Onlar redaksiyamıza kiçik qızları, 5 yaşlı Sonbaharla gəldilər. İlqarə Tosova Gənc Tamaşaçılar teatrının, Ayşad Məmmədov Akademik Milli Dram Teatrının aktyorudur. Söhbət boyu hiss etdim ki, qarşımdakı bu cütlük harada işləməyindən asılı olmayaraq teatrın iki üzü kimidir- həqiqətin acısını dadmaq üçün hər şeyə hazır, zahid ruhlu teatr Ayşad Məmmədovundur. Ağrını da, kefi də “burada və indi”yə sığdıra bilən “forslu” ədalı, məxməri pərdəli, kübarların zövqü olan teatr İlqarə Tosovanın. Yəni, sakit təbiətli, adətən susqun Ayşad bəy “Yoxsul teatr”dandisa, emosional, həyat dolu İlqarə xanım karnavaldan gəlib. Ayşad “Bəxt üzüyü”nün acı həqiqətlərə baş-başa qalan yetim Hüseynidirsə, İlqarə Tosova “Yatmiş gözəl”di. Bu gözəli oyatmaq üçün şahzadənin yox, onu taniya biləcək rejissorun “öpüşü” gərəkdi...
Ayşad: Mərdəkanda doğulub böyümüşəm. Ana nənəm - Amaliya Albrant milliyətcə almandı. Babam mühəndis olub. Almaniyadan dəzgah gətirməyə gedirmiş. Nənəmin atası onun iş tərəfdaşı imiş. Sonra nənəmlə evlənib. Babam açıq fikirli, savadlı bir adam olub... Mollalar ondan qorxurdular. Sibirdə sürgündə olub.
Biz Mərdəkan Xalq Teatrından bir yerdə olmuşuq: rəhmətlik Rəhmən Əlizadə, Bəxtiyar Xanızadə, Maarif Məmmədov, mən. Zarafatla ora MXAT deyirdik. Sonra İncəsənət institutu. İkimizin də müəllimi Nəsir Sadıqzadə olub.
- Universitetdən tanış olmusunuz deməli?
İlqarə: Yox. Mən ondan 11 yaş kiçiyəm. İkimizin də müəllimi Nəsir Sadıqzadə idi. Amma ayrı-ayrı vaxtlarda oxumuşuq. Nəsir müəllim bütün dərslərində Ayşaddan, Ələkbərdən (aktyor Ələkbər Hüseynovu nəzərdə tutur) danışırdı. Mən qiyabi şəkildə onu tanıyırdım artıq.
Ayşad: Hə, biz Nəsir müəllimin sevimli tələbələri idik.
İlqarə: Onu ilk dəfə rolda gördüm. “Halallıq” adlı tamaşa idi. Aktyor kimi ona vuruldum. Onun necə gülməyi vardı...
Ayşad: (gülür) Yaxşı, tərifləmək lazım deyil...
İlqarə: Sonra Ayşad Kukla teatrına getdi.
Ayşad: Hə, mən yer tapmırdım özümə, teatrları gəzirdim.
İlqarə: Biz Gənclər teatrında rastlaşdıq. Mən deyib gülən, sərbəst, geyinməyi sevən bir qız idim. Azad ruhlu biri idim. Elə Ayşad da deyəsən ona vurulmuşdu.
Ayşad: Azad ruhlu adamları sevirəm mən. At ilində doğulmuşam, bu da nəsə deyir yəqin...
İlqarə: Amma Ayşad sakit, təmkinli, zahid xasiyyətli adam idi. Tamamən əks xarakterli adamlardıq. Mən hamıyla sərbəst idim, amma Ayşaddan çəkinirdim. Amma o məni dəyişdi.
Ayşad: Məqsədli şəkildə yox, təhtəlşüur olaraq...
İlqarə: Hə, münasibətlərimiz yarandı. Görüşməyə başladıq. Bir dəfə Nəsir müəllim bizi köşədə birgə gördü. Yaxınlaşıb mənə dedi ki, bu adam sənin həyatının ən böyük dəyəridi. Onun dəyərini bil. Mən də bildim (gülür)
- Evdə kim daha çox yaradıcı adam kimi qəbul olunur?
Ayşad: Əlbəttə, yaradıcı qadındı. Dünyaya insan gətirir.
Mən sənət barədə deyirəm.
İlqarə: Ayşad yaradıcı adamdır. Bilirsiz bir dilemma oldu: Mərdəkanda yaşayırdıq. Qızımız da balaca idi. İkimizdən birimiz geri çəkilməli idik. Mən başa düşdüm ki o, daha lazımlıdı, daha yaradıcıdır.
“O İKİ NƏFƏR ZALDADI...”
- Gənclər teatrında çalışırdınız. Zal o qədər soyuq olurdu ki, aktyorun ağzından çıxan buxarı görürdük. Soyuq, şəraitsizlik, pulsuzluq. Üstəlik də iki-cüt bir tək tamaşaçısı olan boş tamaşa zalı. Yaradıcılıq üçün nədən stimul alırdınız onda?
Ayşad: Birinci növbədə Hüseynağanın enerjisi idi, onun şəxsiyyəti idi. yəni, biz nəticəsi barədə düşünmürdük.
İlqarə: “Hüseynağa müəllimin bir sözü var idi: deyirdi ki, bir zal adam da olsa, bir və ya iki nəfər tamaşaçı var ki, o, teatrı sevir, duyur, təsirlənir. Biz onun üçün oynayırıq, əsas o iki nəfərdir. Zalda adam az olanda gəlib zarafatla deyirdi: həmin o iki nəfər zaldadı, yaxşı hazırlaşın...
O, elə böyük insan idi... Böyük qızım dünyaya gəlmişdi, işə gəlmirdim. Uşaq pulu üçün teatra gəlmişdim. İstədi ki, teatra qayıdım. Dedim ki, uşağı qoya bilmərəm. Həm də elə vaxtım idi ki, təzəcə görünürdüm - teatrda rollarım vardı, “Bala başa bəla” teletamaşasına çəkilmişdim (Cəmilə-red). Qala bilmədim teatrda - bir növ sənətə xəyanət etdim, çıxdım. Bilirsiniz, mən bu mövzuda fərqli düşünürəm, qızlarıma vəsiyyətim budur ki, heç vaxt ərə getməyin, əgər getdinizsə, uşaq dünyaya gətirməyin. Mən uşaqları sevməmişəm. Amma uşaq doğulandan sonra o qədər bağlandım ki, onu bir anlıq da gözümdən qoya bilmədim.
- Qızlar yaradıcı adam olmasalar da belə deyəcəkdiniz?
İlqarə: Hə. Uşaq adamı məhdudlaşdırır.
- Fiziki mənada?
İlqarə: Yox. Ümumiyyətlə. Sən daim narahat qalırsan, azad ola bilmirsən.
O zaman Hüseynağa müəllim istəmirdi teatrdan gedim. Dedi ərizəni yaz və işə qayıt. Mən elə idim ki, baxanda bilinirdi ki, artıq həyatın zərbələri toxunub...
Gileylənmirəm. o zaman ciddi şəkildə seçimlə, çətinliklərlə üzbəüz idim. Hüseynağa müəllim məni anladı, işləməyə-işləməyə maaş yazdı, on üçüncü maaş da yazırdı ki, korluğumuz olmasın.
Ayşad: Çox danışıb kimisə yormazdı, lazım olan sözü bir kəlmədə deyirdi. Rejissor var ki, uzun danışır, amma aktyor heç nə götürmür.
- Sizcə, teatrın ən yaradıcı dövrü hansı idi?
Ayşad: Əlbəttə, Şəki teatrının o məşhur parlaq dövrü. Beynəlxalq festivallara çağırılan, gedən teatr idi. Məhsuldar bir dövr idi o dövr. Fərman Şəkili kimi böyük aktyoru var idi. Amma nə oldu? Onu dəyərləndirmədilər. Bura gəldi - itdi adam. Teymurləngi oynayan aktyor idi. Onun pyesləri var idi, studiyası var idi. Mənə ağrılı idi, onu “Şurum-Burum” kimi təqdim edəndə. O özünü sənətə həsr etmişdi....
“QIZIMLA MƏNİM ARAMDA 280 İL FƏRQ VAR...”
- Ailə və yaradıcı insan. Ümumiyyətlə, ailə yaradıcı insanı məhdudlaşdırırmı?
İlqarə: Mən subay həmkarlarıma deyirəm ki evlənməyin. Axı bizə başqa vergi verilib, başqa cür yaradıcıyıq. Uşaq böyüdüb qayğısına qalmaqla başqaları da məşğul ola bilər. Bizim missiyanız başqadır. Bir aktyor var, üç uşağı var, çətinliklə yaşayır. Bacarıqlıdır, istedadlıdır. Amma başqa işlərlə məşğul olmağa məcburdur.
Ayşad: Mənim teatr və ailə barədə xüsusi fikirlərim var: teatr özü bir ailə, monastr kimi olmalıdır. Bir yerdə yaşayıb bir işığa can atsınlar-kommuna şəklində.
- Baş monaxı da olsunmu?
Ayşad: Əlbəttə.
- İndi varmı baş monax ola biləcək adamlar?
Ayşad: Var idi. Amma bizi tərk edib çoxu. Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Rəhman Əlizadə... Bəxtiyar müəllim var indi...
İlqarə: Bəlkə gənclər də var, biz tanımırıq...
Ayşad: Onlar başqa cür düşünür. Onlar monaxı qəbul etmir.
İlqarə: Haqlısan. Həmişə deyirəm, atamla mənim aramda 28 yaş fərq varsa qızımla mənim aramda 280 il fərq var. Məncə, biz onları anlamırıq.
Teatra yanaşma məsələsi vacibdir. Bizim sənətşünaslarımız teatrdan danışanda deyirlər ki, bizdə teatr çoxdan olub, nə bilim şəbeh tamaşaları olub filan. Amma şəbeh elə şəbehdir, teatr da teatr. Yəni bizim teatr anlayışına yanaşmamız fərqlidir. Bizim teatra, teatr anlayışına münasibətimiz bir başqadı e. Seymur Baycan son yazısında yazıb ki, kim deyir ki Axundovun, Sabirin yazdıqları kimidi vəziyyət? Axı çox şey dəyişib. Mən yazacağam ona ki, haqlısan, dəyişib. Amma geriyə dəyişib: əvvəl teatr yox idi - indi var, amma orada az qala balerinalar da namaz qılır. “Danabaş kəndinin əhvalatları”nda Məhəmmədhəsən əmini oynayan adam namaz qılır.
“MƏN ONUNLA MƏSUDAM”
- Ailədə hər ikinizin teatr kimi azgəlirli bir sahə ilə məşğul olmağı çətinliklər yaratdımı?
Ayşad: Çətinliklər olub, amma İlqarə bunu qabartmayıb, həmişə deyib ki, fikir vermə düzələcək. Mən də inanmışam.
İlqarə: Mən yanımda olan adamın qiymətsiz biri olduğunu bilirəm. Belə bir adamın maddiyyat üçün, qarın üçün fikir etməyi qəbulolunmazdır. Həyatımızın böyük bir hissəsi çətinliklər çəkmişik. Tək maddi çətinliklər deyir. Ayşad elə adamdır ki, o məndən heç vaxt nəsə gizləməz, nəyi varsa ortadadır. Və bunu yalnız arvadı olduğum üçün etmir. Həmişə deyirəm ki, mənim kimi qadını itirərlərsə heç nə itirməzlər, mənim kimi ananı itirsələr, aktrisanı itirsələr bir şey itirməzlər. Amma mənim kimi dostu itirmək bir kişi üçün böyük zərbədi. Mən yaxşı dostam.
- İlqarə xanım, sizcə, Ayşad bəy hansı obraza uyğundur?
- Don Kixot kimi görürəm. Mən öz maşınımıza Rossinantın şərəfinə Rossi deyirəm. Və əgər Ayşad Don Kixot olsa mən onun Sançosuyam.
- Bəs Dulsineya?
İlqarə: (gülür) Olsun o da.
- Olmaz axı..
İlqarə: Yaradıcı adamdır. Ona ər kimi yox, yaradıcı şəxsiyyət kimi yanaşa bilirəm.
Mən Ayşad haqqında iki şeyi dəqiq bilirəm: 1. O, çox sadiq adamdır. 2. Sənətini hər şeydən çox sevir. Bəlkə seçim qarşısında qalsa onu seçər.
Ayşad: Mən bu barədə düşünməmişəm ki, ailə yoxsa teatr? Teatra qalanda... Düzü, Hüseynağadan sonra hansı teatrda işləməyimin fərqi olmadı mənim üçün.
- Bir tamaşanız var idi - sevgi haqqında. İkiniz oynayırdınız. Adı da belə idi “Iki nəfər üçün oyun”. Ailə qurulandan sonra iki nəfər üçün oyun nə zaman bitir?
Ayşad: Səmimi olmayanda. İnandırıcı olmayanda.
İlqarə: Ayşad səmimiyyəti çox qiymətləndirir. Mən də çalışıram ki...
Ayşad (sözünü kəsir): İnandırıcı oynayasan... (gülüş)
İlqarə: Buna ehtiyac olmur. Mən onun yanında çox sərbəstəm. Bir söz var bizdə: məsud. Mən onunla məsudam...