Məktəb yoldaşları tərəfindən bullinqə məruz qalmış 14 yaşlı Elinanın intiharı ilə cəmiyyətin müxtəlif sahələrində bu problem gündəmə gəldi. Bullinq nədən qaynaqlanır, uşağın bullinqə məruz qalmasını necə bilmək və bunun qarşısını necə almaq olar?
Kulis.az mövzu ilə bağlı psixoloqlar Günel Tağı, Mətanət Mahmudova ilə geniş söhbəti təqdim edir.
- İlk növbədə izah verək: bullinq nədir və buna kimlər məruz qalır?
Günel Tağı: Biz hamımız həyatımızın bir məqamında az ya çox dərəcədə bullinqlə qarşılaşırıq.
Bullinq qrupun bir adamı qaralamasıdır. Birini qaralayır, onun nəyinisə bəyənmir, aşağılayır və təhqir edirlər. Psixologiyada Karpman üçbucağı deyilən bir şey var: aqressor, qurban, xilaskar. Bullinqdə də üç rol bir-birini əvəz edir.
Bullinq iki formada özünü büruzə verir: fiziki və psixoloji. Statistikaya görə bullinq daha çox natamam ailədən olan uşaqlarda olur. Yəni, onlar bullinqdə həm aqressor kimi, həm də qurban kimi çıxış edirlər. Ya da, tutalım, uşaq görür ki, ata ananı döyür, o, bunu gətirib məktəbdə kiməsə tətbiq edir. Qurban rolunda olan uşaq da eynən elə; evdə görür və əzilən adamın rolunu götürür.
Bullinq bütün dünyada problemdir. İnternet bullinqi var – kiberbullinq! Anonim şəkildə uşağı qaralayır, lağa qoyurlar. Bu səbəbdən uşaqlar intihar edir. Bunun qarşısını almaq üçün xüsusi proqramlar var ki, dövlət bunu alır. Məsələn, ən çox Norveç bu proqramlarla işləyir. Qərbdə belə hallar daha çox yayılıb. Və bunu qərbdə fənn kimi məktəb proqramlarına salırlar. Əsas olan uşağın dəstək hiss etməsidir.
Mətanət Mahmudova: Psixoloji bullinqdə təhqir edir, dalınca danışır, ad qoyur, lağ edirlərsə, fizikidə döyür, itələyirlər. Qızlar daha çox psixolojiyə, oğlanlar isə fiziolojiyə üz tuturlar. Lakin bullinqə məruz qalan tam ailədən də ola bilər, hətta hədsiz diqqət və qayğı ilə əhatə olunmuş uşaq da ola bilər. Buna hiperapyoka deyilir. Ümumiyyətlə, tərbiyədə iki dağıdıcı yol var: biri hiperqayğıdır, digəri hipa qayğı. Birincisi, həddən artıq diqqət və qayğı, o biri isə özbaşına buraxmaqdır. Birincidə uşaq özü heç nəyi seçə bilmir. Nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu bilmir.
Bullinqə kimlərin məruz qalmasına gəlincə, Mari Qreysin tədqiqatı var. Müxtəlif cəzaçəkmə müəssisələrində təcrübə aparılır. Küçədən keçənlərin roliklərini çəkirlər. Roliki eyni ittihamla müxtəlif müəssisələrdə cəza çəkən insanlara göstərir, onlardan özlərinə qurban seçməsini tələb edirlər. Nəticədə hamısı eyni adamları seçir: solğun, çiyinləri düşük, zəif adamları. Bizim bədən dilimiz bizim haqqımızda çoxlu məlumat verir: siqnal verir.
- Bullinqin motivləri nələr olur?
Günel Tağı: Bullinqə daha çox seçilənlər məruz qalır. Əlaçılar və ya ikialanlar. İstedadlı uşaqlar bullinqə məruz qala bilər. Yəni motiv istənilən ola bilər. Ola bilər, kimsə çox gözəl, ya da kifir olduğu üçün bullinqə məruz qalsın. Əgər hamı üç alırsa, biri beş alırsa, çox güman ki, onu təkləyəcəklər. Hal-hazırda bir uşaq var mənim təcrübəmdə, onun astagəlliyi yoldaşlarını qıcıqlandırır. Temperamenti ilə fərqlənir. Ona qarşı bullinq var.
Mətanət Mahmudova: Olur ki, ekstrovertlərin çox olduğu qrupa bir introvert düşür. O introvertin fikrini almadan bütün qrupun adına qərarlar verilir. Bu, özü də məxfi bullinqdir. İntrovert öz fikrini bildirəndə, deyirlər, sənin yerinə qərar vermişik. Düşündük ki, sənin fikrin yoxdur.
- Bullinq harada baş verir?
Mətanət Mahmudova: İnsan qrupları olan hər yerdə. Məsələn, orduda “dedovşina” özü bullinqdir, mobbinqdir.
- Məktəblərdə olduğu halda, bizim orduda psixoloq yoxdur, deyəsən...
Mətanət Mahmudova: Əgər orada psixoloq olsa və onun yanına getmək ayıb sayılmasa, bu halların qarşısını almaq olar. Bizdə bu, bəzən eyib sayılır, hətta psixoloqla psixiatrı ayıra bilmirlər.
- Elinanın intiharında da məktəbin, direktorun, məktəb yoldaşlarının münasibəti ortaya çıxdı, faktlar ortaya çıxdı. Amma ailənin məsuliyyəti unuduldu. Bullinqdən qurtulmaqda ailənin rolu nə qədərdir? Ailənin uşağa yaxın olması onu xilas edə bilərmi, yoxsa ailəsinin diqqəti olan uşaqlar da bullinqdən intihar edir?
Mətanət xanım: Bu ailədən asılıdır. Funksional və disfunksional ailə var. Əgər uşaq açıq sistemli, yəni funksional ailədən çıxıbsa, uşaq özünə çıxış yolu tapır.
Açıq sistemli ailə odur ki, orada fikirlərin söylənməsinə icazə var, azad düşüncə var, uşağın söz haqqı var, uşağı dinləyirlər, dəyişikliklərə yer verilir, müzakirələr edirlər, “başqaları nə deyər” fikri ilə yox, ailə üzvlərinin fikirlərinə görə qərar verirlər.
Qapalı sistemli ailədirsə, günahı uşaqda görəcəklər. Deyəcəklər, sən keysən, ya da hozusan... Beləcə ailə də bullinqə qoşulur.
Günel Tağı: Ola bilər ki, ailədə diqqətə alınan, sayılan uşaq da bullinqə məruz qalsın, amma onlar intihar həddinə gəlib çıxmırlar.
Situasiyadan situasiyaya, uşaqdan uşağa dəyişir hər şey. Amma ailəsindən dəstək və sevgi görən uşağı heç nə öldürə bilməz. Ailədən dəstək almasa, ətrafdan nə qədər alsa, ona ailənin verdiyi gücü verməyəcək. Təməl ailədə qoyulur.
Mətanət xanım: Uşağın tək fiziki yox, psixi sağlamlığını da düşünmək lazımdır. Hiperqayğıda uşağa hər cür şərait yaradırlar, amma söz haqqı vermirlər. Uşaq valideynə müraciət edəndə, o, nəsə almaq istəyir, impuls almaq istəyir. Oğlan üçün ata çox vacibdir. Uşaq istəyir ki, ata onu tərifləsin. Ata oğlunun müraciətinə laqeyddirsə, ona diqqətsizdirsə, bu enerji neqativə çevrilir. Onda uşaq incikliyini aqressiyaya çevirib başqa bir obyektə yönəldəcək.
Amerika psixoloqu Virciniya Satir yazır ki, övladımıza gün ərzində 12 qucaq bəxş etməliyik. 4 qucaq sırf bu informasiyalaşmış cəmiyyətdə onu müxtəlif təhlükələrdən (verbovkalardan, şantajdan və s) qorumaq üçündür. 8 qucaq uşağı dəstəkləmək üçün lazımdır. Uşaq bilsin ki, evdə onu dəstəkləyəni, arxa cəbhəsi var. 12 qucaq isə onun şəxsi inkişafı üçün lazımdır.
- Məktəbdə bullinq yeniyetmə böhranından qaynaqlanırmı?
Mətanət Mahmudova: Yeniyetməlik bioloji və psixoloji keçid dövrü olaraq mürəkkəb yaş dövrüdür. İbtidai dövrü 11-13- yaş, orta yaş dövrü 13-15, son mərhələ də 16-19 yaş dövrüdür. Bu dövrlərdə əsas olan separasiyalar – qopmalardır. Misal üçün, uşağın doğulması ilk qopmadır, süddən ayırmaq ikinci qopmadır, bağçaya vermək üçüncü separasiyadır və s. Uşaq müxtəlif mərhələlərdən keçir; ilk olaraq emosional kontakt qurur, 1 yaşa qədər. Sonra əşyavi manipulyativ oyunlarla anada qopur, rollu oyunlar oynayanda başqa uşaqlarla oynayır, bu da bir başqa separasiyadır. Məktəbə dərsə gedir, bu, bir başqa separasiyadır. Şəxsiyyət kimi yetişmək üçün separasiyaları keçirmək ən ciddi məsələdir.
Sizə deyim, böyük yaşlı çox insanlar var ki, separasiya keçməyiblər. Əgər biz istəyiriksə, uşaq düzgün tərbiyə alsın, biz özümüz separasiyalarımızı keçməliyik. Məsələn, monoda dövrü var, gedib hansısa yerdə tək yaşamalısan. O monoda dövrünü yaşayanda separasiya yaxşı olur. Bizdə bunu etməyə kimi qoyurlar axı? Ancaq çıxış yolu təhsil alanda xaricə gedib tək yaşamaqdır. Yeniyetməlikdə buna heç kim icazə vermir.
Separasiyanın təkan vermə gücü aqressiyadır. Aqressiya onun valideyndən qopmasına kömək edəcək. Bu, normaldır. İndividuallaşma üçün yeniyetmə aqressivləşməli və nəticədə qopmalıdır. Bu zaman valideyn avtoritarlığını itirməyə başlayır - o, bunu qəbul etməlidir. Bu zaman uşaq valideynə gəlib deyə bilər ki, siz köhnə fikirlisiniz, heç nə bilmirsiniz.
Günel Tağı: Yəni, uşağa bu mərhələni keçməyə imkan yaratmaq lazımdır. İmkan yaratmayanda insan o dövrdə də qalır. Adam var 50 yaşı var, hələ də o dövrdə qalıb. İşləyir, pul qazanır, vəzifədədir, ağıllıdır, amma psixoloji olaraq o mərhələni keçməyib deyə, ona imkan verməyiblər deyə, o, bir yerdə donub qalıb, konformistə çevrilib. Hər şeylə razılaşır, öz təşəbbüsü yoxdur. Ya da, məsələn, aqressivliyini çıxara bilməyib, aqressiv kimi qalıb, bizə elə gəlir ki, o, psixopatik şəxsiyyətdir, əslindəsə o aqressiya dövrünü keçə bilməyib.
Bullinqdə ola bilər ki, məktəbli yoldaşını döyür, əslində o, ata-anasının acığını çıxır. Onları döyə bilmir, amma yoldaşını döyə bilir...
7 yaşa qədər bioloji uşaqlıq dövrüdür. O hissləri bu zamanlaradək tanımalıdır. Bir uşaq var praktikamda, ona təəssüflənmək hissini öyrətməyiblər. Nəyisə sındırır, məhv edir və baxır. Ona artıq bunu öyrətmək mümkün deyil, çünki o, artıq gecikib. Valideyn onu vaxtında işə salmayıb.
Mətanət Mahmudova: Ya da uşaq əgər kiçik yaşlardan ədalət deyə bir şeylə tanış olmursa, sonra bunu öyrətmək çətin olur. Amerika psixoloqu Lourens Koulberq yazır ki, yeniyetmələrdə əxlaq anlayışı şərti olur: Sırf ətrafın müsbət rəyini qazanmaq üçün. Yalnız 16 yaşında yeniyetmələrin 10 faizində qrupdan asılı olmayaraq əxlaqi prinsiplər formalaşmağa başlayır. Yəni, çoxunda əxlaqi prinsiplər ətrafdan müsbət rəy, dəstək almaq üçün olur.
Valideyn bunun üzərində işləməlidir. Valideynin edə biləcəyi şəxsi nümunəsində ədaləti uşaqlara göstərməkdir. Məsələn, görürsən ki, uşaq balaca bir canlını - iti, pişiyi incidir. Valideyn heç nə demir. Valideyn onu müşahidə etməlidir. 12 yaşından 17 yaşına qədər aqressiya hormonu testesteron sürətlə artır. Xüsusən oğlanlarda bu enerjini istiqamətləndirmək lazımdır. Məsələn, idmana, musiqiyə və ya imkan yoxdursa, ev işlərinə yönəltsələr, o enerjini itirərlər.
- Yəni bu dövrlərdə empati hissini aqressiya önləyir?
Mətanət Mahmudova: Yeniyetmələrdə empati hissi aşağı olur. Yeniyetmələr amansız ola bilərlər. İntellekt sürətlə, hisslərin inkişafı zəif gedir. Yəni hisslər geridə qalır, gəlib intellektə çata bilmir. Yeniyetmənin ən parlaq xüsusiyyəti qeyri-sabitlikdir. Onlar çox dəyişkən olur. Çünki hormonların inkişafına adekvat ola bilmirlər. Müşahidə və istiqamətləndirmə olmayanda acı nəticələr ola bilir.
- Günel xanım, sizin işlədiyiniz məktəbdə bullinq halları olurmu?
Günel Tağı: Biz vəziyyətin ora gedib çatmamasına çalışırıq. Tez-tez uşaqları dinləyirik.
Mən onlara bir-birini tanıtmağa çalışıram. Uşaqları dövrələmə oturduram, bir-birlərinin gözlərinə baxırlar. Bir tapşırıq var, uşaqlardan biri üzü divara oturur, yoldaşları arxadan ona toxunur. O kimin toxunduğunu tapmalıdır. Çox vaxt tapa bilmirlər. Bir-birlərini hiss etmirlər.
- Bullinqə məruz qalan insanla söhbətdə ona necə kömək etmək olar?
Mətanət Mahmudova: Biz onu öz resursu ilə qarşı-qarşıya qoyuruq. Ona öz gücünü tanıdırıq.
14 yaşlı bir qız var idi, o məktəbdə bullinqə məruz qalırdı. İntrovert idi, bu uşaqları qıcıqlandırırdı, onu təkləyirdilər. Mən onun anasına dedim ki, gedin məktəbə. Ana məktəbə gedir, direktora şikayət edir, gəlir. Nəticə də yoxdur. Sonra öyrəndim ki, uşağın atası ilə ünsiyyəti yox səviyyəsindədir. Uşaq gücü atadan alır. Ana vacibdir. Amma ata avtoritardır, dominantdır, güclüdür. Uşaqla söhbət edirdik, dedi ki, atamın güclü əlləri var, bir dəfə məni vurub da. Dedim ki, o gücü sən özündə saxlamısan, onu səni incidənlərə yönəlt. Özünü müdafiə et. Oğlanlardan biri onun saçını dartmağa gələndə qız onu itələmişdi. Daha onu incitmirdilər.
Günel Tağı: Mən oxumuşdum ki, ailənin kişi üzvlərinin yanında olmaq daha çox güc verir. Kişilər təmkinlidir, kişilərin sahəsində rahatlıq var. Qadınlarsa təşvişli, narahatdırlar. Təşviş yolxucu bir şeydir...
Mətanət Mahmudova: Vacib olan bir şey də var: uşağa təhlükə ilə bağlı xəbərdarlığın nə olduğunu izah etmək lazımdır. Bəzən uşaqlar bunu xəbərçiliklə qarışdırır. Mənim oğlumla bağlı belə bir şey baş vermişdi: ondan fiziki cəhətdən böyük uşaq ona fiziki təzyiq göstərmişdi. Mən məktəbə gedib sinifdə o, uşağa dedim ki, əgər bir də mənim uşağımı incitsən, cavabını alacaqsan və mən oğluma aldığı zərbəyə cavab qaytarmağa icazə verirəm. Əgər mən məktəbə getməsəydim, nə olacaqdı? Valideyn ayıq olmalıdır. Uşağı qorxu ilə bəsləməməliyik. Amma uşaqları təhlükə ilə bağlı xəbərdar etməliyik. Uşaqlara onun icazəsi olmadığı halda ona toxunmağa kimsəyə imkan verməməsini öyrətməliyik. Biz uşaqla hər məsələ haqda aşkar danışmalıyıq.
Günel Tağı: Bəzən valideyn uşağın problemini kiçildir, ucuzlaşdırır. Amma yaşı üçün o, böyük problemdir. Valideyn bunu başa düşməlidir. Valideyn üçün problem olmayan şey uşaq üçün problemdir. Onun gözü ilə baxmağı öyrənmək, o yaşa qayıtmaq lazımdır.
- Yeniyetmə yaşda uşaqları ən çox nə narahat edir?
Günel Tağı: Ən çox görünüşləri narahat edir.
Mətanət Mahmudova: Bu, individuasiya dövrü ilə bağlıdır. Bu dövr 13 yaşdan başlayır. Uşaqlar özlərində müxtəlif obazları sınaqdan keçirir. Qızlar sırğa taxır, kiməsə oxşamağa çalışırlar. Oğlanlar da eynən elə. Elina da 14 yaşında idi. Ona da saçına görə sözlər deyiblər. Bu, onun individuasiya dövrü ilə bağlıdır, tərbiyə ilə əlaqəsi yoxdur.
Uşaqlara çox vaxt bu individuasiyanı keçməyə imkan vermirlər. Bu zaman konflikt yaranır və bu daha çox ailədə yox, sosiumda yaşanır. Qruplaşmalar, təklənmələr yaşanır.
İndividuasiyadan sonra reinteqrasiya dövrüdür. Bu zaman artıq uşaq obrazında, seçimində dəqiqləşir. Bu, 16 yaşında baş verir.
Bir ailə var idi, ana hicab geydiyi üçün qız da geyinirdi. Daha sonra qız 16 yaşında başını açmaq istəyirdi. Anasına dedim ki, əgər bu təhlükəli deyilsə, icazə verin, başını açsın. Çünki bu hicabı 14 yaşında, individuasiya dövründə taxıb. Amma indi onu çıxarmaq istəyir, özünə uyğun görmür.
- Mən Bullinqlə bağlı bir məqama da diqqət çəkmək istəyirəm: müşahidəçi qalanlar...
Mətanət xanım: Müşahidəçi ən pis mövqedir. Uşağı laqeyd böyüdürlər, deyirlər, sən qarışma, nəyinə lazımdır və s.
Günel Tağı: Müşahidəçi bədxassəli formadır. Aqressor və qurbanla işləmək asandır, çünki o, açıqdır, içindəkini çıxarır. Müşahidəçi ya qurbana, ya da aqressora keçməlidir, seçimini etməlidir. Müşahidəçidəsə hər şey gizlidir.
- Ola bilər ki, müşahidəçi mövqeyində olanlar qorxurlar. Şərtə görə seçim edə bilmirlər..
Günel Tağı: Lantimosun “Lobster” filmi var. Orada insanlara seçim qoyulur: müəyyən vaxt ərzində ya evlənməli, ya da heyvana çevrilməlidirlər, vaxt qazanmaq üçünsə “ov”a çıxıb öz yoldaşlarından birini xüsusi kapsul güllə ilə vurmalıdırlar. Bir az şişirdilib, amma onda bizim cəmiyyətin xarakteri var. Bu adamlar qrupa görə hərəkət etməyə məcburdurlar. əsas məsələ verilən seçim və şərtlərdir.
Belə bir sosial eksperiment də var, Milqremindir deyəsən: Şüşənin bir tərəfində könüllü bir insan əyləşir, o biri tərəfində aktyor əyləşir. Könüllü o biri tərəfdəkinin aktyor olduğunu bilmir, onu da özü kimi könüllü sanır. Könüllüyə qarşısındakı, şüşə dalında gördüyü, tanımadığı adama sual vermək təklif olunur. Könüllünün əlinin altında isə bir düymə var. O bu düymə ilə verdiyi suala aldığı səhv cavaba görə, 10 ballıq şkala ilə qarşısındakı adamın bədəninə elektrik cərəyanı verə bilər. Ona deyilib ki, 10 bal öldürücü gücdə elektrik cərəyanıdır. Nəticə dəhşətlidir: sadəcə verdiyi sualı bilmədiyinə görə, insanların 70 faizi şüşənin o tərəfindəkinin bədəninə 10 bal, yəni öldürücü elektrik cərəyanı buraxırlar. Təbiidir ki, şüşənin o biri tərəfindəki aktyor cərəyan vurmasını immitasiya edir, ona heç bir elektrik verilmir. Amma könüllülər axı bunu bilmir. Qarşısındakını öldürdüyünü bilə-bilə bunu edirlər. Adi adamlardır.
- Rəssam Mariya Abramoviçin də oxşar eksperimenti var idi.
- Bu eksperimentlərdə mənim diqqətimi çəkən o oldu ki, insan reaksiya vermədikcə, ona qarşı daha amansız olurlar. Amma müdafiə etdikcə özünü, onlar geri çəkilirlər.
- Yəni nə qədər məzlumsansa o qədər zülm edəcəklər...
- Hə, hə, orada elə məqam var...
Mətanət Mahmudova: Bullinqdə də qurban əgər cavab verirsə, əks zərbə edirsə, aqressor geri çəkilməyə başlayacaq.
- Bəs bullinqdə qurban olan daha sonra aqressor ola bilərmi?
Mətanət Mahmudova: Böyük ehtimalla. “Dedovşina” elə belə davam edir. Təzyiqə məruz qalan daha sonra posta keçəndə yenilərə bunu tətbiq edir.
- Bullinq edənlər vicdan əzabı çəkirmi?
- Bullinq edən bullinqə məruz qalandan heç də yaxşı vəziyyətdə deyil. Yəni çox vaxt aqressorların problemləri daha ciddi olur. İlk növbədə dominantlıq edənlərin probleminə baxmaq lazımdır.
- Yeniyetmələrdəki problemləri sıralasaq ilk olaraq hansının adını çəkərdiniz?
Günel Tağı: Ən ciddi problem dinləmə qabiliyyətinin olmamasıdır. Böyüklərdə də uşaqlarda da bu, böyük problemdir. Daha sonra danışa, özlərini ifadə edə bilmirlər.
Mətanət Mahmudova: Bir də dəyərlərin itməsi. Maddi dəyərlərin önə keçməsi. Mənəvi məsələlər..
- Bəzən deyirlər ki, əvvəllər psixoloqa ehtiyac yox idi, hamı da normal böyüyürdü. Siz necə düşünürsünüz, problemlər zamanla bağlı ola bilərmi?
Günel Tağı: Əvvəllər qadınlar heç olmasa üç il analıq məzuniyyətində olurdular. İndi doğumdan bir ay sonra, qadınlar işə başlayır.
Mətanət Mahmudova: Halbuki uşaqlara ana ilə olmaq nə qədər vacibdir. 1 yaşa qədər emosional kontakt dövrüdür. Bu bir tələbatdır. Onu başqasına həvalə edəndən sonra o kontaktı yenidən uşaqla qura bilmirlər. Sonra deyirlər, uşaq məni eşitmir, problemini danışmır. Bayaq dediyim qucaqlamaq elə belə deyil. Uşağı qucaqlayanda qana oksitosin hormonu püskürür. Bioloji proses baş verir. Sizin övladınız varmı?
- Mənim qızımı gündə iki dəfə qucaqlamaq imkanım var...
- Anlayıram, iş həyatımızın çox hissəsini tutub. Görürsünüz, o mənada zəmanə əvvəlki deyil...
- Hər birinizə geniş söhbət üçün təşəkkür edirəm.