Prezidentin şəxsi tərcüməçisi Kulis.az-a danışır

Prezidentin şəxsi tərcüməçisi Kulis.az-a danışır
1 iyul 2014
# 12:00

Kulis.az şair, Estoniya prezidentinin şəxsi tərcüməçisi Xaqani Qayıblı ilə müsahibəni təqdim edir....

- Bir dəfə təsadüfən dayınızla söhbət edəsi olduq. Deyirdi, Xaqani gəlib söyləyəndə ki universitetə sənəd verirəm, çox təəccübləndim. Çünki ailələri çox kasıb idi...

- Kasıb deyəndə ki, biz ailədə səkkiz uşaq olmuşuq və bu da o vaxtın şərtlərinə görə orta dolanışıqlı ailələrdən sayılırdı. Kəndimizə ilk avtomobil gətirən atam Şofer İsmayıl da sıradan bir sürücü idi. Atam çox halal adam idi və ailə büdcəmizə, demək olar ki, sovxoz sürücüsünün maaşından başqa bir çöp belə daxil olmurdu. Bakıda yaşayan dayım isə görünür o vaxtlar pulsuz – rüşvətsiz ali məktəbə daxil olmanın təxminən mümkünsüzlüyünü nəzərdə tutaraq, sənə öz təəccübünü bu şəkildə bildirib. Bundan əlavə, o vaxt məndən böyük qardaşım da institutda oxuyurdu. Ailəmizin böyüklüyü mənim institutda oxumağımda problem ola biləcəyini düşünərək, dayım sənədlərimi texnikuma verdi və mən imtahansız qəbul oldum. Amma texnikumun direktoru dayımdan şirinlik üçün bir erkək (qoç) istədiyinə görə acıq edib geri kəndimizə qayıtdım.

- Bəs Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunmağınız necə baş verdi?

- Dediyim kimi, acıq edib Gürcüstana qayıtdım və 1987-ci ilə qədər Bakıya gəlmədim. 87-ci ildə sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verib, qələmimi də nümayişkaranə döş cibimə taxıb, yəni “konspektim-zadım yoxdur” anlamında, ilk, ədəbiyyatdan yazılı imtahana girdim. Hələ də xatırlayıram, “Beynəlmiləlçilik və milliliyin vəhdəti” mövzusunda bir inşa (esse) yazdım. İnanırdım ki, əla qiymət alıb universitetə qəbul olacam. Amma “4” yazmışdılar. Apelyasiya verib rektorun yanına girdim. Çünki yazımda bir dənə də olsun qırmızı qələmlə işarə qoyulmamışdı. Təəssüf ki, xeyri olmadı, rektor dedi, get Allahına şükür elə dörd almısan, camaat bu qiyməti almaq üçün dəridən-qabıqdan çıxır. Mən dedim ki, axı mənim bir imtahanla qəbul olmaq hüququm var, beşimi yazın çıxım gedim. Rektorun cavabı çox sərt oldu və mən o cavabı indi dilimə gətirməyi özümə sığışdırmıram... Beləcə, yenə Bakıdan küsüb getdim kəndimizə – Qaraçöpə. Növbəti il yenə sənədlərimi BDU-ya verdim və küsməyin-zadın başını buraxıb bütün imtahanlarımı verib dört dənə 4 aldım. Bu arada, BDU-ya sənədlərimi verəndə indiyə qədər də əziz qardaşım kimi sevdiyim Xanəmirlə tanış oldum. O, deyəsən jurnalistikaya vermişdi sənədlərini. Əslində, bizim tanışlığımız ayrıca bir söhbətin mövzusudur. Nə isə, mənə dedilər ki, konkursa düşmə ehtimalın var. Bir gün kefsiz-kefsiz şəhəri dolaşıb “Ulduz” jurnalı redaksiyasına gəldim. Abbas Abdulla o vaxt jurnalın baş redaktor idi. Sən demə Abbas Abdullanın oğlu da mənimlə bərabər BDU-nun filologiyasına imtahan verirmiş. Abbas bəy vəziyyətimi öyrənəndən sonra hələm-hələm baba-igidin etməyəcəyi və mənim də heç bir zaman unutmayacağım bir hərəkət elədi. Elə oradaca, mənim yanımda götürüb o vaxt filologiya fakültəsinin dekanı Ağamusa Axundova zəng vurdu. Dedi ki, Ağamusa müəllim, mənim oğlum Abdullanın aldığı 5 qiymət onun özünün deyil, bu saat mənim yanımda olan qəribə taleli, istedadlı şair Xaqani Qayıblınındır. Məlumdur ki, mənim oğluma 5 qiyməti Abbas Abdullanın xətrinə yazıbsınız, xahiş edirəm, bu gənc şairin haqqını yeməyin, imkan yaradın qəbul olunsun... Ağamusa müəllimin Abbas Abdullaya nə dediyini bilmirəm, amma nəticə bu oldu ki, konkursa düşdüm və qəbul olunmadım. Onu da deyim ki, artıq bir neçə şeirim mətbuatda çap olunmuşdu və az-çox imzam tanınırdı. O günlərdə Vaqif Cəbrayılzadə AYB rəhbərliyinə təklif etmişdi ki, Xanəmir Telmanoğlu ilə Xaqani Qayıblını Moskvaya, Ədəbiyyat institutuna oxumağa göndərək. Çünki tərslikdən Xanəmir də həmin il BDU-ya qəbul ola bilməmişdi. Yaxşı yadımdadı, onda Anar Xanəmir və mənim haqqımda “Litinstitut”un o vaxtkı rektoru Yevgeni Yuryeviç Sidorova bir təqdimat da yazmışdı. Bizim şeirlərimizi rusçaya tərcümə edib “Litinstitut”a göndərmişdilər. Necə oldusa Xanəmir “Litinstitut”un yaradıcılıq müsabiqəsindən keçmədi. Mən isə Moskvadan, Şaiq Vəlidən litinstituta qəbul olmağım haqqında təbrik teleqramı aldım. O günlərdə bir başqa xoş hadisə də olmuşdu. Ruscaya çevrilmiş şeirlərimin bir neçəsini gənc şairlərin Ümumittifaq Festivalı deyilən müsabiqəyə göndərmişdim və hətta deyəsən ilk onluğa belə düşmüşdüm. Nə isə, 1989-cu ildə Moskvaya yollandım. Orda Etimad Başkeçid, Murad Köhnəqala, Xıdır Qazaxbəyli və Bakir Əhmədov adlı çox istedadlı bir şairlə tanış oldum. Amma həmin il rəhmətlik Aydın Məmmədov mənə təklif etdi ki, Moskvada oxusan alkaş olacaqsan, gəl səni Baltik ölkələrindən birinə göndərək. Məndən əvvəl İlyas Ərnəfəs Latviyaya göndərilmişdi. O, çox fəal idi, Rigada olarkən Əziz Nesindən müsahibə-filan da götürmüşdü. Ancaq bir ildən sonra geri Bakıya dönmüşdü. Sonra bilmədim hara getdi, necə oldu.

- Dəli olub. Nəşriyyatın qarşısında dayanır.

- Nə danışırsan? Pahoo! O, yaraşıqlı, həm də çox maraqlı oğlan idi. Çox üzüldüm... Nə isə, məni Estoniyaya, Tartu Universitetinə göndərməyə qərar verdilər. Tartu Universiteti filologiya sahəsində seçkin yeri olan bir universitetdir. Həmin il Arif Acalov Tartu Universitetini dünyaca ünlü semiotik Yuri Lotmanın aspirantı olaraq bitirib Bakıya qayıtmışdı. Əslində mənim Estoniyaya göndərilmə təklifini Aydın Məmmədovun ağlına Arif salmışdı. Mən Estoniyaya yola düşəndə Vaqif Cəbrayılzadə mənə Tərcümə Mərkəzində bir söz dedi: “Dostum, bax, sənə güvənirik, get, amma İlyas kimi geri qayıtma, eston dilini mükəmməl öyrən!” Linqvistikada Fin-uqor dilləri ən çətin dillərdən sayılır və eston dili də bu dil ailəsinə daxildir. Bir dildə ki, ismin 14 halı ola, gerisini siz düşünün. İlk həftələr eston dilinin çətinliyini görüb dəfələrlə geri dönməyi ağlımdan keçirsəm də, Vaqif Cəbrayılzadənin sözləri hər dəfə məni fikrimdən daşındırıb. Mənə eimad göstərilmişdi və mən bu etimadı doğrultmalı idim. Yəni, mənə güvənənlərin üzünü qara çıxara bilməzdim. Altı ay Tartu Universitetinin hazırlıq kursunda oxudum. Sonra eston dilində qəbul imtahanı verib eston filologiyasına, bir il sonra isə yenidən qəbul imtahanı verib jurnalistikaya qəbul olundum və paralel olaraq iki fakültədə oxudum. Jurnalistikaya girməyimin bir səbəbi var idi – Estoniya mətbuatına ayaq açmaq. Çünki gedəndə gördüm Estoniyada Azərbaycan haqqında, ümumiyyətcə, Türk dünyası haqqında bir-iki şablon, səthi məlumatdan başqa heç nə bilmirlər və bir az da qərəzli münasibət var. İkinci kursu bitirdikdən sonra 1993-cü ildən qəzetdə işləməyə başladım. 65 min tirajla çap olunan qəzetdə işləyirdim. Bunun sayəsində də o vaxt işlədiyim qəzetdən və televizyadan bir neçə jurnalistlə birlikdə Qarabağa, döyüş bölgələrinə getdik. Bu işdə mənə yardım etdiyinə görə o vaxtlar Dövlət müşaviri işləyən, indi Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucova minnətdaram.

- Estoniya prezidentinin şəxsi tərcüməçisi olmağınız necə baş verdi?

- Mən Estoniyaya gedən gündən başladım Azərbaycanla əlaqəsi olan şair-yazıçıları axtarmağa. Təxminən bir ay keçməmiş Ain Kaalep adlı gözəl bir şairlə tanış oldum. Onun haqqında 1992-ci ildə “Xəzər” jurnalında bir yazı da yazmışam. O vaxt A.Kaalep məni Lennart Meri adlı çox maraqlı bir yazıçı ilə tanış eləmişdi. Sonra bu yazıçı Estoniyanın prezidenti seçildi. 1997-ci ilin iyun ayında Türkiyə prezidenti Süleyman Dəmirəl böyük bir heyətlə Estoniyaya ilk rəsmi səfərə gəlmişdi. Səfərdən əvvəl şəxsən həmin yazıçı-prezidentin təlimatı ilə məni prezident aparatına dəvət etdilər və bir-iki proseduradan keçdim. Elə o vaxtdan da prezident(lər)in şəxsi tərcüməçisiyəm. Mənim bildiyim, tərcümə etdiyim elə sirlər var ki, mənimlə ancaq məzara gedəcək.

- Estoniyada Azərbaycan ədəbiyyatını nə qədər tanıyırlar, nə qədər bilirlər?

- 60-cı illərdə Pent Nurmekund adında bir poliqlot Tartu Universitetində iki il türk dilini tədris edib. Türklərə böyük rəğbəti olan bu nadir insanla mən tanış olanda onun səksən dörd yaşı vardı və bizim mehriban dostluğumuz altı il sürdü. 90 yaşında vəfat edən bu dilçi, ümumilikdə 90 dil bilirdi – 30 dildə sərbəst danışırdı, 30 dildə mətbəx səviyyəsində bilirdi, 30 dildə də çətinliklə də olsa fikrini çatdırırdı. Bax, həmin bu müəllimin Li Seppel adında türk dilini öyrənən bir tələbəsi olub. O, hətta o dönəmlərdə Bakıya da gəlibmiş. Abbas Abdulla və Fikrət Qocayla tanışlıqları da olub. İndi, AYB-in qurultayında məni görən kimi, hər ikisi ilk olaraq Li xanımı soruşdular. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni Li Seppel orijinaldan tərcümə edib və əsər maraqla qarşılanıb. Yəni mən Estoniyaya gedəndə gördüm ki, Azərbaycan ədəbiyyatı deyəndə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ağla gəlir. Bundan əlavə, rus dilindən Əkrəm Əylisli və Mövlud Süleymanlı da tərcümə olunub. Mən onların kitablarına göz gəzdirmişəm. Tərcümələr orjinalla səsləşmir. Yəni nə dil Ə.Əylislinin dilidir, nə də təhkiyə M.Süleymanlının təhkiyəsidir. Son illərdə isə mənim tərcüməmdə Kamal Abdulla və Vaqif Səmədoğlu daha maraqla qarşılanıb.

Məlum məsələdir ki, hər hansı başqa bir dildə danışmaq, hələ o dildən, xüsusən də o dilə, tərcümə etməyə əsas vermir. Tərcümə işi bambaşqa bir sahədir. Dilin bütün qatlarında özünü ifadə etmə gücünə qadir olmaqdan əlavə, zəngin bədii təfəkkürə sahib olmalısan ki, əsərin orijinaldakı ruhunu qoruyub saxlaya biləsən. Mən özümü sınamaq üçün ilk dəfə “Danabaş kəndinin əhvalatları”nı və “Poçt qutusu”nu çevirmişəm.

- Onlara münasibət necə oldu?

- Ona görə “Danabaş kəndinin əhvalatları”nı çevirdim ki, görüm eston dilində bu əsər necə alınır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən, yəni, Təhminə və Zaurdan sonra ortalığa Məhəmmədhəsən və Novruzəli çıxır. Süjetin bu şəkildə qoyuluşu, savadsızlığın bu şəkildə təsviri estonlara yaddır.

Sizə bir əhvalat danışım, sovet qurulanda Moskvadan Estoniyaya bir nümayəndə heyəti gəlir və deyir ki, savadsızlığı ləğv etmək üçün komitə yaratmaq lazımdır. Estoniya təhsil naziri təəccüb edib deyir ki, biz sahəsinin üçdə ikisi meşə olan bir məmləkətdə yaşayırıq, amma heyvan deyilik. Necə ola bilər ki, 7 yaşına çatan bir insanın oxuma-yazması olmasın? Məncə, bu təəccüb hər şeyi deyir. Bu prizmadan baxanda 1632-ci ildən universitetləri olan estonlar Novruzəlini qəbul edə bilmirlər. Son illərdə Vaqif Səmədoğlunun şeirlərini isə çox yaxşı qəbul etdilər. Estoniyada Azərbaycan ədəbiyyatını mümkün qədər yaxşı təbliğ etmək mənim çiyinlərimə düşüdüyündən, ilk şair olaraq Vaqif Səmədoğlunu çevirmişəm.

Hazırda “Əli və Nino” əsərini çevirirəm. Ən çox istədiyim, əziyyət çəkdiyim əsər budur. Onu gözəl və nəfis bir şəkildə çap etdirmək istəyirəm.

- Eston ədəbiyyatının Azərbaycan dilinə çevrilməsi necədir?

- Düzü araşdırmağa imkanım olmayıb. Hər halda sovet dövründə rus dilindən tərcümə edilmiş olar.

- Kimi öz ustadınız sayırsınız?

- Mənim ustadım Tufarqanlı Abbasdır, Qurbanidir, Qaraçöplü Aşıq Musadır. Ümumiyyətlə, mənim Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanım az olub. Amma Qaraçöpün aşıqlı-dastanlı toylarında aşıqlardan çox şey öyrənmişəm. Bəzən uşaqları aşıq məclislərinə buraxmazdılar, buna görə də elə vaxt olub, aşıq məclisi olan otaqda barxana yığılmış “ükün” arxasına gizlənib aşığa qulaq asmışam. Gürcüstanda orta məktəbdə oxuyurdum, 5-6-cı sinifdə. Kəndimizdə poçtalyon Cavaddan “Ədəbiyyat və incəsənət” qəzeti oğurlamışdım. Oğurlamışdım deyəndə, Cavad əmi qəzetləri topa-topa qucağında tutub paylayırdı. Gözüm “Ədəbiyyat və incəsənət” qəzetini gördü və bir göz qırpımında, qırğı kimi qəzeti qapıb qaçdım. Sonra da utandığımdan bir ay poçtalyon Cavada yaxın gedə bilmədim. Beləcə, ədəbiyyata olan həvəsim məni qəzet “oğrusuna” çevirmişdi.

- Bəs kimdən təsirlənmisiniz?

- Məmməd Arazdan. Çünki ilk dəfə poeziya adına Məmməd Arazın kitabını oxumuşam.

- Bilirsiniz də Ramiz Rövşən söhbətinə görə bu sualı verdim...

- Mən Ramiz Rövşənlə çox sonralar rastlaşdım. Onu oxuyanda, artıq şair kimi formalaşmışdım. Ondan təsirlənsəm çəkinmədən deyərdim ki, ondan təsirlənmişəm. Amma elə bir şey yoxdur axı. Mənim üçün dilin şəhdi-şəkəri Məmməd Arazdır. Əliağa Kürçaylını, Əli Kərimi də çox sevirəm, amma onlar ustadım deyil. Ola bilsin Ramiz Rövşənlə bizim yazılarımız arasında haradasa ümumi bir səsləşmə var, amma duyğu, fikir fərqlidir. Ramiz Rövşənin duyğu ifadəsi tamam başqadır, mənimki tamam başqa. Mən elat adamıyam. Bu günlərdə xalq şairi, özümə böyük qardaş bildiyim Zəlimxan Yaqub “525-ci qəzet”də mənə açıq məktub yazıb. Yazının bir hissəsində mənim şeirdə işlətdiyim sözləri ayrıca sıralayıb. Sadəcə o leksikona baxmaq kifayətdir ki, mənim ruhumun nələrdən qidalandığını anlayasan. Birmənalı olaraq deyə bilərəm ki, Məmməd Arazdan təsirlənmişəm. Kefimin duru vaxtlarında İsa İsmayılzadəni, Eldar Baxışı oxumaq mənə ləzzət eləyir. Eldar Baxış ruh baxımından mənə daha yaxındır.

- Ramiz Rövşənin də Eldar Baxışla yaxınlığı var. Sizdəki bu ruh ordan gələ bilər...

- Ola bilər. Bilirsiz, daha öncə də demişəm, əgər kimsə desə ki, mən heç kimdən təsirlənməmişəm, bu adam səmimi deyil. Necə olur o böyüklükdə Məmməd Araz etiraf edir ki, məni Səməd Vurğunun “Yenə səni gördüm Dilcan dərəsi” misrası elə tutdu ki, sonunda şair oldum, amma indiki gənclər özlərini göydən səbətlə düşmüş hesab edirlər?! O ki, qaldı “Ramiz Rövşənin tutuquşuları” ifadəsinə, özünə zərrə qədər hörməti olan adam tanımadığı adam haqqında bu ifadəni dilinə gətirməz.

- Əsəd yazmışdı ki, bunlar şeir deyil nəğmədir...

- Əslində nəğmə şeirdən daha qədimdir. Əgər mənim şeirlərim Əsəd üçün nəğmədirsə, qoy elə nəğmə kimi yadında qalsın.

- Sizin üçün nədir bəs?

- Mənim yazdıqlarım ruhumun süzgəcindən keçənlərdir. İstəyirsən bunun adını nəğmə qoy, istəyirsən şeir. Əslində, mən şeirlərimi həmən kağıza köçürmürəm, uzun müddət başımda fırlanıb, duyğularımın kürəsində bişib hazır olandan sonra yazıram. Ədəbiyyatşünas Rüstəm Kamal mənim şeirlərimi oxuyandan sonra bu məqamı çox gözəl tutaraq belə bir ifadə işlətmişdi ki, Xaqani şeirlərini əvvəlcə özü üçün beynində dəfələrcə oxuyur-oxuyur sonra yazır. Ola bilsin Əsədin “nəğmə bənzətməsi” də bu duyumdan irəli gəlir.

- Siz gənclik illərində çap olunmusunuz və uzun müddət görünməmisiniz...

- Sonuncu dəfə şeirlərim 1992-ci ildə “Yol” qəzetində çap olunmuşdu.

- Nə ilə bağlıdır az çap olunmağınız?

- Bilirsiniz, təbir yerindəsə, mən Azərbaycan ədəbiyyatında cəmi iki il yaşamışam. İlk şeirimi Umud Rəhimloğlu 1987-ci ilin avqust ayında məndən xəbərsiz “Ədəbiyyat” qəzetində çap etdirmişdi. Ondan sonra bir-birinin ardınca, baxmayaraq ki, o vaxtlar çap olunmaq çox müşkül məsələ idi, heç bir çətinlik-filan olmadan “Elm və Həyat”, “Ulduz”, “Azərbaycan”, “Gənçlik” kimi jurnallarda və bir neçə qəzetdə çap olundum. Bu mənada, iki il çap olunan şair ömrü yaşamışam. Bundan sonra 1989-cu ildə Azərbaycandan ayrıldım və uzun müddət başım təhsilə və digər qayğılara qarışdı. Sonra öz-özümə dedim ki, artıq mən Azərbaycan ədəbiyyatından qədərincə uzaqlaşmışam, heç bir dərgidə-qəzetdə çap olunmuram yəqin imzam unudulub. Yenidən “qayıtmağa” çox da həvəsli deyildim. Amma aradan 21 il keçəndən sonra, keçən il sağ olsunlar, dostlarım Məti Osmanoğlu və Qurban Yaquboğlu “Gündəlik Teleqraf” qəzetində məndən xəbərsiz şeirlərimi çap eləyib mənə sürpriz etdilər. Bu il də Kulis.az-da, “525-ci qəzet”də, bir də Qulu Ağsəsin ilk baş redaktoru olduğu “Ulduz”un aprel sayısında çap olundum.

Amma bu illər ərzində yenə sağ olsunlar, dostlar məndən xəbərsiz şeirlərimi Gürcüstanda, Türkiyədə, Qazaxıstanda, Krımda çap elətdiriblər. Və təbii ki, Estoniyada çap olunmuşam.

# 11122 dəfə oxunub

Müəllifin son yazıları

# # #