Diletant haqqında fəlsəfi esse

Diletant haqqında fəlsəfi esse
7 aprel 2015
# 08:30

Üzeyir Mehdizadəyə və onun alovlu pərəstişkarlarına...

Diletant, diletantlıq nədir?

Bu yazımda yuxarıdakı sualın cavabını tapmağa çalışacam. Bir növ diletant filosofluq edəcəm. Böyük sənətkarımız Aşıq Telli Borçalının təbirincə desək, “Elə sizin ajığınıza”.

Diletant fransız sözüdür (diletánt) – xüsusi hazırlığı, sistematikliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar.

Bilmirəm, fikir vermisinizmi, bütün diletantlar bir-birinə bənzəyir.

– Diletant iddialıdır.

Həyatın bütün sahələrindəki diletantların mütləq bir oxşar cəhəti var – iddia!

Elmdə də, musiqidə də, kinoda da, ədəbiyyatda da diletantın iddiası yerə-göyə sığmır. Onun-bunun ağzından eşitdiyi fikirlərlə meydan sulayır. Tez-tez özünü öyür, gözə soxmağa çalışır. Diplomlar, təltiflər, titullar üçün ürəyi gedir. “Müəllim”, “cənab”, “bəy”, “ustad” müraciətindən hədsiz dərəcədə xoşbəxt olur. Özünü təqdim edəndə titullarını sıralamaqla yanaşı adının qarşısına “müəllim” sözünü əlavə etməyi unutmur. Məsələn, tanımadığı bir adama zəng edib:

“Sizi narahat edən Diletant müəllimdir” – təqdimatını etməyi vacib sayır.

“Mənim əsərlərim”, “Mənim elmi işim”, “Mənim elmi məqaləm”, “Mənim uğurlarım”, “Mənim layihəm”, “Mənim ideyam”, "Mənim albomum", "Mənim konsertim", "Mənim dinləyicim", "Mənim oxucum" deməkdən zövq alır. Bir sözlə, diletantın eqosu yerə-göyə sığmır. Onun düşük iddiaları ətrafdakıların lağ hədəfi olsa da, o bundan utanmır. Çünki boş iddiaların arxasında böyük bir nadanlıq gizlənir...

– Diletant paxıldır.

O, mütləq peşəkarın, istedadlının, qabiliyyətlinin paxıllığını çəkir, bacardıqca başqalarını aşağılamağa, əzməyə, ruhdan salmağa çalışır.

Peşəkarlığın yolu enişli-yoxuşlu, girintili-çıxıntılı, nahamardır. Peşəkarlıq əziyyət tələb edir. Çox oxumaq, çox yazmaq, çox səhv etmək peşəkarı qorxutmur. Ona görə də hər şeyi asanlıqla, rahathulqum əldə edən diletant peşəkara paxıllıq edir, onun əzablı uğurunu həzm edə bilmir.

– Diletant qəzəblidir.

Diletantın tənqidə dözümü yoxdur. O tənqidi bağışlamır və onu tənqid edənlərə mane olmaqdan zövq alır. Tənqid ona mane olur, qorxudur, geri çəkilməyə məcbur edir. Diletantlar tez-bazar “uğur” qazandığı üçün onun ətrafında mütləq bir dəstə məddah toplaşır. Məddahlar faktiki olaraq diletantı gözdən salsa da, o bunu hiss etmir. O məddaha sevgiylə, tənqidçiyə qəzəblə yanaşır.

– Diletant yaltaqdır.

İstedadlının və peşəkarın paxıllığını çəksə də, imkan düşdükcə peşəkara, istedadlıya yaltaqlanır. Yüksək dairələrdə özündən də qeyri-peşəkar havadarları olan diletant ani sıçrayışlarla qabağa gedir, mahnı bəstələyir, klip çəkdirir, kitab yazır, əsərləri səhnəyə qoyulur, elmi işini müdafiə edir, elmi kəşfinə patent alır, qəzet açır, sayt yaradır, mükafatlar alır. Bütün bunları əlahəzrət pulun və möhtərəm “dayday”ın hesabına əldə etdiyi üçün hər ikisinin köləsinə çevrilir. Daxili əzikliyi, kompleksləri də məhz buna görə ona əzab verir.

– Diletant kobuddur.

Ən güclü silah hesab edilən sözlərdən kifayət qədər yaxşı istifadə edə bilmədiyi üçün, kobudluq, köntöylük edir. Ala-çiy düşüncəsi onu fərqli situasiyalarda çətin vəziyyətə salır.

Tez karıxır.

Kobudluq, yekəbaşlıq etməklə özünü vəziyyətdən çıxarmağa cəhd edir. Bu isə vəziyyəti daha da pisləşdirir.

– Diletant tələskəndir.

Qarşısına qoyduğu hədəflərə çatmaq üçün hamını əzməyə hazırdır. Əlinə düşən fürsəti hiyləgərcəsinə dəyərləndirib, tələsik şöhrət qazanmağa meylli diletant çox zaman bunu bacarır. Kütlə diletanta inanır. O hər zaman kütlənin ruhuna uyğun görkəmdədir. Kütləni ovsunlamağı, ehtizaza gətirməyi bacarır. Onun musiqisi dəbdədir, kitabları oxunur, dərslikləri tədris olunur, kitabları satılır, efirlərdə səliqəli və ütülü cümlələri qızıla bərabər tutulur. O hər yerdə tələsir. Həmişə zamanın, vaxtın azlığından şikayət edir.

Bu kiçik fəlsəfi esse sizə azacıq da olsa diletantı tanıtdırdı. Amma yadımdaykən deyim, siz də unutmayın: peşəkarlar hər zaman diletanta möhtacdır.

Bu fikri izah etməyəcəm, elə belə, aforizm kimi yadda saxlayın...

# 6805 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #