Nizaminin təsir göstərmədiyi Azərbaycan ədəbiyyatı - Aqşin Yenisey yazır...

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

17 mart 2023
# 15:00

Sosial şəbəkələrdə Nizami Gəncəvi obrazının farsca İranı mədh edən bir videosu yayılıb. Videonu çəkənlər və izləyənlər elə bilirlər ki, Nizami indiki İran dövlətini tərifləyir. Nizaminin əsərlərindəki İran türk sülalələrinin hakimiyyəti altında olan coğrafi ərazi idi. İran adlı dövləti tarixdə ilk dəfə ingilislər Nizami Gəncəvidən 8 əsr sonra yaratdılar.

Lap başdan başlayaq. Nizaminin coğrafi ərazisi İran-Turan torpaqlarını əhatə etsə də, onun mənəvi-intellektual ərazisi ellinizm mədəniyyətinin tarixi, fəlsəfi ərazisi qədərdir. O, türkcə danışan, farsca yazan, yunanca düşünən mütəfəkkirdir. Firdovsidən fərqli olaraq mifik deyil, realist estetikanın nümayəndəsidir. Fəlsəfi, intellektual ərazisinə görə onu İran-Turan sərhədlərinə sığdırmaq cəhdləri akademik standartlaşdırmaların sifarişçisi olan milli-ideoloji ehtiraslardan qaynaqlanır. Nizami bir fikir məbədi olaraq, Platon idealizmi ilə Aristotel rasionalizminin ayrıldığı yox, birləşdiyi yerdir. Ən kamil əsəri "İsgəndərnamə”də, xüsusilə, bu əsərin ikinci "İqbalnamə” hissəsində o həm Platonun, həm də Aristotelin fikirlərini "müsəlmanlaşdırır”.

Nizami formaca deyil, məzmunca ellinistdir. "Sirlər xəzinəsi”də altını xətlədiyim üçün yadımda qalan "suyla alov ülfət tutdu təbiətdə birinci”, "Varlığın kölələri yoxluqdan azad oldu”, "Kəraməti can verdi həyat bəxş etdi suya” və sair kimi varlığı, yaradılışı ifadə edən çoxsaylı materialst fikirləri onu ellinist məktəbin yetirmələri ilə müqayisə etmək üçün bizə ipucu verir. Həyatın odla suyun sintezindən yaranması elmi, materialist düşüncədir. Ellinist filosoflar da yaradılış, varlıq haqqında öz materialst fikirlərini şeirlə yazırdılar.

Məsələn, eramızdan əvvəl VI əsrdə yaşamış ellinist filosof Parmenidin "Təbiət haqqında” şeirində də oxşar misraları oxumaq olar. Yaxud eramızdan əvvəl VIII əsrdə yaşamış Hesiodun "Teoqoniya” əsəri yaradılışın xaosdan yaranması haqqında uzun bir şeirdir. Fars şerində heç indi də elmi, materialist məktəb yoxdur. Heç vaxt da olmayıb.

Nizami Gəncəvi, məncə, sifariş almadan yeganə ölü şaha (İsgəndərə) həsr etdiyi ən böyük əsəri "İsgəndərnamə” ilə bu məktəbə öz borcunu qaytarıb. Ya da "İsgəndərnamə” Nizami Gəncəvinin ömrü boyu yazmaq istədikləri idi. Yuxarıda dediyim kimi, Nizami Gəncəvi Platon idealizmi ilə Aristotel rasionalimzinin qovuşduğu bir dəryadır. Hətta akademik araşdırmalar onu daha çox Platona bağlasalar da, məncə, Nizami Şərq, islam ədəbiyyatında özündəki Aristotelin ağırlığı ilə birincidir, eyni zamanda həm də sonuncudur. İslam dünyasında Aristotel rasionalizminə, ümumiyyətlə, ağıl, məntiq anlayışına bu qədər yaxın olan ikinci bir şair yoxdur, heç bu günümüzdə də. Nizami fəlsəfi olaraq Platon və Fərabi utopiyasından bəhrələnirsə, elmi olaraq Aristotel deduksiyasını örnək alır və bunu bəzən hind təmsili ilə ("Bayquşların söhbəti”ndə) birləşdirir.

"İsgəndərnamə”nin ikinci, "İqbalnamə” hissəsi burada dediklərimin sübutudur. "İqbalnamə”də Makedoniyalı İsgəndərin utopik şəhərlə qarşılaşması Platonun, Fərabinin utopik dövlət fəlsəfəsinin Nizamidə zühurudur. Bu, həm də gücün ədalətlə qarşılaşmasıdır. Nizami birinci ("Şərəfnamə”) hissədə İsgəndəri (gücü) mədh etdiyi əsərinin ikinci hissəsində onu ədalətin güdazına verir.

"İqbalnamə”də İsgəndərin ətrafında toplanan Aristotel, Porfiriy, Platon, Hörmüz və başqa filosofların söhbətlərində kainat, ulduzlar, həyat, ölüm, yaradılış kimi mövzuların müzakirə olunduğu səhnə var. Bu söhbətlərdə Nizami ayaqları yerdə olan ilk materilaist Şərq şairi təəssüratı yaradır. Bu da sözsüz ki, Aristotelin təsiridir. Nizaminin kosmikliyi də kosmosa açılmaq, hind yoqaları kimi göy üzünü, tanrını aşmaq deyil, əksinə, kosmosu, tanrını ağla, düşüncəyə sığdırmaqdır.

Təəssüf ki, müsəlman dünyasına İbn Rüşd ilə ayaq açan aristotelizm Nizamidən sonrakı ədəbiyyatımıza ötürülə, məktəbə çevrilə bilmədi. İslam dünyası fəlsəfədə Qəzzali, ədəbiyyatda Füzuli (irfan) yoluna üz tutdu. Praktik mənəviyyatdan üz çevirdi. Nizami Gəncəvidə mənəviyyat praktik əhəmiyyətlidir. Bu mənəviyyat bugünkü Qərbin inkişaf yolunu açan yunan düşüncəsidir. Çağdaş Avropa xristianlıqla aristotelizmin nikahından doğulub.

İki növ araşdırma var: akademik və yaradıcı. Klassiklərimizi, ədəbi irsimizi akademik araşdırmaların monopoliyasında saxlamaqla, yaradıcı müdaxilələri yaxına buraxmamaqla mədəniyyətimizi akademik bir cansızlığa məhkum etmişik. Onlara, Bodlerin sözləri ilə desəm, canlı həyat küləyinin dəyməməsinə səbəb olmuşuq. Bunun nəticəsidir ki, müasirlərimizdə klassiklərimizdən heç bir təsirlənmə izi yoxdur. Nizaminin dünyada heç təsir göstərmədiyi ədəbiyyat Azərbaycan ədəbiyyatıdır. Bu akademik buzlaşma əriməyincə, Nizami daha doqquz əsr Azərbaycan orta məktəbində doqquzuncu sinifdə qalacaq. Klassiklərin funksionallığını bərpa etməyin yolu onların yaradıcılığına yaradıcı həmlələri, xüsusilə təftişçi ironiyanı yaxın buraxmaqdır. Necə ki, xristian ədəbiyyatı təftişçi ironiya yolu ilə İsanı daim diri saxlayır. Fransız alimi Julian Benda yazır ki, Avropa aydınlarında XX əsrdə qısırlaşma ona görə baş verdi ki, klassiklərin mətnlərinə yaradıcı müraciətlərin sayı azaldı. Nizami, eləcə də digər klassiklər üç-dörd alimin maaş alıb qoruduğu "dövlət qoruğu” sükunətindən xilas edilməlidir. Gənc müəlliflərin klassiklərə istənilən formada müraciəti ilk növbədə alimlərimiz, akademiklərimiz tərəfindən daş-qalaq olunur. Çünki Nizami onlar üçün bərəkətdi, "çörək ağacı”dır. Bu, molla yanaşmasıdır. Eyni mühafizəkarlıq müsəlmanları da öz müqəddəs kitablarına əl vurmağa qoymur. Ona görə də mərifət boşluğunu cəhalət doldurur.

Ədəbiyyat müqəddəs yer deyil, tam əksinə, müqəddəsliyə müxalif olanların yeridir.

Nizamin yazı dilinin farsca olmasına gəlincə, bu, ilk növbədə, bürokratik məsələdir. Nizamin yaşadığı dövrdə türk dilində 10 min, fars dilində 250 minə yaxın söz vardı. Ərəb dilinin yazılı lüğəti isə 26 cild idi. Oğuzlar Anadoluda Bizans, İran coğrafiyasında Sasani mədəniyyətinə yiyə durdular. Bizansda mədəniyyət soyuqqanlı idi, daha çox memarlıqda ifadə olunurdu (loqos öndə). Sasanilər isə sözə, dastana önəm verirdilər (pafos öndə). Ona görə Anadoluda memar sinanlar yetişdi, İran coğrafiyasında nizamilər, füzulilər.

Nizaminin dövründə sənət xalqa yox, saraya məxsus idi. Sarayda kim otururdusa, şair də onun idi. Dövlətin yazı işləri hansı dildə aparılırsa, ədəbiyyat, digər yazı sahələri də bu gerçəkliyi qəbul etməyə məcburdur. XV əsr vəbasına qədər İngiltərədə də elitanı fransızlar təşkil etdiyi üçün yazı dili fransız dili idi. Vəba şəhərlərdə yaşayan fransızdilli aristokratları və latındilli kilsə xadimlərini qırdı, vəbanın əlinin çatmadığı ucqar kəndlərə qovulmuş ingilislər və o vaxt kəndli dili sayılan ingilis dili sağ qaldı, elitarlaşıb öz Şekspirini yetişdirdi.

Yaxud uzun illər xristian Avropasında latın dili yazı dili idi. İlk Şərq və yunan mətnləri Avropada latın dilinə tərcümə olunmuşdu. Bütün dövlət işləri latınca aparıldığı üçün ədəbiyyat da latınca yaradılırdı. Səlcuq saraylarında da yazı dili farsca idi. Səbəb o idi ki, istər xristian, istər İslam dünyasında orta əsrlərdə yazıb-oxumağı bacaran azsaylı insanlar ancaq dini məktəblərdə yetişdirilirdilər. Başqa məktəb yox idi. Bu məktəblərdə dərslər hansı dildə öyrədilirdisə, bütün mədəniyyət də o dilin üzərində yaradılırdı. İşin ikinci, ədəbi tərəfi odur ki, türklər İslamı qəbul etdikdən sonra əruzu ərəblərdən deyil, farslardan öyrənmişdilər.

Üçüncü və daha ağrılı bir səbəbi isə Nizami öz əsərlərində yazıb. "Leyli və Məcnun”un girişində bu əsəri farsca yazmasını Şirvanşah Axsitanın ondan xahiş deyil, tələb etdiyini bu sözlərə yazır:

Farsca:

Der ziver-e Parsi yo Tazi,
İn taze erus ra terazi.
Torki sefeti vefa-ye ma nist,
Torkane sefet seza-ye ma nist.
An kez neseb-e bolend zayed,
U ra sohen-e bolend bayed.

Türkcəsi:

Bu təzə gəlinə çəkəndə zəhmət,
Fars, ərəb diliylə vur ona zinət...
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirir türk dili bizə.

Biz görürük ki, Nizaminin zamanında türk dili XV əsrdən əvvəlki ingilis dilinin vəziyyətindədir, məişət və kəndlərə sıxışdırılıb. Danışıq dilidir. Nizami bunun arxasınca farsca yazmağın ona xəcalət verdiyini, amma bundan boyun qaçırmaq imkanının olmadığını da yazır:

Farscası:

Çun helge-ye şah yaft guşem,
Ez del be demağ reft cuşem.
Ne zehre ke ser ze het betabem,
Ne dide ke reh be konc yabem.
Sergeşte şodem der an hecalet,
Ez sosti-ye emr o ze’f-e halet.
Kes merhem ney ke raz guyem,
Vin gesse be şerh baz guyem.

Türkcəsi:

Qulağım şahlıq həlqəsinə keçdiyi üçün,
Ürəyimlə deyil, ağlıma qərar verdim.
Gücüm yox bu əmri geri çevirim,
Görməzlikdən gəlib arxamı dönüm.
Bu xəcalətdən başım hərləndi,
Bu mənasız bir əmr, mən də acizəm.
Bir sirdaşım da yox sirrimi deyim,
Halımı, dərdimi ona söyləyim.

Bu misralardan da aydın görünür ki, onun farsca yazmasında dövrünün təhsil, ədəbi tələbləri ilə yanaşı, siyasi tələbləri də önəmli rol oynayıb.

Nizamini dünyaya fars şairi kimi tanıdanlar Avropa orientalistləridir. XVII əsrdə, xüsusilə 1789-cu ildə Napoleonun Misiri işğalından sonra Avropada Şərqi öyrənən ciddi şərqşünaslıq institutları yaradıldı. Napoleon hətta işğal etdiyi ölkələrin bütün daşına bilən mədəni irsini əsgərlərinə daşıtdırıb Paris muzeylərinə yığırdı. Fransız rəssamı Martin Bertoltun at arabaları və dəvələrlə Luvra daşınan qənimət sənət əsərləri haqqında məşhur bir rəsmi də var. O cümlədən, hind, ərəb, fars yazılı nümunələri də orientalist araşdırmalara məruz qaldı. Nizami Gəncəvi də Avropa şərqşünaslarının əlinə farsca keçdi. İran, sadəcə, özündən əvvəl dünyada fars şairi kimi araşdırılan və təqdim olunan Nizamiyə sahib çıxdı.

Nizaminin fars şairi olmadığına aid ən sadə nümumələr onun yaradıcılığındadır. Məsələn, Nizami Gəncəvinin öz qəlbinin sifarişi ilə yazdığı ən böyük əsəri "İsgəndərnamə"ni oxuyanlar bilir ki, bu əsər qədim İran ədəbi mətnlərində amansız fateh, Əhəmənilər sülaləsinin qatı düşməni kimi təsvir edilən Makedoniyalı İsgəndərin Əhməni şahı Daranı məğlub etdiyi tarixi dövrü əhatə edir. Və əsərdə Nizami Gəncəvi Daranı bütün dövrlərin ən pis insani sifətlərinə sahib bir adamı kimi təsvir edərək farsların vaxtilə İsgəndərə aid etdikləri bütün eybəcər özəllikləri Dara obrazının üzərinə köçürür. Yəni fars mətnlərindəki İsgəndərlə Daranın yerini dəyişir. Daranın məğlubiyyətini "Sənətin yaddaşına” köçürür. O dövrdə heç bir "saray şairi” bunu yazmağa cəsarət edə bilməzdi. Çünki şairi sarayda ona görə saxlayırdılar ki, məğlubiyyəti unutdursun, şahın qələbələrini, fəthlərini tərənnüm etsin. Nizami Gəncəvi fars sarayının şairi olsaydı, belə əsər yaza bilərdimi?

Farsların özlərinin də "İsgəndərnamə" adlı bir kitabı var. Abbasqulu Ağa Bakıxanov bu kitaba istinadən yazır ki, İsgəndər bu coğrafiyaya gələndə indiki Bakı şəhərində yurd salır, qədim bakılılar onu bütün günü onun şərəfinə ziyafətlər verirlər. Gənc İsgəndər uzun müddət Bakıda qalası olur. Yerli əhali ilk dəfə dünyaya elm yaymaq üçün səfərə çıxan bir şahla qarşılaşır İsgəndərin simasında.

Nizami Gəncəvi də öz "İsgəndərnamə"sində məhz yerli xalqın yaddaşına istinad edir. Əhməni şahı Daranı elmə dəyər verməyən nadan bir hökmdar kimi tənqid və təqdim edir. Fars sarayında fars şahına nadan deyən farsdilli şair yetişə bilərdimi?

Nizami "Sirlər Xəzinəsi”ni Səlcuq hökmdarı Bəhram Şaha, "Xosrov və Şirin”i Atabəylərin şahı Cahan Pəhlivana, "Leyli və Məcnun”u Şirvanşah Axsitana, "Yeddi Gözəl”i Marağa hökmdarı Ələddin Körpə Arslana yazıb. Gördüyümüz kimi, onun oxucuları və sifarişçiləri arasında bircə nəfər də olsun fars mənşəli zat yoxdur.

Bayaq dediyim kimi, Nizaminin zamanında istər Avropada, istərsə də Şərqdə yazıb-oxumağı ancaq dini və siyasi elitanı təmsil edənlər bacarırdı. Nizamiyə bu günün gözü ilə baxıb "saray şairi” deyilməsinin səbəbi də budur. Halbuki Nizaminin dövründə, oxucu da sarayda idi, "saray oxucusu” idi. Avropa Renessansını yaradan dahilər də saraya bağlı idilər. Düzdür, bundan imtina edib Xəqani kimi xərabət əhlinə qoşula bilərdi. Necə ki, Sokrat bunu etmişdi. Amma görünür, Nizami əsərlərində utopiyanı tərifləsə də, həyatında bunun əksinin, distopiyanın tərəfini tuturdu. Onu mənsub olduğu elitaya, bəlkə də, millətçi hisslər bağlayırdı.

Özünün bu barədə yazdıqlarına baxa bilərik.

Farscası belədir:

Pedər bər pedər məra Tork bud,
Be fərzanegi hər yeki qorq bud.

Türkcəsi:

Mənim atalarım və babalarım hamısı Türkdür
Hər biri öz gücü ilə sanki bir qurddur!

# 5838 dəfə oxunub

Müəllifin son yazıları

# # #