Arvadını itə dəyişən kişi

Arvadını itə dəyişən kişi
27 may 2014
# 12:11

Qancıq” Kulis.Az Azər Qaramanlının “Qancıq” hekayəsini təqdim edir.

Kişi əlindəki ağacla küçüyü vurur və həm küləyin, həm də küçüyün zingiltisindən qadının səsinin eşitmir. Qadın isə dolu bədəni ilə təngnəfəs yüyürür və kişiyə bağırır. Külək qadının səsini arxaya aparır.

Qadın kişinin on metrliyinə çatanda artıq kişi sonucu zərbəni küçüyün başına endirmişdi və ağzı qan içində olan küçüyün zingiltisi birdəfəlik kəsilmişdi.

Qadın əyilib əlinə keçən ilk daşı kişiyə tullayır. Daş kişinin başına dəyir və kişinin barmaqları arasında qan görünür. Kişi qadının bağırtılarına və söyüşlərinə cavab belə vermir. Qadının dar köynəkdən pırtlamış döşlərinə tüpürüb evə doğru addımlayır. Qadın kişiyə cumub onu yumruğu ilə vurur. Kişi, “əl çək, qancıq”, deyərək qadını itələyir və yenidən ona tərəf tüpürüb yoluna davam eləyir.

***

Uşaq kişinin iyirmi metrliyinə qədər yaxınlaşıb torpaqda oturur. Kişi torpaq şumlayır. Hər çimdən sonra əyilib torpaqdan çayırı təmizləyir, bir kənara atır, sonra ovuğuna tüpürüb yeni çim vurur. Kişi uşağı fərq etdikdə belə dirsəklənib gülümsəyir.

“Ayaz, gəl çayırları yığ.”

“Yığmıram, sən mənim itimi niyə öldürdün?”

“Gəl bura. O küçük yumurta yeyirdi. Bizim hində, qonşunun hinində yumurta qoymurdu. Sənə demişdim ki, başını bağla.”

“Mən başını bağlamışdım. Amma o, kəndiri çeynəyib qırmışdı. Sən yazıq küçüyü döyə-döyə öldürdün.”

“Düz elədim. Yumurta yeyən küçüklər yalaq olurlar. Yalaq küçüklər böyüyəndə it olmurlar. Elə yalaq olurlar. Yalaq itlər evi, həyəti qorumurlar. O küçükdən it olmayacaqdı sənə. Ona görə o itin qalmağından ölməyi yaxşıydı. Sənə də təzə it taparıq. Baxarsan sənə əsil çoban iti gətirəcəm. Ayı boyda.”

“Sən onu döyə-döyə öldürdün.”

“Başqa cür necə öldürəcəkdim? Səndə bir itə görə az zırılda daha. Səhərdən zırıltından bezdim. Onsuzda anan səhərdən axşama hürür. Başqa iti neynirsən?

“Mama iti zəhərləyəcəkdi. Sən başına vura-vura öldürdün.”

“Gəl çayırını yığ. Zırıltını kəs.”

Uşaq daha bərkdən ağlaya-ağlaya həyət qapısına tərəf gedir. Kişi hirslə beli yerə çırpıb bağırır.

“Sənə dedim, bura gəl. Gəl mənə kömək elə.”

Qadın evdən çıxıb uşağa səslənir.

“Ayaz, evə gəl. Həyətdən qırağa addımını da qoyma. Eşidirsən?…”

***

“Süz.”

“Sağ ol. Sənin sağlığına.”

“Sən sabah Xanoğlana zəng vur. Borc xirtdəyə çıxıb. Gələn həftə karyerə gedək. Yoxsa küçəyə çıxa bilmirəm. Dükançılar məni uzaqdan görəndə dalımca qaçırlar. Biabır olmuşam daha. Zəminə də evdə məni bezdirib. Səhərdən axşama it kimi hürür. Dərdi məni evdən çıxarmaqdı.”

“Sən niyə öz evinə, arvadının yanına getmirsən? Evini eşiyini atıb gör neçə ildi Zəminənin evinə “xoruzluq” edirsən.”

“Nə xoruzu? Zaylama. Sənə xoruzluq edərəm mən.”

“Get işinin dalınca. Mən səninlə zarafat eləmirəm. Zəminə də səndən bezib. Ən azından təzədən evində müştərilərinə qız çıxartmaq istəyir qadın. Sən isə ona yük olmusan. Nə özün pul qazanırsan, nə də ona imkan vermirsən.”

“Neyniyim mən. Sutunyorluq edim onunla bir yerdə.”

“Sənə deyən vardı cavan ailəni atıb gəlib o qəhbənin evində oturasan? Özündən də on yaş böyükdü. Bilmirdin qəhbədi? Ağız burnunu əymə. Düz deyirəm. Sən onun evinə müştəri kimi gedəndə məndə səninlə gedirdim. Onda eynən mənim kimi deyirdin. Qəhbədi, deyirdin. Sonra gedib evinə girdin, arvadını atdın. Qazandığın pulları Zəminəyə verdin. Yadındadı bir dəfə başqa yerə bazlığa getdik. Deyirdin iyindən bilmişdi. Səni öldürürdü. Deyirdin ki, elə bil yüz ilin qəhbəsi bu deyil. Elə bil məni arvadımdan ayırmayıb bu, deyirdin. İndi də eyni şeydi. Sən indi pul gətirmədiyinə görə Zəminə səndən bezib. Həm də sən niyə ona pul qazanmalısan. Çıx get arvadının yanına. Evin, eşiyin. Süz.”

“Necə gedim? Bir dəfə getmişdim. Qancıq həyətin ortasında Elnarənin saçını yoldu, anamın abrını verdi. Elə bilirsən istəmirəm. Amma Zəminə hər gün gəlib orda dava salacaq, el-obanı başına toplayacaq. O qancığı öldürməsəm məndən əl çəkməyəcək. Sırf anamın, birdə Elnarənin acığına. Məni öz evimə qayıtmağa qoymayacaq. Ən yaxşısı karyerə gedib orda işləməkdi. Sən bir Xanoğlanla danış. Sağ ol. Bəlkə bu yolla məndən əl çəkdi.”

“Danışaram. Amma sən özün bilərsən. Yadındadı, Murovdakı günlərimiz. Sən şir kimi vuruşurdun. Həmişə plomyotunla hamıdan əvvəl gedirdin. Balaca boyunla o ağırlıqda “PK”-nı necə daşıyırdın, hamı təəccüb edirdi. İndi bir qəhbənin əlində əsir qalmısan. Dünyanın ağzını …”

“Nə isə. Boş ver. Sabah səndən xəbər gözləyəcəm. Sənin sağlığına.”

***

Qadın masanın üstündəki töküntüləri toplayır.

“Ayaz, televizoru söndür get yıxıl yat.”

“Yatacam.”

“Sənə dedim ki, televizoru söndür.”

Qadın o biri otağa keçir. Kişi qoşa çarpayıda xoruldayır. Qadın soyunur. Yataq paltarını geyinib çarpayıya yaxınlaşır. Kişinin yanında yatağa uzanır.

“İt kimi iy verir yenə, it oğlu.”

Qadın kişinin üzünə tüpürür və arxasını kişiyə çevirir. Sərxoş kişi xoruldamaqda davam edir.

# 6014 dəfə oxunub

Müəllifin son yazıları

# # #