Əyyaş atanın İmam oğlu Şeyx Şamil

Əyyaş atanın İmam oğlu Şeyx Şamil
5 mart 2014
# 09:00

Ata ilə oğul üz-üzə...

Şeyxin rus əsirliyindən qayıdan oğlu Cəmaləddin atasına təklif edir ki, düşmənlə sülh bağlamağın, silahdan əl çəkməyin vaxtıdır. Şamil oğlunu sürgünə göndərir, dağlı libası geyinməyə məcbur edir. Cəmaləddinin özü ilə gətirdiyi “kafir kitabları”nı çaya atmaq istəyən müridlərə imamın cavabı kəsə olur: “Bu kitablar doğma torpaqlarımızda bizə güllə atmayıb. Onlar aullarımızı yandırmayıb, adamlarımızı öldürməyib. Kim kitaba sataşsa, kitab onu biabır edər”.

... Oğlunun üzünə qayıtmağı Şeyxə illərin o üzündə qalan bir hadisəni xatırlatmışdı:

İçki düşkünü ata ilə üləma Şeyx Məhəmməd məktəbi keçən oğul üz-üzə gəlir:

- Ata, içki şəriətə ziddir, Allah yanında günahdır. Yalvarıram sənə, bundan sonra o zəhrimarı içmə. Mənə and iç, and iç ki, onu bir də dilinə vurmayacaqsan!

Danqa Məhəmməd odla su arasında qalmışdı. Amma Şamilin – bu 14 yaşlı yeniyetmənin yarı qəzəbli, yarı yalvarış tonlu səsindəki qətiyyət iradəsini sındırır: and içir... hə, and içir ki, dilinə şərab dəyməyəcək. Amma iradənin sınmağına nə verirlər?! İçilən təkcə and olmur...

Düz yeddi dəfə Allahı, peyğəmbəri şahid çağırsa da, nəfsə qalib gəlmək Danqa Məhəmmədin işi deyildi.

Şərabın gətirdiyi sərxoşluğun yeri bir başqaydı...

Şərabdan aldığı ləzzəti nə ovdan alırdı, nə at çapmaqdan, nə də... yalan olmasın, qadından.

Deyirlər, düşkün atanın içində oğul çəkinəcəyi vardı: bircə Şamil bilməsin!

Get-gedə xasiyyəti tündləşən, ağırtaxtalı kişiyə çevrilən Şamil atasının anda xilaf çıxmasını həzm edə bilmir və bir axşam... Və bir axşam Danqa Məhəmmədin qarşısına keçir. Oğlunun özbaşınalığı kişinin içini qaynar qurğuşun kimi yandırır. Ata səsi çatan qədər bağırır:

- Rədd ol, evdən!

Şamil yerindən tərpənmir. Danqa Məhəmməd bir də qışqırır. Bu dəfə oğulun əli xəncərin qəbzəsini sıxır.

- Məni öldürmək istəyirsən?

- Yox, özümü öldürmək istəyirəm.

Ata bilirdi ki, oğlu sözübütövdür: dedisə özümü öldürəcəm, deməli, öldürəcək. Həmin gündən sonra içilən təkcə and olur...

Filosofun intiharı...

...Və bir zaman gəldi ki, Şeyx Şamilin mərdliyi, mətanəti haqqında nəvə-nəticələrinə söhbət açmaqdan çəkinən insanlar ondan qalaq-qalaq kitablar yazdılar, üstəlik, əlbəttə, bunu etiraf etməkdən çəkinmədilər. Bir vaxtlar “müridizm hərəkatına başçılıq etməklə pantürkizmə və panislamizmə xidmət göstərən” Şeyxi sonralar dağlar qartalı, Qafqaz pələngi deyib öymədilərmi, öydülər!

1953-cü ildə Tbilisidə nəşr olunan “Şamil – sultan Türkiyəsinin və ingilis müstəmləkəsinin nökəri” kitabından sonra Şeyxin gözdən salınması kampaniyası başlayır. Filosof Heydər Hüseynov bir cümləsinin bədəlini həyatı bahasına ödədi.

Filosofun 19-cu əsrdə Qafqaz fəlsəfi fikir tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir. Kitabın müqəddiməsində İmam Şamil mütərəqqi və demokratik lider, azadlıq fenomeni kimi göstərilir. Bu marksist ideyalara daban-dabana ziddiydi, “Şamil millətçi hərəkatın nümayəndəsi, türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs idi”. Azərbaycan KP MK SSRI Nazirlər Soveti qarşısında vəsatət qaldırır ki, Heydər Hüseynov Stalin mükafatlarından məhrum edilsin. Vəsatət təmin edilir.

İşə bax: Heydər Hüseynov hər iki Stalin mükafatının pulunu yetimlər evinə bağışlamışdı.

Əsərin Mirzə Kazımbəy hissəsində SSRİ “əleyhinə” olan hissələr aşkara çıxarılır. Şeyx Şamil Peterburqda əsir saxlanılarkən Kazımbəy onunla iki dəfə görüşüb Şeyxə öz kitabxanasından on beş kitab bağışlamışdı. Hətta birlikdə dəvət aldıqları Marinski teatrında “Katerina” və “Pəri” baletlərinə baxmışdılar.

Heydər Hüseynov bunları bilirdi. Ona görə də Kazımbəy haqqında yazarkən müridizm məsələsinə toxunmamaq mümkünsüz idi. Məhz bu məsələ filosofun əleyhinə istifadə edilir. Mircəfər Bağırov 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq tələb edir ki, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu yazsın. Heydər Hüseynovun qəti imtinası taleyinin hökmünü verir. Hüseynov Kommunist Partiyasından çıxarılır, Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir.

Repressiya olunan Hüseynova Şeyx Şamilin yurdundan dəstək gəlir. Filosof tutduğu vəzifəsindən azad olunandan sonra Rusiya Elmlər Akademiyasının Dağıstan filialının direktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Həbibulla Əmirxanov alimi öz yanında işə dəvət edir. Heydər Hüseynov dəvəti qəbul etmir.

Beləliklə, haqsız təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 1950-ci ilin 15 avqustunda damarlarını kəsib özünə qəsd edir.

* * *

Aleksandr Dümanın “Qafqaz səfəri” əsərindən qəribə bir cümlə: ilk görüşdən adam onu əmr vermək üçün yaranmış şəxsiyyət kimi qəbul edir”...

* * *

Günlərin birində Çeçenistandan ağsaqqallar nümayəndəsi Şeyxin yanına təşrif gətirir. İstək sadə idi: çoxlu qırğınlar vermişik, müharibə kəndlərə, ailələrə bədbəxtlik gətirib, camaat yığıncağında məsləhətə gəliblər ki, ruslarla barışıq elan edilsin.

Amma bunu Şamilə birbaşa demək olardımı, olmazdı! Ağsaqqal niyyətini Şeyxin anasına açır. Bu həmin qadın idi ki, oğlunun ana məhəbbətinə güvənib, Şeyxin ən qəzəbli vaxtında bir neçə adamın həyatını satın almış, ölüm hökmünü dəyişdirmişdi. Şamil anasının sözünü axıracan dinləyir.

- Mən bizi yaradan Xaliqlə məsləhətləşmədən cavab verə bilmərəm.

Sonra ibadət üçün üç gün möhlət istəyir. Məsciddən bənizi ağarmış, əldən düşmüş halda çıxır.

- Xaliqdən səda gəldi ki, cihadımızı dayandırıb ruslara təslim olmaq təklifini ilk dəfə kimdən eşitmişəmsə, ona cəza olaraq yüz qırmanc vurulmalıdır. O, mənim doğma anamdır. Qoy olsun. Allahın iradəsi yerinə yetirilməlidir. Fəqət mənim ətim, qanım, sümüyüm onunkundandır, ona görə yüz qırmanc mənə vurulacaq.

Ananın fəryadını yellər aparır.

Şamil qurşağa qədər soyunub uzanır və qırmanc vuranı xəbərdar edir: zəif vursan, səni də eyni cəza gözləyir.

Şeyx al-qan içində ayağa qalxıb üzünü dəhşətə gəlmiş çeçenlərə tutur:

- İndi gedin, gördüklərinizi və eşitdiklərinizi Çeçenistanda danışın.

* * *

Rus komandanlığı böyük qüvvə toplayıb Çeçenistanı diz çökdürməyə hazırlaşırdı. Əməliyyatın müəllifləri baron Rozenlə general Velyaminovun planı belə idi: on minlik bir ordu və 28 topla Çeçenistanın daşını daş üsündə qoymamaq, kəndləri yerlə-yeksan etmək, əkinləri yandırmaq, mal-qaranı sürüb aparmaq, adamları ucdantutma qırmaq.

Altı gün sonra altı yüz evlik Germençuk kəndi dağıdılır. Bir qrup çeçen və dağlı kənddə üç ev qalanadək vuruşur. Bu üç evə çəkilən müridlər onlara təslim haqqında verilən təklifləri rədd edirlər. Evlərə atılan qumbaraları fövqəladə cəldliklə qapıb geri – rus əsgərlərinin üstünə atırlar. Rus komandiri belə adamların cəsarətindən vəcdə gəlir və onların məhv olmasını istəmir. Atəşi dayandırıb bir kazakı içəri göndərir ki, onları yola gətirsin. Baş komandan adından söz verilir: ailələrinə qayıtmaları təmin ediləcək. Bir neçə çeçen bayıra çıxıb deyir:

- Biz sizdən heç bir mərhəmət istəmirik. Yeganə xahişimiz budur: ailələrimizə deyin, yad boyunduruğuna girməmək üçün ölməyi üstün tuturuq.

Çeçenin demək istədiyi son söz ağzında qalıb torpağa döşənir. Az sonra evlərdə qalan altı nəfər döyüşçü sürünməyə başlayır və hamısı atəşə tutulub öldürülür. Alovlanmış evlərin içində diri-diri yanan yetmiş iki döyüşçünün meyiti tapılır. Bir nəfər də çeçen və dağlı diri ələ keçmir.

Çeçenistanın tam istilası başa çatdırılır, səksən kənd təslim edilir, almış bir kənd xəritədən silinir.

Şamilin özünə ustad bildiyi Qazi Məhəmməd çeçenlərin müqavimətinin tam qırıldığını görəndə yəqin edir: rusların Dağıstanla haqq-hesab çürütməyinin vaxtıdır. Və şübhə etmir ki, əsas hədəflərdən biri onun doğma kəndi Gimri olacaq. Qazi Məhəmməd daxili fəhm qüvvəsi ilə uğursuzluğun yaxınlaşdığını hiss edir. İranqay aulunda qohumlarının evində qonaq olan Qazi qohum-əqrəbasını başına yığır ki, mən sizi tezliklə tərk edəcəm, Allahın dərgahı məni gözləyir. Mürid qohumlarında bir nəfər soruş:

- Bəs başladığın bu böyük işi kimə tapşıracaqsan?

Qazi qətiyyətlə deyir: “Şamilə”.

Mağara - xilas yeri...

Kənddəki Surxay qülləsini üzük qaşı kimi tutmuş rus əsgərləri bu nadir fürsətdən istifadə edib ad-san qazanmağa can atırdı. Qazi Məhəmməd son dəqiqələrinin yaxınlaşdığını duyub, tüfəngini divara çırparaq çiliklədi. Çuxasını tikə-tikə doğrayıb yerə atdı. Şamil də, başqa müridlər də onu təkrar etdilər. Bu o deməkdi ki, düşmən əlinə heç nə keçməməlidir. Qazi Məhəmməd dəstəmaz alırmış kimi köynəyini dirsəyinədək çirmələdi, nəzərini Şamilə və müridlərinə zillədi. “Allah məhkəməsində görüşənədək” deyib, qapını açdı və “Ya Allah” deyərək var gücü ilə irəli sıçradı. Qüllənin dalındakı əsgərlər çoxlu daş tədarük etmişdilər. Onun sıçraması ilə “göydən daş yağmağa” başladı. On beş iyirmi metrlikdən gəlib gicgaha dəyən daşa tab gətirmək mümkün deyildi. Qazinin yerə yıxılması ilə onlarca süngü ona tərəf tuşlandı və bir anda əsgərlərin süngülərinin ucunda havaya qaldırıldı. Onun ardınca tullanan qardaşı oğlu Məhəmməd Sultan da eyni vəziyyətə salındı.

Qazi Məhəmmədin ardınca Şamil də eyni üsulla düşmənin üstünə atıldı. Süngü yarası aldı, çiyninə, qabırğasına daş dəydi, dözülməz ağrılara sinə gəlib rus əsgərlərinin əlindən qurtula bildi. Özünü Gimri dərəsinə salıb meşəyə keçəndə general Klugenavın əmri ilə iyirmi əsgər onun dalınca düşür. Şamil dərədən qalxan yoxuşu birtəhər qalxıb uçurumun kənarındakı mağaranı tapır və özünü ora salar-salmaz huşunu itirir.

Əsgərlər böyük vahimə içində qaş qaralanadək onu axtarıb tapa bilməyəndə bu fikrə gəlib çıxırlar: ağır, dözülməz yaraları və çıxış yolunun ümidsizliyi onu qayadan Kojsu çayına atmağa məcbur edib.

Klugenav Şamilin ya ölüsünü, ya dirisini tapıb gətirənə yüz qızıl vəd edir. Elan sürətlə yayılır. Şamilin izinə düşənlərdən biri də Gimri məscidinin müəzzini, Şamilin uzaq qohumlarında biri Məhəmməd Əli idi. Müəzzin həm də mahir ovçu idi, izə düşməkdə tayı-bərabəri yoxuydu. Səhər namazından sonra müəzzin axtarışa yollanır və izə düşüb mağaranın yaxınlığındakı bulağa qədər gəlir. Bulaq başında oturub xeyli fikirləşir, rusların düşündüyü kimi onun özünü qayadan atması fikrini rədd edir. Birdən qalxıb mağaraya doğru yollanır, boğuq inilti səsi eşidəndə ayaqlarında yerə mıxlanır.

Şamil qan içində idi, müəzzin tanışlıq verəndə yaralı “su” deyib inləyir. Məhəmməd Əli bulağa qaçır, paslı qab tapıb su gətirir, həm içirir, həm də üz gözünü qandan təmizləyir. Müəzzin Şamilin razılığı ilə kəndə gedir, mahir xalq təbibi kimi tanınan, Şamilin birinci arvadı Patimatın atası Abduləzizlə mağaraya qayıdır. Özlərilə dağ çiçəklərindən düzəldilmiş müxtəlif məlhəmlər, yataq, su, sarğı materialı, yemək, süd gətirirlər. Şamil huşunu itirib qızdırma içərisində inildəyir, sayıqlayırdı. Təbib Şamilin yaralarını diqqətlə müayinə edir. Ən qorxulusu sağ döşündəki süngü yarası idi. Bütün yaralarını diqqətlə təmizləyir, məlhəm qoyub bağlayır. Bir azdan Şamilin iniltiləri kəsilib dərin yuxuya gedir. Abduləziz Məhəmməd Əlinin “yaşayacaqmı?” sualına, “məni çaşdıran odur ki, bu qədər yara ilə adam necə sağ qala bilər?” – deyə cavab verir. Abduləziz kəndə qayıdır, Məhəmməd Əli Şamilə keşiş çəkir. Qaranlıq düşəndən sonra Abduləziz gəlib çıxır. Özü ilə təzə süd, yağ, qaymaq, bal gətirir. Şamil dözülməz ağrılarına, huşunu tez-tez itirməsinə baxmayaraq hər dəfə özünə gələndə namazını xatırlayır. Üç gün gecə-gündüz qulluqdan sonra təbib onun mağaradan aparılmasını mümkün bilir. Şamil yalnız 25 gündən sonra koma vəziyyətindən çıxdı və özünə gələndə başının üstündə anasını gördü. Anasına ilk sualı belə oldu:

- Ana, namazımın vaxtı keçibmi?

* * *

Qazi Məhəmmədin ölümündən sonra onun yaxın silahdaşı Həmzət Şamilin razılığı ilə 1832- ci ildə 43 yaşında özünü imam elan edir. Həmzət imamlıq rütbəsini qəbul edəndən sonra insanlarla çox sərt davranmağa başlayır. Bu Şamili narahat etməyə bilməzdi:

- Sən də xəlifə Ömər kimi çox sərtsən. Amma unutma ki, yumşaq deyilən söz iti qılıncdan çox təsir göstərir.

Həmzət oğurluq edənin əllərini, həbsdən qaçanın ayağını, yalan danışanın dilini kəsdirir, şərab içəni edam etdirirdi. İmam 45 yaşında Hacı Murad və silahdaşı Osman tərəfindən məsciddə öldürülür.

İmam qatili olmaq Hacı Murada baha başa gəlir: təzadlı fikirlər içərisində çabalayır. Bir tərəfdən Avar xanlarının, süd qardaşlarının haqlı intiqamını almış, digər tərəfdən cihad etmiş bir mücahidi, imamı qətlə yetirmişdilər.

* * *

Tiflis. Qafqaz canişini Yermolovun qəbul otağı. Hacı Murad içəri daxil olanda canişin onu böyük ehtiramla qəbul edir:

- Çarın böyük düşməni Həmzəti öldürdüyünüzə görə onun başı üçün təyin olunmuş on min qızıl və ömürlük general maaşı ilə mükafatlandırılırsınız. Üstəlik, Avar xanlığının idarəçiliyini sizə təklif edirəm.

- Əvvəla, Həmzəti rus çarına xidmət üçün yox, Avar xanlarının intiqamını almaq üçün öldürmüşəm. Medala gəldikdə isə, mən rus çarına xidmət göstərmədiyim halda necə ola bilər ki, onun medalına layiq görülüm?

Məhz bu cavabdan sonra Hacı Murad etibarsız adam kimi xüsusi nəzarətdə saxlanılır.

* * *

“Əvvəlcə mənim başımı vur. Cəld ol, atamı incitmə!”

1855-ci ildə I Nikolayın oğlu II Aleksandr taxta çıxır. Çar Qafqaz komandanlığını möhkəmləndirir, buraya əlavə olaraq 250 min nəfərlik qüvvə göndərir. İki il sonra Şamilin vəziyyətində tənəzzül daha da güclənir, dağlıların rus imperiyasına qalib gəlmək əzmi zəifləyir, Şamilin nüfuzu getdikcə azalır. Şeyx naiblərinin və müridlərinin hər gün ondan üz döndərmələrinin ağır mənəvi yükü altında İçiqala aulunu tərk edir. Ən çox etibar bəslədiyi iki naibi – Kibit Mohumanın və Danyal bəyin ruslara satılması ona ağır zərbə olur. 1859-cu ildə Şamilin son sığınacağı olan Qunib mühasirəyə alınır. Rus komandanı təslim üçün elçi göndərəndə, Şeyxin tələbi belə olur: Məkkəyə getməyimə tam sərbəstlik verilsin. Avqustun 24-də böyük hücum başlayır və Şamilə son şans kimi 15 dəqiqə vaxt verilir. Knyaz elçinin heç bir təklifini qəbul etmir. Yeganə güzəşt – təcili təslim olsa, ailəsi salamat qalacaq.

