Təhkiyənin sərhədləri və sərhədsizliyi - Cavanşir Yusifli yazır...

Təhkiyənin sərhədləri və sərhədsizliyi - Cavanşir Yusifli yazır...
13 iyul 2022
# 08:55

Kulis.az tənqidçi Cavanşir Yusiflinin "Təhkiyənin sərhədləri və sərhədsizliyi" adlı yazısını təqdim edir.

Jerar Jenetin "Təhkiyənin sərhədləri" adlı məqaləsi var, yazının bir yerində müəllif nəqlin - hekayə-təhkiyənin onun özündən baş alıb getməsi məsələsini çözməyə çalışır. Biz bəzən oxuduğumuz mətndə belə bir xassə ilə rastlaşırıq, xüsusən nağıllarda: təhkiyə axıb gedir, baş alıb gedir, sən onun önünə keçə bilmirsən... "Şərti olaraq qəbul etsək ki, bizi yalnız ədəbi yaradıcılıq sahəsi maraqlandırır, onda təhkiyəni bir və ya bir neçə real, yaxud uydurma hadisəni yazılı dilin vasitəsilə ardıcıl təsvir kimi təsəvvür etmək çətin deyil. Belə bir pozitiv və işimizə yarayan təyin aydınlıq və sadəliyin məziyyətlərinə malikdir, ancaq onun ən böyük qüsuru odur ki, o, özü-özünə qıfıllanır və bizi də müəyyən çərçivədə həbs edir...". Bu tərifdən yola çıxanda bizə, doğrudan da, elə gələ bilər ki, dünyada təhkiyədən, hadisələri ardıcıl şəkildə düzüb-qoşub yazmaqdan asan heç nə yoxdur və təhkiyə də hardasa öz-özünə baş alıb gedir, yaranır, addımlayır və sair...

Ancaq təhkiyənin, yəni hekayə danışmaq və yazmağın müəyyən sərhədləri var, bunun sadə bir şey olduğuna aldanıb gözümüzü yumduğumuz anda təhkiyə ilə bizdən gizlədilən nəsnələrin dalınca düşməli və daha çox düşünməliyik, yəni oxu, mütaliə... əyləncə olmaqdan daha çox hər şeyi əyləncəli oyun içində itirmək və tapmaqla bağlıdır. İtirəndə tapacağına görə sevinirsən, tapdıqda itirdiklərinə təəssüf edirsən...

İstənilən hekayəni götürün, oxuyun, hadisələrin ardıcıl qaydada nəql edildiyi məqama diqqət edin - məhz bu anda, onun sirlərlə dolduğu anlarda hekayənin (təhkiyənin) alınıb-alınmayacağı sualı həll olunur. Yəni Jerar Jenetin də vurğuladığı və bizim də zənnimizcə, şeirdə olduğu kimi təhkiyə mətnlərində də aldatma məqamı olur və sən bunu daha sonralar fəhm edə bilirsən, yaxud vaxt keçdiyinə görə bunun fərqinə varmırsan. Nədir o aldatma fəndi? Təhkiyənin başlanğıcında əsas məsələ hadisələrin nəql edildiyi ardıcıllığı elə qurmaqdır ki, gözlər ovlansın, nəqldə səlistlik, sürət, lap lazım olan nöqtələrdə də dayanmamaq... hekayəni qurmağın (yazılı diskursun) ilk vazkeçilməz pirnsipidir. Məhz bu anda sanki gizli bir əl gözlərimizi qapayır ki, hansı səviyyədəsə çox ağrılı məqamlar diqqətimizdən kənarda qalsın (bunlar onsuz da müəyyən işarələrin köməyi ilə bu hekayələri oxuyan adamların həyatına və taleyinə geri qayıdır...), ağrının, təəssüfün, yaddaş ağrısının yanında çox sürətlə ötüşüb keçmək nağılçının (təhkiyəçinin) ilk və son aldatma tryukudur. Hekayə mətnlərində gözbağlayıcılıq mimesisi bir göz qırpımında digesisə çevirir, yəni danışan şəxslə dinləyən auditporiya kəskin şəkildə ayrılır. Bir sözlə, hər bir hekayənin uğuru yuxarıda qeyd etdiyimiz "gözbağlayıcılıq sehri" ilə, aldatma mexanizmi ilə bağlıdır. Bu halda uydurulmuş əhvalatlar da son dərəcə canlı və real görüntülərlə nəql edilə bilər, burda artıq nəyin yalan, düzməcə, nəyin doğru olması gündəlikdə durmur, sən oxuyur və onu daxili təcrübənə sığdırmağa cəhd edirsən, hekayədə təhkiyənin çərçivəsi ilə oxucunun daxili təcrübəsi üz-üzə gəlir, toqquşur, əsas olay, hadisə məhz burda baş verir.

Xəyal Rzanın "Salavat" hekayəsi də həmin aldatma fəndi, "gözbağlayıcılıq" ovsunu haqqında danışmağa əsas verir. Bir cəhəti də qeyd edək: elə hekayələr var ki, sən oxu zamanı həmin hadisələrin ilk şahidi olursan, sanki birbaşa sənin gözlərin önündə baş verir və bu şahidliklə sona qədər irəliləmək sadəcə zövq mənbəyinə çevrilir. Elə hekayələr də var ki, nə qədər mükəmməl qurulsa da, sanki bu hekayəti, əhvalat və onların bu şəkildə ardıcıllığını sanki əvvəllər nəql ediblər, indi sən artıq danışılmış hadisəyə qulaq asırsan, yaxud onu yenidən oxuyursan ("Gözü bağlı şəkildə - !"). Özü də bir neçə dəfə dinlənilmiş hadisəni növbəti dəfə oxuyursan. Bunların arasındakı fərq isə bizim gördüyümüz və anladığımız kimi deyil. Yəni fərq sadəcə ilk şahidliklə, çoxdan dinlənilmiş hekayə, nağıl arasında deyil. Məsələ belədir ki, ilk dəfə eşitdiyin əhvalatı istədiyin şəkildə şifahi diskurs formasına salıb, onu zənginləşdirə, əlavələr edə, artıra bilərsən. Dünya nə qədər sonsuz və genişdirsə, həmin hekayə, diskurs tipi də o qədər geniş və sonsuzdur. İkinci tip hekayəni isə hər dəfə danışmaq, onu zənginləşdirib dünyaya tən tutmaq istədikdə gərək bir daha və bir daha yazılı mətnə baxasan, onu ürəyində oxuyasan, elə zikr edirmiş kimi...

"Salavat " hekayəsi ikinci qəbildəndir.

Məsələ nədir, əhvalatın özəlliyi nədədir? Dünya ədəbiyyatında, şübhəsiz ki, bu tipli süjetqurma fəndləri mövcuddur və bu konsept üzrə çox sayda hekayə, yaxud romanlar var. Və bu da həqiqətdir ki, bu tipli süjetqurma prinsip və fəndləri kimsə tərəfindən kəşf olunmur, həm də sanki hazır formada mövcuddur, "insan ruhunun kosmosundan" qırılıb düşüblər və indi gəldikləri yerə qalxmağa cəhd edirlər, yəni hekayədə müəllifin qurduğuyla janrın özünün də immanent hərəkət dinamikası var (poeziyada da belədir), bunların ikisinin şərti olaraq görüşdüyü yer hekayənin, hər cür qurğunun dağıldığı nöqtədir.

Hekayədə əsas məqamlar rəng, səs, qoxu, işıq və qaranlıq metaforaları ilə əlaqəlidir. Vəziyyətdən asılı olaraq bu metaforalar gah birlikdə, gah da ayrılıqda işlənir, bəzən isə aralığa dəhşətli bir sükut çökür, rəng də, səs də, işıq və qaranlıq da çəkilib gedir, yerdə bunları ovcunun içində sıxıb xışmalayan əlacsızlıq qalır. İnsan, hekayənin qəhrəmanı işıqla qaranlıq, əlacsızlıqla ümid arasında çırpınır, doğulacaq, ya öləcək bilinmir, həm də elə məqamlar var ki, öldüyün anda dirilir, dirildiyin anda gözlərini yumursan. Hər şey həyatda gördüyümüz kimidir, heç nədə heç bir fərq yoxdur, bircə bilinməyən bir məkanda dar bir borunun içində göyəmi, ulduzlaramı, o biri dünyayamı ucalıb gedən nərdivanla yuxarı qalxmaq məcburiyyətindəsən. Aşıq poeziyasında "Bu çərxi fələyin nərdivanı var, düşən ağlayarmış, qalxan gülərmiş..." deyimi də burda mənasını itirir, çünki insan hara qalxdığını, nəyə məcbur edildiyini bilmir, belə bir əlacsızlıq ortamında əvvəl-əvvəl heç nəyi xatırlamır, bütün dünya, bütün yaşadıqları tər damcıları kimi huşundan sürüşüb gedir, heç nəyi xatırlamayan insanın zorla nərdivanla yuxarılara dırmaşması dəhşətli anlar yaşadır, bir məqam gəlir, yəni hər kəsi adi həyatda insan edən, onu normal dəyərlərə qaytaran hərəkət yada düşür və bundan sonra hər şeyin rəngi, hər səsin ürəyin dərinlikləri ilə təbii əlaqəsi üzə çıxır. Salavat çevrir. Yuxarı dırmaşan adamın beyni saat kimi işləyir, dayanmadan, sürətlə (hardayam, hara gedirəm, bu belə davam etməməlidir, mən mütləq burdan çıxmalıyam və sair), bütün bu gərgin anlar onun yaddaş şırımlarını qıcıqlandırır, özü də insafsızcasına, elə bir şəkildə ki, birbaşa uşaqlıqda babası və nənəsi ilə bağlı anları xatırlayır. Nənəsinin pilləkəndə oturub, salavat çevirib ağlaması, babasının danışdığı hekayətlər... yada düşdükcə insanda geri qayıdacağına (həm də görməsə də çox doğma olan Salavata, torpaqları yəqin ki, ağappaqdı, qəhrəmanın Yer kürəsinin dışında gördüyü torpaqlar kimi...) ümid oyanır, hər şeydən çox ayağını torpağa basmaq eşqiylə alışıb-yanır. Babasının danışdığı hadisələr, hardan hara niyə köç etmələri, vaxtilə babasının yaşadığı Ərdəbilin Salavat kəndi... dar bir macalda, əlacsızlıq mühitində yadına düşür, bütün şüuru, bütün həyatı bir çox gərgin nöqtənin içinə cəmlənir, vaxtilə heç söhbət etmədiyi adamların yanaqlardan sürüşüb dünyanın ən bol sulu çaylarına qovuşan göz yaşlarını, havada oynayan qanlı qılınc tiyələrini görür, nə qədər dəhşətli mənzərələr görsə də, geri qayıdıb yaddaşında qalan son bir neçə damcını yaşamaq istəyir, geri qayıdıb babasının danışdığı kəndə getmək istəyir. "Babam deyirdi ki, bizimkilər nə vaxtsa güneydə yaşayıblar. Ərdəbil ətrafında bir kənd varmış - bizim kəndimiz. Bizimkilər ordan Nadirin zülmündən qaçıb bura gəliblər - quzeyə. Burdakı kəndin ilk sakinləri də babamgil olublar... Nə idi o kəndin adı... Ərdəbildəki kəndin. Lənət sənə şeytan! Nə idi? Nə? Beynimdə burulğan baş verdi elə bil... əlli-ayaqlı burulğanın içində yoxa çıxdım. Nə idi?

- Ola bilməzzz! - bağırdım. Səsim borunun içində əlli dəfə əks-səda verdi. İlk dəfə idi səsim içimdən çıxırdı, bir də buna təəccübləndim. Və var gücümlə bağırdım - SALAVAAAATT! Səsim yerdən göyə ucaldı sanki, əks-səda verə-verə qalxıb borunun bitən yerindən səmaya yayıldı. Salavat! İlahi, Salavat! Kəndin adı Salavat idi! Dayanmadan əlimi üzümə çəkib salavat çevirdim. Gözlərimdən yaş süzülməyə başladı. Bu kəndin adı uşaqlıqdan bu yana ilk dəfədir yadıma düşürdü.

Nənəmi xatırladım. Həmişə pilləkəndə oturub, dizlərini qucaqlayıb, gözlərini bir nöqtəyə dikərək yırğalanardı. Aya baxır, salavat çevirib, ağlayardı".

Bir də: yuxu bildiyiniz şeylər realdır. Real saydığınız şeylər yuxudur. O, ikisinin arasından keçib öz yuxusunu, yəni reallığı tapmaq, əldə eləmək, onu bağrına basmaq istəyir. Ancaq nəhayət, çıxdığı yerdə torpağı ovuclayır, qoxlayır, burda işıqla qaranlıq sanki nəhəng pərdələrlə bir-birindən təcrid olunub, kənarda çox böyük bir pəncərə var, hardasa bura Yer kürəsi deyil, ilk dəfə olaraq o, yaşadığı kürənin sərhədlərini keçib, indiyə qədər qadağan olunmuş zonanı seyr etmək fürsəti qazanıb. Torpaqdısa, niyə ağdır? Öz-özünə düşünür. Bütün rənglər bir rəngdir, bütün səslər bir boğazdan keçib durulur, hamı səssiz də olsa bir-birini anlayır və sair.

Bir belə əlacsızlıq və çaşqınlığın, dağ boyda gərginliyin içində hər şey ilk dəfə yada düşür. Sevinirsən, gözlərindən yaş süzülür, doğulursan və ölürsən, hər şeyi bir anın içində yaşayırsan, ilk dəfə yada düşmüş an, anım... hər şey səni silkələyir, Yer kürəsinin dışında, kosmosun hansı qatındasa insan kimi tənhalığını, içini çalxalayan, didib-gəmirən həsrətin mahiyyətini ilk dəfə belə dərinliyinəcən dərk edirsən, bu həm də hisslərin, duyğuların insanın dilinə sahiblənib, susması qədər faciəvi və dəhşətli bir şeydir. Yəni dilə mükəmməl şəkildə yiyələnib susmaq özünə, xatirələrinə, bütün doğma bildiyin adamlara, həyatda görmək istəmədiyin insanlara da kənardan baxmaq şansı yaradır.

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

# # #