Əsir qardaşının arvadına göz dikən müharibə qəhrəmanı

Əsir qardaşının arvadına göz dikən müharibə qəhrəmanı
25 iyun 2013
# 07:30

Sabit və ağır

«O dövrdə yaxşı adam olmağı bacaranlar

bütün dövrlərin ən yaxşı adamları idi»

Seymur Baycan

Evdə elə-belə də dedim: “Axşam “Müharibə”yə gedirəm”. Mən tamaşanı nəzərdə tuturdum, amma tamaşa sonrası elə bil bir az müharibədən çıxar kimi idim. Müharibə haqqında sənət əsərinin əsas hədəfi tamaşaçını onun hər an başlaya biləcəyinə, o qəhrəmanlardan hansınınsa yerində ola biləcəyimizə və ən əsası tamaşaçını onun qarşısında təkbətək və “əliyalın” qoymaqdır. Ona görə “əliyalın” ki, bu günün tamaşaçısı müharibə olarsa, əlini nəyə ata biləcəyini aydınlaşdırsın.

Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanovun tamaşaya hazırladığı “Müharibə” (müəllif: Lars Nuren) pyesində də əlisilahlı yoxdur. Onlar müharibəyə əliyalın çıxıblar.

Səhnə dekorasiyası (Sevinc Həsənova) sadə və səliqəlidir. Amma bu səliqədə müharibədən sonrakı qarışıqlıq, dağıntı var. Müharibədən sonrakı boşluqla –dağıntı bir dekor iki əks təəssüratı eyni zamanda necə ötürə bilir? Dekorlardakı yığcamlıq qəhrəmanların “əliyalınlığını” daha artıq vurğulayır. Bütün tamaşa müharibədən çıxmış və hələ də müharibə şəraitində yaşayan evdə baş verir. Amma o evin içində bütün müharibə mənzərələrini görmək olur: yol kənarında bədənini satan fahişələri, küçələrdə çürüyən qanlı meyitləri, dağıntıları, düşərgələri, əsgərlərin uşaqları zorlamasını. Hər şeyi.

Əsir düşərgəsindən evinə qayıdan kişi (Qurban İsmayılov) kordur. Hələ görmür, görə bilmir ki, böyük qızı fahişəliklə dolanır, qardaşı İvn isə arvadı ilə evlənib. O, bu evdə kimdir? Nə etməlidir?

Sağ qalmaq – insan və şərt

“Əliyalın” adamın sağ qalmağı necə olur? Nələr itirilir? İvn sağ qalmaq üçün körpə oğlunu ölənədək döyüb. Silahlılar ona sağ qalmaq üçün bu şərti qoyublar. Qızlar – Semina bədənini satıb, Benina əsəbi korlanmış, böyümək istəməyən yeniyetmədir. Sevimli köpəyi də kəsib yeyiblər.

Müəllif müharibədən sağ çıxan o “xoşbəxt” ailənin ən salamat yerlərini göstərir. Bu ailədə kim salamatdır? Dəhşətli olan insanın hansı şərt altında hansı insan ola bilməsidir - ticarəti sevməyən, şeirlər yazan İvn körpə uşağı - oğlunu döyə-döyə öldürür. Əsir düşərgəsindən qaçan qardaşı isə (o adam ki, insan üzərində bütün qəddar eksperimentləri görməkdən kor olub) bunu öyrənəndə onun üzünə tüpürür. Bu, tamaşaçıya bir şeyi deyir-seçim həmişə var, amma seçəni qınamaq olmur, seçənin üzünə yalnız o şərtlər altında olan adam tüpürə bilər. Ona görə nəyi seçəni yox, seçimi qoyanı qınayırıq. Seçmək dəhşətlidir. Bir dəfə müharibə haqda bir filmdə iki uşaqlı qadına sağ qalacaq uşağını seçmək kimi şərt qoyurlar. İmtina etsə, ikisi də öldürüləcək. Bu qadın hər iki uşağa baxaraq dəhşətli iztirab keçirirdi- kimi seçsə də ölən iki nəfər olacaqdı: ana və o seçilməyən uşaq...

Seçim qarşısında instinktləri boğmaq çətindir; İntiharı seçən insan da son anda yaşamaq instinki ilə çabalayır, aclıq elan edən də yemək görəndə ağzının suyunu saxlaya bilmir.

Nuren qəsdən şer yazan qardaşı öz oğlunu öldürməyə “məcbur edir”.

Və evə qayıdan kişi arvadından bu qədər vaxtda nə ilə məşğul olduqlarını soruşanda qadın deyir: “Sağ qalmaqla". Sağ qalmaq şərti qəbul etməkdir.

Özünü öldürməklə şəxsiyyətini qorumaq, ona işgəncə verənin üzünə tüpürmək kimi pafoslu epizodlarla tamaşaçını, oxucunu aldadan, məsələni birtərəfli göstərən əsərlərlə müqayisədə “Müharibə” ağırdır. Müharibə həmişə ağırdır. O qədər ağır ki, qeyri vaxt yüngül və tox kimi təəssürat ötürən caz musiqi (Musiqi: İradə Muradova) bu ağırlıqla kontrastda bitməyən bir üzüntü-gözlənti ifadə edir. Sanki laqeydcə kənarda dayanıb müharibə növbəsini gözləyirsən.

Aktyorlar uğurla seçilib: Qurban İsmayılov (ata) əsirlikdən qayıdan kor adamın faciəsinin sıradanlığını vurğulayır. O, Atanı qəhrəmana çevirmir. Zira müharibə qəhrəmanı olmağa ordakıların hamısının haqqı çatır. “Müharibə"də qəhrəman fenomeni yoxdur, insan və şərt var. Həm də bir səhnədə öz fahişə qızına hücum edərkən Atanın da peyğəmbər olmadığını görürük.

Ona qalsa, İvn da (Rasim Cəfərov) da müharibə qəhrəmanıdı - İvn eynəyinin altında oğlunu döyə-döyə öldürmüş bir atanı gizləyir. Belə adamı qardaşının heysiyyəti düşündürə bilərmi?

İvnı gizləmək istəyən yeganə adam Anadır. Kəmalə Hüseynovanın qadını sanki ailəni bir yerə yığmaq istəyən dağılmağa qoymayan şəkil çərçivəsidir. Yetər ki, hamı bu şəkildə olsun. Olur da. Onlar –Ata, Ana, İvn, Semina, Benina- bir ailə fotoşəkli çəkdirər kimi bir-bir gəlib tamaşaçı qarşısında əyləşirlər. Səhnənin arxa divarında isə irili-xırdalı onlarla boş çərçivə var. Sağ qalanlarınmı şəklini qoymalı, yoxsa ölənlərinmi? Müharibə şəkilləri qoymaqdansa, ən yaxşısı elə o çərçivələri boş saxlamaqdır. Madam ki, sağ qalmış bir ailənin fotosu o çərçivəyə sığmır...

# 3819 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #