Elinanın intiharı ilə bağlı məhkəmə prosesi məktəb direktorunun müsahibəsi ilə bir daha gündəmə gəlib. İlk dəfə mətbuata danışan direktor az qala bütün suallara cavab verib.
Amma iki suala cavab verməməklə, daha doğrusu verə bilməməklə faciəli vəziyyəti ortaya qoyub, özü də bilmədən həqiqətin sarı siminə toxunub.
Hansıdır o açıq qalan suallar?
Budur:
- Təcili yardımın gec çağırılmasının Elinanın ölümünə təsiri olubmu?
- Necə olub ki, direktor özünün dediyi kimi affekt halında ola-ola icranın məsələyə qismən məsul məmurunu çağırır, amma affekt halda olduğu üçün ən vacib olan təcili yardımı çağırmır?
Bu, Elinanın intiharında son halqadır. Bu iki fakt onu ortaya qoyur: Əgər hətta təcili yardımın tez gəlməsi Elinanı xilas etməsəydi belə, bu fakt insana ciddi laqeydlik deməkdir. Və bir müəssisədəki, bir sistemdəki vəzifə iyerarxiyası, müəssisənin, qurumun nüfuzu insan həyatından vacib imiş.
Üçüncü sualı da burada qoymaq olar: Qulluqda olan, hər hansı vəzifə daşıyan nə qədər şəxs direktorun yerində olsa onun kimi etməzdi?
Elinanın intiharına səbəb olan onlarla amil...
- yeniyetməliyin özü. Psixoloqlar hormonların inkişafı ilə yeniyetmə dövrünün həssaslığını vurğulayır, onların hətta səbəbsiz belə intihar edə bilməsini söyləyirlər (hansımız yeniyetmə ikən intihar xəyalı qurmamışıq ki)
- uşaqdan, onun problemindən psixi vəziyyətindən xəbərsizlik – ailədə uşağa ənənəvi münasibət: uşağı öyrənmək, ona kömək etmək yox, ona hökm vermək, öz istəklərini diktə etmək.
- uşaqlarda hisslərin tərbiyəsində olan boşluq – hisslərin tərbiyəsi birbaşa sənətin üzərinə düşür. Ölkədə uşaqların üz tuta biləcəyi və təmin oluna biləcəyi nə qədər məkan – teatr, kino, sərgi, art-klub, mədəniyyət müəssisəsi, resurs var və bu mənbələr nə qədər keyfiyyətlidir?
- valideynlərin laqeydliyi - ən yaxşı halda yeniyetmənin həyat tərzinə nəzarət qoyulur, amma onun istəkləri, psixi durumu, mühiti, tələbləri nəzərə alınmır -
...hamısı birləşib intihar anını yetişdirir. Və artıq intihar aktı etmiş yeniyetməni xilas etmək anında təcili yardım çağırılmaması faktı daha total bir faciə ilə toqquşur: insana, insan həyatına sistematik laqeydlik!
Məhz bununla Elinanın hadisəsi faciənin özəyinə gəlib toxunur. Bu yerdə hər kəsin özünə verəcək bir sualı yaranır:
İnsan həyatı naminə, hər hansı iyerarxik sistemə, quruluşa qarşı çıxa bilərsinizmi? İyerarxiya xofu yaşaya-yaşaya yanınızdakını xilas edə bilərsinizmi?
Elina hadisəsinin böyük səs-küy doğurması bir də bu suala görədir. Göyə də çıxmalı olsaq, nə Elinanın psixotrop dərmanlar qəbul etməsi, nə misal üçün ailəsinin ona laqeyd qalması, nə cinsi həyata marağı (ki, o yaşda olduqca təbiidir) bu sualları batıra bilmir.
Elina cəmiyyətin üzünə tərs sillədir!
Elinanın özü də bilmədən, öz həyatı bahasına qoyduğu suallar ona qarşı edilənlərdən daha amansızdır.
Heç nə rahatlada, sevindirə bilməz – nə Elinanın psixotrop maddələr qəbul etməsi, nə saçını boyaması, nə hansısa bara getməsi...
Bəlkə bircə etiraf:
Hamımız günahkarıq, Elina!