Sadiq Əhmədov. Kino və teatr aktyoru. “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”,”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.
Kulis.az aktyor Sadiq Əhmədovla müsahibəni təqdim edir.
- Niyə iki soyad daşıyırsınız? Haqqınızdakı məlumatlarda familiyanız Əhmədov- Vəkilov kimi gedir...
- Bunu özüm istəmişəm. Bizim nəsil Vəkilovlar nəslidir. Amma bu familiyanı götürə bilməmişik, ana tərəfdən də, ata tərəfdən də babalarım repressiyaya məruz qalıb, güllələniblər. Vəkilovların tarixçəsi Türkiyədən başlayıb: Alxan Vəkilov polk rəhbəri olub, şücaətli insan olub və ona rəhbərlik Azərbaycanın bölgələrində bir neçə kənd bağışlayıb. Qazaxdan və Naxçıvandan. Beləcə bura gəlmişik. Harada Vəkilov varsa bizim nəsildəndir...
Babam Səməd Vurğunla əmioğlu olub. 1977-ci ildə pasport alanda istədim familiyanı götürəm, amma o zaman olmadı. Indi də o qədər sənəd tələb olunur ki... Elə belə Əhmədov-Vəkilov yazıram.
- Sizi filmlərdən və İbRus Teatrından tanımışıq. Ondan əvvəl harada işləmisiniz?
- 1981-ci ildə İncəsənət İnstitutunu bitirdim. Bizi universitetə Rza Təhmasib qəbul edirdi. O zaman xəbər yayıldı ki, teatrlarda kişilər çatışmır. İmtahanlarda müəllimlərə xəbər göndərmişdilər ki bir qız qəbul etsələr, üç oğlan da götürməlidirlər. Yəni faiz nisbətində oğlanlar üstün olsun. Qrupda səkkiz nəfər olacaqdı, onun ikisi qız, altısı oğlan olmalı idi. Amma Rza Təhmasib tam əksinə altı qız seçdi, iki oğlan. O vaxt konkursdan keçmədim. Növbəti il məni universitetə Mehdi Məmmədov qəbul etdi, elə onun kursunda oxudum. Hərbi xidmətdən sonra Rus Dram Teatrına gəldim və fəaliyyətimə orada başladım. Sonra da İbRus Teatrı yarandı...
Heç bir dövlət teatrı öz fəaliyyəti ilə özünü saxlaya bilməz- işıqpulu, tamaşaların xərcləri, aktyorların maaşı və sairə-bunları öz hesabına ödəmək mümkün deyil. Tarixə baxanda həmişə teatrı ya dövlət, ya da mesenatlar saxlayıb. Bizim teatrın da mesenatı Rüstəm İbrahimbəyov idi.
Aprel ayında “İbRus”un fəaliyyətinin dayandırmasının üç ili olacaq. Bina kinoteatr kimi fəaliyyət göstərir.
- İbRus Teatrı fəaliyyətini dayandırandan sonra nə işlə məşğul oldunuz? İbRus Teatrının aktyorlarının çoxu fəaliyyətini Rus Dram Teatrında davam etdirdilər.
- O birilər əvvəldən orada işləyən aktyorlar idilər. Bizim teatr antrepriz (Antrepriz teatr idarəetmə formalarından biridir. Teatra repertuar teatrından fərqli olaraq truppa yığmaq vacib deyil. Müxtəlif yerlərdən aktyorlar dəvət oluna, tamaşalarda iştirak edə bilər) teatr idi. Şükufə xanım Akademik Mili Dram Teatrının aktrisası idi, Fuad Poladov , Mələk Abbaszadə, Məbud Məhərrəmov Rus Dram Teatrının aktyorları idi. Amma Fəxrəddin Manafov və mən sırf İbRus Teatrının aktyoru idik.
Biz orada azad idik - sırf o baxımdan ki, zaman məhdudiyyətimiz yox idi, filmə çəkilə bilərdik. Maaşımız az idi, 50 dollar alırdıq. Bilirsiniz bu, nə qədər idi? Misal deyim, o vaxt Fuad Poladov hələ Rus Dram Teatrından o məbləğin ikiqatını alırdı. Yəni o qədər az idi. Onu da başa düşmək lazım idi, çünki Rüstəm İbrahimbəyov əməkhaqqımızı öz cibindən verirdi. Amma filmə çəkilməkdə sərbəst idik, bizə uyğun qrafik düzəldirdilər və çəkilirdik də.
- İndi də filmlərə çəkilirsiniz, bu sizi yaradıcı adam kimi qane edirmi? Yoxsa teatr aclığınız var?
- Əlbəttə var. Yuxuda tamaşa oynadığımı görürəm.
- İbRusdan sonra hansısa teatrdan sizə işləmək təklifi gəlibmi?
- O zaman Vaqif İbrahimoğlu məni Yuğ Teatrına dəvət etmişdi və bir müddət orda işlədim. Onlar o zaman şeirlərlə işləyirdilər; bilmirəm Nəsimidənmi, ya Füzulidənmi tamaşa hazırlayırdılar. Bu mətnlər mənim üçün çin heroqlifləri kimi bir şey idi. Çünki, mən rusdilliyəm. Amma hesab etmirəm ki, günah məndədir. Allah Heydər Əliyevə rəhmət eləsin. Onun Azərbaycan dilinin qorunmasında, inkişafında çox böyük zəhməti var. Sovetin dövründə rus məktəblərində bədən tərbiyəsi dərsindən daha çox qorxurdular, nəinki Azərbaycan dili dərsindən. Azərbaycan dilinə fikir verən yox idi. Bizə Azərbaycan ədəbiyyatından nə Nəsimini, nə Füzulini, nə Vidadini, nə o biri böyük klassiklərimizi keçirdilər. Onları oxumamışıq. Ona görə özüm haqda deyirəm ki, mən rus Əhmədəm. İndi televiziyada geniş imkanlar var və orada da işləyə bilərdim, amma dillə bağlı qüsurların olmasını istəmirəm. Azərbaycanda filmlərə çəkiləndə mətnə görə çox böyük əziyyət çəkirəm. Mətnə həddindən artıq vaxt sərf edirəm. Loru dildə rahat danışıram. Və danışıq qabiliyyətim də pis deyil.
Sovet dövründə məndən yaxşı pul qazanan yox idi. 1975-ci ildən restoranlarda müğənni kimi oxumuşam. Parodiya etmək qabiliyyətim də var idi- Mironovu, Papanovu, Boyarskini, Vısotskini təqlid etmişəm. Həm də Bakıda ən tanınmış tamada idim. Gürcülərin, rusların, ermənilərin, yəhudilərin, tatarların, ən nüfuzlu adamların toylarını, məclislərini aparırdım. Peşəkar idim. Tamada elə belə sənət deyil. İdarə etmək, danışmaq çətindir.
- İndi də tamadalıq edirsiniz?
- Yox. Xeyli müddət əvvəl restoranda dostumun uşaqlarının toyunda idim. Məclisi aparmağı mənə həvalə etmişdilər. Əlbəttə, rus dilində... Toyun ortasında restoranın müdirəsi mənə yaxınlaşdı. Danışığım çox xoşuna gəlmişdi. Məni işə dəvət etdi, guya rusdilli toyları aparacaqdım. Razılaşdım. Elə ilk toyda toy sahibi yaxınlaşıb dedi ki, rayondan qonaqlarımız var, xahiş edirəm Azərbaycan dilində də sağlıqlar deyin. Dedim ki, axı mənə deyiblər rus dilində apar. Dedim, amma çox da şişirtmədim, ana dilində bir-iki sağlıq dedim. Arada istər-istəməz rus dilinə keçirdim. Adam yenə yaxınlaşdı ki, çox xahiş edirəm, arabir Azərbaycan dilində sağlıqlar deyəsiniz. Dedim, yaxşı. Üçüncü dəfə mənə yaxınlaşıb dedi ki, ümumiyyətlə mən sizə rus dilində danışmağı qəti qadağan edirəm. Musiqiçilərdən biri məni xilas etdi: ayağa qalxıb aşı özü Azərbaycanca təqdim etdi. Bununla da bu işə son qoyuldu...
Bilirsiniz ədəbi dil başqa, loru dil başqa. Mən loru dildə əla danışıram. Amma ədəbi dilə gələndə, rusca düşünürəm, sonra Azərbaycan dilinə tərcümə edirəm.
- “İbRus” da rusdillilərin teatrı idi?
- Yox. İbRus Teatrı açılandan iki dilli olub. Azərbaycan və rus dilində tamaşalar göstərib. Hətta bizdə rus dilində çox da sərbəst danışa bilməyən aktyorlar var idi. Mən Azərbaycan dilinə yuxarıdan aşağı baxanları anlaya bilmirəm. O vaxt qrupumuzda belələri var idi, seminarda azərbaycanca danışmağı belə ar bilirdilər və mən onların cavabını verirdim.
- Çəkilişləriniz olmayanda-teatr da fəaliyyətini dayandırıb-nə ilə məşğul olursunuz?
- Heç nə ilə. Çətindir, amma doğrudan heç nə ilə. Bir müddət “Çudo peçka” da art direktor işlədim. Üç ildən artıqdır ki, orada işləmirəm. Mən teatra getsəm-tutalım Rus Dram Teatrına-orada repertuara bağlı olacağam. Məsələn Məbud Məhərrəmovun kinoda rolları çox azdır, çünki teatrda aparıcı aktyordur. Filmə çəkilməyə vaxtı yoxdur, ilboyu teatrda işləyir. Ora getsəm, mən də filmlərə çəkilə bilməyəcəm. Teatrdan gələn qazancla da yaşamaq mümkün deyil.
- Sonuncu dəfə nəyə çəkilmisiniz?
- Lap təzəlikcə ORT kanalının sifarişi ilə Odessada seriala çəkilmişəm. Serialın işçi adı “Hakim”dir. Bizim seriallardan sonuncu dəfə “Çaqqal nəfəsi”nə çəkilmişəm.
Sizə deyim ki, bizim aktyorlar unikaldır. İstedadlıdırlar. “Pərvanələrin rəqsi” serialına baxmışam, olduqca yüksək səviyyəli işdir. İnanın, baxanda nə qədər sevinmişəm ki, bizdə belə gözəl aktyorlar var.
- Kinoda sizə adətən kriminal xarakterli obrazlar verirlər. Elə sonuncu dəfə “Dolu”da da kriminal avtoriteti oynadınız...
- Yəqin görünüşümə görə. İnstitutun ikinci kursuna keçmişdim ki, hündürlükdə yıxılıb burnumu əzdim. Əməliyyatla əvvəlki görünüşümü bərpa etmək olardı. Amma o zaman Mehdi müəllim dedi ki, əgər əməliyyat etsən, səni kursdan çıxaracam. Bu görkəm sənin üçün ən gözəl fürsət olacaq. Xarakter rollar oynaya bilərsən. Elə sonralar Rüstəm İbrahimbəyov da əməliyyat olmağıma etiraz etdi. İndi əməliyyat etməməyimin səhhətimə təsirlərini görürəm. Xüsusi fərqlənən üz cizgisi olmaq heç yaxşı da deyil; sənə birtipli rollar həvalə edirlər. Məsələn, heç kim məni komik rolda təsəvvür etmirdi. Mənim görünüşümdə bunu görmürdülər. Amma biz Moskvada “Şirəbənzər”i oynayanda səhnəyə çıxmışdım, tamaşaçı qorxdu, amma az sonra o qışqırığın ardınca elə gülürdülər ki, camaatı saxlamaq olmurdu. Tamaşanı saxlayırdıq ki, gülüb qurtarsınlar.
...Bilirsiniz, tamaşaçını aldatmaq mümkün deyil. Tamaşaçı görür kim ürəkdən oynayır, kim sünidi, kim şişirdir, kim bacarmır... Adamlar var ki, Xalq Artisti adı daşıyır, amma bu, mənə çox gülməli gəlir. Məsələn, “Azdrama”nın bir aktrisasına birdən-birə, heç “Əməkdar Artist” adını almadan “Xalq Artisti” adı verdilər. Bəlkə də gözəl xanımdır, amma aktrisa kimi heç nədir. Heç şer oxumağı da bacarmır, o şer oxuyanda mən xəcalət çəkirəm. Rus Dram Teatrında da elə aktyorlar var ki, onları səhnədə görəndə sənətimə görə utanıram. Sənətkar işinə ciddi yanaşmalıdır. Tamaşa zarafat deyil. Lap komik əsərə də olduqca ciddi yanaşmaq lazımdır.
- Oynamaq istədiyiniz obraz? Teatrda və kinoda...
- Çoxdur. “Paris Notrdam kilsəsi”ndə Kvazimodanı oynamaq istəyirəm. Bir də “Kral Lir”də Liri. O mənim ən sevdiyim obrazlardandır. Bilirsiniz bəlkə də Lirin vəziyyəti çox adi görünə bilər. Düşünərsən ki, zəif insandır. Amma vaxtilə, güclü böyük bir insan o vəziyyətə düşəndə, faciənin miqyası artır...