Şeiri sevməyən şair

Şeiri sevməyən şair
26 iyul 2011
# 07:00
Bu gün-sabah ölkəmizin ən yaxşı şairlərindən birinin 45 yaşı tamam olur – Salam Sarvanın.

Yaddaşımın fərasətsizliyi ucbatından Salamdan ancaq ayrı-ayrı misraları kafamda qoruyub saxlaya bilmişəm; uşaqlıqdan şeir əzbərləməkdən xoşum gəlməyib. Riyaziyatı çox sevdiyimdən elə bilmişəm ki, ən yaxşı şeir vurma cədvəlidir: “iki birin iki, iki ikinin dörd, iki üçün altı...”

Tələbə vaxtı Salamı ilk dəfə oxuyanda kəşf etdiyim nəticə bu oldu: deməli, riyazı dəqiqliyi sözə tətbiq eləmək mümkündür, halbuki o zamanlar hamı söz azadlığından danışırdı, hətta söhbət o yerə gəlib çıxmışdı ki, insanlar sözü azad etmək üçün öz azadlıqlarını qurban verirdilər.

Sözün insandan qiymətli dövrü idi. İndi insan qiymətə minib, söz dəyərini itirib.

Sözün insana qarşı nəsə gizlin bir düşmənçiliyi var, məncə.

Dünyada rahat ömrü olan bircə dənə də yaxşı şair yoxdu: düşmənçilik deyil bəs nədi bu?

Biz Salamla təzə-təzə tanış olanda ürəyimə damdı ki, Söz Salamı çox incidib: yazmırdı, danışmırdı, ya da bu mənə belə görünürdü. Şeir ona şöhrət, o, şerə sükut gətirmişdi. Ədəbiyyata yenicə burnunu soxan adam üçün – söhbət özümdən gedir – bu sükut hətta bir az darıxdırıcı idi.

Biz belə eşitmişdik ki, şair dilotu olar, Salam isə elə hey susur, susurdu. Salamın bu halını sonralar Rasim Qaracada oxuduğum bir misra çox sərrast ifadə edir: “Artıq səsimi susmaqla eşitdirəcək yaşa gəldim”.

Uzunçuluq eləməyib Salamla başımıza gələn sadə bir xatirəni yazıb sözü yubliyara verəcəyəm. Onda hələ Elçin Səlcuqun adının qabağında “rəhmətlik” sözü yox idi. Yığışıb getdik Cəlilabada; rayon mərkəzində bizi Salamın qardaşı Qələm qarşıladı və “ya Allah!” üz tutduq birbaş onların sürüşmə zonasına düşdüyü üçün köçürülmüş, bir-iki daxmadan savayı heç bir ev qalmayan Qarğılı kəndinə - uşaq vaxtı bu kənddə o qədər itən qoyunumuzu axtarmışam ki...

Hə, yadımdan çıxmamış deyim, Cəlilabadın bazarında Elçin Səlcuq mənə dedi ki, dədəsiz uşaqsan, qoy evinizə bazarlıq eləyim. Etiraz etdim və onun amiranə səhv ruscası ilə cəzalandırıldım: “Ya skazal!” Təkbaşına bazara girib yekə bir torbanı doldurdu – bu torba söhbətini bir azdana saxlayaq. Salamgilin kəndinə çatdıq, lələ köçüb yurdu qalmışdı; bir iki koma, beş-altı adam, vəssalam və biz, bir də Salam. Salam sıldırım bir yamacı göstərib bizdən soruşdu ki, burdan üzüaşağı at çapmaq olar? Kənddə böyüyənlər yaxşı bilirlər; üzüyenişə at çapmaq hər oğulun hünəri deyil, xüsusilə at yalın olanda. Və Salam sıldırım yamacın qarşısında öz uşaqlığı ilə öyündü: mən bu yamacla üzüaşağı at çapmışam. Sanki, bu sözləri bizə yox, sıldırıma dedi.

Kənddə göy üzündən başqa heç nə qalmamışdı, yiyələri köçüb getmiş evlərin həyət-bacasında yel vurub, yengələr oynayırdı.

Oradan dağın bu biri üzünə, bizim kəndə aşdıq və həyətə çatar-çatmaz Elçin Səlcuq cəngavərcəsinə anamın qarşısında bazarlıq etdiyi torbanı açıb aldıqlarını bir-bir sərgiləməyə başladı: 1. siçan tələsi. 2. ciyə, yəni ədəbi dildə desək, cöngə ipi. 3. yaşıl rəngli İran aftafası. 4. paltar sabunu. 5. ağu (siçanların yuvasına qoymaq üçün) və s. bu kimi kənd yerində lazım olan ayın-oyun.

Qışın sazağında özümüzü odun “pıçının” böyrünə yıxıb xeyli “isindik”.

Dünyada şair çoxdu, istənilən ölkənin bir ədəbiyyat portalına “tıklamaq” yetər ki, şairlərin arı pöhrəsi kimi qaynadığını görəsən. Amma şairi bol olan dünyanın yaxış şeiri çox azdı. Mənim fikrimcə, - yanlış düşüncə də ola bilər – iki cür şair var; şeiri çox sevən şair, bir də şerin çox sevdiyi şair. Şeiri çox sevən şair istəyir ki, ən yaxşı şeri özü yazsın. Ən yaxşı şeir isə istəyir ki, onu məhz özünün çox sevdiyi şair yazsın. Salam şeiri çox sevən şair deyil, hətta bəlkə, bir az şeirdən xoşu gəlməyən şairdi. O, şeirin çox sevdiyi şairdi.

Deyəsən, Mandelştamın sözüdür: “Mən axtarmıram, mən tapıram”. Bu sözləri redaktə etmədən Salama da aid etmək olar. Salam da axtaran şair deyil, tapan şairdi. Və indiyəcən nə tapıbsa, hamısını bizə verib – Azərbaycana!
# 3234 dəfə oxunub

Müəllifin son yazıları

# # #