isə tez-tez məhkəmələrə baş çəkməklə özünü yada salır. Əgər məhkəmələri gəzməkdən xoşu gəlirsə, qoy gəzsin. Hər halda mən indiyədək heç bir prosesi uduzmamışam. Allah ona can sağlığı versin. Qoy öz yaradıcılığı ilə məşğul olsun və mahnılarını oxusun. Onun ifası mənim həmişə xoşuma gəlib. Həmişə onu dinləmişəm və indi də dinləyirəm. Çantasındakı saralmış qəzetləri məhkəmələrə daşımaqdansa, qoy oxusun”.
Bitib-tükənməyən qalmaqal
Flora Kərimova - İlhamə Quliyeva davasında çoxları tərəf tutub, bu və ya digər şəkildə qalmaqallara qarışıb. Xalq artisti Faiq Ağayev, Sərxan Kərəmoğlu, Səməd Səmədov, Cavanşir Məmmədov, jurnalist Faiq Ələkbərov və bu yaxınlarda Nazpəri Dostəliyeva...
Ən ciddi və dərin ziddiyyətlər isə xalq artisti Faiq Ağayevlə xalq artisti Flora Kərimova arasında yaşanıb. 2009-cu ildə Flora Kərimova Faiq Ağayevə qarşı şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı iddia qaldırıb. İddiaya
görə Faiq Ağayev Flora Kərimova haqqında olduqca təhqiramiz 34 ifadə işlədib. Lakin Yasamal Məhkəməsinin hakimi Svetlana Əhmədova işi icraata götürməyib.
Eyni zamanda Flora Kərimova bir vaxtlar İlhamə Quliyevaya yaxınlığı ilə tanınan Sərxan Kərəmoğlunu da şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar məhkəməyə verib, onun iddiasına görə, S.Kərəmoğlu mətbuatda onun və qızının barəsində qərəzli və təhqiramiz ifadələrlə çıxış edib. Uzun müddət davam edən çəkişmələrdən sonra Sərxan Kərəmoğlu geriyə addım atır və xalq artisti haqqında çox sıcaq açıqlamalar verir: “Mən kinli insan deyiləm. Həqiqi mənada Flora Kərimovada çox mərdliklər görmüşəm. Səmimi olaraq deyirəm ki, onunla dost olduğumuz zamanda Flora Kərimova bilsə ki, onu öldürəcəklər, amma Sərxana kömək etmək lazımdı, o, öz köməkliyini əksik etməzdi. Bir tək şey deyə bilərəm ki, Allah şeytana lənət etsin! Flora Kərimova iddia edirdi ki, guya məni İlhamə Quliyeva öyrədib. Sərxanın az yaşı yoxdur ki, kiminsə sözü ilə oturub-dursun. Məni heç kim öyrətməyib. Sadəcə olaraq, aramıza şeytan girdi və çıxıb getdi. Hazırda Flora Kərimovaya qarşı mənim ürəyimdə iynənin ucundan da kiçik kin-küdurət yoxdu. Arada-sırada telefonla da danışırıq....Flora Kərimova millətini sevən bir insandır.”
Hal-hazırda çəkişmələr, məhkəmə prosesləri səngiyib. İllərdi davam edən bu çəkişmələrdə gah Flora Kərimovaya, gah da İlhamə Quliyevaya haqq qazandıranlar, dəstək verənlər olub. Bu qalmaqalın bitmədiyini demək olar. Çünki bu yaxınlarda APA TV-nin “Bunker” proqramının qonağı olan Flora Kərimova elan etdi ki, İlhamə Quliyeva və Faiq Ağayev onun düşmənləridir.
Aylarla medianın gündəmini bu qalmaqallar “bəzəyib”. Kimin haqlı, kimin haqsız olmağıyla bağlı fikrimiz yoxdur. Ancaq əminik ki, bütün bu çəkişmələr sənətə, Azərbaycan musiqisinə xidmət etmir.