Həmid Herisçinin sayğısızlığı

Həmid Herisçinin sayğısızlığı
18 avqust 2011
# 12:05
Sayğıdəyər qələm adamları Həmid Herisçi və Rafiq Tağı arasında yaranan polimika mahiyyət etibarilə mənə çox cılız görünür.
Həmid Herisçinin kifayət qədər haqsız fikirləri, Rafiq Tağının bu fikirlərdən əsəbləşərək yazdığı əsəbi yazı məndə xoş təəssürat yaratmadı.
Hərçənd ki, Rafiq Tağı Həmidə başqa cür cavab verə bilməzdi.
Həmidin sayğısızlığının cavabı ancaq bu cür verilməli idi.
Öncə Həmidin məlum müsahibəsinə fikir bildirmək istəyirəm.
Həmid bizim bütün klassik ədəbiyyatımızı “dekonstruksiya” adlandırır.
Bu fikirlə qətiyyən razılaşmaq mümkün deyil.
Azərbaycanda dekontruksiyanın görkəmli nümayəndəsi olan, Azərbaycana postmodernizmi gətirdiyini iddia edən Həmid yaxşı bilir ki, “Azərbaycan klassik ədəbiyyatı bütünlüklə dekontruksiyadan ibarətdir” demək yanlışdır.
Görünür Həmid yalnız yazılı ədəbiyyatımızdakı müəyyən nümunələri nəzərdə tutur.
Klassik ədəbiyyatımızda minlərlə əsər var ki, həmin əsərləri dekontruksiya adlandırmaq insafsızlıqdır və kökündən səhvdir.
Eyni zamanda klassik ədəbiyyatımızda dekontruksiyanın olduğunu iddia edən Həmid, eyni zamanda ədəbiyyatımıza dekontruksiya lazım olduğu üçün postmodernizmi gətirdiyini iddia edir. Qəribədir, deyilmi?
Həmid eyni zamanda İran fars rejiminə xidmət edən, mövhumatdan hələ də xilas ola bilməyən nardaranlıları tərifləyir. Halbuki Nardaran camaatının islamı olduğu kimi yaşaması belə sual altındadır. İran ayətullahlarına könül verib, onların yolunu gedən nardaranlıları Həmid kimi müasirliyə və demokratikliyə iddialı yazarın savunması çox gülməlidir. Məgər Həmid Nardaranlıların hansı yola xidmət etdiyini bilmir?
Əgər bilmirsə Həmid hansı haqla özünə konspiroloq deyir?
Yoxsa onları tərifləməklə, təqdir etməklə özünə divident qazanır?
Azərbaycanda islamı qorxulu şəkildə təbliğ edən fars mollalarının yerli ardıcıllarının dövlətçiliyimizin gələcəyi üçün nə qədər təhlükəli olması əcəba hansı səbəbdən konspiroloq Həmidin diqqətindən yayınır?
Konspiroloq yazarımızın islamdan bilgisizliyi o dəqiqə hiss olunur.
Həmid daha çox şiə məzhəbçiliyi edir.
Həmidin təhsil haqqında söylədiyi fikirlərlə müəyyən qədər razıyam.
Bəli, bizim milli təhsil sistemimiz yoxdur.
Ancaq müəyyən qədər mədrəsə təhsili almış birisi kimi, Azərbaycanda dini məktəblərin olmasını arzulamaq kökündən yanlış hesab edirəm.
İslamın təhsil sistemində yer alması Azərbaycan təhsilini daha bərbad hala sala bilər.
Bu gün İran, Səudiyyə Ərəbistanı kimi islam ölkələrində təhsil alıb ölkəyə qayıdan gənclərimiz Azərbaycanda rüşvətlə təhsil alan gənclərdən daha təhlükəlidir.
Mistik aləmdən, konspirologiyadan, elmdən, fəlsəfədən danışan Həmid öz təriqətində tək olduğunu yazır.
Mən əminəm ki, Həmid təriqətin nə olduğunu yaxşı bilir və onu da yaxşı bilir ki təriqət tək mürşiddən ibarət ola bilməz.
Həmid əl-cəfr elmindən danışır və bu sahədə də tək olduğunu qabartmağa çalışır.
Kimsənin özünə qoşulmadığından şikayətlənir.
Axı ilin günün bu vaxtı əl-cəfr elmi kimə lazımdır?
Nardaranın tərifini göylərə qaldıran Həmidin əl-cəfr elmini tərifləməsi o qədər də qəribə deyil. Yəqin nə vaxtsa, nücum, rəml, əlkimya kimi elmləri də tərifləyib göylərə qaldıracaq.
Həyatı bu qədər qəlizləşdirməyə ehtiyac varmı görəsən? Axı sadə həyat həqiqətləri daha qabarıq olduğu halda şifrələrə nə ehtiyac?
Tamam, mən Həmidin bu elmə olan marağına bir söz demirəm. İnsanın şəxsi seçiminə dil uzatmaq haqqımız deyil. Amma əl-cəfr elminə maraq göstərdiyi halda çox sadə bir tasavvuf şifrəsini çözə bilməyən Həmidin qeyri-ciddi yanaşmasına təəssüflənməyə bilmirəm.
Bu qədər bilgili olduğunu iddia etdiyi halda, Xanəmirin şifrəsini çözə bilmir. “Gül” və “su” kimi sadə təsəvvüf simvollarını Xanəmirin öz tapmacası adlandırır.
Mən qəbul edirəm ki, Həmid mütaliəli və savadlı adamdır. Xüsusilə Həmidin şeirləri mənim çox xoşuma gəlir.
Amma Həmidin məzhəbçilik edəcək qədər xırdalanacağı heç vaxt ağlıma gəlməzdi.
Şimali Azərbaycanlıları qeyri-ciddilikdə suçlayan Həmid, özünün bir müsahibədə nə qədər qeyri-ciddi fikir səsləndirdiyinin fərqinə varmır.
Dəyərli Həmid bəyə xatırlatmaq istəyirəm ki, “Yeni Musavat” qəzetində “qeyri-ciddi” hesab etdiyi adamlar haqqında ciddi portret yazılar hazırlayır.
Həmidin ikinci yazısında həmişə qeyri-ciddi hesab etdiyi Şimali Azərbaycan ziyalılarını Əli bəy Hüseynzadəni, M.Ə. Rəsulzadəni, Nəriman Nərimanovu Rafiq Tağıya xatırlatmaqla nə demək istədiyi qətiyyən anlaşılan deyil.
Həyatını gah o qapıda, gah bu qapıda keçirən Cəmaləddin Əfqani ilə bağlı Qan Turalı Həmidə yetərli cavabı verib.
Rafiq Tağı Həmidin təhqiramiz və qeyri-səlis müsahibəsinə verdiyi cavabda şəxsən mənim razılaşmadığım məqamlar var.
Rafiq Tağı müdriklik göstərib Həmidi aşağılamaya bilərdi.
Təəssüf edirəm ki, Rafiq bəy kimi oturuşmuş bir yazıçı bu cür yazı yazıb.
Həmidə görə Qafar Kəndli kimi bir inqilabçını, Cənubi Azərbaycanı tənqid eləmək məncə doğru deyil.
Şimallı-Cənublu Azərbaycanı mövzu eləməyi hər iki yazarımıza yaraşdırmıram.
Həmid avantüradan əl çəkməli, Rafiq Tağı da Həmidin qəbahətini Güney Azərbaycanlıların ayağına yazmamalıdır.
# 1798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #