Filmə baxa bilməyənlərin bıçağa əl atmağı

Filmə baxa bilməyənlərin bıçağa əl atmağı
12 may 2015
# 15:21

Düşünə bilirmisiniz, bir vaxtlar olub ki, Azərbaycanın ucqar bir bölgəsində, kənd kinoklubunda adamlar Fellininin filmlərinə baxıb? Olub, olub. Həftədə bir dəfə dünya kinosunun sənət əsəri sayılacaq filmlərini təqdim edən “Retro” verilişindən başqa böyük ekranda böyük filmlərə baxmaq imkanı...

İndi, sadə tamaşaçının ciddi kino ilə yaxından uzaqdan nə qədər əlaqəsi var? Bakıda faktiki olaraq bir neçə kinoteatr aktiv fəaliyyət göstərir, sadə insanların vaxtı və pulu onlara kinoteatrda film izləməyə imkan vermir. İnternet əsridi-texnika filan deyib, özünüzü yormayın. Ölkə təkcə Bakıdan ibarət deyil, bölgələrdə də insanlar yaşayır, onların da kino kimi tələbatları var. Onlar bəs nə etsin? Klubların çayxana xarabalığında domino vursun? Yoxsa yalnız “Xoşqədəmlə səni axtarıram”a baxsın?

Kinoteatr lüksünü çıxdıq, heç olmasa milli telekanallarımızda bir-iki ciddi film izləməyə nə söz? Hər bayram və faciə günlərində telekanallar sözləşib kimi eyni filmləri verir-sanki kinonun yarandığı illərdəyik və bütün dünyada cəmi üç dörd film çəkilib: “Cəsur ürək”, “Dolu”, “Qaynana”, “O olmasın, bu olsun”, “Evlənmək istəyirəm”.

Tamaşaçı müasir dünya kinosundakı ciddi filmlərə haradan tanış olsun? Hollivud kinosənayesinin məhsulları ilə efir vaxtını doldurmaqdansa, proqramda filmin adı yerinə eləcə “Bədii film” yazmaqdansa, milli kinomuzdan eyni filmləri dəfələrlə göstərməkdənsə kinoya ciddi yanaşmaq, milli və dünya kinosunda gedən məsələlərlə maraqlanmaq olmazdımı? Lap elə yerli istehsal olan qısametrajlı filmləri göstərmək? Bu, maliyyə baxımdan da kanallara ucuz başa gələrdi-Hollivudun aşağı keyfiyyətli filmlərinin dublyaj və ya səsləndirməsinə maliyyə xərcləməkdənsə, ucuz qiymətə (Gildiyanın rəhbəri Hüseyn Mehdiyevin söylədiyinə görə bir telekanal bir tammetrajlı filmə görə maksimum 100 manat ödəyər, ya ödəməz) yerli filmləri alıb nümayiş etdirmək. Nə düşündüyümüzə, nə çəkdiyimizə baxmaq. Sadə tamaşaçını “Bizdə kino yoxdu, kino əvvəllər var idi” fikrindən daşındırmaq... Məsələn, “Tabutçunun yelləncəyi” kimi maraqlı bir filmə (qısametrajlı) vur-tut bir ovuc adam baxa bildi.

Onun kimi onlarla film var. Dünya kinosunda da... İnternet üzərindən baxa bilənlər baxdı. Tutalım, axı Azərbaycanın hansısa bölgəsində gözünü TV-yə zilləyən yeniyetmənin, gəncin alternativi yoxdur?

Düzdür, dünya kinosundan təqdim etdiyi filmlərə görə fərqlənənlər var (məs. ANS və, Space). Bu yəqin ki, kanal rəhbərlərinin kino ilə bağlılığına görədir.

Qaldı milli filmlərə...

İstəsək də, istəməsək də, milli kinonun bir vacib missiyası var: tamaşaçıya model təqdim etmək. İnsan modeli, qəhrəman modeli, ailə modeli, cəmiyyət modeli və s. Bu model bu filmlərlə tamaşaçının beyninə həkk olub onun dəyərlər sistemində yer alır. Olmayanda isə...

...Milli kinoistehsalın azlığındandır, olanların da TV-də az-az nümayiş olunmasındandır ki, sadə tamaşaçı o modeli tapa bilmir. Söz axtaranda filmlərimizdən sitat gətirən adamlar indi əlini bıçağa atır. Və beləcə həyat filmi üstələyir. Filmə baxa bilməyənlər filmi həyata keçirir...

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #