Bu gün tanınmış çex yazıçı Yaroslav Haşekin anım günüdür.
Kulis.az bu münasibətlə onun "Qatilin axtarılması" hekayəsini R. Nağıyevin tərcüməsində təqdim edir.
Hökumət qəzetlərinin məlumatına görə, elanlar yapışdırılandan sonra polis idarəsində məyusluq hökm sürürdü. Qatilin izinə düşməyə imkan verə biləcək ifadələr üçün vəd olunan min kronanı almaq istəyən yüzlərlə şəxs səhərdən axşamadək polis işçilərinin zəhləsini tökürdü.
Bütün ifadələri yazıb rəislərə göstərmək əmr edilmişdi, sonra həmin ifadələrin əsasında, sınanmış polis metodlarının köməyilə qətl haqqında müəyyən təsəvvür əldə ediləcək, yaranmış rəy yeni məlumatla tutuşdurulacaq, polis jurnalının obrazlı ifadəsinə görə, kələfin ucu tapılacaq və nəhayət, yumaq açılacaq.
Könüllü şahidlər o qədər çox idi ki, polis idarəsinin hətta çox böyük binasında onların dindirilməsi üçün yer tapılmırdı, buna görə də idarənin təsərrüfat şöbəsinin qarşısına ciddi problem çıxmışdı: yeni bina kirayə götürmək lazım idi.
İfadələri canfəşanlıqla yazan məmurlar axşam xırda hərflərlə dolu olan bir qalaq kağızı polis rəisinin qabağına qoydular. Hökumət şurası bütün bunlara əsasən müəyyən bir nəticə çıxarmaq, kələfin ucunu tapıb yumağı açmaq (bu gözəl ifadəni bir də təkrar edirəm) və sonra buxarının yanında əyləşib bu yumaqdan axtarılan qatilin corabını toxumaq niyyətində idi.
Polis komissarı Reyxel ən mühüm ifadələri və həmin işə aid məktubları polis rəisinə oxumaq istəyirdi. Amma bu, müşkül iş idi, çünki ifadələrin çoxunu ciddi surətdə təhlil etmək tələb olunurdu; həmin iş isə bir neçə saat vaxt aparacaqdı. Elə ifadə və məktub vardı ki, onlardan heç nə başa düşmək olmurdu.
"Karel Vıqnalek şəxsi idarə qulluqçusu, - deyə polis komissarı oxuyurdu, - qətldən üç gün əvvəl onun papirosundan siqar yandıran naməlum bir şəxsin əynində həmin zeytun rəngli alt tumanı görmüşdür. Buna görə də elə güman edir ki, qatil cəmiyyətin aşağı təbəqələrinə məxsus olan şəxsdir və öldürülmüş qadınla tanış imiş, alt tumanı da ondan birovuz almışdır. Bəlkə də sonra alt tumanı qaytararkən qatillə qarı arasında mübahisə olmuş və bu mübahisə qarının ölümü ilə nəticələnmişdir".
Vatslav Xoxlatı belə bir məktub göndərmişdir: "Möhtərəm cənab rəis! Mənim keçmiş cəbhə yoldaşlarımdan biri öldürülmüş qadını tanıyırdı. On birinci polkda xidmət edirdim, batalyonumuz Rovitsə köçürülmüşdü. Oralar ancaq dağlardan, qayalardan, zirvələrdən ibarətdir. Dağlarda mal-qara otarırlar. Əsas etibarilə inək, cənab rəis. Öldürülmüş qadını tanıyan yoldaşım üçüncü il idi ki, xidmət edirdi və özünün gözəl hafizəsilə fərqlənirdi. Lakin kobud olduğuna görə ancaq kapral rütbəsi vardı. O, nahaqdan adam öldürməyə qadirdi. İndi fikirləşirəm ki, əgər tanışım öldürülmüş qadınla höcətləşsəydi, onun başını yəqin ki, əzərdi, çünki həmişə dediyinə görə, bu cür qadınlardan zəhləsi gedir. İki il bundan əvvəl həmin tanışım savaşma zamanı öz əcəli ilə ölmüşdür".
"Könüllü şahid, Uzun küçədəki baqqal Hofmayerin dindirilmə protokolu. Öldürülmüş qadınla tanış deyildim. Karlində ömrüm boyu iki dəfə olmuşam. Axırıncı dəfə Krşijikovskaya fabriki yanında. Hadisə belə olmuşdu: bazar günü adətim üzrə günorta kart oynamağa getmişdim. Yadımda deyil, ya "polka", ya da "taqanı" oynayırdıq. Ömrüm boyu qumarda fırıldaq işlətməmişəm. Qəflətən küçədən sas gəldi: "Yanır!" Krşijikovskaya fabrikinə çatanda gördüm ki, hər şey alışıb yanır. Məftunedici mənzərə idi. Sonra əsgərlər gəlib yolu bağladılar. O vaxtdan bəri Karlində olmamışam və qətl haqqında heç nə bilmirəm, Yarım gün itirdiyimə görə mənə beş krona verməyinizi xahiş edirəm". - Onu həbsə almışam, - deyə polis komissarı bildirib yenə də oxumağa başladı: - Viktor Bezvaqa öz ifadəsində demişdir: "Mən polis idarəsində göstərilən çəkici görmüşəm. Bir dəmirçi kimi and içib ifadə verə bilərəm ki, bu, dəmirçi çəkici deyil, deməli, bizimkilər barəsində yarana biləcək şübhə aradan qalxmalıdır, heç kəs iddia edə bilməz ki, çəkic hər hansı bir dəmirçinindir. Eyni zamanda xahiş edirəm ki, dəmirçi fəhlələrin oxucular ittifaqının nizamnaməsini mümkün qədər tez yola salasınız. Həmin nizamnamə on il əvvəl polis idarəsi vasitəsilə canişinliyə təqdim olunmuş və fasiləsiz qətllərə görə indiyədək onu ala bilməmişik".
Polis komissarı dedi:
- Bu da uzun müddət Karlində işləmiş bir pirkeşiyin ifadəsi. O da iddia edir ki, Karlin cinayətkarlıqla düzlüyün əlaqələndirildiyi şəhərlərdəndir. Bu sözlərə görə əmr verdim ki, onu həbs etsinlər. Qəza rəisinin dul qalmış arvadı xanım Kraftova mühüm ifadə vermişdir. O demişdir: "Zənnimcə, qatil kişi deyil. Elə güman edirəm ki, qarını qadın öldürmüşdür; o, ərə gedib yarımayan və özü üçün dar ağacından başqa çıxış yolu görməyən qadındır. Əlimdə bilavasitə sübut yoxdur, amma son zamanlar qonşuluğumuzda yaşayan Anna Trşexova adlı birisi ağlıma gəlir; o çirkli suyu ayaqyoluna elə görkəmlə tökür ki, dərhal bilinir: bu qadının əlindən nə desən gələr. Axır günlər hey susurdu, qətl axşamı isə vaxtilə məndən aldığı on krona borcunu qaytardı, halbuki hələ günorta mənə ağzına gələni demişdi: rədd ol, yoxsa... Üstəlik polisin elanında da bu məbləğ - on krona göstərilmişdir!"
Anna Trşexovanı həbs etdirmişəm, - deyə polis komissarı bildirdi. Başını əlləri arasına alan polis rəisi səsləndi:
- Düz eləmisiniz. Gerisini oxuyun. - Bu da Miroslav Hofrixter adlı bir şəxsin ifadə protokoludur. Hadisə zamanı orada olmadığını sübut etmək üçün şahidlərlə birlikdə gəlmişdir. Qarını öldürmədiyini bildirmiş və özünün qatil olmadığını sübut etmək yolu ilə əsil qatilin tutulmasına kömək göstərdiyinə görə ona yüz krona verilməsini tələb etmişdir. Daha sonra könüllü şahid Matouşekin ifadəsi gəlir. O güman edir ki, dükanın sahibəsi öz-özünü öldürmüşdür.
Otaqda həyəcanla var-gəl edən polis rəisi dedi:
- Ola bilər. - Sonra müqəddəs Kriştof kilsəsi keşikçisinin məktubu. O, min krona tələb edir, çünki öz təşkilatının iki aydır ki, üzvlük haqqı verməyən bir üzvündən şübhələnir. Dəftərxana məmuru Murjinoqa yazır: "Diqqətinizi son zəhərlənmələrlə qəribə əlaqəyə cəlb etmək istəyirəm. Polis idarəsində göstərilən çəkicin zəhər satılan mağazalardan birindən alınıb-alınmadığını müəyyən etmək vacibdir, əgər belədirsə, məhz hansı mağazadan alındığı öyrənilməlidir. Çəkicdə zəhər qalıqlarının olub-olmadığı yoxlanılmalıdır, həm də bilmək lazımdır ki, çəkicin qayrıldığı dəmir safdır, yaxud qarışığı var? Mən sizin diqqətinizi bu mühüm cəhətə xüsusilə cəlb edirəm, çünki o, bilavasitə qatilin izine aparıb çıxarır".
Polis rəisi əlini alnına vurub qışqırdı:
- O haqlıdır! Dərhal görünür ki, məmurdur! Bu məktub şəhər komissarına dərs ola bilər. Təxirə salmadan çəkici kimyəvi analizdən keçirmək lazımdır.
İstintaq bir gün ərzində ümid doğuran nəticələr verdi. Ən əvvəl yumağın adam öldürməyən bir neçə şəxsə və qətl törədə bilən başqalarına doğru uzanan ucları tapıldı. Sonra daha bir neçə şəxs dindirildi; onların barəsində şayiə yayılmışdı ki, oğurluq mal alırlar. Çəkic, zəhər və kinə həbi arasındakı səbəb əlaqəsi yoxlanıldı.
Nəhayət, teleqrafla Boxnitsıya sorğu göndərdilər ki, qatil tutulub, ya yox? Cavab tez verildi: yox, tutulmayıb.
- Bizdə də tutulmayıb, - deyə polis rəisi ciddi tərzdə dilləndi. Sonrakı axtarışlar prosesində polis komissarı daha bir məktub aldı. "Dərin hörmət bəslədiyim, polis idarəsi! İzin verin diqqətinizi kimyəvi karandaşlara cəlb edim. Bu, çox mühüm vəziyyətdir. Kimyəvi karandaşı olanların hamısını tutun. Üstəlik, qətldə təqsiri olmayanların hamısını həbs edin, beləliklə, əsil cani əvvəl-axır təcrid olunar. Bu zaman onun öhdəsindən gəlmək asandır. Şirlər ovlanan kimi. Altı şiri asanlıqla və tezliklə necə ovlamaq olar? On şir ovlayın və dördünü buraxın..."
Polis idarəsi bu məktubda deyilənlərə əməl edərək güclü axtarış işlərinə başladı.