Nəhayət bir dəstə ixtiyar üləma Şamili dövrəyə alır: Bizi yaxşı eşit, İmam. Hər şeyimiz qurtarıb. Bir üskük barıtımız belə yoxdur. Dini biz də sənin qədər bilirik. Burdakı günahsız uşaqları, qadınları, qocaları məhv etməyə sənin ixtiyarın yoxdur. Aclığa qarşı hamımız qarnımıza daş bağlayırıq. Ruslar bizə sərbəst çıxıb getmək imkanı verirsə, bu fürsəti niyə əldən buraxmalıyıq?

Şeyxin başı əyilmişdi, deyəcəyi ilk sözü tapa bilmirdi.

- Bu təklifinizə hamınız fitva verirsinizmi?

Hamı təsdiq edir.

Şamil:

- Döyüşü davam etdirmək istəyən varmı?

Dinən olmur.

Baryatinskinin əmrindən sonra hər bir əsgər Şamili diri tutmaq arzusu ilə hücuma can atırdı. Bu xəbər aula vəlvələ salır. Qadınlar saçlarını didərək onu ayaqları altına döşənir, ətəklərindən öpürlər. Ona yalvarırlar ki, təslim olsun.

Həyəcanlanmış Şamil odla su arasında qalmışdı: bir tərəfdən şərəflə Allah dərgahına getmək, Məhəmmədin ona vəd etdiyi cənnət, digər tərəfdən isə rüsvayçılıq!

Rəvayət olunur ki, Şamil əlində qılınc müridləri ilə şəhid olmağa hazırlaşırdı. Amma qadınların, qızların düşmən əlinə keçəcəyini bugünkü qüruruna, sabahkı ruhuna bağışlaya bilmir. Qız gəlini məscidə yığıb, oğlu Qazi Məhəmmədə əmr edir ki, gavur əlinə keçməmək üçün qadınların başlarını vursun. Qazi Məhəmməd dəhşətlə əlini qılıncına aparır, anasının qarşısında quruyub qalır. Şamil oğluna qışqırır ki, cəld tərpənsin. Şeyxin sevimli qızı Nəfisət irəli atılıb qardaşına deyir:

- Əvvəlcə mənim başımı vur, cəld ol, atamı incitmə!

Şamil dözə bilmir, üzünü qolları arasında gizlədir ki, göz yaşlarını görən olmasın. Və birdən oğluna qışqırır: “saxla”.

- Bu günahsız can-ciyərlərimi xilas etmək üçün təslim oluram.

Həzrəti Əlidən sonra Kəbəyə qalxan yeganə şəxs – İmam Şamil

1854-cü ilin sentyabrın 15-də Xarkov yaxınlığındakı Çuqujev şəhərində imperator Şeyxi qəbul edir. Şamil bir müddət Sankt-Peterburqda, sonra Moskvada xüsusi ayrılmış iqamətgahda yaşayır. Rusiyanın sərt təbiətinə səhhəti dözmür, döyüşlərdə aldığı 19 yaranın ağrısı amanını kəsir. Çardan xahiş edir ki, ailəsi ilə Osmanlı torpağına mühacirət etməyinə icazə versin. Çar Türkiyəyə getməyi mümkün hesab etmir, daha yaxşı havası olan Kiyevi məsləhət görür. 1869-cu ilin oktyabrında ailə Kiyevə köçür. Bir müddət sonra II Aleksandr Kiyevə Şamilin ziyarətinə gəlir. Vaxtilə bütün Rusiyaya vəlvələ salan bu əzəmətli sərkərdənin qocalıb əldən düşdüyünü görəndə, onun Həcc ziyarətinə yollanmağına icazə verir. Bütün ailə üzvləri və 70-ə qədər dağıstanlı onu müşayiət edəcəkdi. Səfər üçün xüsusi gəmi sifariş verilir.

