Tarzana bənzəyən ərəb lideri

Tarzana bənzəyən ərəb lideri
23 iyun 2014
# 10:28

Cəmahiriyyə qardaşlarının lideri - Muammər Qəzzafinin üçünsü dünyası

Kulis.Az Azər Qaramanlının Muammər Qəzzafi haqqında məqaləsini təqdim edir.

Birinci hissəni burdan oxuya bilərsiz.

«Qəzzafini iki şəxsin təsiri altında formalaşdırıb - Məhəmməd peyğəmbər və Kamal Abdul Nasar»

Məhəmməd Həsəneyn Heyqal. «Əl-Əhrəm» qəzetinin naşiri.

«Mən öz tərəfdarlarımı bütün xarici işğalçılara qarşı bu gün də, sabah da və həmişə vuruşmağa çağırıram. Biz hətta bu gün qalib gəlməsək də, gələcək nəsillərə dərs verəcəyik. Öz xalqını müdafiə etməkdən böyük şərəf yoxdur. Öz xalqını satanlar isə ən böyük xəyanətkarlardır».

Muammər Qəzzafinin vəsiyyətnaməsindən.

Qəzzafi diktator idimi?

Qəzzafi təkrarolunmazdı. O Kremldə, Ağ Evin qarşısında özünün məşhur bədəvi çadırını qurmuşdu. BMT-dəki çıxışı zamanı bu qurumun nizamnaməsini cıraraq ikili standartlara öz etirazını bildirmişdi. Onu gözəl qadınlardan ibarət mühafizəçilər qoruyurdu və bütün bunlar bir kasıb bədəvinin oğlu üçün həddindən artıq ekstravaqant bir durumdu.

Əlbəttə ki, Qəzzafi bir diktatordu. Amma o Səddam Hüseyn, Hafiz Əsəd kimi bir diktator deyildi. O hakimiyyətini nümayiş etdirmək və öz iradəsinin hər şeyin üzərində olduğunu isbat eləmək naminə insanları öldürmürdü. 42 illik hakimiyyəti dönəmində Qəzzafi Liviyada heç bir repressiyalar aparmadı. Siyasi motivlərlə həbs olunanlar çox azdı. Onun zamanında siyasi motivlər əsasında həbslər, qətllər olsa da, bu qətlləri barmaqla saymaq olardı. Hətta Qəzzafi digər diktatorlardan fərqli olaraq bu və ya digər siyasi səbəblərdən, ya da başqa bir səbəbdən yollarını onunla ayıran silahdaşlarını bağışlayır, onlara qarşı çox yumşaq davranırdı. Misal üçün, Qəzzafinin ən yaxın silahdaşlarından biri olan Abd əs-Salam Celludla arasında münaqişə yarandıqda Qəzzafi Celludu sadəcə İnqilab Komandanlığı Şurasından uzaqlaşdırdı. Bundan sonra Cellud Tripolidəki villasında sakitcə yaşayır və istədiyi zaman xaricə gedib-gələ bilirdi.

Tarzan Nyu-Yorkda

Qəzzafinin xarici siyasəti daha çox nəzəriyyələr üzərində qurulmuşdu. Ona görə də Qəzzafinin yürütdüyü xarici siyasəti daha çox avantürist siyasət kimi dəyərləndirmək olar. Misir prezidenti Nasarın və panarabizmin qızğın davamçısı olan Qəzzafi gah Liviyanı Suriya ilə, gah Misir və Sudanla, gah da Tunis, Əlcəzair, Mərakeşlə birləşdirmək üçün çabalar göstərirdi. Reallığa dayanmayan bütün bu təşəbbüslər təbii ki, uğursuzluqla sonuclanırdı. Ərəb birliyini yaratmaqdan əli çıxdıqdan sonra isə Qəzzafi Avropa İttifaqı tipində Afrika İttifaqı yaratmaq sevdasına düşdü. Formal olaraq Afrika İttifaqı yaradılsa da, bu qurumu Avropa İttifaqı ilə eyniləşdirmək yerlə göyü eyniləşdirmək kimi bir şeydi və bu təbii idi. Çünki Afrika qitəsində yaşayan xalqların dəyərləri ilə Avropa xalqlarının demokratik dəyərləri arasında fərq özü-özündən ortadaydı.

Qəzzafinin beynəlxalq siyasətdəki rolunu dəyərləndirən Məhəmməd Həsəneyn Heyqal Liviya liderini Nyu-Yorka gələn Tarzanla eyniləşdirmişdi. Misirli jurnalistin fikrincə sadə və saf ürəkli biri olan Qəzzafi xəyanət və saxtakarlıqla zəngin olan və həddindən artıq mürəkkəb olan beynəlxalq siyasətin içində panarabizm və islam sosializmi nəzəriyyələri ilə azıb qalmışdı.

Qəzzafinin davamlı olaraq girdiyi avantüralardan biri də onun ayrı-ayrı xalqların mili azadlıq hərəkatlarına verdiyi dəstək idi. Özünü əsl ərəb və üçüncü dünyanın lideri olaraq görən Qəzzafi bir tərəfdən İrlandiya Respublika Ordusuna silah və maliyyə dəstəyi göstərir, digər tərəfdən də Fələstin Azadlıq Hərəkatına, Afrika Milli Konqresinə, Mozambik Azadlıq Cəbhəsinə və sair təşkilatlara yardımlarını göstərirdi.

Hətta Ağ Evdə ABŞ prezidenti ilə görüşdükdən sonra Qəzzafi: «ABŞ bizə terrorçu desə də, bizimlə görüşməkdən qaçmadı», ifadəsini işlətmişdi. ABŞ-la və Avropa ilə gərginlik isə 1988-ci ildə «Boinq 747» təyyarəsinin partladılmasından sonra pik həddə çatmışdı. Nigeriyada həyata keçirilən bu terror aktından sonra Liviya təyyarənin parladılmasından sorumlu tutulmuşdu və 440 nəfərin ölümünə görə 6 liviyalı Fransada qiyabi olaraq ömürlük azadlıqdan məhrum edilmişdi. Hələ də Qəzzafinin bu terror aktından nə qədər məsuliyyətli olduğu haqqında qarmaqarışıq iddialar var və əsil həqiqət bilinmir.

Amma nəyin necə olmasına baxmayaraq Qəzzafi həmişə öz xalqının və ərəb xalqının maraqlarını müdafiə edir. O bu yolda heç bir zaman bir addım da olsun geri çəkilmir.

Berluskoni Qəzzafinin əlini öpür

Cəmahiriyyə qardaşlarının lideri həmişə mili geyimdə gəzir və heç bir zaman kostyum, ya da frakda ictimaiyyət qarşısında görünmür. 42 il müddətində heç bir rəsmi vəzifəsi olmadan xalqını idarə edən şəxs həmçinin xalqının mədəniyyətinin simvoluna çevrilir. O, özünün müstəqil iradəsini hər yerdə nümayiş etdirir. O, hara gedirsə özüylə məşhur çadırını aparır və çadırında yaşayır. O, öz çadırını BMT-nin, Ağ Evin və Kremlin önündə quraraq sanki supergüclərə öz mədəniyyəti ilə meydan oxuyur və həqiqətən də «üçüncü dünya»nın təmsilçisi olduğunu hər kəsə göstərir.

Onun qarşısında Avropanın güclü liderləri əyilirlər. Toni Bleyer ona baş əyir, Berluskoni əlini öpür, Sarkozi ona yaltaqlanaraq seçki kampaniyasına maliyyə ayırması üçün ondan xahiş edir. Hələ də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Qəzzafinin əlini hansı səbəbdən öpməsi bəlli deyil. Gənc qızların sevgisini pulla alan və İtaliyanın media imperatoru olan 70 yaşlı baş nazirin bədəvi liderinin əlini hansı səbəbdən öpməsi doğurdan maraq doğurur. Amma ortada tək bir fakt var. İtaliyanın keçmiş baş naziri Cəmahiriyyə qardaşlarının liderinin əlini öpüb. Niyə? Bu bəlli deyil.

Bir müddət keçəcək və dünən Qəzzafinin əlini öpən Sarkozi və Berluskoni onun başına bombaların atılması üçün əmr verəcəkdilər. Bədəvi Qəzzafi avropalıların bu qədər saxtakar və ikiüzlü ola biləcəyini isə xəyal belə edə bilmirdi. Ona görə ki, İtaliya və Fransa onun əsas müttəfiqləri idi.

Qəzzafinin faciəli sonunu gətirən səhvləri

Bütün hakimiyyəti boyunca Qəzzafi heç də az səhvlər buraxmamışdı. Amma o səhvlərini zamanla düzəltməyi bacarmış və hətta çıxılmaz vəziyyətlərdən çıxış yolu tapa bilmişdi. Həyatının son dönəmlərində buraxdığı bir neçə səhv isə onun həm həyatının, həm hakimiyyətinin, həm də Liviyanın sabitliyinin sonu ilə nəticələnmişdi.

«Ərəb bahar »ının başlanğıcında Qəzzafi Liviyadakı müxalif ab-havanı duya bilməmişdi. Onun hakimiyyətindən əsas narazı olan qüvvə Qireyinayik və bəzi başqa bərbər qəbilələri idi. Onlar hesab edirdilər ki, Qəzzafi neftdən və başqa gəlirlərdən onlara başqa qəbilələrə nisbətən daha az pay ayırıb. Digər tərəfdən isə yeni gənc nəsil demokratiya və qərbləşmə həvəsi ilə Qəzzafiyə qarşı çıxırdılar. Lakin Qəzzafiyə qarşı çıxan əsas güc radikal islamçı fundamentalistlər idi. 1996-cı ildə radikal islamçılar Qireyinayik qəbiləsi ilə birlikdə üsyan etmiş, lakin üsyançılar uğur qazana bilməmiş və radikal islamçılar silahlarını səhrada basdırıb Qətərdə sığınacaq tapmışdılar. Elə Liviyada ilk üsyan səsləri eşidilərkən radikal islamçılar Qətərdən Liviyaya döndülər və qumda basdırdıqları silahları çıxarıb Qəzzafiyə müharibə elan etdilər.

Qəzzafinin böyük oğlu Seyf əl-İslam Tunisdə inqilabın başlanğıcında yaxınlaşan təhlükəni hiss etdi. O atasına təklif verdi ki, konstitusiya qəbul edilsin və Liviyada parlament və prezident seçkiləri keçirilsin. Amma Qəzzafini oğlunu eşitməkdən imtina etdi. Cəmahiriyyə qardaşlarının lideri hesab edirdi ki, Liviya üçün etdiklərindən sonra xalq ona qarşı çıxmaz. Üstəlik Qəzzafi Avropadakı müttəfiqlərinə, Sarkozi və Berluskoniyə çox güvənirdi. Qəzzafi hesab edirdi ki, məhz Sarkozi və Berluskoni onu müdafiə edəcək.

Bəlkə də Qəzzafi oğlunu dinləsəydi faciəvi sonluqdan qaça bilərdi. Fələyin istehzasından ona ilk arxasını çevirən və müxalifətə hərbi dəstək verən də məhz Sarkozi və Berluskoni oldu. Fransa və İtaliya liderləri Qəzzafinin boyunduruğunu üzərlərindən atmaq üçün ilk fürsətdə ona qarşı döndülər.

Qəzzafinin ikinci ən böyük səhvi xarici təhlükənin olmamasına əminliyi idi. O hesab edirdi ki, ona çadırını dövlət binalarının qarşısında qurmağa icazə verən dövlət başçıları onu müdafiə edəcəklər. Qəzzafi ancaq başına düşən bombaları gördükdən sonra nə qədər səhv etdiyini anladı. Özünə güvənən və xalqının sosial problemlərini həll etməyə çalışan Qəzzafi əlində olan maliyyə imkanları ilə ordunu belə normal silahlandırmamışdı.

Baş verənlər Qəzzafi üçün dəhşətli zərbə idi. Dünən onu qucaqlayanlar bu gün onun başına bomba tökür və Qərb KİV-lərində Qəzzafi planetin ən dəhşətli diktatoru olaraq tanıdılırdı. Onu həm xaricdəki dostları, həm də hər şeydən çox güvəndiyi Liviya xalqı satmışdı. Halbuki o, bütün həyatı boyu Liviya xalqına xidmət etmişdi.

Cəmahiriyyə qardaşlarının rəhbərinin faciəli sonu

Amma nə yazıq ki, nə Qəzzafinin xaricdəki dostları, nə də Liviya xalqının böyük hissəsi onun kimi düşünmürdülər. Avropa növbəti Şərq diktatorunu və həmçinin siyasi və mənəvi dəyərlərinin rəqib simvollarından birini bitirirdi və bu zaman təbii ki, özünün növbəti zəfər badəsini son damlasına qədər başına çəkirdi. Liviya xalqı isə azadlıq və demokratiya dumanı ilə meyxoş olmuşdu. Bu meyxoşluqdan xalqın ayılması üçün vətəndaş müharibəsinin acı meyvələrini yeməliydi və hazırda Liviya xalqı demokratiya və azadlıq meyxoşluğundan ayılaraq yetişdirdiyi meyvənin nə qədər acı olduğuna şaşırıb.

Ancaq o da nəzərdən qaçırılmamalıdı ki, Liviya lideri, Cəmahiriyyə qardaşlarının rəhbəri heç də öz xalqı tərəfindən devrilmədi. Ölkə iki yerə parçalansa da, Qəzzafinin Liviya xalqının böyük hissəsi müdafiə edirdi. Üsyançıların qələbəsini təmin edən 7 ay müddətində 26 min dəfə Liviya üzərində uçuş edən və zərbələr endirən NATO təyyarələri idi. Həmçinin üsyançıların tərəfində Qətər ordusu və fransız xarici legionu döyüşürdü. Tripolinin alınmasında isə Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri əsas rol oynamışdı.

Tripolinin düşməsindən bir qədər əvvəl isə ABŞ-ın Dövlət Katibi Hillari Klinton isə açıq şəkildə Qəzzafinin öldürülməsini istəmişdi.

Tripolidən çıxarkən Qəzzafinin maşın kolonu məhz NATO holikopterləri tərəfindən vurulmuşdu. Bundan sonra isə üsyançılar yaralı Qəzzafini ələ keçirərək onu vəhşicəsinə öldürdülər. Yəqin ki, Qəzzafinin necə linç edilməsini və necə öldürülməsini hər kəs xatırlayır. Qəzzafi Mussolinidən sonra bəlkə də yeganə lider idi ki, üsyançıların əlinə keçdikdən sonra linç edilmişdi. 1989-cu ildə Rumıniya lideri Çauşeskunun güllənməsi belə Qəzzafinin ölüm səhnəsi qədər faciəli və dəhşətli deyildi. O videogörüntüdə güclü bir diktatorun və güclü bir liderin əslində nə qədər aciz olduğu görünürdü. Əslində Qəzzafi baş verənlərdən o qədər çaşmışdı ki, nə baş verdiyini belə tam olaraq anlaya bilmirdi.

Nə olursa olsun 40 il müddətində dünyanın ən qədim tarixinə malik olan dövlətlərindən birinə rəhbərlik etmiş güclü bir lider bu şəkildə bir ölümü haqq etmirdi. Qəzzafi ilə birlikdə oğlu Mütəsim Billəh də öldürüldü.

Bir epoxanın sonu

2011-ci il oktyabrın 20-də üsyançılar tərəfindən öldürülmüş Liviya lideri Muammər Qəzzafinin, onun oğlu Mütəsim və Müdafiə naziri Əbu Bəkr Caberin meyitləri Misurat şəhərinə gətirildi və 4 gün müddətində meyitləri ticarət mərkəzindəki soyuducuda hər kəsə nümayiş etdirdilər. Oktyabrın 25-də sübh çağında cəsədləri səhraya aparıb orda gizli şəkildə basdırdılar. Liviyanı 42 il idarə etmiş polkovnik Qəzzafinin epoxası faciəvi şəkildə sona çatdı.

Qəzzafinin gizli dəfnindən sonra radikal «Cihad hərəkatı» döyüşçüləri Liviya liderinin atasının, anasının və əmisinin qəbirlərini açaraq cəsədlərin qalıqlarını təhqir etdilər. Döyüşçülər onların sümüklərini yandıraraq səhraya tulladılar.

Muammər Qəzzafi ərəb sosializminin təmsilçisi olan sonuncu liderlərdən biri idi. Əslində bu gün Suriyadakı Əsəd rejimi nəzərə alınmazsa, o zaman Qəzzafinin ölümü ilə ötən əsrin sonunda ərəb dünyasında inqilab və çevrilişlərə hakimiyyətə gələn ərəb sosializmi epoxası bir mənalı olaraq sona çatdı. SSRİ-nin dağılmasından 20 il sonra Qərb ərəb dünyasında sosializm anlayışını Qəzzafi ilə birlikdə səhrada dəfn etdi. Hazırda Rusiyadan aldığı dəstək üzərinə hələ də ayaqda durmaqda davam edən Bəşər Əsəd atası Hafiz Əsəddən fərqli olaraq ərəb sosializminin daşıyıcısı olmaqdan çıxıb. Lakin Suriyada hələ də vətəndaş müharibəsi davam edir və Bəşər Əsədin taleyinin Qəzzafidən fərqli olacağını söyləmək hələ ki, mümkün deyil.

«Budur demokratiya?»

Qəzzafinin ölümündən sonra isə ABŞ Dövlət Katibi Hillari Klinton bu xəbəri «çox yaxşı xəbər» kimi dəyərləndirdi.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəstin şərhi isə daha maraqlı oldu. Qəzzafinin öldürülməsi ilə bağlı İranın mövqeyini belə açıqladı: «Despotların və öz xalqına zülm edənlərin sonu həmişə eyni olur - şərəfsiz ölüm».

Rusiya prezidenti Vladimir Putin isə Qəzzafinin öldürülmə səhnəsini dəhşətli və iyrənc adlandırdı. Və Rusiya prezidenti ABŞ-a ritorik sual ünvanlamaq həzzini özündən əskik etmədi: «Budur demokratiya?»

Amma əsil ritorik suallar bu gün bir çox liviyalının beynində dolaşır. Qəzzafinin devrilməsi və öldürülməsi ilə Liviya azad oldumu? Liviyada demokratiya inşa etmək mümkünmü? O zaman sabit və sosial ədalətin hökm sürdüyü Liviyanı məhv etməyə dəyərdimi?

Qəzzafinin vəsiyyəti

Oktyabrın 23-də bəzi informasiya agentlikləri Qəzzafinin vəsiyyətini yaydı. Qəzzafi vəsiyyətində özünün islam qaydaları ilə atalarının yanında dəfn olunmasını istəyir və Liviya xalqından mübarizəni davam etdirməsini tələb edirdi:

«Mən Liviya xalqını bütün xarici işğalçılara qarşı bu gün də, sabah da və həmişə vuruşmağa çağırıram.»

# 6314 dəfə oxunub

Müəllifin son yazıları

# # #