“Yeni ildən sonrakı sindrom”: Ondan necə qorunmaq olar?

“Yeni ildən sonrakı sindrom”: Ondan necə qorunmaq olar?
3 yanvar 2026
# 14:40

Kulis.az xarici mediaya istinadən "Yeni ildən sonrakı sindrom" və ondan qorunmağın yolları haqqında materialı təqdim edir.

Bir çox insan üçün yeni ilə gedən günlər sevinc, həyəcan və gözləntilə dolu olur. Lakin bayram bitdikdən dərhal sonra – ilin ilk günlərində bəzi insanların əhvali-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə enir. Mütəxəssislər bu vəziyyəti "Yeni ildən sonrakı sindrom" adlandırırlar.

Alimlərin fikrincə, bu halın əsas səbəbi beynin mükafat sistemi ilə bağlıdır.

İrlandiyanın RCSI Universitetinin tibb fakültəsindən psixoloq Jolanta Burke "The Conversation" üçün yazdığı məqalədə bu psixoloji enişin arxasındakı mexanizmi izah edir.

Dopamin bayramdan sonra azalır

Dopamin beyində hüceyrələrarası əlaqəni təmin edən əsas neyromediatorlardan biridir. O, motivasiya, həzz və mükafat hisslərini tənzimləyir. Elə bu səbəbdən də bir çox antidepressant preparatlar məhz dopamin sisteminə təsir göstərir.

Bayram və tətil dövrlərində dopamin səviyyəsi adətən yüksəlir. Yeni il ərəfəsində qeyd etmə gözləntisi, sevdiklərimizlə vaxt keçirmək, bol süfrələr və ritual xarakterli adətlər beyində güclü müsbət həyəcan yaradır. Hətta yeni il gəlməmişdən əvvəl belə, bu gözlənti dopamin ifrazını artıra bilir.

Lakin bayram bitdikdən sonra dopamin səviyyəsi tədricən normaya qayıdır. Bu ani eniş insanın özünü halsız, istəksiz və ya kefsiz hiss etməsinə səbəb ola bilər. “Yeni ildən sonrakı sindrom” məhz bu mərhələdə ortaya çıxır.

“Sevgi hormonu” oksitosinin rolu

Ruh halındakı dəyişikliklərdə digər mühüm hormon isə oksitosindir. Sosial bağlanma, yaxınlıq və etibar hissi ilə əlaqəli olan bu hormon ailə və dostlarla daha çox vaxt keçirildikdə yüksəlir.

Yeni il dövründə artan görüşlər, qonaqlıqlar və paylaşım oksitosin səviyyəsini artırır. Bayramdan sonra isə bu sosial intensivlik qəfil azalır. Nəticədə bəzi insanlarda yalnızlıq, emosional boşluq və ya kədər hissi yarana bilər.

Araşdırmalar göstərir ki, yeni ili kiminlə keçirdiyimiz də böyük rol oynayır. Məsələn, bəzi tədqiqatlar qayınana və ya qayınata ilə keçirilən vaxtın, insanın öz ailəsi ilə keçirdiyi zamandan daha stresli ola bildiyini göstərir.

Hətta bu cür stresli sosial vəziyyətlərin bağırsaq mikroflorasında belə dəyişikliklər yaratdığı müəyyən edilib. Yəni hər sosial əlaqə eyni dərəcədə xoş emosiyalar yaratmır.

Hədiyyə vermək də bəzən gözlənilməz emosional nəticələr doğura bilər. Gözləntilərin yüksək olduğu bu dövrdə hədiyyənin bəyənilməməsi, onu verən şəxsdə sosial rədd edilməyə bənzər bir hiss yarada bilər. Bu səbəbdən təşəkkür etmək və dəyər göstərmək qarşı tərəfin emosional rifahı üçün çox önəmlidir.

Bayram vərdişləri ruh halına təsir edir. Yeni il gecələri adətən gec yatmaq, normadan artıq yemək və alkoqol qəbulu ilə müşayiət olunur. Bu dəyişikliklər yuxu keyfiyyətini pozur. Halbuki yuxu ruh halı və emosional tarazlıqla birbaşa əlaqəlidir. Yuxu rejiminin pozulması bayramdan sonrakı dövrü daha da çətinləşdirə bilər.

Mütəxəssislər nə məsləhət görür?

Yeni ildən sonra ruh halını qorumaq üçün mütəxəssislər bir neçə sadə, amma təsirli tövsiyə verirlər:

Qıcıqlandırıcı amillərdən uzaq durun: Bəzi ailə görüşləri və ya mühitlər sizi yorursa, qısa fasilələr vermək və gərgin söhbətlərdən uzaq durmaq faydalı ola bilər.

Sərhədlər qoyun: Əgər səs-küylü və qələbəlik yeni il tədbirləri sizi daha da kefsiz edirsə, özünüzü yaxşı hiss etdiyiniz fəaliyyətləri seçmək bir növ özünə qayğıdır.

Rutinə tez qayıdın: Yuxu saatlarını normallaşdırmaq və gündəlik rejimi bərpa etmək bədənin tarazlığa dönməsinə kömək edir.

Gün işığından faydalanın: Səhərlər açıq havaya çıxmaq, günorta saatlarında qısa gəzintilər etmək enerji səviyyəsini və ruh halını dəstəkləyir.

Bayramdan sonrakı dövr üçün plan qurun: Kiçik hədəflər, sosial görüşlər və ya xoş fəaliyyətlər planlaşdırmaq bayramla gündəlik həyat arasındakı emosional boşluğu azaltmağa kömək edə bilər.

Yeni il yalnız təqvimdə deyil, ruh halımızda da yeni başlanğıc ola bilər.

Əsas olan bu keçid dövrünü anlayışla və özümüzə qarşı daha mərhəmətli yanaşaraq keçirməkdir.

# 1365 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər