Kulis.az tənqidçi Cavanşir Yusiflinin “Gələcəyin sözünü keçmişdən gətirmək” yazısını təqdim edir.
Şeir, bədii mətn gələcəyin xəbərini keçmişdən necə gətirə bilər? Bunun üçün bəlkə də bəlli bir zaman çərəyində yerdə və göylərdə baş vermiş hadisələr arasındakı əlaqəni, başqa sözlə, kosmik bağlantını tapmaq lazımdır. Bu bağlantı yaşadığın ömrün yalnız bircə məqamında əyan ola bilər və bu sənin həyatda görə biləcəklərin ən gözəl şeylərin simvoluna, başqa sözlə, "mündəricatına" çevrilə bilər.
Məsələ nədir? Şeir, poeziya ... (hətta ən realist mətnlər belə-!) gələcəkdə olacaq bir hadisəni, yaxud hadisələr zəncirini iki şəkildə çatdıra bilər. Birinci halda həmin mətni yazan insan bəlkə də gizli qüvvələrin diktəsi ilə sonluqdan qaçır; belə bir hadisə də olmuşdu və mən bu hadisəni yazıların birində yada salmışdım. Tərcüməçi U.Folknerin hekayəsinin sonluğunu, yaxud Edqar Alən Ponun hekayəsinin epiqrafını "unudur" və nə qədər cəhdlər olsa da, o bu hissəni elədiyini sanır. Hekayənin sonluğu, yaxud Ponun hekayəsinin epiqrafı (şeir formasında) sonradan məlum olur ki, həmin insanı gözləyən aqibətdir. Belə ürəyə dammalar müxtəlif zamanların bədii mətnləri arasındakı əlaqələri, virtual kəsişmələri ən fərqli şəkildə sərgiləməklə, onların insan taleyində açdığı şırımları anidən "ekrana" gətirməklə onu yetişdirən, adam eləyən əzabları ön plana çəkir. İkinci halda dünya və gerçəklik, tale və qədər, gözlənti və qəfildən ölümün təşrif gətirməsi kimi hadisələr ön plana keçir. Bu halda həm də bəlli zaman çərəyində insanların sosial gerçəkliyi, vətən, millət, dərd, ayrılıq kimi hissləri necə qavraması və zamanla bu hisslərin bədii mətnə çevrildiyi zaman hansı dərəcədə "aşınması" özünü bəlli edir. Şairin haçansa, yəqin ki, illərin ağır söhbətlərinin sonucunda dostuna həsr etdiyi şeir parçasında sətirlər arası duyğu seli, misraların və bütün bədii mətnin ifadə etdiyi mənalar dəyişir, oxucuların gözünə başqa, çox fərqli donda görünür və bu təsadüfdə, məsələn, iki dost arasındakı ürək söhbətləri vətən və milli dəyərlərlə bağlı çox ağrılı, çox həssas yaşantılar kimi özünü göstərir. İki planın (gerçəkliyi güvə kimi yeyən acıdan acı gerçəklər - həll olunmayan problemlər və fanilik hissi, nə qədər çalışsan da, cəhd etsən də, tanrının sənin dilinin altında gizlətdiyi sözü tapa bilməmək ağrısı və bunun yalnız ölüm məqamında yada düşməsi...) olması başqa şey yox, sadəcə şadara obrazını görüntüləyir: hisslər və duyğular, gerçəklikdəki əzablar, sancılar və məhrumiyyətlər qum dənələri kimi bir-birini qovur, ələndikcə ələnir və əzab, iztirab azalmır ki artır.
Çox orijinal üslubu olan Camal Yusifzadənin bir şeiri var: "Payızım oy, qışım oy". Bu şeiri o, Əhməd Oğuza həsr edib. İndi Camal da, Əhməd Oğuz da dünyasını dəyişib. Bu şeiri, bu bədii mətni oxuyub onlar arasındakı söhbətlərin qırıq-qııq sətirlərini, dərdə, ölümə bükülü hecaları mətndən qopub harasa uçmaq görüntüsü yaradır. Əhmədin şeirləri ilə Camalın mətnlərinin içindəki dərdlər bir-birlərini bu şəkildə "ələyir", ələkdən keçməyən hissəciklər bir də sovrulur, yaralar şırım-şırım olur...
Şeirin hər bəndi həmin o ürək söhbətlərinin bir məqamını, həm də sosial gerçəkliklə kəsişən, onu içində həll edən hissəsini görüntüləyir. Bu iki şair həyatda olduqları zaman həmin bədii mətnin məhz indi dediklərini duymaq sadəcə mümkünsüz idi, şeir sadəcə hansısa mətləbdən, yaşın, illərin, ümid və arzuların əzabın keçdiyi yollarda itməsindən bəhs edirdi, amma bu insanlar tədriclə (biri digərindən sonra) həyatdan getdikdən sonra o şeir də ikisinin ayılıq hissini yaşadı, bu hisslər sel kimi əvvəlki bəndləri "dağıdır" (Məhəmmədhüseyn Şəhriyarın "bəlkə mənim yatmış bəxtim oyana..." misrası da ümumi ovqata qatılır...), yerində ixtiyari, həm də "təsadüfi" xarakter daşıyan parçalar yaranır.
Payızın başı üstdən
Birər-birər qar gəlir;
Payızım oy, qışım oy.
İndi bilirəm ki, nə itirmişəm;
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Ölüm bu mətn parçasının bütün xassəsini, içindəki duyğuların rəngindən tutmuş, orda batıb qalan səslərin ahəngini də dəyişib. Bunu sadəcə oxuyub duymaq lazımdır. Əgər bu hadisəni biz öz təbirimizcə yazmalı olsaq, bütün hallarda bədii mətni yaralayan yozumlar yaranacaq, bunu istəmirik, ona görə də artıq şairə heç cürə aid olmayan bədii mətnlə oxucunun təkrar "yaratdığı" bədii mətn arasında sərhədin də lüzumsuz olduğunu bilirik. Ancaq bütün hallarda bu iki bədii mətn arasındakı paralelizmi unutmaq olmaz. Artıq onların heç biri törədici, yaxud indiki təbirlə desək, "orijinal" sayıla bilməz, onların hər ikisi təbiətin məcazi müstəvidə yozumunun qarşı tərəfləridir, biri-birini həm yaradan, həm də inkar edən tərəfləri. Diqqət edin: "...Öz təbiəti etibarilə oxu ünsiyyəti həyata keçirməyə xidmət edir. Buna görə də maksimum açıqlanmağa, idealda bütün bəşəriyyəti ehtiva edən universal alətə çevrilməyə meyil edir. Lakin yazı kimi oxu da təşəkkülünün ilk mərhələlərində bir qayda olaraq elitar və ezoterik praktikalar kimi meydana gəlmişdir; o, təbiətinin xilafına say-seçmələrin keçilməz çevrə daxilində qapanmasına, yalnız məhdud toplumun dərk və istifadə etdyi vasitəyə çevrilmişdir..." (professor Qorxmaz Quliyev). Bədii mətnlərdə (xüsusən şeir mətnlərində) adi bir hissi ifadə etməklə bütün bəşəriyyəti ehtivadan əvvəl-axır vaz keçilir, bu proses ona görə yarıda "dayanır" ki, ölüm, həsrət, ayrılıq, vətən dərdi... kimi hisslər bütün bəşəriyyətin məhz bu ana qədər köksünü dələn ağrıların qanına boyansın və dərhal sonra geri, indiki zamana qayıdıb (keçmişdən indiki zamana qayıdış bədii mətnlərdə tərsinədir, gələcəyin xəbəri həmişə keçmişdən gəlir...) içindəki boşluqları nişan versin.
Şeirdə belə bir xassə olmazsa, o, yaddaşlarda öz işini görə bilməz, son olan ölüm saysız-hesabsız şərhlər yaradır, bu şərhləri bir dam altına yığmaq və qruplaşdırmaq, yaxud çeşidləmək mümkün deyildir, çünki ölüm həyatın sonu deyildir, onun bu və ya digər şəkildə, olsun ki, sükut foprmasında davamıdır. İnsan dəfn olunduğu gündən müəyyən müddət keçdikdən sonra yatdığı torpağa su səpilir, bu da onun geri qayıtmasına ümidi işarələyir, həm də bilə-bilə ki, belə bir şey baş verməyəcək. Vaxtilə N.Kəsəmənlinin şeirində də belə bir məqam vardı: Analar su səpdi siz gedən yola // Bəlkə izləriniz göyərdi deyə. Yaxud adi bir bayı bətnində: Bilsəydim ayrılıqdır // Öpərdim gözlərindən...
"İkinci mətndə" Camalın şeirindəki bəndlər də yerini dəyişə bilər, əvvəlki qaydasında sıralana, yaxud onun başqa bir mətninə qoşula bilər. Diqqət edin:
Düzü-dünya ələnibdi ağappaq;
Meşəsi ağ,
Bağçası ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə yaxşı ki, sifarişlə ələnmir,
Yağır, yağır, yağır oy,
Yağır, yağır özbaşına;
Ayının yuxusuna,
İgidin qorxusuna,
Alçağın başdaşına;
Namərdim oy, mərdim oy!
Hələ məni gözləyən
Diri gözlü dərdim oy.
Daha sonra əvvəlki bənd gəlir, sürətlə oxunur, dolu-dolu yağan qara bələnir və bütün misralar silinir və təzədən yazılır, ta qar kəsənə qədər.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Camalın "Atamın kölgəsi" adlı çox bənzərsiz bir şeiri də. Bu mətndə onun üslubunun əsas parametrləri daha qabarıq şəkildə ifadə olunur: ən müxtəlif, zahirən bir-birilə ortaq xüsusiyyətləri olmayan əşyaların bir mətndə maksimum "yaxınlaşması", irreal aləmlə çılpaq gerçəkliyin sərhədinin cızılması, sözün havasına axışıb gələn metaforalardan vaz keçib onlardan daha qənirsiz, yer üzüylə göyləri bir paraleldə birləşdirən mənalar icad etmək... Bu şeirlər həm də nəfəs dərmədən oxunmağı xoşlayır, bir nəfəslik şeir bədii mətnin içində potensial şəkildə mövzud olan "nəfəs darlığını" (yəni mətləbi tez ifadə edərək qaçmaq...) aradan qaldırır.
Diqqət edin: Atamın kölgəsi evimizdə imiş // Gün düşdü üstünə // üzünü gördüm // Sildim üz-gözünü, toz-torpağını // Taxçada, boğçada izini gördüm // Tanrı qismətindən payı var imiş // İlahi gülüşün // gözünü gördüm // Kölgəsi yamanca kədərli idi // Həm nəmdi, həm ilıq // qırış-qırışdı // Atamın kölgəsi qocalmamışdı // Atamın kölgəsi evimizdə imiş // Baxdım kölgəsinə // özümü gördüm // Adana axşamı // müqəddəs gecə // Anam yemək çəkib sağına qoydu // Sağında atamın dizini gördüm // Ölüləri içinizdə dəfn edin // İçinizdə başdaşı yox, qəbir yox // İçinizdə heç vaxt // Heç kim itməyəcək // Ölüləri ruhunuza dəfn edin // Kölgələri mütləq evə gələcək!..
Yuxarıda sadaladığımız üslubi keyfiyyətlər Əhməd Oğuza həsr edilən mətndə də mükəmməl şəkildə ifadəsini tapıb. Hər bir parçada, hər bir söyləmdə "müqayisə" sərhədi keçilir, söz-metaforanın mətnə gəlməsi ilə mükəmməl bir tablo yaranır, "ardıc gözlü ocağım" deyincə gah şölələnib üfüqlərə qalxan, gah da korun-korun tüstülənən ocaqlar gəlir göz önünə. Həmin metafora daha sonra şeirin əvvəli və digər hissələri, eləcə də bütün mətndə yer alan gizli işarələrin üzə çıxmasını şərtləndirir. Əhmədin şeirindəki "qara düşmüş durnalar" (bu şeir yurd itkisini mükəmməl şəkildə təqdim edir) ovqatı da sanki Camalın ona həsr etdiyi şeirdən başlanğıc götürür. İki şairin mətnlərinin onların dünyalarını dəyişdikdən sonra bir-birinə nüfuz etməsi çox təsirlidir və eyni zamanda izaha möhtacdır. Məsələ belədir ki, "Varlığın ontoloji aspekti immanent-transsendent oppozisiyası ilə modelləşdirilir. Transsendentlik prinsipi real dünyanı axirət dünyası ilə bağlayır, kosmos və insanın mistik və teosofik cəhətdən qavranılmasını şərtləndirir, ancaq özünü deyək ki, ağac kimi təsəvvür etmək bacarığı, yaxud bu barədə düşünmək arzusu belə həyata intuitiv münasibətin proformaları kimi çıxış edir (K.Q.Yunq). Buna görə də bu şeiri oxuduqda göz açıb təbiətdəki ixtiyarı nəsnələri (hadisə və əşyaları) gördükdə, onlarla bağlı ruhumuzda yaranan nələrsə intuitiv olaraq şeir mətninə qoşulur, bu iki şairin təbiətdən götürdükləri obrazlar bir-birinin davamı təsirini bağışlayır. Şeirdə deyilməsi, səslənməsi olduqca zəruri olan, ancaq bu aralıqda "unudulan" və deyilməyən, səslənməyən söz başqa, tam fərqli kontekstdə özünü göstərir və anidən "laxtalanmış bəxtlə" ardıc gözlü ocağın şəklinin dəyişməsinə səbəb olur, nəticədə nə alınır, hər iki şairin mətnlərinin qar yağan yamaca düzülmüş ağappaq səhifələrinə qan çilənir, "laxtalanmış bəxt" ifadəsində unudulan söz taleyə çevrilir.
Varlığım qara təşnə,
Ardıc gözlü ocağım,
Çörək dolu tabağım,
Eşq havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların başı üstə
Qaldırılan taxtım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir...
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.
“Ədəbiyyat” qəzeti