1870-ci illərin əvvəllərində Şeyx onun üçün ayrılmış gəmidə Oddiseyadan İstanbula yola düşür. İstanbulda 21 top atəşi ilə salamlanır, Sultan Əbdüləziz və İstanbul əhli tərəfindən təmtəraqla qarşılanır. Məkkəyə yetişəndə on minlərlə Həcc əhli onu görmək üçün hərəkətə gəlmiş, Şamili Kəbənin üstünə qaldırmışdılar. Bu, Həzrəti Əlidən sonra ilk dəfə İmam Şamilə qismət olan şərəf idi. Məkkədə olarkən tamam əldən düşmüşdü, qara qızdırmaya tutulub inildəyirdi. Böyrəklərindəki daşların ağrısı amanını kəsmişdi, dözüb-dura bilmirdi.

1871-ci il fevralın 4-də haqqa qovuşduğu an günəşin qürubu ilə bir vaxta düşür. Cənazənin götürülməsi mərasimində bütün Mədinə əhli iştirak edir, Peyğəmbərə məxsus məsciddə cənazə namazına dururlar. İmam Mədinədə Cənnət ül-baqi adlanan qəbiristanlıqda, Peyğəmbərin zövcələrinin dəfn olunduğu ziyarətgahın yaxınlığında, əvvəlcədən özünün bəyənib seçdiyi bir təpənin üstündə axirət dünyasına tapşırılır.

* * *

Şamilin arvadları:

Huriyə - Şamilin birinci arvadı. Gimridə doğulub. Şamil onunla cəmi üç gün yaşayıb.

Patimat (Fatimə) – Şamilə üç oğul, iki qız bəxş edən bu qadını hamıdan çox sevirdi.

Cavharat – Gimrili idi, rusların Axulqoya hücumu vaxtı körpə oğlu Səidi əmizdirəndə sinəsində dəyən güllədən ölmüşdü.

Zaydət – Şamilin müəllimi Molla Cəmaləddinin qızı idi. Ərə veriləndə 14 yaşı vardı. Dağıstanda və Çeçenistanda ən görkəmli xanım hesab edilirmiş. Şamilin ölüm anında onun başının üstündə olub. Şeyxin ölümündə üç ay sonra Taifdə vəfat edib, Məkkədə dəfn olunub.

Şuanət – erməni taciri İvan Uluxanovun qızıdır, əsl adı Annadır. 1840-cı ildə Haqverdi Mohumanın Mozdoka hücumu zamanı əsir alınmışdı. Müsəlmanlığı qəbul edib adını dəyişdirmişdi. Şamili çox sevmiş və axıra qədər ondan ayrılmamışdı. Şeyxin vəfatından sonra Şuanət Türkiyəyə qayıdıb 1876-cı ildə İstanbulda dünyasını dəyişmişdi.

Patimat (ikinci) Gimrili yaşlı qadın idi. Şamil onunla ev təsərrüfatını idarə etmək məqsədilə evlənmişdi. Uşağı olmayıb.

Aminat – Çeçen qızı idi. Şamildən 38 yaş kiçik olub. 1858-ci ildə Şamil ondan ayrılıb. Övladı olmayıb.

Zeynəb – Çeçen qızı idi. Şamil onunla siyasi mülahizələrlə evlənib, amma cəmi üç saat birlikdə yaşayıb.

Ədəbiyyat:

İmam Mustafayev, Sadıq Murtuzayev – İmam Şamil (Bakı, “Vətən” nəşriyyatı, 1993, 240 səh.)

Şamil Rusiyada. – Sənədli film. Rejissor Məhəmməd Qaziyev.

“Azadlıq” qəzeti – Haqsızlığın qurbanı - iki Stalin mükafatlı filosof. İyun, 2013.

“Zaman” qəzeti - Şeyx Şamil - əbədi qəhrəmanlıq və cəsarət zirvəsi. 2010.

# 19541 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #