Səhnəmizin Qacarı: “Məni maşın alverçisi kimi tanıyırlar” - Müsahibə

Səhnəmizin Qacarı: “Məni maşın alverçisi kimi tanıyırlar” - Müsahibə
11 sentyabr 2019
# 08:57

Aktyor Oktay Mehdiyevi ilk dəfə 2005-ci ildə Sumqayıt Teatrının “Şah” tamaşasında, Qacar rolunda görmüşəm. Rejissor Tural Mustafayev səhnəyə üç Qacar çıxarmışdı. Ya payız idi, ya yaz, yəni qışın soyuğu teatrın zalına hücum edə bilməzdi, amma tərtibatda da, quruluşda da, aktyor oyununda da sarayın buz soyuğu, vahiməsi adamın canına üşütmə salırdı.

Aktyor Məzahir Süleymanovun statik, zahiri Qacarıyla bir səhnədə Oktay Mehdiyevin hirsi, hikkəsi, qorxusu, istəkləri və məhrumiyyətləri ilə bir an da dinclik tapmayan Qacarı gəzişirdi. Bu Qacar monumental abidə deyildi, bu Qacar hirsli hikkəli, əzablı öfkəli, mutsuz canı ilə əlləşən balaca bədənli Qacar idi.

Sonra onun Yuğ Teatrındakı rollarını gördüm. “Yasaq cəh-cəhlər”dəki işində ilk baxışda “adi obıvatel” olan obrazın plastikasını, hərəkət mexanizmini dəqiqliklə tapmasına, ona bütün xırda məqsəd və niyyətlərinə baxmayaraq, əbədi faciəvilik qatı yükləməsinə heyrət etdim...

Oktay Mehdiyevin aktyor təbiətini açmaq, bir məqalənin, bir yazının işi deyil. O ki, qala bir müsahibə girişi ola. Söhbəti daha da uzatmayıb, aktyor Oktay Mehdiyevlə söhbətimizi təqdim edirəm.

- Oktay bəy, vaxtı vədələşəndə başa düşdüm ki, qrafikiniz sıxdır. Filmlərə çəkilirsiniz?

- Siz zəng edəndə gərgin məşqlər gedirdi teatrda. Bolqar rejissoru Yuğ Teatrında “III Riçard”ı (Şekspir) hazırlayır. O tamaşada Riçardı oynayıram. İki heyətlə işlənib tamaşa ona görə iş bir az mürəkkəb oldu. Elə hesab edin ki, bir ayın içində iki tamaşa hazırladıq. İnşallah, bu ay tamaşaçılara təqdim edəcəyik.

- Ümumiyyətlə, ötən teatr mövsümü yaradıcı fəaliyyət baxımından sizin üçün necə oldu?

- Mən bu işlə məşğul olanda özümü çox yaxşı hiss edirəm. Öz qabımda, öz halımda oluram. Amma bilirsiniz, bu, mühitdir. Bəzi səbəblər olmasa lap yaxşı olar.

- Hansı səbəblər?

- O səbəblər bizi incidir, halımıza təsir edir, gərginləşdirir. Teatrın ətrafında yaradılan mühitdən danışıram. Yəni, sənətə daxil ola bilməz bunlar, amma kənardan təsir edir. Sanki kimsə damcı-damcı zəhər tökür. Sən də o suyun içində çirkləndiyini hiss edirsən.

- Sizi nə sizi incidir konkret olaraq?

- Mühitin çirklənməsi. Ortalığa kağız-kuğuz söhbəti salıblar. Hamı mükafat kağız dalınca qaçır, bir diplom alsın. Amma əsl dad teatrın içindədir. Biz də bununla özümüzü aldadırıq. Teatr aldanışdır. Ümumiyyətlə, həyat özü aldanışdır. Müəllimim var idi, deyirdi, həyatda yalnız bir həqiqət var: insan doğulur, insan ölür; qalanı bizim təxəyyülümüzdür. Biz də bu teatra bağlanmışıq. Narkoman dozasız yaşaya bilmədiyi kimi biz də bunsuz qala bilmirik. Onlar da bu asılılığımızdan istifadə edir. Lazımi dəyər qoymurlar. Biz teatr cameəsində olanlar nə düzgün sənətlə məşğul ola bilirik, nə də... Bəlkə bunu xırda məmurlar belə qurub ki, sənətlə məşğul olmaq özü bizə dərd olsun. Aktyor rahat olmalıdır, azad olmalıdır, sərbəst olmalıdır. Ona kimsə gəlib toxunmamalıdır. Onu kimsə zəhərləməməlidir. Dövlət işi bundan yüksəkdir demək olmaz, çünki teatr özü də dövlət işidir. Xaricdə festivala gedəndə dövləti tanıdıram. Aktyora “Gəl yanımda ol, sənə dəyər verəcəm” demək olmaz. Aktyor özü dəyərdir, onu asılı salmaq olmaz. Necə ki, asılı salırlar və aktyorları əlimizdən alırlar.

- Yəni, öz işinizlə məşğul olmağa imkan vermirlər, ya necə?

- Həqiqət budur ki, öz işinlə məşğul olmaq üçün gərək başqa da xeyli işlə məşğul olasan. O başqa işlərlə də məşğul olsan öz işinlə, teatrla məşğul ola bilməzsən. İnsan əlində on qarpız saxlaya bilməz. Xüsusən yaradıcılıq məsələsində...

- Yaradıcılıq demişkən, maraqlıdır, oynadığınız obrazların psixologiyasını sonadək çözürsüz, yoxsa hər oynadığınız obraz – Qacardan Napoleona, Riçarddan Lopaxinə qədər - sizə sirr olaraq qalır?

- Əlbəttə, əgər tarixi şəxsdirsə, məlumat toplayıram, amma həm də və daha çox intuisiya məsələsidir. Bəzən bu intuisiya ilə elə yerə gedib çıxıram ki, özüm də məəttəl qalıram. Bu prosesdir, orqanik şəkildə baş verir. Gözləmədiyin məqamda, tamam başqa kontekstdə olarkən obrazın haqda nəsə tapa bilərsən. Amma həqiqət budur ki, hər obraza əlifba bilməyən uşaq kimi başlayıram. A-nı B-ni öyrənirəm, yenə də yeriyə bilmirəm, ora dəyirəm, bura dəyirəm, öz-özümə deyirəm ki, yəqin tükəndim. Pessimizmə düşürəm ki, yəqin bu siqnaldır, artıq bitdim. Qəribə hallar baş verir. Qorxu da yaranır hətta. Amma bunu daha kiməsə demirsən. Sonra görürsən ki, yolu tapmısan. Demək, istəyirəm ki, hər obrazla yenidən doğuluram və hər şeyi yenidən öyrənirəm. Yəni, təcrübədən istifadə ancaq sonda ola bilər. Başlayanda təcrübə filan yoxdur.

Amma obrazın nöqtəsini qoymağa qalanda... İnsan müəmmadır. Biri ömrü boyu pis ola bilməz. Elə insan olmaz ki, hansısa mənəvi nöqtəsi olmasın. Lap qəddarları, qaniçənləri götürək. Mənəvi travmalar almış insanlardır. Lap Qacarı götürək. Bir kişi üçün nə qədər böyük faciə yaşayıb. Onun yerinə kim başqa cür ola bilər? Təsəvvür edin, başına bunları gətirirsən və ona ixtiyar verirsən. O insan hansı halda olar, onu heç kim həmən deyə bilməz. Ona görə də mən düşdüyüm situasiyada yaşadığım halları oynayıram. Şərtlərin içində insanın yaşayacağı halları. Dəqiq bir adamı göstərmək, oynamaq olmaz heç vaxt. Mən yalnız halları oynayıram. Hər halın bir ağrısı var. Onu tapmaq lazımdı.

- Qacar, Napaleon, Riçard özü... zidiyyətlərlə yaşayan insanlardır. Oynadıqdan sonra bitir obraz sizin üçün, yoxsa proses davam edir?

- Düşünürəm, əlbəttə. Bizim bir proses vaxtımız olur. Tamaşa bitəndən sonrayadək çəkir. Məsələn, “Napaleon” mənim özümə təsir edirdi. Müəyyən hallar yaşayırdım.

- Nə kimi?

- Necə deyim...

- Məsələn, Vaqif İbrahimoğlunun aktyor təlimində aktyorun bir kripto məqamı var idi – obrazını oynaya-oynaya gəlib o məqama yetişən aktyor özünü kəşf edirdi, müəllifləşirdi... Siz oynadığınız obrazlarda özünüzə gəlib çıxmısız?

- Olub, əlbəttə. Amma bu, mənim kriptom, mənim sirrimdir. Sirr də qalmalıdır. Bunun ağırlığı var və sən o yükü çəkməlisən. Bunları danışıb yüngülləşmək olmaz.

- Oktay bəy, tərəf-müqabili sizə bir aktyor kimi nə qədər kömək edir və ya mane olur? Ya da ümumiyyətlə, necə olursa olsun, sizin oyununuza təsir etmir?

- Əvvəllər, aktyorlar olub ki, istəyiblər tərəf-müqabili zəif olsun. Amma sən tərəf-müqabilindən impuls alırsan. Mən, məsələn, tərəf müqabilimin gözlərinə baxıb tamam başqa şey oynaya bilərəm.

- Bəs impuls almayanda necə, bundan asılı olmamaq üçün bir B planınız varmı?

- O zaman aktyor yorulur. Qurduğu konstruksiya dağılır. Səhnədə canınla əlləşirsən. Tamaşa bitəndəsə dizin yerə gəlir. Tərəf-müqabili olduqca vacib məsələdir. Mən istəyərəm ki ətrafımda güclü aktyor olsun. “Mən görünüm” istəmirəm, istəyirəm tamaşa gözəl olsun.

Ümumiyyətlə, gərək bir tamaşada hamının direktordan süpürgəçiyədək, aktyordan işıqçıyadək hər kəsin tamaşa üçün çalışdığını hiss edəsən.

-3 teatrda işləmisiz – Sumqayıt Dram Teatrı, Akademik Milli Dram Teatrı və Yuğ. Rahatlığınız hansında olub?

- Hamısında dostlarımız var, əzizlərimiz var. Nə deyim...

- Teatrdan 5 dəfə getmisiniz...

- O uşaqlıq dövrüm idi. Asılı deyildik, qorxu-ürkü yox idi. İndi də qorxu yoxdur, amma indi bizə söykənən adamlar var, ailə var. Stabil olmaq lazımdır.

- Amma gedəndə tamamən işdən getmisiz?

- Əlbəttə, qərar verib getmişəm. İlk qaçışım Ukraynaya oldu.

- Nə edirdiniz orada?

- Nə işləyəcəm ki orada? Bazarda... Əsəblərimdə problem yaranmışdı. Baxın, saç yoxdur, diş yoxdur. İndinin işi deyil, 20 ildir başım daraq görmür. İstəyirdim, bu sahədən uzaqlaşım sağlam həyat tərzi yaşayım. Amma olmadı. Aktyor narkoman kimidir. Səhnədən əl çəkə bilmir.

- Başqa bir peşəniz də varmı?

- Aktyorluqdan başqa əlimdən bir iş gəlmir. İşləməyi də sevmirəm. Əziyyəti ancaq öz sənətim üçün çəkirəm.

(Bu arada aktyorun mobil telefonuna dalbadal zəng gəlir. Gülür)

- ...İndi hamı zəng edəcək. Maaş gəlib. Halbuki, buna sevinməməlidir aktyor. Ay boyunca maaşı yox, iki aylıq, üç aylıq yola çıxdığı qəhrəmanını düşünməli, onun halını anlamalı və çözməlidir.

- Maraqlıdır, sizin üçün xaltura nədir? Ümumiyyətlə, “bu xalturadır – bu isə sənətdir” deyə, bir sərhəd qoymusuz, yoxsa fərq etmir sizə hansı layihədəsiniz, öz işinizi eyni keyfiyyətlə görürsünüz?

- Xaltura pula görə olan şeylərdir. İstər tamadalıq olsun, istər kloun getmək, ya seriallara çəkilmək və s. Düzdür, mən kloun, ya tamada getməmişəm. Amma gedənlərə “niyə bu işə gedirsən?” demək olmaz. Çünki uşağın səndən nəsə istəyirsə, bunu ona alıb verməlisən. Mən bacardığım qədər özüm üçün sərhəd saxlamağa çalışıram.

- Bəs uğur sizin üçün nədir?

- İnsanların mənə münasibəti. Bilirsiniz, iki cür uğur var. Mən həmişə arzulamışam, kimsə desin, “o yaxşı aktyordur”. Kimsə yox, həm də o adamlar desin ki, onların sözü mənə vacibdir. Bir də uğur ona deyirlər ki, ad verilir, ev verilir... Bu da başqa şeydir.

Bilirsiniz, tamaşa uğursuz alına bilər, amma əsas odur ki, sənətə xəyanət etməyəsən, yola verməyəsən. Həmişə uğur ola bilməz ki. Mənim qaydasız döyüşdə ən çox sevdiyim Yemilyankodur, o, uduzmurdu, uduzmurdu, birdən uduzanda mən ağladım. O isə qayıdıb dedi ki, nə yaxşı mən uduzdum və uduzmağın nə olduğunu anladım. Uduzmasa elə biləcəkdi, ancaq udmaq var. Hamıya dərs keçəcəkdi ki, belə elə, elə elə və uduzma. Dönüb olacaqdı diktator. Əlbəttə, mənim də uduzduğum olacaq, amma heç kim deməyəcək ki, sən prosesə xəyanət etmisən.

- Yəqin, hər rolun çəkisi var. Yəni, “Oğlan evi”ndə maşın alverçisini oynamaq Napoleonun yanında bir içim su olmalıdır...

- Bunlar kommersiya filmləridir. Bunlar asandır. Bizim təcrübələrimiz əslində ciddi sənət filmləri üçün qalıb. Amma hələ o filmlər yoxdur.

- Maşın alverçisini oynamaq üçün az vaxt xərcləyib çox qonorar alırsınız, amma Napoleon üçün, Qacar üçün aylarla əziyyət çəkib az məvacib alırsınız..

- Ən qəribəsi odur ki, Qacarı, Napoleonu, Riçardı oynayırsan, amma səni kənarda o alverçiyə görə tanıyırlar. Nə var, nə var, orada kiçik bir fənd eləmisən, necəsə baxmısan, vəssalam. Belə təəccüblü bir hal... Bilirsiniz, məncə, şəxsiyyətin şəxsiyyət kimi formalaşması üçün ya cəmiyyətin, ya da hökumətin əli olmalıdır. Əgər yaxşı aktyorların varsa, sən onları qorumalısan, məxsusi məvacib ayırmalısan ki, teatrdan çölə çıxmasın. Onda o sanbal görünəcək.

- Seriala çəkiləndə özünüzü xərcləmiş kimi hiss edirsiniz?

- Əvvəl elə düşünürdüm, indi yox. Heç nə xərcləmirəm. Əksinə, serial, ya da kommersiya filmləri təcrübəmi zənginləşdirir. Ömrümü-günümü buna xərcləmirəm ki! Mən özümü ciddi tamaşalara, filmlərə hazırlayıram...

# 5507 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #