“İbtidai təhsili olan da görər ki, sən çuğulluq eləyirsən”

“İbtidai təhsili olan da görər ki, sən çuğulluq eləyirsən”
26 dekabr 2012
# 12:25

Seyid Əzimin lirikası

Bərpaçıya məktublar silsiləsindən

Seyid Əzimdən bu daha çox yadda qalır ki, sən də gedibən ağla öz əhvalına, Seyyid...

Qədim kitablarda yazıldığı kimi, bu məsələyə hələ toxunacağıq. Bu yazını yazmazdan qabaq beynimi xeyli qurdalamalı oldum: lirika nədir? Bizdə qayımqədim alimlər bu barədə o qədər müxtəlif şeylər yazıblar ki, ortada vahid anlayışın uçulmuş qala divarları qalıb. Mədain xərabələri kimi. Deyilənə görə, Xaqani uçulmuş divarların birindəki uçulsa da rəngi üstündə bir şəklə baxıb keçmişə yollanır. Yenə deyilənə görə, getdiyi yerdən hələ qayıtmayıb, bir daha geri dönməyib. Bizdə bir çox adamlar elə düşünür ki, lirika – lirik şeirlərin cəmi deməkdir, yox, yenə yox, bu, nələrinsə cəmi, yaxud misli və ya çıxılsını demək deyildir. Lirika, Məmmədhəsən əmi demişkən çox qəribə bir şeydir. O lira deyilən musiqi aləti əslində kiminsə qəlbidir, bir gün, yaxud bir saat içində o qədər dərd çəkib ki, dözməyib, musiqinin özünə çevrilib. Şpenqlerin bir əsəri var: “Lirikanın fəlsəfəsi”. Mən lirikadan yazan bir çox böyük mütəxəssisdən soruşmuşam yeri gələndə, bu əsəri oxuyublarmı? Məlum olur ki, oxumayıblar. Şpenqler deyir ki, ta qədim zamanlardan insan taleyi lirikanın ana mövzusu olub. Bizim lirik şeirlərin topasına baxırsan: insan taleyi yoxdu.

İndi ürəyinin incə hislərini ağ vərəqə köçürüb özünü şair adlandıranlar var ki, onların bu mətləbə qəti dəxli yoxdu. Şair öz hücrəsində bir küncə qısılıb, bütün dünyanı unudub, yaxud belə deyək, bir nöqtəyə yerləşdirib ahı ilə sönən şamları yandırar. Hücrə olmadığı üçün şair də yoxdu... İndi dəbdə olan bir ifadə ilə desək: qısılmağa bir hücrə yox... İndi bu misranı görən “dostlarım” yerlərindən qurcuxub, sevincək olub, əllərini-əllərinə sürtüb qıyya çəkəcəklər: tapdıq. Nəhayət, ustada sataşdı. Bilirik ki, onun romanlarından xoşun gəlmir. O adam, o ustad... Ancaq, qardaş, adamın bir qanacağı olar, sən kimsən ki, “...ədəbiyyatımızı Nobelin sərhədlərinə qədər aparıb çıxaran bir şəxslə” mənim münasibətlərimə soxulursan? İbtidai təhsili olan da görər ki, sən çuğulluq eləyirsən. Mən o tərəflərə gəlmirəm, yerinizi möhkəm eləyin, istəsəniz bir usta göndərim sizi oturduğunuz yerə mıxlasın. Mən elə xırda hislərlə yaşayan adam deyiləm, kimin payına nə düşübsə, Allah birini min eləsin, istəməyənin gözü çıxsın.

Ancaq...

Zülməti korlar da görür.

İndi çox deyirlər ki, burda bir qrup, orda başqa bir qrup məmləkətimizin ədəbiyyatını gücləri çatınca irəliyə aparırıalr. Gör bir nə deyirəm, məncə tam tərsindədir. Bunlar sadəcə dəstələrdir. Məktəb yoxdu. Məktəb olsaydı, bu qədər səs çıxmazdı. Məktəbimizdə zəng əvəzinə yekə bir dəmir vardı, hər dərs onun cingiltisini həsrətlə gözləyərdik. İndi elə bil zəng çalınıb, uşaqlar tənəffüsə çıxıb, ağız deyəni qulaq eşitmir, zəngi çalan lazımdır ki, uşaqlar təzədən içəri girsin. Ancaq bu eşşək boyda uşaqları gəl içəri sal. Mütləq nəsə olmalıdır. Böyük bir şey.

Doğrudan da...

Sən də gedibən ağla öz əhvalına Seyyid...

# 3407 dəfə oxunub

Müəllifin son yazıları

# # #