Azərbaycan kitabının dərdi

Azərbaycan kitabının dərdi
5 iyun 2015
# 08:00

“Əli və Nino” kitab mağazasının yerli yazarlara göstərdiyi laqeydlik, biganəlik daha bir neçə mövzunu aktuallaşdırdı. Uzun müddətdir hamının sükutla üstündən keçdiyi məsələlər qısa müddətdə müzakirə mövzusuna çevrildi. Heç kəsə sirr deyil ki, Azərbaycan yazıçısı ortaya kitab çıxarırsa həmin kitabın həm müəllifi, həm PR meneceri, həm ədəbi agenti, həm satış meneceri, bəzi hallarda isə sponsoru və hətta satıcısıdır.

Kitab bazarındakı canlanma və PR məsələsi

İllərdir kitab bazarında yaranan boşluq və xaosun içərisindən ilk olaraq “Qanun” Nəşriyyatı sıyrıla bildi. İlk dəfə, qonorarsız olsa da, yerli müəlliflərə etimad göstərib onların kitablarını bazara çıxarmağa Şahbaz Xuduoğlu cəsarət etdi. Şahbaz Xuduoğlu Azərbaycan yazıçısını mağaza-mağaza gəzib öz kitabını satmaqdan xilas etdi. Ənənə yaratdı. Bir neçə il öncə “Ən yeni ədəbiyyat” seriyası təsis olunanda yaşanan qalmaqal çoxlarının yadındadır. O zamanlar aktiv jurnalistika ilə məşğul olduğum üçün yaranan söz-söhbətləri indi də çox yaxşı xatırlayıram. “Ən yeni ədəbiyyat”, “Birİnci” seriyaları təsis olunanda yerli müəlliflərin vəziyyəti indiki kimi deyildi. Hansısa gənc yazar roman, hekayə yazıb rahat-rahat çap etdirə bilmirdi. O zamanlar da yalnız müəyyən qruplarda təmsil olunanların kitab nəşr etdirmək, o kitabı cəmiyyətə təqdim etmək imkanı vardı. Mağazalar yaşlı və kiflənmiş adamların kərpic-kərpic kitabları ilə dolu idi. “Qanun” bu prosesə düzgün istiqamət verdi. Kitab çapında nizam-intizam, səliqə-sahman yarandı. 6-7 il əvvəl nəşr olunan kitablarla indiki kitabları müqayisə etmək kifayət edir ki, fərqi hiss edəsən. “Qanun”un xidmətlərini danmaq insafsızlıq olardı.

Bir müddət nəşriyyatlarda çalışdığım üçün, yerli yazarları çap edib bazara çıxarmağın nə qədər riskli olduğunu yaxşı bilirəm. İllərdir biz yerli yazarlar kitab çap etdirib, həm də onun satışı ilə, piarı ilə məşğul oluruq. Şəxsən mən müxtəlif yarmarkalarda, müxtəlif tədbirlərdə kitab satışı ilə kifayət qədər məşğul olmuşam. Həm öz kitablarımı, həm yerli həmkarlarımın kitablarını bacardıqca təbliğ etmişəm. “Qanun” Nəşrlər Evində Azərbaycan Ədəbiyyatı şöbəsinə rəhbərlik etdiyim dövrdə onlarla yerli yazarın kitabının nəşrini Şahbaz bəyə tövsiyə edib, xahiş edib müsbət cavab almışam. Qısa müddət ərzində həm yaşlı, həm də gənc nəslə aid yazıçıların kitablarının nəşrində bilavasitə iştirak etmişəm. Bəlkə də o kitablar hələ də anbarlarda öz alıcısını gözləyir. Reallığı bildiyim üçün nəşriyyatın yerli yazarlardan böyük qazanc əldə etmədiyini də bilirəm. “Hədəf” nəşrlərində baş redaktor kimi fəaliyyət göstərdiyim dövrdə də eyni şəkildə həm gənc nəslin, həm də yaşlı nəslin kitablarının çapında yaxından iştirak etmişəm. Bütün sadaladıqlarım öz xidmətimi gözə soxmaq deyil, sadəcə kitab bazarından kifayət qədər xəbərdar olduğumu diqqətinizə çatdırmaqdır.

Azərbaycan yazarını ciddi şəkildə təbliğ etmədən, oxucunun ayağına getmədən onun kitabını satmaq mümkün deyil. Bunun əsas səbəbi yerli yazarlara oxucu inamsızlığıdır. Bu inamsızlığın arxasında ədəbiyyatımıza olan soyuq münasibət, kitabdan uzaq düşməyimiz və oxumağa laqeydliyimiz dayanır. Məsələn, nə kitab bazarının canlanması üçün çabalar göstərən “Qanun” Nəşrlər evi, nə Azərbaycan ədəbiyyatına xidmət etdiyini iddia edən Azərbaycan Yazıçılar Birliyi, nə də digər nəşriyyatlar indiyə qədər bir nəfər də gənc yazarın PR kampaniyasını sona qədər uğurlu şəkildə aparıb cəmiyyətə təqdim edə bilməyib. Bəzən nəşriyyat sahiblərini qınamıram. Çünki nəşriyyatı saxlamaq üçün böyük pullar lazımdır. Amma bəzən əksəriyyətini şəxsən tanıdığım naşirləri qınayıram. İddia edirsənsə, iddialarına uyğun şəkildə davranmaq məcburiyyətindəsən. Hələ mövzu kitabdırsa, qazanc mənbəyin kitab satışıdırsa kitabı həqiqətən təbliğ etmək nəşriyyatların borcudur. “Qanun” onlarla gənc şairin, yazıçının kitabını nəşr edərək bazara çıxarıb. Müxtəlif yarmarkalarda gənclərin həm fərdi, həm də kollektiv imza gününü təşkil edib, kitablarla bağlı kampaniyalar keçirib. Amma ortada nəticə yoxdur. Ya da nəticəni bizdən gizlədirlər. Eyni cəhdləri bir müddət çalışdığım “Hədəf” nəşrləri də edib. Yerli yazarların nəşriyyatlara arzuolunan səviyyədə pul qazandırmadığına adım kimi əminəm. Amma bu heç bir naşirə haqq vermir ki, yerli yazarlara aşağılayıcı münasibət sərgiləsin. Məsələn, “Qanun” nəşriyyatı ard-arda iki kitabımı, “Hədəf” nəşrləri isə üç kitabımı çap edib. Şəmkirdə, Sumqayıtda, Bakıda müxtəlif vaxtlarda kitab təqdimatı, imza günü keçirmişəm. Yalnız “Hədəf” Nəşrlərində çap olunan son iki kitabımın satışında mənə görə normal nəticə əldə etmək mümkün olub. Hər iki nəşriyyatda çap olunan kitablarımın hazırki taleyi məni qətiyyən maraqlandırmır. Çünki, heç bir nəşriyyat çap olunan kitablarıma görə mənə qonorar ödəməyib. Sadəcə şəxsi münasibətlər zəmnində bəzən 10, bəzən 20, bəzən 40 kitabımı nəşriyyatdan götürüb oxuculara pulsuz paylamışam. Eyni zamanda indiyə qədər yüzlərlə kitabımı öz pulumla alıb oxuculara hədiyyə etmişəm. Və etiraf edim ki, yerli yazarların faciəsi buradan başlayır. Çünki ən yaxın adamlarımız; qohumlarımız, dostlarımız, doğmalarımız bizim kitablarımıza pul vermək istəmir. Ümumiyyətlə, Azərbaycan oxucusu kitaba pul vermək istəmir. Bu da məsələnin ən ağrılı və ən qorxulu tərəfidir.

Gözdən pərdə asan iddialar və reallıq

Bu gün başda mənim əziz dostum Şahbaz Xuduoğlu olmaqla, bütün naşirlərin bir iddiası var. Biz kitaba xidmət edirik, kitabı təbliğ edirik, ədəbiyyat üçün çalışırıq. Xub, mən razı. Məsələnin gözlə görünən tərəfi ilə razılaşmamaq nadanlıq olardı. Amma mən naşirlərimizdən, ədəbiyyatımızın təbliğatı ilə məşğul olduğunu iddia edən digər təşkilat rəhbərlərindən bir məsələni aydınlığa qovuşdurmalarını rica edirəm. İllərdir Beynəlxalq Kitab yarmarkalarında, kitabla bağlı beynəlxalq təbirlərdə iştirak edirsiniz. İndiyəcən hansı yerli müəllifə dəstək olub, beynəlxalq tədbirlərə aparmısınız? Hansı yerli yazıçının normal PR kampaniyasını qurub, sonacan o yazara dəstək olmusunuz? Siz kitabın təqdimatından, təbliğindən danışırsınız, amma hər şey kənardan başqa cür görünür. Deyim necə? Kənardan görünən budur: siz hansısa saytda, qəzetdə çalışıb imzasını tanıda bilən yerli yazarlardan sadəcə öz təbliğatınız üçün istifadə edirsiniz. Sonra isə əziyyətindən, imzasından istifadə etdiyiniz yazarlara oxucu marağının olmadığından şikayətlənirsiniz.

Mən naşirlərimizin kitaba və yazara münasibətində səmimiyyət çatışmazlığı hiss edirəm. “Qanun” nəşriyyatının ətrafında yaranan qalmaqal, nəşriyyatın qəfildən böyük məbləğdə cərimələnməsi yadımızdan çıxmayıb. O günlərdə hamımız “Qanun”u dəstəkləmək üçün birləşdik. Bu gün “Qanun”un sahibi Şahbaz bəy biznes partnyorunu dəstəkləmək üçün var gücü ilə səy göstərir. Şahbaz bəy Nigar Köçərlinin yerli yazarlara qarşı apardığı kampaniyada kitab satışı ilə məşğul olan partnyorunun, milli ədəbiyyata laqeyd tacirin yanında yer alır. Oysa ki, içi mən qarışıq yazarların əksəriyyəti Şahbaz bəyi öz yaxın dostu hesab edir və dostca davranır. Digər naşirlər və kitab ticarəti ilə məşğul olanlar isə ümumiyyətlə susur, laqeydlik sərgiləyir. Eyni zamanda bu gün yerli yazarların kitablarının satılmadığından gileylənən Nigar Köçərli kitab mağazalarından birini məcbur olub qapadanda, biz yazarlar ona dəstək olduğumuzu bəyan etmişdik. Şəxsən mən kitaba qarşı baş verən istənilən haqsızlığa yenə də susmayacam. Bu haqsızlığın Nigar Köçərliyə, Şahbaz Xuduoğluna, Rasim Qaracaya, Qan Turalıya qarşı edilməsinin heç fərqi yoxdur.

Nigar Köçərli Milli Kitab Mükafatı kimi mötəbər bir mükafat təsis edib, milli ədəbiyyat üzərindən öz reklamını qurursa, yerli yazarların kitablarını da rəflərin ən görünən yerinə yığıb canla-başla təbliğ etməlidir. Bunu etmirsə gördüyü işlərin səmimiyyətinə kölgə salmış olur.

Tərcümə və başqa məsələlər

Son olaraq bir məsələni də vurğulamadan üstündən keçə bilməyəcəm. Son iş yerim “Hədəf” nəşrləri olub. Nəşriyyatda çalışdığım müddətdə onlarla kitabı redaktə etmişəm, onlarla kitabın tərtibatında, təbliğatında və PR kampaniyasında şəxsən iştirak etmişəm. Eyni zamanda yeddi kitab tərcümə edib, üç müəllif kitabımı nəşr etdirmişəm. Tərcümə etdiyim kitablar hər ay “ən çox satılanlar” siyahısındadır. Müəllifi olduğum kitablar da zamanında pis satılmayıb. Yəni nəşriyyat mənim zəhmətimdən kifayət qədər qazanır. Üstəlik bu kitabların təbliğində və PR-ında da az əziyyət çəkməmişəm. Amma bəziləri ikinci dəfə nəşr olunan tərcümə kitablarım bir kənara, müəllifi olduğum kitabların nəşri və satışı ilə bağlı nəşriyyatla heç bir müqaviləm yoxdur. Tərcümə etdiyim kitablara görə aldığım qonorarı da simvolik hesab edirəm. Çünki yerli nəşriyyatlar tərcümənin keyfiyyəti ilə bağlı tərcüməçi ilə mübahisə etməyi yaxşı bacarsa da, standartlara uyğun qonorar verməyi vacib hesab etmir. Tərcümə standartı ilə bağlı iddiası olan naşirlərdən bir suala cavab vermələrini xahiş edirəm. Standartlara uyğun tərcümə tələb etdiyiniz tərcüməçiyə standartlara uyğun qonorar vermək lazım deyilmi? Yaxşı, buna nə ad qoyaq, necə don geyindirək? Ümumiyyətlə, bu cür məsələlərdə hər şeyi vicdanın mühakiməsinə buraxmamaq lazımdır. Qanunlar bu məsələləri tənzimləməlidir.

Bu yazıda bəyənmədiyiniz, dışladığınız və aşağıladığınız yerli yazarlara siz naşirlərin, kitab biznesi ilə məşğul olanların münasibətini işıqlandırmağa çalışdım. Bizlər haqlıykən haqsız duruma düşənlərik. Könül istərdi ki, naşirlər önyarğıları bir kənara qoyub yerli yazıçılara dəstək versin. Əgər yerli ədəbiyyatın təbliğinə, kitabın cəmiyyətdə öz layiqli yerini tutmasına həqiqətən çalışırsınızsa, bunu gözardı etməyin. Yoxsa təsis etdiyiniz müsabiqələrin, çap etdiyiniz kitabların və iddialarınızın mənasızlığı şəxsən özünüzə əziyyət verəcək.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #