Bu gün Mustfafa Kamal Atatürkün ölümündən 79 il keçir. Kulis.az türk kinematoqrafiyasında Atatürk haqqında çəkilmiş 10 filmi təqdim edir:
1. “Sarı Zeybek”. 1993-cü il.
Jurnalist-araşdırmaçı Can Dündarın çəkdiyi sənədli film Atatürkün həyatının son 300 günündən bəhs edir. Film çəkildiyi ilk illərdə ölkənin ilk və orta dərəcəli məktəblərində tədris vəsaiti kimi göstərilib.
2. “Mustafa” 2008-ci il.
Yenə Can Dündarın yarısənədli-yarıbədii filmi. Bu dəfə kinoteatrlara çıxan bu film bir milyondan artıq bilet satışı ilə o zamana qədər çəkilmiş filmlər arasında ən çox tamaşaçı qazanmışdı.
3. “Vida” 2010-cu il.
Zülfü Livanellinin ssenarisi və rejissorluğu ilə çəkilən filmdə Mustafa Kamal Atatürkü Sənan Tuzcu canlandırır. Atatürkün uşaqlıq dostu Salih Bozok ilə dostluğundan bəhs edən film Atatürkün uşaqlıq illərindən başlayaraq hərb həyatını və vətən uğrunda mücadilə etdiyi zamanları əhatə edir.
4. “Son Osmanlı: Yandım Ali” 2007-ci il.
Donanmadan tərxis olunan Külhan Beyi Yandım Ali İstanbulun işğalda olduğu 1918-ci ildə qurtuluşdan ümidini kəsmiş bir şəxsdir. Eyni zamanda Suriya cəbhəsindən İstanbula qayıdan Mustafa Kamal ilə yolları kəsişir və onda qurtuluşa ümid və mücadilə eşqi yaranır.
5. “Dərsimiz: Atatürk” 2010-cu il.
“Bu çılğın türklər” kitabının müəllifi Turqut Özakmanın qələmə aldığı ssenari baş rolda Halit Ərgənc və Çetin Tekindorun oyunu ilə canlanır. Ibtidai məktəbin 5-ci sinifində oxuyan uşaqlara Atatürkün həyatı lə bağlı araşdırma etmək tapşırığı verilir...
6. “Çanaqqala 1915” “2012-ci il.
Balkan müharibəsindəki məğlubiyyətdən sonra ayağa qalxmağa çalışan, bir ovuc vətən torpağı üçün düşünmədən ölümə getməyə hazır olan insanların qəhrəmanlığı haqqında bir kinodastandır.
7. “Son məktub” 2015-ci il.
Çanaqqala zəfərinin 100 illiyində vizyona girən film o zaman cəbhədə komandir olan Mustafa Kamal Atatürkdən bircə cümlə ilə bəhs etdiyinə görə, mətbuatın və ziyalıların qınağını qazanmışdı. Filmsə 1-ci dünya müharibəsində Almaniyanın yanında olan, Osmanlı İmperiyasının süqutu zamanında yaşanan bir eşq hekayəsi haqqındadır.
8. “Atatürkün fədaisi topal Osman” 2013-cü il.
Mustafa Kamal Paşa ilə yaşıd olan Hacı Osman Balkan müharibəsində yaralandıqdan sonra topal ləqəbini qazanır. 1920-ci ildə Mustafa Kamal tərəfindən mühafizə rəisi təyin olunan Hacı Osman Cümhuriyyətin quruluş illərində millət vəkili Əli Şükrü bəyi Mustafa Kamala qarşı radikal müxalif olduğu üçün qətlə yetirir, lakin hökümətə təslim olmur və az sonra evində ölü tapılır.
9. “Cümhuriyyət” 1998-ci il.
Bu film qurtuluşdan sonrakı hadisələrdən bəhs edir. Mustafa Kamal rolunda Rutkay Əziz oynayır. Mustafa Kamala rəğbəti olan izmirli Lətifə xanımın evi qərargah kimi istiadə olunur. Müharibənin yaralarını sarımağa başlayan ölkənin həyatında olduğu kimi Mustafa Kamalın da həyatında dəyişikliklər başlayır.
10. “Gəlibolu” 2005-ci il.
1915-ci il 18 mart qəhrəmanlıq dastanının yazıldığı gündür. Bu, Mustafa Kamalın rəhbərliyi ilə özünü vətənə fəda edənlərin müharibəsidir. Gün işığına çıxmış məktublar, şəkillər, əhvalatlar bu sənədli filmin materialıdır və müharibə gerçəklərini ortaya qoymağa çalışır.