Sənət adamları oruc tuturmu? SORĞU

Sənət adamları oruc tuturmu? <span style="color:red;">SORĞU
28 iyul 2014
# 07:45

Ramazan bayramı münasibəti ilə Kulis.az sənət adamlarına iki sualla müraciət etdi:

1. Oruc tutursunuzmu?

2. Dinlə sənət arasında ziddiyyət görürsünüzmü?

Vidadi Həsənov (aktyor):

- Oruc tutmuşam, amma dindar deyiləm. Heç bilmirəm də dindar nəyə deyirlər? Bütün dinlərin hamısı bir yoldur. Həqiqət yolu. Bizim sənətimiz də bir yoldur. Bütün yollar da yaxşı yerə aparmalıdır. Məşhur bir filmdə deyilən kimi: “Əgər yol məbədə aparmırsa, onda o, nə yoldur?”

Əli Əmirli (dramaturq):

- Oruc tutmuram. Mən dinlə nəyinsə arasında, həyat ya sənətin - heç bir ziddiyyət görmürəm. Dini qəbul edirsənsə, gərək onun bütün qaydalarına riayət edəsən. Əgər dini tam qəbul etməmisənsə, inamın dərin deyilsə, artıq problem səndədir. Dinlə sənət arasında heç bir problem yoxdur. Əksinə, dini məsələləri yaxşı bilən, tək islamı deyil, bütün məsələləri yaxşı bilən yazıçının əsərlərində məzmun dərinliyi, keyfiyyət olur. Yəni, bunu mən öz yaradıclığımda da görmüşəm. İnamım o qədər dərin olmadığına görə dinin qayda-qanunlarına əməl etmirəm. Bunu edənlərə, o biri dünyanın olduğuna inananlara böyük hörmətim var, hətta hardasa həsəd də aparıram onlara. Amma saf - fanatizmə, ehkamçılığa uymayan dindarlara təbii ki... Mən materialistəm və başqa cür düşünmək məndən asılı deyil. Amma dinə etiqadı olan, orada özünü azad, xoşbəxt hiss edən adamlara sayğım böyükdür.

Əli İsa Cabbarov (kinorejissor):

- Oruc tuturam. Dinlə sənət orqanik bağlıdı. Dünya sənət tarixi əsrlərin imtahanından cıxmış ateist şedevr tanımır. Yaradıcılıq tanrının fəaliyyətinə bir təqliddir ona görə ateist ola bilməz. Və ya ateist olaraq əsrləri adlayacaq sənət yaratmaq mümkünsüz. Din çox kreativ bir institutdur.Hər halda Da Vinçidən tutmuş Səttar Bəhlulzadəyəcən, İ.S.Baxdan tutmuş Qubaydulinaya qədər hamısı Tanrılı dünyanın sənətkarlarıdır”

Sevinc Elsevər (yazar):

- İndi oruc tuta bilmirəm. Səhhətimə görə... Mən dindar deyiləm, təxminən deistlərə yaxın bir adamam. Bütün dinlərdə humanizmə aid hər cəhəti sevirəm. Allaha inanıram və onu dost hesab edirəm. Onunla pıçıltılarla danışıram, amma onu təsəvvür edə bilmirəm. İnanıram ki, bu kainatda bir düzən və bu düzənin sahibi var. Bilirsən, çoxlu heyvan və balıq saxlayırdım. Onları qorumaq istəyəndə baxırdım ki, hər dəfə bacarmıram. Mən ümumi düzənin pozulmaması üçün mücadilə edirdim. Akvariumda bir balıq o birini parçalayırdısa, bunun belə olmağını istəmirdim, amma qarşısını da ala bilmirdim. Onda anladım ki, şər hər nədirsə, Allah özü də onunla mübarizə aparır. Yəni, bu dünya onun bacardığı dünyadır və mən bu dünyanı olduğu kimi qəbul edir, ona inanır, onu sevirəm. Sufilərə görə, insan Tanrının kiçildilmiş modelidir. Tanrının ən yaxşı cəhətlərini özündə birləşdirən və onu təkrar edən insanlar ən yaxşı insanlardısa, yaratmaq da Tanrının cəhətlərindən biridir. Məncə biz onu təqlid edəndə, yəni gözəl nəsə yaradanda xoşuna gəlir. Necə ki, körpə uşaq biz böyükləri təqlid edəndə sevinirik: “O güldü, o, danışdı, o, yeridi, o, fincandan içir, kuklasını ayağına qoyub yelləyir” və s. İnsan da əlinə qələm alıb şeir yazanda, şəkil çəkəndə, kino çəkəndə Tanrı görür və deyir lap mənim yaratdığıma oxşayır. Mənim üçün incəsənət, ədəbiyyat özü bir dindir. Məncə humanizmə xidmət edən, insanlığı təbliğ edən hər şey Tanrının ürəyincədir. Mənə belə düşünmək daha rahatdır. Ateistlərdən də çəkinib eləmirəm. Bilirəm ələ salacaqlar (gülür)

Pərviz Məmmədrzayev (aktyor):

- Oruc tuturam. Bilirsiniz, din ilk növbədə əxlaqdır, vicdandır, namusdur, ailə sədaqətidir; din yalnız namaz qılmaq deyil. Namaz qılmaq formal qatdır, sadəcə olaraq gündə beş dəfə Allah-təalanı zikr etməkdir. Qalanı vicdandır. Peyğəmbərə sual verəndə deyib ki, dini mən gətirmədim, onu məndən öncəkilər, İbrahim peyğəmbər gətirdi. Mən yalnız əxlaq və vicdan gətirdim. Dini insani aspektdən düşünmək lazımdır. Din mövhumat deyil. Mənim üçün din vicdandır, əxlaqdır, özümə rəva görmədiyimi başqasına da rəva görməməkdir. Mən çalışmışam ki, sənətimdə də namusla hərəkət edim, heç kimin qarşısını kəsib incitməyim.

Naibə Allahverdiyeva (aktrisa):

- Yox, tutmuram, çünki problemim var: oruc tutanda qan təzyiqim aşağı düşür. Özünü tanıyan, mənəvi dünyası zəngin olan adam tanrını mütləq tanımalıdır. Tanrını tanımayana lənət olsun! şəxsən mən dinə, dindarlara hörmətlə yanaşıram, Allaha da inanıram. Hər bir insanın ürəyində mütləq Allah sevgisi, Allah qorxusu olmalıdır. Elə olmasa insanlar özlərini idarə edə bilməz. Dinə etiqad edən üçün hansı sənətin sahibi olmağın heç bir mənası yoxdur.

Şövqi Hüseynov (aktyor):

- Yox mən oruc tutmuram. Hesab edirəm ki, din və sənət başqa-başqa sistemlərdir və onları bir-birinə qatmaq olmaz. Dinlə məşğul olan adam sənətdə də onu axtarırsa, o problemli olacaq. Bunlar şəxsdən, fərddən asılıdır. Sənətdən olub dini ibadətlə məşğul olanlara da pis baxmıram. Normal baxıram, sadəcə işində də onu axtarmayacaqsa...

# 4176 dəfə oxunub

Müəllifin son yazıları

# # #