Kulis.az tənqidçi Cavanşir Yusiflinin Şərif Ağayarın “Ağ göl” romanı haqqında yazıdğı “Mamırlı yazıların sirri” məqaləsini təqdim edir. Yazı “Ədəbiyyat qzəeti”nin şənbə sayında çap olunub.
Şərifin son romanının “sim-sim.az” portalında müzakirəsindən az bir zaman keçir. Onun bu qədər işin-gücün içində (həm də gərginliyin-!) inadla yazması, bədii nəsrdən, onun havası və iqlimindən ayrılmaması heç də adi yazmaq “eşqi” ilə bağlı bir məsələ deyildir. Yazıçı olur ki, yaradıcılıq prosesinin müəyyən bir məqamında belə deyək, dirəndiyi, nəfəsinin “təkrarlandığı” müstəvidə nələrisə ötüb keçmək, arxada buraxmaq istəyir. Kimisi bunu susmaqla, kimisi də yazmaqla edir. Fikrimizcə, müəyyən mətləblərin gətirilməsi, ifadəsi, yaxud kəşfi baxımından ikincisi daha münasibdir. İndinin tənqid haqqında alovlu çıxışlarında da bu əsərlərdən yetərincə bəhs olunmaması, onların ixtisaslı təhlilə cəlb edilməməsindən şikayətlər artıqca artır. Mən bu tənqidi çıxışları da roman kimi oxuyuram, baxmayaraq ki, həmin şikayətlər bu romanın duzunu nəzərəçarpacaq dərəcədə azaldır.
Şərifin romanı (“Ağ göl”) kiçik həcmlidir, burada işarələr, onların bir-birini uzaq-yaxın məsafədən tapmaq, “itirmək”, dərinliyini ifadə etmək gücü başqa bir formada və tam fərqli bir modusda gerçəkləşir. Detallar (məsələn, deyək ki, gürzənin Camal atanın (hörümçək adam) barmağını dişləməsi, ilanın çaldığı yerin balta ağzında getməsi...) final hissəsində bir daha (aqibət kimi) görünməklə qalmır, işarələrin bir-biri ilə əlaqələnmə, bir-birini deşifrə etmə funksionallığını da şərtləndirir. Yaxud yuxu, gözə görünmə və reallığın bir-birinin içinə batması və ordan həyatın ən dəhşətli və göz ağrıdan sirləriylə birgə üzə çıxması (dənizin dibində axtardığını tapan dalğıc kimi...). Sonra, işarələrə paralelliyin qəsdən pozulması. Yaxud çarpaz, bir-birini amansızcasına kəsən xətlərin qəfildən paralelləşməsi... bütün bunlar bu kiçik həcmli romanda əslində girdabın, onun içində bütün dünyanı qabağına qatıb sel kimi apara biləcəyi burulğanın təsvirinin, ifadə və təfsirinin önəmli olmasını göstərir. Nasirin qələmindən süzülən xəsis təsvirlər, qaratikan kolları, iydə ağacı, onun meyvələri, Ağ göl, onun səthi, dərinliyi, suyunun paklğı, külək və bütün bu təbiət olaylarının bir-birini qəribə şəkildə tamamlaması, bir-birinə tərs gəlməsi, üstü açıq qəbir, onunla bağlı inanclar, insanların elliklə and içmə mərasiminə susaması, onların içində yalnız bir nəfərin susması və ayaqlarını sürüyə-sürüyə çıxıb getməsi...
Bir də, mamırlı yazılardakı sirr...
Üstünü mamır basmış qəbir daşlarına həkk edilən yazılarla münasibətdə olay və əhvalatlar ikiləşir, daha doğrusu qütbləşir.
Mifoloji zaman bitib, donuşluqdan çıxıb, qurtulub, real zamanda əhvalatın tərs üzü bütün mürəkkəbliyi və fəsadları ilə özünü göstərir.
Əhvalatın bir qatı – Ağ Baba əhvalatı xilasedici funksiya daşıyır, Ağ Baba vaxtilə, qədimlərdə Pir dağında yaşayırmış. Günlərin birində zalım hökmdar şərt kəsir, ətrafda yaşayan insanlar təqlin eləməlisən ki, mən tanrının elçisiyəm və onlar mənə biyət etməlidrlər. Ağ Baba bu şərtlə razılaşmır və ailəsi ilə birgə Pir dağından, ordakı ziyarətgahdan qovulur. Uzun yollar qət edib isti yerlərə gəlir. Elə bir yer ki, göldə qurbağa və çömçəquyruqlardan qeyri heç bir başqa varlıq üzmür. Ətraf bütünlüklə qamışlıqdır. Ceyranlar gölə su içməyə gəldiklərində canavarlar onları pusur, parçalayır, sonra qarğa-quzğun, sonra havanı zəbt eləyən üfunət. Ağ Baba müqəddəsdir, övliyadır, məskən saldığı yer hökmən ziyarətgaha çevrilməlidir. Belə də olur. Müqəddəs nəfəsi ilə Cilli gölü Ağ gölə çevirir, gölün sularında axçalı balıqlar yetişir, üzür, insanları sevindirir və təkcə ruzi olmaqlarıyla yox. Ağ Baba camaatı başına yığıb deyir ki, nəzir-niyazdan əlinizi çəkin, tanrı sizə Ağ göldəki balıqları ruzi göndərib. Gedin dolanın, yaşayın. Ağ Babanın yeganə oğlu həddi-büluğa çatanda Ağ göldə boğulub ölür. İkinci oğlu dünyaya gəlir və bu doğuş anasının ölümünə bais olur. Ağ Baba bunun tanrıdan gəldiyini bilir. Tanrı ondan elə bir şeyi – üstündən, nəfəsindən həmişə gözəl, insanı sakitləşdirən, gözəl hislərə qovuşduran iydə qoxusu gələn oğlunu alır. Alınan şey cəza deyil, əksinə camaatın rifahı üçündür. Məhz bunun sayəsində Cilli Göl Ağ gölə çevrilir. Bir sözlə, baş verən hadisə nə qədər gözəl şeylərin dünyaya gəlməsinə səbəb olsa da, içində, bətnində bir təhlükə də gəzdirir. Övliya övladları olmaq həyatın bir çox ləzzətlərindən vaz keçmək anlamına gəlir. Bu təhlükə hər an baş qaldıra, hər an partlaya bilər. Verilən şeylər nə qədər xeyirli və gözəl olsa da, xəta edildiyi anda alınan şey – iydə qoxusu dünyanı əbədi tərk edəcək, hər şey tərsinə dönüb insanların həyatını cəhənnəmə çevirəcəkdir. Birinci mətndə - mamaırlı yazılarda deyilirdi ki, oğlu sularda batandan sonra Ağ Baba arvadının ah-naləsinə dözməyib, tanrıya üz tutur, yalvarır ki, bu qadının heç olmazsa başını qoyub ağladığı, qucaqladığı bir baş daşı olsun. Ağ Babanın oğlunun meyidi suyun üzünə çıxır və onu məlum yerdə dəfn edirlər.
S.Y.Neklyudov “Mifin strukturu və funksiyaları” əsərində qeyd edir ki, mifoloji məkanın əsas xüsusiyyətlərindən biri onun keyfiyyətcə yekcins olmaması, orada sakral mərkəzin və potensial təhlükəli periferiyanın mövcudluğudur; bu qeyri-yekcinslik əvvəla, bu məkanın müxtəlif yerlərində (tarla, meşə, məzarlıq, pəyə, ev, həyət və sair) baş verən mümkün və ya mütləq olacaq hadisələrlə, ikincisi isə onların daimi sakinlərinin (“sahiblərinin”) keyfiyyətləri, üçüncüsü isə, onlara xas olan müxtəlif şərtlərlə - təbii, sonradan meydana gəlmiş və ya mifoloji şəraitlə şərtlənir. Belə bir məkan kəsiklərə bölünür, fraqmentardır, müxtəlif başqa hissələrlə kəsiklərə malikdir, hərəkidir və zamandan (gecə, gündüz, bayram / yas) asılıdır.
Müasir insan təfəkküründə məkan eyni zamanda fiziki və mistik keyfiyyətləri ilə fərqlənən fraqmentlərdən təşkil olunur. Yəni mifdən sonrakı zamanda da onun çevrəsinə yaxınlaşan, onunla az qala kəsişən fraqmentlər mövcud olur. Bu fraqmentlər elm libasında olsa da, əslində elmi olmayan izahlar doğrurur: mövcudluq / yoxluq / müsbət və mənfi energetikanın müxtəlif şəkildə konsentrasiyası. Yəni insan təfəkküründə özünə yer alan psixofizioloji mexanizmlər arxetipik strukturlar doğurur.
Neklyudovun fikrincə, qədim dövrlərdə və orta əsrlərdə yazılan coğrafi əsərlərdə məkan xoroqrafik prinsipə uyğun şəkildə təsvir edilirdi. Müşahidəçi dünyanı özünü onun mərkəzində bilib təsvir edirdi. Folklor məkanı üçün onun “mərkəzə” və “periferiyaya” ayrılması xas idi və bu “periferiya” yad yox, mənimsənilməmiş, keçici struktur anlamını daşıyırdı
“... Hacı Mikayıl arvadlı-kişili hər kəsdən xahiş elədi ki, üzü qibləyə dayanıb Pirməmmədin meydinin tapılması üçün dua etsin. Camal ata adamlara qoşulub üzü qibləyə dayanan vaxt gözlərinin ikisini də elə bərk yummuşdu ki, hər iki tərəfdən alnı şişib qabağa çıxmışdı. O, uzun və qıllı əllərini təkbirə açan vaxt əyri ayaqları və balaca bədəniylə hörümçəyə o qədər oxşadı ki, deyirdin bu saat gözəgörünməz torundan yapışıb sürətlə göyün ənginliklərinə dırmanacaq”.
Romanda mamırlı yazılarda deyilənlər gerçəkliyə qayıdır. Camala kəndə hamı fiziki görünüşünə görə hörümçək deyir. Doğrudan da qaratikan kollarından çəpər hördüyü zaman Camal əsl hörümçək bacarığını göstərir, səhvə yol vermir, çəpəri, deyək ki, Böyük iydənin çəpərini əsl sənət əsəri kimi – xalı, xalça kimi toxuyur, elə məharətlə işləyir ki, bir barmağının olmamasını sona qədər heç kəs bilmir. Ancaq Camal ata hamı kimi deyil, dünya malında gözü yoxdur, onun üçün tanrıdan gələn müqəddəs və pozulmaz qaydalar var, bununla yaşayır və bunu təbii sayır, baxmayaraq ki, onun təbii hesab etdikləri başqalarını sonsuza qədər təəccübləndirir. Günlərin birində oğlu Pirməmməd göldə boğulur. Camaat barmağını dişləyir, demək mamırlı yazılardakı olaylar gəlir. Gözlənti həyəcan doğurur, camaat bu həyəcan selində boğulur. Camal atanı müqəddəs bilib hər yandan evinə nəzir-niyaz gəlir. Bütün bunlar onu darıxdırır və boğur. Xilas olmaq üçün Ağ gölün kənarına gedir ki, qəlbinin seçdiyi, gözüylə nişanladığı işığa tamaşa eləsin. Övliyaların Camal atanın gözünə görünməsi xəbəri kənddə çaşqınlıq yaradır. Bu gözləntinin içində bir xəbər də özünü yetirir. İcra nümayəndəsi Qəbzəliyev iclas çağırır: Ağ gölün özəlləşdirilməsi məsələsi. Camal ata gülüşüylə etiraz edir və çıxıb gedir. Camal atanın oğlu Pirməmməd Ağ göldə batandan sonra şifahi şərhlər meydana gəlir, İbrahim peyğəmbər, İsmayıl qurbanlığı. Bax görürsüz, Allah İsmayılı qurban kimi qəbul eləmədi, amma Pirməmmədi aşinalar dərgahına apardı. Ağ gölün özəlləşdirilməsi baş tutmamış qara xəbər gəlir. Hansısa holdinq artıq bu işi görüb. Yenə iclas, yeni həyəcan və təşvişlər... Demək yeganə ümid Camal atayadır. Məhz onun kəraməti sayəsində Pircahan əhli bəladan xilas ola bilər. Ancaq...
İcra nümayəndəsi gölü özəlləşdirən, daha doğrusu özününküləşdirən şirkətin adını tələffüz etməkdə çətinlik çəkir və anlaşıqlı olsun deyə adına “İsmayıl” deyir. Almanca şirkətin adı “Dünya mənimdir” deməkdir (Die Welt is mein). Rəvayət, mif, pritça... mətni kardinal şəkildə dəyişir. Mamırlı yazının təhkiyəçisi məkanın təsvirində özünü dünyanın mərkəzində hesab edirdi. Zamanın indiki durumunda bunu təsəvvürə belə gətirmək mümkün deyildir. Dünya mənimdir.
Mamırlı yazılar bütün mistik gücüylə insanların həyatına təsir edir. İnsanlar inanır və aldanırlar. Nə baş verir? İsi Məlikzadənin “Gümüşügöl əfsanəsi” povestini xatırlayın. Günaha batmamış inanclı varlığın suyun səthiylə gəzməsi...
Bizim folklor mətnlərimizdə belə bir məqam var. Molla hər gün şagirdlərini başına yığıb onlara çayın kənarında dərs keçərdi. Günlərin birində məqamı gəldiyində o deyir: uşaqlar, bu çaya baxın, kimin qəlbi imanla doludursa, kim tanrıya qeydsiz-şərtsiz inanırsa bu çayın üstüylə rahatca gəzə bilər. Şagirdlərin arasında biri hər gün evdən dərs yerinə elə belə də gedirmiş. Ancaq bunu bir kəmsə bilməzmiş. Ertəsi gün molla uşaqlara deyir ki, qayıq tapın çayın o tayına keçməliyəm. Şagirdlər cavabında: qayıq nəyə lazım, siz ki, inanclısınız, ayaqla da keçə bilərsiniz...
“Min bir gecə” nağıllarında da belə bir məqam var: bütün qəlbiylə tanrıya bağlı olan qulun duaları qəbul olunarmış. Bir gün o bunu insanalara açır, bəyan edir, sirr ölür, gücünü itirir. Qul da ölür.
Romanın əvvəlində verilən epizod bu baxımdan işarəvi əhəmiyyə malikdir. “Hər şey böyük iydənin altında yatan övliyaların Camal atanın gözünə görünməsiylə başladı. Onacan Pircahan qəsəbəsini qucağına alan qumsal təpəliklərdə qurd quzuyla otlayardı. Söz məsələi deyil, gerçəkdən...” Mamırlı yazılarda deyilənlərə həyatda baş verənlər arasında bircə uyğunsuzluq var: Pirməmmədin meydi tapılmır. Dəhşət burdan qaynaqlanır. Sirr artıq açılıb, sirr yoxdur, mamırlı yazılar da. Pirməmmədin qəbri açıq qalır.
Üstüaçıq qəbir nə deməkdir? Əsərdə yazılır: “...Pircanlıların inancına görə, belə eləməsələr, qəsəbədə tezliklə çoxlu adam ölərdi. Ağzı açıq qəbir insanları dartıb gətirərdi”.
Bundan əvvəlki pasajda isə başqa bir “versiya” var: “...Balaca iydənin altında qəbir ağzıgünə qalmışdı. Cahan ana qəbrin doldurulmasını istəmirdi. Deyirdi, Pirməmməd Ag gölün işığına qoşulub qayıdacaq, uzun ömür yaşayacaq. Pircahan əhli Cahan ananın dediklərinə özünü inandırırdı. Ona görə məzarı doldurmurdular.” Amma Ağ gölün işığına qoşulub qayıtmaq Pirməmmədə nəsib olmayacaqdı. Çünki işıq deyilən şey artıq çəkilib gedirdi. Və bu qəsəbədə baş verən hadisələrlə paralel şəkildə cərəyan edirdi. Həm ağzıgünə qalan qəbir hamını içinə çəkib nursuzlaşdırır, həm də açıq qəbrin üstünə taxta qoyub torpaqlamaqla kəndin səmasından tutmuş torpağının hər qarışına kimi yerdə işıq, sakrallıq dəfn edilirdi.
“... Bircə mən şahidəm ki, Camal ata nə övliyalarla danışır, nə oğlu Pirməmmədlə. Camal ata bu sızıltı-dızıltısı ilə qaratikan çiçəklərində səadət axtaran arıları yamsılayır, tor toxumaq, çəpər çəkmək xiffətini belə ovudurdu...” Hamı dil-boğaza qoymayanda Camal ata daha dərinlərdə susur. Onun üçün üstü sarı çiçəkli qaratikan kollarını qırmaq ən böyük günahdır. Çox sevdiyi, tamaşasına durduğu arıların dızıltısıyla içindəki notları birləşdirir, bir-birinə calayır, özüylə insanlar arasında çəpər çəkir.Camal atanın iy bilmə qabiliyyəti hər şeyin təsəvvür edildiyindən də dəhşətli olmasını xəbər verir.
Patrik Züskindin “Parfümer” romanı yada düşür. Jan-Batist Qrenuy günaha qurban getmişdi, iy bilmə hissini əbədi itirmişdi və susqun cəllada çevrilmişdi. “Ağ göl”də tərsinədir, bu heç danışmayan, susqun adam bütün kəndi çəpərə alıb onu bəlalardan hifz etmək istəyir, alınmır, nə olmalıdırsa, baş verəcək...
Aclıq və səfalət mamırlı yazını unutdurmuşdu.
Dedi-qodu ayaq açmışdı.
Hər kəsdən şübhələnir, heç kəsə inanmırdılar.
Romanın əsas hərəkətverici qüvvəsi, yəni ordakı hadisələri müxtəlif yönlərə “qaynadan” şübhəyə səbəb olan ikiləşmədir. Yəni, rəvayətlərdəki bir faktın yer almaması. Rəvayətdə övliyalar gözünə görünən adam altmış yaşa çatdıqda bir oğlu dünyaya gəlir, birinci oğlunun meyidi isə tapılırdı. Ancaq Camal atanın Ağ göldə batan oğlu tapılmır, belədə şübhələr çoxalır, Camal ata sual altına alınırdı. Ancaq burda başqa “əvəzedici məqam” Camal atanın Ağ gölə bircə dəfə bütün ürəyi ilə “oğlum” deməsidir. “Cahan mənimdir” (İsmayıl) şirkəti Ağ Baba əfsanəsindəki dünyagir hökmdarla paraleldir.
Prosesin başqa bir tərəfi. Bir tərəfdən insanlar kiminsə gözünə işıq görünməyindən vəcdə gəlir, kiminsə müqəddəsləşməsindən sevinir, digər tərəfdən qısqanclıq hisləri bəd işlərin gəlişməsinə təkan verir. Bu ikili oppozisiya hər şeyi alt-üst edir.
“Adam nə qədər axmaq olar ki, taleyini ağacdan gələn işığa bağlasın. Gələcəyini yüz illər bundan qabaq bir daşa cızılmış iki-üç mənasız işarəylə müəyyən eləsin ...”
Həmişə olduğu kimi, ədalət zəifləyir, şər güclənir. Rəvayətin birinci hissəsində, yəni mif məkanında Pir dağındakı ziyarətgahından qovulan Ağ Baba insanları başına toplyıb onları düzgün yola yönləndirə bilirsə, ikinci hissədə şər artıq dəmir qəfəslərlə gəlir, elə bir tor toxuyur ki, burdan səs, işıq... heç nə sızıb keçə bilmir. Tanrının möcüzəsi olan hörümçək də gücsüz qalır. Deyilənə görə və artıq elmin sübut etdiyi kimi, hörümçəyin toxuduğu torun ipi möhkəmlikdə poladdan ötədir, belə bir fakt da sadalanır ki, bu iplə bütün yer kürəsini sarmalı olsaq cəmi ağırlıq üç yüz kiloqramı ötməz. Yüngüllüklə möhkəmliyin bir qəlbə sığınması elə bir tordur ki, bəd və pis əməllər üçün sızmaq şansı qalmır. Ancaq yox...
Övliyalar Camal atanı aparır...
Kənd alovların içində qalır.
Son. Yəni, bu da axırı.