Kinonun ittifaq dərdi

Kinonun ittifaq dərdi
17 oktyabr 2019
# 10:33

Kulis.az Aliyənin “İttifaq bol olarsa…” yazısını təqdim edir.

Elçin Əlibəylinin bir həftə əvvəl Spacenin efirində yayımlanan “El bizim, sirr bizim” verilişinin guya kinonun probleminə, əslindəsə köhnə kinoittifaqın dirçəlməsinə və İbrahimbəyova qarşı hazırladığı verilişi izlədim.

Veriliş haqda yazmaq fikrim yoxdur əsla. Çünki E.Əlibəylinin verilişlərində şəxsi və qrup konfliktləri müstəvisində hər şeyin – nəinki TV və jurnalistika prinsiplərinin, hətta əxlaq və mənəvi sərhədlərin pozulması, vasitəyə çevrilməsi normadır, təəccüblü deyil.

Mənə maraqlı olan orada kino adamlarının dilindən çıxan əcaib-qəraib kəlmələrdir. Ki, ölkədəki olduqca ciddi bir mövzunun üstünü açırlar…

Əvvəlcə məlumat verək ki, aparıcı verilişinə kinoşünas Ayaz Salayevi, “şeyxülkino” Əbdül Mahmudovu, rejissor Oqtay Mirqasımovu dəvət edib və onları danışmaq üçün əsas hədəfə istiqamətləndirib.

Niyə istiqamətləndirir, çünki bəzi qonaqlar mövzudan xəbərdardır, hədəfə necə atacaqlarını məşq ediblər, bəzilərisə “kinonun problemlərinin müzakirəsi” adı ilə verilişə gətirilib. Hədəf də düşündüyünüz kimi kinoistehsala cavabdeh olan qurumlar deyil, mövzu da kinonun problemi deyil, yoxsa məsələn, aparıcı yanında əyləşdirdiyi kinoşünas Ayaz Salayevdən soruşardı ki, görək rejissor dövlət hesabına iki dəfə çəkdiyi filmini niyə hələ də ortaya çıxarmır?

Elçin müəllimin niyyəti bu deyil, o, ciddi-cəhdlə kinonun əsas problemi olaraq iki ittifaqın eyni vaxtda fəaliyyətini göstərir. Və qonaqların dilindən belə bir ifadə səslənir: “rəsmi ittifaq”, “legitim ittifaq”. Qeyri-hökumət təşkilatı üçün belə ifadələr absurddur. Necə yəni rəsmi ittifaq? Necə yəni legitim?

Olsun ki bu kəlmələri tez-tez xatırladan Əbdül Mahmudov dövlətin dəstəklədiyi ittifaq demək istəyir. Amma iş ondadır ki, dövlətin də hansı ittifaqı dəstəkləməli olduğu kimi bir qanun yoxdur. Kimin layihəsi maraqlısa, faydalısa dövlət qurumu ona maliyyə ayıra bilər. Sadəlövh də olmayaq, bu əməkdaşlıqlar ittifaq sədrlərinin avtoritetləri ilə qurulur. Əbdül müəllimin dediyi “legitim” sözünün azərbaycancaya tərcüməsi də məhz budur.

Və yəqin ki, iki ittifaq söhbətində onları qorxudan da budur. Legitimləşmə - avtoritet.

Yoxsa iki ittifaq niyə təhlükəli olsun ki…

Bir fəaliyyətsiz ittifaqdansa bir-biri ilə rəqabət aparan iki ittifaq yaxşıdır. Kaş ki, Teatr Xadimləri İttifaqına da alternativ bir ittifaq yaradıla idi.

Madam ki, ittifaqlarda sədr on illərlə dəyişmir, ( Yazıçılar Birliyi – yazıçı Anar: 32 il, Rəssamlar İttifaqı – Fərhad Xəlilov 32 il, Kineomatoqrafçılar İttifaqı – Rüstəm İbrahimbəyov: 38 il, Teatr Xadimləri İttifaqı –Azərpaşa Nemət: 15 il, Bəstəkarlar İttifaqı, - Firəngiz Əlizadə: 13 il, Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqı – Şəfiqə Məmmədova: 7 il.), zaman-zaman da bu ittifaqların fəaliyyətindən narazılıqlar ortaya çıxır, qoy, onda alternativ ittifaqlar yaransın.

Qısacası, ittifaqların idarə heyətinə deyə bilmərik ki, niyə 30 ildir eyni adamı sədr seçirsiniz; adamlar illərlə zəhmət çəkib “sədrdən başqa sədr yoxdur” deyən mühit yaradıblar, amma narazılara deyə bilərik: zəhmət olmasa, siz də bir ittifaq yaradın.

# 2528 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #